1 May 2024

Çərşənbə, 08:45

BRÜSSEL REALLIQLARI

Avropa İttifaqı Azərbaycanın hərtərəfli sülh sazişi üzərində işə başlanılmasının vacibliyinə dair mövqeyini əsas götürdü

Müəllif:

15.12.2021

Gözlənildiyi kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub.

Rəsmi məlumatlara görə, görüş konstruktiv keçib. Tərəflər müzakirələrin sonunda Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə müvəqqəti işçi qrupun yaradılmasına dair razılığa gəlib. Bununla yanaşı, kommunikasiyaların, nəqliyyat xətlərinin açılması məsələsi də geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolunun çəkilməsi ilə bağlı öhdəliyinə sadiq olduğunu təsdiqləyib. Qeyd olunub ki, bu istiqamətdə lazımi işlərə tezliklə başlanılacaq. Tərəflər qarşılıqlılıq prinsipi əsasında gömrük və sərhəd nəzarəti məsələlərinin həll olunmasına dair də razılığa gəlib. Daha bir razılaşma isə avtomobil yolunun marşrutunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi haqda olub.

 

Aİ-nin mövqeyi ümidvericidir

Şarl Mişel üçtərəfli görüşün yekununa dair bəyanatla çıxış edib. AZƏRTAC xəbər verir ki, Aİ Şurasının prezidenti Ermənistanla Azərbaycanı münaqişəni həll etməyə və hərtərəfli sülh sazişi imzalamağa çağırıb.

Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Xatırladaq ki, bu, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında uzun illərdir irəli sürdüyü tələblərdən biridir. Məsələ ondadır ki, Birinci Qarabağ müharibəsi zamanı 4 min Azərbaycan vətəndaşı itkin düşüb və onların taleyindən hələ də xəbər yoxdur.

Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.

Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Maraqlıdır ki, Brüsseldə Azərbaycan və Ermənistan liderləri Vətən müharibəsindən sonra ilk dəfə təkbətək danışmaq imkanı da əldə ediblər.

 

Format dəyişməzdir

Diqqəti çəkən məqamlardan biri danışıqlarda Bakı ilə İrəvanın Rusiyanın vasitəçiliyi ilə imzaladıqları üçtərəfli razılaşma ilə üzərlərinə götürdükləri öhdəliklərin diqqət mərkəzində olmasıdır. Şarl Mişel rəsmi bəyanatında bu öhdəlikləri təsadüfən «xüsusi» qeyd etməyib. Tərəflərin həmin öhdəliklərə sadiq olduğu vurğulanır. Yəni Aİ faktiki olaraq, Rusiyanın vasitəçilik etdiyi üçtərəfli formatın aktuallığını təsdiqləyir, onun qalan problemlərin birdəfəlik həlli baxımından əhəmiyyətini qəbul edir.

Göründüyü kimi, regionda sülh quruculuğu məsələsində Brüssel Azərbaycanla eyni mövqedən çıxış edir. Söhbət hərtərəfli sülh sazişi üzərində işlərə başlamağın vacibliyindən gedir. Şarl Mişelin Aİ-nin Azərbaycan və Ermənistanla münaqişənin arxada qoyulması, inam atmosferinin yaradılması və sonda hərtərəfli sülh sazişinin imzalanması işində sıx əməkdaşlığa sadiq olduğunu bildirməsi də bunun göstəricisidir.

Brüssel «regionda inamın artırılması, dinc şəraitdə yaşayışın dəstəklənməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün» iqtisadi əməkdaşlıq platformasının işə salınmasını müsbət qiymətləndirir. Bu, Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» platforması ilə bağlı yeni strategiyası ilə tam üst-üstə düşür.

 

Dəhliz qarşılığında dəhliz

İlham Əliyev Nikol Paşinyanla görüşdən əvvəl Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə də bir araya gəlib. Görüşün sonunda keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti Bakının Zəngəzur nəqliyyat dəhlizinin açılması ilə bağlı mövqeyini konkret ifadə edib: «Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması».

N.Paşinyan ənənəsinə sadiq qalaraq, bu dəfə də «Facebook» vasitəsi ilə erməni auditoriyasını sakitləşdirməyə çalışıb – guya o, Azərbaycan Prezidentinə görüşdə cavab verəcəkmiş. Amma 4 saatdan çox davam etmiş görüşün sonunda tərəflər məhz İlham Əliyevin təklif etdiyi kimi razılaşıblar: dəmir yolunun qarşılıqlılıq prinsipinə əsaslanan gömrük və sərhəd nəzarəti razılaşmasına uyğun açılması.

 

Brüssel nəyə nail olmaq istəyir?

Beləliklə, bəzi analitiklərin skeptik gözləntilərinin əksinə olaraq, Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü heç də protokol xarakterli görüş olmayıb. Əslində, Brüsselin bu görüşə hazırlıq şəkli göstərirdi ki, Şarl Mişelin təşəbbüsünün arxasında Aİ-nin ən azı regionda sülhün bərqərar olunması prosesində iştirak niyyəti dayanır. Son həftələr ərzində və görüş ərəfəsində Aİ iki ölkənin dialoqunu təmin edəcək gündəmi gsas götürərək tərəflərlə fəal dialoq aparırdı.

Aİ-nin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə Avropa İdarəsinin icraçı direktoru Lyuk Devinin Avropa Parlamentinin xarici məsələlər komitəsində hələ dekabrın 1-də etdiyi çıxış göstərirdi ki, Aİ Bakı ilə İrəvan arasında siyasi dialoq hazırlığının fəal iştirakçısı olmaq istəyir. «Düşünürəm ki, Avropa İttifaqı bacardığını edir. Mən Aİ-nin heç nə etmədiyi fikri ilə razı deyiləm», - deyə o, bildirib. Bununla, Devin Avropa diplomatiyasının dialoqun qurulmasına praktik töhfələr verdiyini təsdiqləyib.

Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib. Bunadək isə Klaar İrəvanda danışıqlar aparmışdı. Bakıda keçirilmiş görüşdə tərəflər ikitərəfli münasibətləri, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, xüsusilə noyabrda yaşamış gərginliyi müzakirə edib.

Görünən odur ki, sərhəd probleminin aktuallığını nəzərə alan Aİ bu məsələyə praktik təsir göstərmək yollarını axtarır. Şarl Mişel hələ bu ilin yayında bildirmişdi ki, Aİ lazım gələcəyi təqdirdə Azərbaycanla Ermənistana dövlət sərhədlərinin delimitasiyası işində yardım göstərməyə hazırdır. Amma o zaman Avropa tərəfi konkret təkliflər verməmişdi.

 

Minsk qrupu oyundankənar vəziyyətdə

Ermənistan və Azərbaycanın XİN başçılarının ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən toplantısı çərçivəsində planlaşdırılan görüşü Brüssel danışıqlarına hazırlığın əsas mərhələlərindən biri ola bilərdi. Orada nazirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşməli idilər. Lakin görüş ərəfəsində Ermənistan parlamentarilərinin Qarabağa, müvəqqəti olaraq sülhməramlıların nəzarət etdiyi bölgəyə səfər etməsi Azərbaycan tərəfindən təxribat kimi qiymətləndirilmiş və Bakının mənfi reaksiyasına səbəb olmuşdu. Nəticədə, Azərbaycan tərəfinin birtərəfli imtinası üzündən Stokholm görüşü baş tutmamışdı.

Diqqət çəkən daha bir məqam Aİ Şurası prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə dekabrın 14-də keçirdiyi görüşdən sonra yaydığı bəyanatda ATƏT-in Minsk qrupunun adının bir dəfə də olsun, çəkilməməsidir.

İstənilən halda, Brüsseldə əldə olunmuş razılaşmalar regionda bütün regional və qeyri-regional oyunçuların maraqlarının təmininə imkan verir, bir neçə gün əvvəl start verilmiş «3+3» formatının reallaşdırılması üçün əlavə perspektivlər açır. Brüsseldə Yeni ilə az qalmış keçirilmiş görüşün yaratdığı ehtiyatlı nikbinlik göstərir ki, yeni regional reallıqlar möhkəmlənir, bölgəni münaqişəli keçmişinə qaytarmaq istəyənlərin şansını, demək olar ki, sıfıra endirir.



MƏSLƏHƏT GÖR:

127