Müəllif: Valentina REZNİKOVA
Rəsmli multiplikasiya filminin yaradılması üzərində iş təkcə təxəyyül, peşəkarlıq və texniki vərdişlər deyil, həm də vaxt tələb edir. İki, bəzən də üç il. Bu zəhmətli və nəfis iş əzmkarlıq, diqqət, səbir və prosesin özünə böyük sevgi tələb edir. Bütün bunlar heyrətamiz nəticə verir - ekrandakı rəsmlər birdən birə canlanır və real personajlara çevrilir: açıq ifadə olunan hisslərlə, duyğularla, hərəkətlərlə və əməllərlə. Hər bir personajın öz xarakteri var: tanınan, insani, canlandırılmış. "Xeyirxahlığın dadı" animasiya filmindəki Kirpi və ya "Ziyankar milçək" multfilmindəki Milçək kimi.
Həm Cavid Əhədov üçün, həm də “Birlik” studiyasının bütün çəkiliş qrupu üçün uşaq auditoriyası ilə sabit dialoq və əks əlaqə çox önəmlidir. Onlar məhz bunun naminə ən xeyirxah və əbədi olan şeylər yaradırlar ki, sonradan bu, Azərbaycan xalqının mədəni ənənəsinin mənəvi dəyərlərinə çevrilirlər. Ssenari müəllifi, rejissor və rəssam Cavid Əhədov yorulmadan və fasiləsiz işləyir.
O, Azərbaycanı bir çox beynəlxalq festivallarda təmsil edib. Son illərdə onun Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə aldığı “Səmada rəsm” filmi «Schlingel» qısametrajlı filmlər festivalında və XXII Beynəlxalq “Qızıl Vityaz” kinoforumunda göstərilib. Həmçinin o, Almaniyada uşaq və gənc tamaşaçılar üçün XVIII Beynəlxalq kino festivalında (Ştutqart, 2013), (Xemnits, 2014), Belarusda (2014), İranda (Mazandaran, 2016), Qırğızıstanda (Bişkek, 2015), Ukraynada (Kiyev, 2015) və başqa ölkələrdə iştirak edib. 1992-2020-ci illərdə rejissor, ssenarist və rəssam kimi "Birlik" studiyasında cizgi filmlərinin yaradılmasında iştirak edib: "Şüuran yuxusu ", "Xeyirxahlığın dadı", "Xeyirxah kirpi", "Ziyankeş milçək", "Səmada rəsm", "Köhnə saatlar" multfilmləri; həmçinin Qızıl Xaç Cəmiyyətinin (Cenevrə) sifarişi ilə çəkilmiş "Mina" multfilmi və s.
Qeyri-adi dərəcədə təvazökar olan Cavid özü haqqında danışmağı qətiyyən sevmir. Axı, o hesab edir ki, olan hər şey, onun öz işidir.
- İndi nə üzərində işləyirsən, Cavid?
- İndi “Birlik” studiyasının yaradıcı heyəti ilə birlikdə Qarabağın etnik-tarixi dəyərlərinə həsr olunan “Mənə bir nağıl danış” adlı böyük animasiya filminin yaradılması üzərində işləyirəm. “Araxçın” adlı ilk seriya 2021-ci ildə işıq üzü görüb, Braziliya və Rusiyada keçirilən iki beynəlxalq animasiya filmləri festivalında iştirak edib. “Birlik” studiyasının icazəsi ilə “Araqçın” filmi bütün dünyaya nümayiş etdirmək şərti ilə Braziliyada keçirilən festivalın toplusuna daxil edilib. İstənilən beynəlxalq festivalda biz - Azərbaycanın simasıyıq. Ona görə də, Qarabağımız haqqında gerçəkləri danışacaq çoxseriyalı siklin yaradılması indi bizim üçün çox önəmlidir.
- Azərbaycanın festivallarda iştirakı niyə bu qədər önəmlidir?
- Animasiya filmlərinin milli prokatı dayandığı üçün tamaşaçılarla böyük ekran və böyük auditoriya vasitəsilə təmas imkanı aradan qalxıb. İndi hər şey internetin ixtiyarındadır. Təəssüf ki, o, şüurlu, xeyirxah, əbədi olanları populyarlaşdırmaq üçün elə də yaxşı üsul deyil. Buna görə də, ənənəvi mənəvi dəyərlərimizin, animasiya sənətimizin nailiyyətlərinin təbliği bu gün müxtəlif beynəlxalq festivallar çərçivəsində həyata keçirilir.
Planlar
Cavid Əhədov - qayğıkeş insandır, fəaliyyəti və həyatı dar mənalı peşə çərçivəsindən kənara çıxır. Onun həddindən çox yaradıcılıq planları var. O qədər çoxdur ki, o, sadəcə onları çatdıra bilmir. Məsələn, o, həqiqətən, orta məktəblərdə və ali məktəblərdə kurrikuluma kömək etmək üçün geniş animasiya maarifçi kino silsiləsi yaratmaq istəyir. Burada qeyd etmək yerinə düşərdi ki, Cavid Əhədov - rəssam Firəngiz Qurbanovanın və quruluşçu-rəssam Fikrət Əhədovun oğludur, həmçinin Bakıda Gənc Tamaşaçılar Teatrının yaradılmasının banilərindən olan, aktyor Ağadadaş Qurbanovun nəvəsidir.
- Siz sanırsınız ki, elmi və tədris fənlərinin mahiyyətini anlatmaq üçün multiplikasiya dili önəmlidir…
- Kəsərli multiplikasiya dili ilə “qeyri-səlis məntiq” anlayışını dünyaya açan həmyerlimiz Lütfi Zadənin mühüm nailiyyəti haqqında; həmçinin alimlərimizin elmin müxtəlif sahələrində kəşfləri və daha çox şeylər haqqında asanlıqla danışmaq olar. Hər şey asan və sadə olmalıdır. Bax bu, uşaqların həmişəlik yadında qalacaq!
Ancaq rəssamın düşündüklərinin hamısı deyil. Cavid gerçəkləşdirmək istədiyi planların ən xırdasını açıqladı. O, bu planları arzu adlandırmır. O deyir ki, bunlar yaradıcı düşüncənin məşq prosesi - fantaziyalardır, bunlar prosesin ruhun yüksəldilməsinə yönəlmiş variantlarıdır, həm də eyni anda bir neçə həyatı yaşamaq cəhdidir. Babası Ağadadaş Qurbanovun Gənclər Teatrının və Milli Dram Teatrının dram səhnəsinə çıxan zaman etdiklərinə bənzəyir. Cavid Əhədov inanır ki, istənilən rəssam müəyyən dərəcədə artistdir. Əgər bu ifadə barədə düşündükdə, aydın olur ki, bu, elə belədir...
- Özünüz haqqında da bir az danışın.
- Mən nə deyə bilərəm? 1965-ci ilin mayında Bakıda anadan olmuşam. Valideynlərim - Firəngiz və Fikrət Qurbanovlar - VQİK-in bədii-quruluş şöbəsinin məzunlarıdır. Onlar mənə danışırlar ki, mən daima rəsm çəkirmişəm. Mən özüm də bunu xatırlayıram. Valideynlərim mənə çox şey verib - yaradıcılığa sevgi, mənəviyyat, mən nəciblik və qarşılıqlı anlaşma mühitində böyümüşəm. Böyüyüb, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin rəssamlıq fakültəsini bitirmişəm, daha sonra Moskvada SSRİ Dövlət Televiziya və Radio Verilişləri Şirkətində animasiya kursları keçmişəm (rəhbəri Fyodor Xitruk idi), Bakıda “Addım” kompüter məktəbini də bitirmişəm. Hazırda Moskva Maliyyə-Sənaye Universiteti “Synergiya”nın tələbəsiyəm. Paralel yaradıcılığım şeirlərdir – “Ədəbi Azərbaycan” jurnalının səhifələrində vaxtaşırı dərc olunuram.
Rəqəmlərin, sözlərin, duyğuların dünyası, bədii-obrazlı məkan, özünü təhlil, insanın ruh verilmiş varlıq kimi dərk edilməsi, təbiətin və yerin tükənməz ilham mənbəyi kimi dərk edilməsi – rəssam Cavid Əhədovun gündəlik həyatı məhz bundan yoğrulub. Həm də - sevgidən: ailəsi üçün, sədaqətlə və doğruluqla xidmət etdiyi işi üçün, sürətlə dəyişən zamanın strukturunda bədii gerçəkliyi və özünü axtarması üçün. Ancaq onun həyatında zamanın dəyişkənliyindən asılı olmayan bir maraq da var. Bu - insanlardır.
- İnsanlarla və təbiət obyektləri ilə danışmaq lazımdır, axı, insanın ruhu təzələnməlidir...
- Bu bacarıq mənə babamın genetik mirası kimi verilib. Babam şən və gülərüz insan idi, “kino” və “teatr” deyilən məkanın sevgisini, həm də insanların sevgisini özünə cəlb etməyi bacarırdı. O, diqqətli və ciddi araşdırma tələb edən xüsusi insan psixotipinə malik unikal şəxsiyyət idi, çünki babamın əsas hərəkətverici həyati qüvvəsi yaradıcılıq olub. Bu proses özü isə qırılmaz və müəyyən dərəcədə sirlidir. Uzun illərdir ki, ssenari yazmaq və babama həsr olunmuş film çəkmək ideyası ilə yaşayıram. Onun anadan olmasının 100 illiyi ilə bağlı planımı həyata keçirmək istəyirdim. Təəssüf ki, alınmadı. Amma mən bu düşüncədən əl çəkməmişəm. Ssenarinin kompozisiya xırdalıqları haqqında düşünməyə davam edirəm.
- Ailəniz haqqında nə deyə bilərsiniz?
- Bu, mənim üçün böyük yaradıcılıq qidası və emosional qidadır! Anam - Firəngiz Qurbanova (rəssam, ssenarist, rejissor, müəllimdir), həyat yoldaşım - Zema Əhədova (rəssam-animatordur) və qızım Uarda - Rəssamlıq Akademiyasının tələbəsidir. Ümumiyyətlə, mənim bəxtim inanılmaz gətirib: tale məni Abxaziyadan olan bir qızla görüşdürüb, o da həyatımı ahəngdar və xoşbəxt edib. Gələcək həyat yoldaşı SSRİ Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə animasiya kurslarına yazılmağa, Suxumidən olan usta Fyodor Xitrukun yanına gəlmişdi. Mən isə 1991-ci ildə Bakıdan ora düşmüşdüm. 1993-cü ildə isə biz artıq ailə cütlüyü kimi Bakıya gəlib burada əbədi məskunlaşdıq (gülür). Gələn kimi dərhal peşəkar işə daldıq, “Birlik” studiyasının multiplikasiya yaradıcılığına qoşulduq.
Hər ikisi Moskvadakı təhsil illərini və ustadı hərarətlə və minnətdarlıqla xatırlayırlar. Ustad əsl animasiya peşəkarı idi - ssenarist, rejissor, rəssam idi, onun yaradıcılığı bizə çox məşhur multfilmlərdən - "Bonifatsiya tətilləri", "Vinni Pux", "Toptıcka", "Film, film, film" və s. multfilmlərindən tanışdır. Ailələrində həyat və peşə yolunda onlara edilmiş bütün yaxşılıqları xatırlamaq adətə çevrilib. Onlar özləri də başqalarına istilik və dost münasibəti bəxş etməyi bacarırlar. Cavid əmindir ki, mənəviyyatlı insanlar - həm peşəkar, həm də insani cəhətdən yaşayırlar və təkmilləşirlər, bir-birlərindən yararlanırlar. Həm də başqalarından. Eyni cür ruhlanmışlardan. Başqa sözlə, Ruh bəxş edilmişlərdən. O, dayanıqlı insanpərvər görüşlərə sahibdir, öz fəlsəfəsi və əşyaların mahiyyətinə öz baxışı var.
- Arzularınız?
- Animasiya kinosunun məlum formasından kənara çıxmaq və özünüzü böyük, oyun kinosunda ssenarist və rejissor kimi sınamaq. Bu tammetrajlı bədii film olmalıdır. Gerçək aktyorlarla. Həm də, şəksiz, komediya janrında. Ola bilsin ki, filmi babama həsr edim. Mənə elə gəlir ki, babam bu arzumu bəyənərdi. Həm də məni mütləq dəstəkləyərdi. Atam da mütləq məni dəstəkləyərdi! Bilirsiniz, mən tez-tez xatırlayıram, Almaniyada hərbi xidmətdə olarkən atam gözlənilmədən hərbi hissəyə gəlib çıxmışdı. Nə üçün? Əlbəttə ki, yeganə oğlunu ziyarət etmək üçün. Niyə? Ona görə ki, atam 1989-cu ildə “Alman klinikasına fərdi səfər” filminin quruluşçu rəssamı kimi məni görmək imkanı qazanmışdı. Və mənim xidmət etdiyim hissənin komandiri atama sıravi əsgər Əhədovun gündəlik həyatını görmək imkanı vermək üçün təklif etdi ki, birlikdə atış meydanına gedək və... atəş açaq!
Keçmiş haqqında xatirələrində qəflətən peyda olan epizod, görünür, atasının gözlənilməz gəlişi ilə bağlı çox şən və gülməli bir şeyi, gözlənilməz faktı, atış meydançasına birgə səfəri xatırladırdı. Elə bu, komediya mövzusu ola bilər, bəs, Fikrətin oğlu, Ağadadaşın nəvəsi Cavid öz üzərində harmoniya - işıq, mərhəmət və sevinc, xoşbəxtlik, sülh və sevgi haqqında ideyalarla dolu nəhəng bir Kainatı daşıyır. O, rəssamdır. O həm də ən yüksək mütləq ideyasının bələdçisidir.
MƏSLƏHƏT GÖR: