Müəllif: Valentina REZNİKOVA
Kiyev sərgisinin ziyarətçiləri onu “Kalımar” deyə çağırırdı - Ukraynada xalça toxuyan rəssamları belə adlandırırlar. Ötən ay Kiyev sakinləri azərbaycanlı xalçaçı-rəssam Eldar Hacıyevin əsərlərini seyr etmək imkanı qazandı. Rəssamın yanvarın 16-da Kiyevdəki Taras Şevçenko adına Milli Muzeydə başa çatmış fərdi sərgisi gözlənildiyindən də böyük marağa səbəb oldu. Bu da təəccüblü deyil. Ən azı ona görə ki, Ukraynada qədim xalçaçılıq ənənəsi yoxdur, bizim sənətkarlarımız isə Tunc dövründən bəri xalçaçılığı inkişaf etdirir.
Belə rəssamlardan biri də Eldar Hacıyevdir. Əslən Şuşadan olan rəssam artıq 20 ildir ki, milli mövzuları əsas götürməklə öz işlərinin Azərbaycan xalqının qədim mədəniyyətinə aid olduğunu vurğulayır və bu yolda heç bir çətinliyə baxmadan əminliklə irəliləyir. Bu, sadəcə sözlər deyil, onun yaşadığı hər günün mənasıdır.Ailə, məişət, toplumdakı yaşam, dostlar və həmkarlarla ünsiyyət, peşəkar həyat, bir sözlə, hər şey bu mənaya tabedir.
Yaradıcı düşüncə daima döyünür. Süjetlərin yaradılmasına səbəb Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin, Məshəti Gəncəvinin, Ömər Xəyyamın və s.-nin əsərləridir. Bu, klassik ədəbi irsin, tarixi gerçəklərin, xalçaçı əcdadların mədəni irsinin, bədii xalça incəsənəti ənənələrinin bədii yenidən düşünmə prosesidir. Bu, onun həyatının hər anının tabe olduğu ruh və zəka halıdır. Eldar nə işlə məşğul olursa, olsun, nə edirsə, etsin, daimi axtarış prosesindədir: mövzunun, kompozisiyanın xırdalıqlarına qədər işlənməsinin, xalça rəsminin əsasında duracaq süjetin rəng qammasının axtarışında.
- Tunc dövründə belə bir rəng çılğınlığı olmayıb, indiki rəssamlarımızın xalçalarında isə görürük...
- Qədimdə ustalarımız yeddi-səkkiz rəngdən istifadə edərək ipləri təbiət mənşəli təbii rənglərlə boyayırdılar. Bu gün rəssamların ixtiyarında geniş bir palitra var.
Buna görə də öz əsərlərimizlə Avropaya, Rusiyaya, Ukraynaya – hara getsək, Azərbaycanın çağdaş xalça sənəti diqqətdən kənarda qalmır. İstər peşəkar mütəxəssislər olsun, istərsə də sadəcə tətbiqi sənət həvəskarları olsun, milli xalçalarımızın xüsusi koloritinə, kompozisiyasına və icra texnikasına həmişə xüsusi diqqət yetirirlər.
- Siz öz xalça miniatürlərinizdə və rəsmlərinizdə neçə rəngdən istifadə edirsiniz?
- Hər şey xalçanın ölçüsündən və süjetdən asılıdır. Bir qayda olaraq, bu, 30-dan 60-a qədər müxtəlif çalar olur.
- Yun ipləri boyayarkən təbii rəngləyicilərdən istifadə edirsinizmi?
- Bəzən belə də olur. Amma əsasən çox yaxşı alman rəngləyicilərindən istifadə edirəm. Onlar yetərincə geniş rəng çalarları verirlər.
Rəssam danışdıqca biz də xalça rəsmlərində canlanmış obrazların üzlərinə, fiqurlarına nəzər saldıq. Rənglərin və boyaların coşqusu heyrətləndirir, ovsunlayır və qürur hissi oyadırdı. Çünki bu, bizim incəsənətimizdir, biz çoxlarının bacarmadığın edə bilirik, əcdadlarımızın qədim Təbrizdən, əsrlərin dərinliyindən göndərdiyi şifrələnmiş ismarıcları həm yaşayır, həm inkişaf edir, həm də beynəlxalq tətbiqi sənət məkanında mövqelərini möhkəmləndirir. Məsələn, bu xalça miniatürünü müəllif “Məhsəti Gəncəvi” adlandırır. Kompozisiyada hər şey nəzərə alınıb: həm məkan, həm də şübhəsiz ki, şeirin ilahəsi və incəsənətin hamisi olan Məshəti Gəncəvinin yaradıcılığı ilə bağlı olan hər şey. Şairə burada sanki istedadlı rejissor kimi həm musiqi, həm rəqs və təbii ki, poetik sözün bayramını idarə edir. Onun yaradıcılığı Həyatın və onun müxtəlif təzahürlərində sonsuz tərənnümdür: duyğuların, həssaslığın, həzzin və ... sevincin tərənnümüdür! XI əsr şairəsinin və XXI əsr rəssamının yaradıcılığında ifadə olunan gündəlik anların sevinci.
Bu da “Novruz” əsəri. Burada yazın bütün əlamətləri, həmçinin baharın gəlişinin, həyatın oyanmasının gözəl və şən bayramının bütün qədim ənənələri var. Bu bayram 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Novruz Günü elan edilib, ondan bir qədər əvvəl - 2009-cu ildə isə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Budur: personajların üzlərində nə qədər rəng, nə qədər həyat var! Burada həm Xəzərin dalğaları, həm səmanın rəngi, həm adət-ənənəyə uyğun bayram xonçası və gənc atlının əlində yanan məşəl var. Od - günəşin və yeni həyatın rəmzidir.
Rəssam daha iki xalça kompozisiyasının süjet xəttinə xüsusi cazibə bəxş edib. "Nar yığan qızlar ". Hətta gözucu baxsanız belə, xalça sizi buraxmayacaq. Nar tutan qızların üzünə, gözlərinə, əllərinə dönə-dönə baxacaqsınız. Birinin əllərində narın paraları var. Paraların hər birini əlində qayğıyla qoruyur. Qızların üzlərindəki ifadədə və narların özündə izaholunmaz bir cəlbedici qüvvə var.
"Şuşalı qızlar". Çoxuşaqlı Qarabağ ailəsində səhər belə başlayıb: xalçaların və yastıqların üzərində. Gənc qızlar üzərində çay və şirniyyatlar olan, armudların qoyulduğu xalçanın ətrafına yığışıb bir-birləri ilə söhbət edirdilər. Burada müəllif bizə təxəyyül üçün qeyri-məhdud yer buraxır. Əsas xalça və kilimlərin naxış simfoniyasına, Qarabağ qadınlarının ənənəvi geyimlərinə diqqətlə baxmaq, rənglərin harmonik birləşməsindən estetik həzz almaqdır. Rənglərin bu çılğınlığı öz ekspressivliyi sizi yormur. Yox! O, əsl bayramın sakit sevinci ilə sizin üzərinizə yağır: qızlar üçün - Novruzun, bizim üçün isə – İncəsənətin sevinci ilə.
- Sizin valideynləriniz əslən Şuşadandır...
- Bəli. Atam - Azərbaycanın tanınmış dermatoloqu, professor Rasim Hacıyev Şuşa rayonunun Malıbəyli kəndində anadan olub, orada ən gözəl xalçalardan biri – eyniadlı «Malıbəyli» xalçası toxunur. O, Şuşadan Ağdama köçüb, sonra Moskvaya oxumağa gedib. O, Bakıda yaşamağa başladığı illərdə mən anadan olmuşam. Ana tərəfdən ulu babam Qasım bəy Behbudov Şuşanın özündən olub, şəhərin hörmətli adamlarından sayılıb, orada böyük mülkü olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Xarıbülbül Musiqi Festivalı üçün Şuşaya səfərim zamanı böyük həyəcan və sevinclə bu yerləri görməyə nail oldum. Əcdadlarımın torpağını görəndə, ürəyimdən keçən bütün duyğuları sözlə ifadə edə bilmirəm. Gözlərimdən sevinc yaşları axırdı... Axı, onların obrazı yaddaşımda ancaq uşaqlıq xatirələrim kimi qalıb.
Ulu babamın torpaq sahələrini mənə Şuşa tarixinin yorulmaz tədqiqatçısı, jurnalist-publisist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev göstərib. O, yarım əsrə yaxındır ki, bu qədim diyarın və bütövlükdə bütün Qarabağın tarixini öyrənir. Bu, inanılmaz, unudulmaz an idi. Bütün bunlar isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan ordusunun şəxsi heyətinin şücaəti sayəsində baş verib. Şəhidlərimizin ruhu şad olsun!
- Sosial şəbəkələrdəki çoxsaylı məqalələrə və rəylərə görə, Kiyevdəki fərdi sərginiz çox yüksək bədii və təşkilati səviyyədə keçib. Necə olmuşdu ki, Ukraynaya getmişdiniz?
- Bir az bəxtim gətirmişdi, bir az uğur rast gəldi...
- ... və istedadınız...
- Həm də mənim işlərimə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın diqqətini “çəkən” xoş təsadüf. Onun peşəkar yanaşması və təşəbbüsü, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi sayəsində 14 rəsm əsərim və 5 xalçam Kiyevə aparıldı. Nüfuzlu muzeylərdən birinə - Taras Şevçenko adına muzeyə.
- Siz ilk dəfə deyil ki, əsərlərinizlə xaricdə olursunuz. Ukraynadakı günlərlə bağlı təəssüratınız necədir?
- Ən isti və həyəcanlı günlər oldu. Səfirliyimizin, Ukrayna Mədəniyyət Nazirliyinin diqqəti, peşəkarların və təsviri incəsənətin sadə həvəskarlarının marağı böyük yaradıcı düşüncə enerjisi, yaratmaq və yaratmaq həvəsi verdi...
- Bəs, praktiki təkliflər olmadı?
- Ukraynalı həmkarlarımdan iki təklif almışam. Onlardan biri bu il Dubayda keçiriləcək birgə sərgidə iştirakla bağlıdır. Digəri «Malyuy.UA» adlı IV Beynəlxalq Rəsm Festivalının münsiflər heyətinin işində iştirak etməklə bağlı təklifdir.
- Festival müsabiqədir?
- Bəli. Fevralın 14-dən 28-dək onlayn keçiriləcək. ABŞ-dan Çinə qədər dünyanın 14 ölkəsindən gənc rəssam və heykəltəraşlar öz əsərlərini Kiyevə göndərəcəklər. Onlar Kiyevdəki İvan Kavaleridze muzeyində sərgilənəcək. Münsiflər heyətində Azərbaycanı təmsil etmək üçün dəvət almışam.
- Ekspozisiyanın açılmasından bir həftə ərzində orada olmusunuz. Maraqlı hallar olubmu?
- Bir dəfə xalçalara baxandan sonra bir kiyevli qadın mənə yaxınlaşdı. O, xalçaçılığın erməni mənşəli qədim incəsənət növü olub-olmaması ilə maraqlandı. Bir dəfə, kifayət qədər uzun müddət əvvəl o, Qarabağda ekskursiyada olub və erməni millətindən olan bələdçi xalçaların erməni xalqının “ixtira”sı olduğunu iddia edib. Milli xalçamızın yaranmasının gerçək hekayəsini çox diqqətlə dinlədi. Hekayə onda elə təəssürat yaratmışdı ki, Azərbaycan xalçalarının etnik zonalara uyğun bədii xüsusiyyətləri ilə yaxından tanış olmaq istəyirdi.
Bakılı rəssam Eldar Hacıyevin xalça rəsmlərinin özünəməxsus fərdi üslubu var ki, bu üslub bir çox rəssam nəsillərinin çoxəsrlik ənənələrini qoruyub saxlamaqla yanaşı, çox müasir səslənir. Onun istedadının tam səsi ilə səslənir. Söhbət yalnız xalçalardan gedir. Bu, heç də o demək deyil ki, onun dəzgah rəsmləri diqqətəlayiq deyil. Yox. Sadəcə olaraq, xalça üzərində süjet obrazı ilə işləmək ölkəmizdə nadir olmasa da, unikal hadisədir.
- Yaxın zamanlar üçün yaradıcılıq planlarınıza nələr daxildir?
- Prezidentimiz bu ili “Şuşa ili” elan edib. Mən bununla bağlı 2,5 x 3,5 m ölçülü xalça fikirləşmişəm. Bu xalçada hər şey olmalıdır: Şuşanın öz memarlıq abidələri, atlar, ənənəvi Qarabağ motivləri ilə birlikdə.
Emalatxanada hər şeyə yaradıcılıq hopub. Ətrafa baxanda adama elə gəlir ki, Nizaminin qəhrəmanları Fitnə, Bəhram Gur və onların atlı dostları addım-addım sizi izləyir. Bu da “Qarabağ atları və xalçaları” silsiləsindən bir əsər. Od saçan at: o, tam sürətlə qaçır, çaparaq, halsız bədheybət bir ilanı tapdalayır...
Bura xalça miniatürləri ilə rəsm personajlarının rahat bir yerdə yaşadığı incəsənət fəzasıdır. Adam buranı tərk etmək istəmir. Rəng harmoniyasının ilkin gözəlliyi və xalçaçı rəssamın yaradıcılığının həyat eşqi verən gücü buradadır. Uşaqlıqda olduğu kimi, qəfildən ağla belə bir fikir gəlir: bəs, bütün bu atlar, insanlar, xalılar, xalçalar, çiçəklər və naxışlar, sehrli nağıllarda olduğu kimi, gecə yarısı öz nağıl həyatlarını yaşamağa başlasalar, nə olar?
MƏSLƏHƏT GÖR: