1 May 2024

Çərşənbə, 19:53

PROQNOZ «STABİT»DİR

Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarına zərər vermədən iqtisadi artıma nail olur

Müəllif:

01.02.2022

Əgər Azərbaycanda 2020-ci ilin iqtisadi nəticələrinə yekun vurarkən, daha çox bütün dünya kimi pandemiya böhranının fəsadlarından danışırdılarsa, 2021-ci ildə xəstəliyin davam etməsinə və onu müşayiət edən karantin məhdudiyyətlərinə baxmayaraq, artıq vurğular bərpaya və itkilərin aradan qaldırılması üzərinə yönəldilməyə başlayıb.

Ötən ilin rəqəmləri də öz sözünü deyir. Azərbaycanın ÜDM-i 2020-ci ildə 4,3% azaldıqdan sonra 2021-ci ildə 5,6% artıb. Bütövlükdə, ötən il iqtisadi hadisələrlə çox zəngin olub. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa işlərinə başlanılıb, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 500 milyon tonuncu neft nəql edilib, Azərbaycan və Türkmənistan “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılığa gəlib, Türkiyə ilə yeni qaz sazişi imzalanıb. Bərpa olunan enerji sektoruna ilk özəl investisiya cəlb edilib. Eyni zamanda 2022-ci il də olduqca yaxşı başlamış kimi görünür və proqnozlar gözlənildiyindən də ümidvericidir.

 

ÜDM-də düz 5%-lik artım

Pandemiya böhranının ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qlobal proseslərdən nə qədər asılı olduğunu bir daha göstərdiyi üçün ötən ilin nəticələrinə ümumdünya kontekstində baxılması vacibdir. O isə hələ ki, heç də ürəkaçan deyil, xüsusən də hər yerdə anti-COVID məhdudiyyətlərinin qalmaqdadır, hökumətlər isə büdcə-maliyyə dəstəyi proqramlarını azaltmağa tələsirlər. Bədnam inflyasiya isə, bütün ölkələrdə, demək olar ki, makroiqtisadi göstəricilərin əsas “vurğusu”dur.

Beləliklə, Beynəlxalq Valyuta Fondu (BVF) qlobal artımın 2021-ci ildəki 5,9%-dən 2022-ci ildə 4,4%-ə qədər azalacağını (Dünya Bankı (DB), təxminən, 4,1% azalacağını) gözləyir. Dünya Bankının analitikləri hesab edirlər ki, iqtisadi artım templəri pandemiyadan əvvəlki orta göstəriciyə qayıdacaq. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə o, əvvəlkindən yüksək, inkişaf etməkdə olan ölkələrdə isə aşağı olacaq. Eyni zamanda BVF-nin son təhlilində qeyd edilir ki, yüksək inflyasiyanın əvvəllər düşünüldüyündən daha uzun müddət davam edəcəyi gözlənilir.

Azərbaycanla bağlı isə 2021-ci ilin nəticəsi yaddaqalan olub: bizdə ÜDM-in artımı 5%-i ötüb. “Bu, xüsusilə müharibədən çıxmış ölkə üçün əla nəticədir. Ötən il qeyri-neft sektoru 7,2% artıb”, - deyə Prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində bildirib.

Prezident bildirib ki, 2021-ci ildə sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesində isə istehsal, təxminən, 20 faiz artıb. Qeyri-neft ixracı tarixi 2,4 milyard dollara çatıb. Ölkənin bütün müstəqillik tarixində belə bir göstərici olmayıb - əvvəlki rekord 1,9 milyard dollar olub.

Proqnozlara gəlincə, beynəlxalq maliyyə institutları 2022-ci ildə Azərbaycan iqtisadiyyatının, orta hesabla, 3 faiz artacağı fikrində ortaq məxrəcə gəlirlər ki, bu da son onilliyin orta göstəricisindən çoxdur. Düzdür, Azərbaycan hökuməti daha 0,9% nikbindir və ümumilikdə 2022-2025-ci illərdə ölkədə ÜDM-in orta illik artımının 4,2% olacağını proqnozlaşdırır. Yeri gəlmişkən, BMT analitikləri də iqtisadiyyatımız üçün, təxminən, eyni göstəriciləri düşünürlər: dərc olunmuş “Dünyanın iqtisadi vəziyyəti və 2022-ci il üçün perspektivlər” hesabatında 2022-ci ildə ÜDM-in artımının 4% səviyyəsində olacağı göstərilir.

Proqnozlar hələ də enerji bazarındakı vəziyyətdən yüksək dərəcədə asılıdır - neft və qaz Azərbaycanın ixracının, demək olar ki, 90%-ni və ÜDM-in 50%-ni təşkil edir. İstənilən halda, burada vəziyyət sadəcə olaraq, gözlənildiyindən daha əlverişlidir - 2021-ci ildə «Brent» markalı neftin orta qiyməti 71 dollar/barel təşkil edib (2020-ci ildəki 43 dollar olmuşdu). «S&P» reytinq agentliyi proqnozlaşdırır ki, 2022-ci ildə bir barel üçün, orta hesabla, 75 dollar olacaq. Bu, təbii ki, Azərbaycanın iqtisadi, fiskal və ödəniş göstəriciləri üçün faydalı olacaq, xüsusən də bu il ölkədə neft hasilatı sutkada 0,77 milyon barelə çatmalıdır. Həmçinin Azərbaycanda qaz sektorunun perspektivləri daha əlverişlidir - 2017-2021-ci illər ərzində Azərbaycanda qaz hasilatı, təxminən, 73% artacaq, 2025-ci ilə qədər isə daha 20% artacaq.

 

Mövsümün «hit»i – inflyasiya

İstehlak bazarında qiymət artımı olmayan böhran mümkündürmü? Xüsusən də pandemiya kimi güclü bir böhranda tələbin azaldığı, istehsal və ticarət bağlarının qopduğu, alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir şəraitdə... Azərbaycanda 2021-ci ilin sonunda orta illik inflyasiya 6,7%, illik inflyasiya 12% olub. Bu, 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin xeyli yüksəldiyi 2016-2017-ci illərdən sonra ən yüksək həddi olub (2017-ci ildə - 12,9% olmuşdu). Bu, xoşagəlməzdir, lakin təəssüf ki, qlobal tendensiyalar fonunda gözləniləndir.

Təsəlli kimi qeyd etmək olar ki, Dünya Bankının məlumatına görə, ötən il dünyanın bir çox ölkələrində inflyasiya son 10 ilin maksimal həddinə çatıb. Formalaşmaqda olan bazar ölkələrinin 80%-i son bir neçə ay ərzində inflyasiyada kəskin sıçrayışla üzləşiblər, ölkələrin üçdə birində isə ikirəqəmli dərəcələr müşahidə olunub.

ABŞ-da illik inflyasiya son 40 ilin maksimuma çatıb - 7%, avrozonada - 5% olub (bu, son 31 ilin rekordudur), Rusiyada - 8,4% (son 7 illik rekord), Qazaxıstanda - 8,4 % (son 6 il üçün rekord) qeydə alınıb). Türkiyədə baş verənlər hər kəsin yadındadır - qiymət artımı 19 ilin ən yüksək göstəricisinə - 36,08%-ə çatıb.

Yeri gəlmişkən, məhz bu qorxulu proseslər hökumətləri stimullaşdırma proqramlarını və maliyyə dəstəyi tədbirlərini dayandırmağa məcbur etdi ki, bazarın likvidliklə ifrat dolmasın.

BVF analitiklərinin fikrincə, tədarük zəncirində qırılmalar yumşaldıqca, pul-kredit siyasəti sərtləşdikcə və tələb-təklif balansı xidmətlərə doğru dəyişdikcə yüksək inflyasiya yoxa çıxmalıdır. Gözlənilir ki, yanacaq qiymətlərindəki sürətli artım 2022-23-cü illərdə də yavaşıyacaq, bu da ümumi inflyasiyanın cilovlanmasına kömək edəcək.

Azərbaycan hökuməti 2022-ci il üçün inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırsa da, Mərkəzi Bank son meyilləri öyrənərək orta illik inflyasiyanın 7,5%-ə qədər olacağını proqnozlaşdırıb. “Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonundan (4+/- 2%) yuxarı - 6,6-7,5% olacağı gözlənilir”, - deyə ölkənin baş bankiri Elman Rüstəmov son mətbuat konfransında bildirib. Lakin onun sözlərinə görə, AMB-nin proqnozlarına əsasən, artıq 2023-cü ildə orta illik inflyasiya hədəf diapazonuna yaxın olacaq. Hökumət bu proseslə antiinflyasiya tədbirləri paketi çərçivəsində mübarizə aparacaq və süni qiymət artımının qarşısını alacaq.

 

Məzənnənin qorunması istiqamətində

Öncəki illərdə olduğu kimi, bu mərhələdə də maliyyə sabitliyinin qorunması Azərbaycan hökuməti üçün prioritet olacaq. Yüksək enerji qiymətləri milli valyutanın, onsuz da, sabit olan məzənnəsini qorumağa kömək edəcək. Baxmayaraq ki, həm dolların bahalaşması, həm də qonşu dövlətlərin - Qazaxıstan, Rusiya və Türkiyənin valyutalarının məzənnəsinin dəyişməsi manata təzyiqi göstərir.

Mərkəzi Bank məzənnənin sabitliyinə ciddi nəzarət edir, lazım gəldikdə valyuta intervensiyaları vasitəsilə onu tənzimləyir. Bununla yanaşı, manatın regionda ən sabit və etibarlı valyuta kimi tanınması onun ödəniş və yığım funksiyalarını gücləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev də onu qeyd edib ki, manatın məzənnəsi uzun illərdir ki, sabitdir: “Əhalinin manata inamı xeyli artıb, banklarda milli valyutada olan əmanətlərin həcmi artır ki, bu da ümumi əmanət balansında üstünlük təşkil edir. Həmçinin, manatın sabitliyi investorlar üçün çox önəmlidir, çünki bu, xarici sərmayənin artmasına təsir göstərir”, - deyə Prezident qeyd edib.

Arayış üçün: AMB-nin məlumatına görə, 2021-ci ildə əhalinin xarici valyutada olan bank əmanətləri 8,7% azalıb və ya əhalinin toplam əmanətlərinin 41%-inə qədər düşüb, halbuki 2020-ci ilin sonunda xarici valyutada olan əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edirdi. Lakin milli valyutada əmanətlərin həcmi 35,4% artıb və ya bütün əmanətlərin 59%-nə qədər qalxıb.

Həmçinin «S&P» agentliyi hesab edir ki, manatın ABŞ dollarına nisbətdə de-fakto 1,7 AZN/$1 səviyyəsində möhkəmlənməsi Azərbaycanda qorunacaq, ölkə Mərkəzi Bankının valyuta bazarına mütəmadi intervensiyaları buna dəstək verir.

2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 7 milyard dolları ötüb (artım 2,5 milyard dollar olub) və proqnozlara görə, bu il ən azı daha yarım milyard dollar artacaq.

“Hökumətə tapşırığım ondan ibarət olub ki, valyuta ehtiyatlarının azalmasının qarşısını alsınlar, lazım gələrsə, investisiya xərclərini azaltsınlar. Valyuta ehtiyatlarının artması bizə iqtisadi müstəqillik verir, bu olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Azərbaycan müsbət xarici ticarət balansına malik nadir ölkələrdən biridir: bir çox ölkələrdə idxal ixracı üstələyir, halbuki 2021-ci ildə ixracımız idxalı əhəmiyyətli dərəcədə - 10 milyard dollardan çox üstələyib”, - deyə Prezident İlham Əliyev bu münasibətlə bildirib.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard dolları ötür ki, bunun da 45 milyard dollardan çoxu Dövlət Neft Fondunun, digər hissəsi isə Mərkəzi Bankın payına düşür.

 

Uzunmüddətli reytinq

Valyuta ehtiyatlarının saxlanılması çox önəmlidir. Düzdür, son illər pandemiya, Vətən müharibəsi və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı sonrakı məsələlər fonunda bunu etmək mümkün olmayıb. Bununla belə, nə olursa olsun, məhz ehtiyatlar xarici və daxili iqtisadi mənfiliklərin qarşısını alan, vəziyyəti sabit səviyyədə saxlayan çox güclü buferdir. Ona görə də ekspertlərin fikrincə, bu vəsaitlərin istifadəsinə mötədil yanaşma bundan sonra da inflyasiya templərini ani cilovlamaq istəyindən üstün olacaq.

Hakimiyyətin bu mövqeyi beynəlxalq analitiklərin Azərbaycan iqtisadiyyatındakı vəziyyətlə bağlı proqnozlarında və qiymətləndirmələrində də əsas yer tutur. “Biz hesab edirik ki, Azərbaycanın büdcə və xarici fiskal mövqeləri suveren dövlətlər arasında ən güclülər sırasında qalır və biz bunu “BB” kateqoriyasında qiymətləndiririk. Hökumətin sərəncamında 2025-ci ilə qədər ÜDM-in təqribən 70%-i səviyyəsində proqnozlaşdırılan əhəmiyyətli likvid dövlət aktivləri var”, - deyə «S&P Global Ratings» bildirib. O, bunu Azərbaycan üçün uzunmüddətli emitent defolt reytinqlərini xarici və yerli valyutada “BB+/B” səviyyəsində təsdiq etmək qərarını izah edərkən bildirib. Reytinq üzrə proqnoz “sabit” olaraq təsdiq edilib. Agentliyin hesablamalarına görə, Azərbaycanın dövlət borcu ortamüddətli perspektivdə ÜDM-in 30%-dən aşağı olacaq ki, bu da, yetərincə qənaətbəxş səviyyədir.

AMB-nin uçot dərəcəsi ilə bağlı son dərəcə ehtiyatlı siyasət yürütməsi də son dərəcə vacibdir. Çünki uçot dərəcəsi də Azərbaycan şəraitində makroiqtisadi göstərici kimi çıxış edir. Belə ki, yanvarın sonunda uçot dərəcəsi yenə də 0,25 faiz artırılıb və 7,5 faizə çatdırılıb, faiz dəhlizinin aşağı həddi 6 faiz səviyyəsində saxlanılmaqla, yuxarı həddi 8,25 faizdən 9 faizədək artırılıb. Bu, 2021-ci ilin payızından bəri AMB-nin uçot dərəcəsini dördüncü dəfə artırmasıdır.

Bir sözlə, bütün göstəricilər onu göstərir ki, Azərbaycan pandemiya və Qarabağda apardığı Vətən müharibəsi ilə bağlı son iki ilin problemləri girdabından kifayət qədər inamla və böyük itkiləri olmadan çıxır. Hələ ki, ölkə heç bir dəstək olmadan iqtisadiyyatda rastlaşdığı mənfiliklərin qarşısını ala bilir və üstəlik, dost ölkələrə onların həllində kömək edir, böhranlar, hətta qlobal böhranlar Azərbaycan üçün qorxulu deyil. Yəni istək və bacarıqla istənilən böhranı öz xeyrinə çevirməyi bacarır.


MƏSLƏHƏT GÖR:

112