10 May 2024

Cümə, 02:44

DADLI TİKƏ

Müxtəlif güc mərkəzləri Afrikada nüfuz dairəsi uğrunda fəal mübarizə aparırlar

Müəllif:

01.02.2022

Ötən onillik ərzində aşkar görünən, yaxın perspektivdə da davam edəcəyi aydın olan geosiyasi trendlər arasında Afrikada nüfuz dairəsi uğrunda mübarizə xüsusi əhəmiyyət kəsb edir. Nəhəng xarici oyunçular iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmaq üçün bu yoxsul qitənin təbii və əmək resurslarından mümkün qədər çox istifadə etməyə çalışır. Yalnız onu vurğulamaq kifayətdir ki, Afrika boksit, manqan, uran, müxtəlif nadir metallar, platin, koltan, kobalt və s. faydalı qazıntı yataqlarına görə dünya lideridir. Məlum olduğu kimi, sadalanan maddələrdən sənayenin ən qabaqcıl sahələrində geniş istifadə olunur. Keçmiş metropoliyalar üçün bu, Afrika bazarına «qayıtmaq» və ya orada möhkəmlənmək imkanıdırsa, digər nəhəng oyunçular bu yolla qitədə uzunmüddətli mövcudluğunu təmin etməyə, getdikcə bu mövcudluğu daha da genişləndirməyə çalışır. Bu, əsasən Çin, Hindistan, Rusiya, Türkiyə, BƏƏ və s. kimi dövlətlərə aiddir.

Son zamanlar bu oyunçuların əməlləri daha çox diqqət çəkməyə başlayıb. Bununla yanaşı, «Afrika uğrunda yarış»ın əsas iştirakçısının Çin olduğunu düşünmək yanlışdır. Mütləq göstəricilər bunun əksini sübut edir. Məsələn, Afrikada həyata keçirilən və birbaşa investisiyaların yatırıldığı layihələrin sayına görə, qitə iqtisadiyyatına ən çox sərmayə yatıran dövlətlər ABŞ, Fransa və Böyük Britaniyadır.

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Afrikaya da birbaşa investisiyaların həcminə mənfi təsir göstərib. BMT-nin Ticarət və İnkişaf Konfransının beynəlxalq investisiyalarla bağlı son hesabatında bildirilir ki, 2021-ci ilin iyununda Afrika iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16% və ya 40 milyard dollar azalıb.

2021-ci ildə birbaşa xarici investisiyaların azalmasına xüsusilə resurslardan asılı ölkələrdə rast gəlinib. Səbəb qiymətlərin ucuzlaşması və enerji daşıyıcılarına tələbatın azalmasıdır. COVID-in yeni ştamlarının peyda olması və peyvəndləmənin ləng getməsi üzündən Afrikaya xarici investisiyaların axınında qeyri-sabitlik riski davam edir. Bununla yanaşı, xammala tələbatın gözlənilən artımı, qlobal tədarük zəncirinin restrukturizasiyası ilə bağlı yeni imkanların yaranması, aparıcı layihələrin təsdiqlənməsi 2022-ci ildə bu sahədə vəziyyətin yaxşılaşmasına yol aça bilər. Bu isə öz növbəsində, müxtəlif mərkəzləri rəqabət qaydalarını təkmilləşdirməyə sövq edir, qitədə nüfuz dairəsi uğrunda mübarizəni daha da sərtləşdirir.

 

Afrikada amerikan maraqları

Bu gün ABŞ Afrika qitəsi ölkələri ilə iqtisadi əməkdaşlığın inkişafı məsələsində şəksiz liderlərdən biridir. Bu işlərin koordinasiyası və həyata keçirilməsi ilə Birləşmiş Ştatların Afrika ilə iş idarəsi məşğul olur. Saxaradan cənubda 49 ölkə ilə bağlı ticarət və investisiya siyasətini bu qurum hazırlayır və bütün bu işlərə məhz o cavab verir.

Birləşmiş Ştatlardan Afrikaya birbaşa investisiya yatırılmasında pik 2014-cü ildə qeydə alınıb. Həmin il amerikalılar bu qitənin iqtisadiyyatına 69 milyard dollardan artıq investisiya qoyublar. Lakin pandemiyanın da təsiri ilə 2020-ci ilin sonunda bu məbləğ 47,5 milyard dollaradək azalıb. Hazırda Amerikadan Afrikaya birbaşa investisiya axını dünyanın istənilən digər bölgəsi ilə müqayisədə ən aşağı həddədir.

ABŞ-ın dövlət katibi Entoni Blinken son Afrika turnesi zamanı bildirib ki, onun hökuməti Afrikaya investisiya axınını artırmaq və bunu qəbuledilməz şərtlər irəli sürmədən etmək niyyətindədir. Bu bəyanatda Pekinin siyasətinə birbaşa eyham var. Məlum olduğu kimi, Çin tərəfdaş ölkələrə uzun müddətə borc verməklə, bundan təsir vasitəsi istifadə edir.

Blinkenin səfəri zamanı Dakarda 4 ABŞ şirkətləri ilə Seneqal arasında dəyəri 1 milyard dollardan artıq olan müqavilələr imzalanıb. Amerika tərəfi bildirir ki, bu razılaşmalar Vaşinqtonun qitə ölkələrində bazar infrastrukturu işinə şəffaf və dayanıqlı sövdələşmələrlə dəstək verdiyinin göstəricisidir.

«ABŞ investisiya yatırarkən ölkələri öhdəsindən gələ bilməyəcəkləri borc yükü ilə yükləmir», - deyə dövlət katibi bildirib. Hazırda Amerikanın regionla bağlı diplomatiyasının əsasını bu təşkil edir və bu, Vaşinqtonun Afrika istiqamətində şərti «müdafiə»dən «hücum» taktikasına keçdiyini göstərir.

 

Afrika üçün «qlobal qapı»

Avropa İttifaqı da bu istiqamətdəki fəallığına görə Amerikadan geri qalmır. Məsələn, 2021-ci ilin noyabrında Brüssel bir qlobal investisiya proqramının anonsunu verib. «Qlobal qapı» adlanan proqram 2027-ci ilədək nəzərdə tutulur və onun dəyəri 300 milyard avrodur. Layihə dünyanın üçüncü ölkələrində müxtəlif sahələrə, o cümlədən rəqəmsal texnologiya, iqlim və enerji, nəqliyyat, səhiyyə, təhsil, elmi araşdırmalar kimi sahələrə investisiyaların yatırılmasını nəzərdə tutur və Afrika burada vacib istiqamətdir. Avropa İttifaqı ilə Afrika İttifaqı təmsilçilərinin 2022-ci il fevralın 17-də keçirilməli olan sammitində «Qlobal qapı» proqramı çərçivəsində gələcək əməkdaşlığın konturları müəyyənləşdirilməlidir.

Maraqlıdır ki, həmin dövrdə Aİ-yə sədrliyi Afrika qitəsində ənənəvi strateji maraqları olan Fransa edəcək. Paris Afrikadakı investisiyalarını qoruyub saxlamağa və şaxələndirməyə, hərbi-siyasi nüfuzunu gücləndirməyə çalışır. İndi o, bu işdə «Qlobal qapı» layihəsinin imkanlarına da arxalanacaq.

Avropa, şübhəsiz ki, Afrika iqtisadiyyatına yatırımların ümumi həcminə görə liderliyini qoruyub saxlayır. 2018-ci ildə Afrikaya birbaşa xarici investisiyaların həcminə görə 239 milyard avro ilə məhz o lider olub. Bununla yanaşı, Aİ bu qitənin inkişafı üçün göstərilən rəsmi yardımların həcminə görə də liderdir. 2018-2019-cu illərdə Avropa İttifaqı Afrikanın özəl sektoruna 17 milyard avro, nəhəng infrastruktur layihələrinin icrasına isə 5 milyard avro yardım edib. Elə həmin dövrdə Avropanın Dayanıqlı İnkişaf Fondu özəl fondlardan bu işlərə 24 milyard avrodan artıq vəsait cəlb edib, Avropanın dövlət inkişaf bankları isə Afrika qitəsinə birlikdə 30 milyard avrodan çox investisiya yatırıblar.

Qarşıdakı 7 ildə Aİ-nin «Qlobal qapı» adlı yeni maliyyələşdirmə alətinə uyğun olaraq, Afrika ölkələrinə və Saxaradan cənuba 26 milyard avronun ayrılması nəzərdə tutulur. Daha 12,5 milyard avro Şimali Afrika ölkələrinə yönəldiləcək. Hazırda Aİ çərçivəsində Afrika ölkələrində, Saxaradan cənubda və Şimali Afrikada milli və regional tədbirlər üçün əsas olacaq prioritetlər də müzakirə edilir. Özəl investisiyalar və Afrikanın suveren kreditləri üçün risklərin azaldılması bu kollektiv səylərin vacib elementi olacaq.

 

Çin «kəmər»inin Afrika sapması

Avropanın fəallığı ilə yanaşı, Çin də Afrika ilə bağlı iddialı hədəflərinə nail olmaq üçün yeni yanaşmalar seçir. Bununla yanaşı, Pekin üçün bu regionda siyasi məqsədlərinin olmadığını nümayiş etdirmək vacibdir. O, investisiyaları ilə Afrikanın bu və ya digər dövlətinin rəhbərliyinə təzyiq göstərməyə çalışmadığını ortaya qoymağa çalışır. Pekinin fəaliyyəti qlobal «Bir kəmər, bir yol» proqramının məntiqinə əsaslanır. Bu layihə müxtəlif səviyyəli əməkdaşlıq proqramları vasitəsi ilə optimal əlaqələrin qurulmasını nəzərdə tutur, miqyaslı infrastruktur layihələrinin reallaşdırılmasına əsaslanır. Bu mənada, ənənəvi Çin-Afrika əməkdaşlığı forumlarının təşkili maraqlıdır. Sayca səkkizinci belə forum 2021-ci il noyabrın 29-30-da Seneqalda keçirilib. Sammitdə Afrika dövlətlərinin liderləri və Çinin xarici işlər naziri Van İ iştirak ediblər. Bu, tərəflər arasında əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yaxın perspektiv üçün iqtisadi-ticari və investisiya gündəminin müəyyənləşdirilməsi baxımından önəmli tədbir idi.

Xatırladaq ki, 2020-ci ilin sonuna Çinin Afrika ölkələrinə yatırdığı birbaşa investisiyaların həcmi 43 milyard dolları ötüb. Ötən illər ərzində Çin bu qitədə 3,5 mindən artıq şirkət yaradıb və investisiyaların böyük hissəsi özəl müəssisələrin payına düşür.

 

Əməkdaşlıq imkanları

Aİ və Çindən fərqli olaraq, Rusiya Afrika ölkələri üçün daha «məhdud» tərəfdaşdır. 2019-cu ildə Rusiya ilə bu qitə arasında ticarət dövriyyəsinin həcmi təxminən 20 milyard dollar təşkil edib. Bu, Afrikanın aparıcı xarici iqtisadi tərəfdaşları ilə ticarət dövriyyəsindən dəfələrlə azdır. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Çinlə Afrika ölkələri arasında ticarət dövriyyəsi həcmi 383,3 milyard dollar olub. Bununla yanaşı, hazırda Moskva qitədə möhkəmlənmək üçün əlində olan bütün iqtisadi alətlərdən istifadə edir. Məsələn, ruslar buna rəqabətdə üstün olan investisiya siyasəti (atom texnologiyası, neft sahəsi, alümin istehsalı və s.), həmçinin Afrika dövlətlərinin 20 milyard dollarlıq borcunun silinməsi ilə nail olmağa çalışır (sonuncu qərar 2019-cu ildə keçirilmiş ikitərəfli sammitdə elan olunub). Rusiya göstərmək istəyir ki, o, Afrikaya qitə ölkələrinin böyük dostu kimi «qayıdır» və burada Sovet İttifaqı dövrünə aid dost davranışına üstünlük vermək niyyətindədir. Fərq yalnız ondadır ki, bu gün «dost rejimlər» dedikdə, Rusiya investisiyalarını qəbul etməyə, onların təhlükəsizliyinə zəmanət verməyə hazır olan ölkələr nəzərdə tutulur.

Afrika iqtisadiyyatında toplanmış Rusiya investisiyalarının ümumi həcmi 17 milyard dollardır. Bununla yanaşı, 2022-ci ildə ikinci Rusiya-Afrika sammitinin təşkili planlaşdırılır. Toplantıda əməkdaşlığın prioritetləri müəyyənləşdirilməli, digər güc mərkəzləri ilə qiyabi rəqabətdə Moskvanın mövqeyini gücləndirməlidir. Bununla yanaşı, Rusiya investisiyaların daha çox həcminə deyil, effektivliyinə önəm verilməsini vacib sayır. Moskvada hesab edirlər ki, dünya bazarlarındakı rəqabətdə mövqelərin möhkəm olması üçün bu, daha önəmlidir.

 

Türkiyənin Afrika siyasətinin prioritetləri

Türkiyə Afrika ilə münasibətlərdə daha çox «hücum» strategiyasına üstünlük verən ölkələrdəndir. 2021-ci ilin noyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi və Cənubi Afrika ölkələrinin bir neçəsinə rəsmi səfərlər edib. Daha sonra müxtəlif ölkələrdən 29 nazirin, 4 regional təşkilatın nümayəndələrinin qatıldığı III Türkiyə-Afrika İqtisadi və Biznes Forumunda çıxış edib. Dekabrın 18-də isə İstanbulda daha bir və daha geniş tədbir təşkil olunub. Yenə də Afrika mövzusuna həsr edilmiş III Türkiyə-Afrika Tərəfdaşlığı Sammitində Afrikanın müxtəlif ölkələrindən 16 dövlət başçısı və 102 nazir iştirak edib. Forum çərçivəsində 2022-2026-cı illər üçün Fəaliyyət planı təsdiqlənib. Sənəddə yaxın illərdə Afrika qitəsində Türkiyənin dəstəyi ilə həyata keçiriləcək layihələrin siyahısı da yer alıb.

2020-ci ilə olan məlumata görə, Türkiyə ilə Afrika arasında ticarətin həcmi 25 milyard dolları ötüb, Türkiyənin Afrika iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 7 milyard dollara çatıb. Bununla yanaşı, tərəflər arasında ticarət dövriyyəsi həcminin əvvəlcə 50, daha sonra 75 milyard dollaradək artırılması hədəflənir.

Türkiyənin Afrika istiqamətindəki xarici siyasətinin maraqlı cəhəti Afrika dövlətlərini «hazırkı beynəlxalq siyasi düzənin ədalətsizliyi ilə mübarizə»yə səfərbər etmək cəhdidir. Türkiyə prezidenti R.T.Ərdoğan üzvlərinin əhəmiyyətli hissəsinin məhz Afrikanı təmsil etdiyi BMT-də islahatların aparılmasını vacib sayır. Hesab olunur ki, onların Ankaranın bu mövqeyini dəstəkləməsi Türkiyənin təşəbbüslərinin qlobal səviyyəyə yüksəlməsinə yol aça bilər.

Bu gün Afrikada daha kiçik oyunçuların da fəallığı müşahidə edilir. Söhbət, ilk növbədə, iqtisadi imkanlarını şaxələndirməyə çalışan daha zəngin dövlətlərdən gedir. Məsələn, üzvlərinin əksəriyyətini Afrika dövlətlərinin təşkil etdiyi Qoşulmama Hərəkatının sədri Azərbaycan regionun aparıcı ölkələri, ilk növbədə, Şimali Afrika ilə dialoq qurmağa çalışır. Burada Misirlə Mərakeş Bakının ənənəvi tərəfdaşlarıdır. Misir hələ 2018-ci ildə özünün nəhəng layihələrinə, ilk növbədə, Süveyş kanalının inkişafına Azərbaycan investisiyalarının cəlbinə maraq göstərirdi. Eyni marağı Mərakeş hökuməti də ortaya qoyur. Lakin koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlər bu məqsədlərə çatılmasına mane olub.

Güman ki, yaxın vaxtlarda köhnə planlar keyfiyyətcə yeni formada yenidən aktuallıq qazanacaq.



MƏSLƏHƏT GÖR:

108