17 May 2024

Cümə, 09:31

TAM QƏLƏBƏYƏDƏK

Türkiyənin apardığı antiterror əməliyyatları regionun təhlükəsizliyinə xidmət edir

Müəllif:

15.02.2022

Türkiyə faktiki olaraq, antiterror mübarizəsində yeni aktiv mərhələyə başlayıb. İran və Suriya ilə sərhəd əyalətlərdə, həmçinin bu ərəb ölkələrinin Türkiyə ilə həmsərhəd olan şimal rayonlarında aparılan davamlı hərbi əməliyyatlar bunu göstərir. Zərbələr «Kürd Fəhlə Partiyası» (PKK) ilə sıx bağlı olan kürd qruplaşmaları özəklərinə və onların obyektlərinə endirilir.

 

«Eren Winter» və «Qış qartalı»

Hələ 2021-ci ilin payızında Ankara kürd terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlamağa tam hazır olduğunu bəyan etmişdi. O, bu siqnalı, ilk növbədə, qlobal siyasətin nəhəng mərkəzlərinə göndərirdi. Söhbət, ilk növbədə, ABŞ və Rusiyadan gedir – Ankara onları Suriyanın şimal əyalətlərinin PKK-nın «törəmə» strukturlarından, ilk növbədə, «Xalq özünümüdafiə qüvvələri» (YPG) yaraqlılarından təmizləməklə bağlı öhdəliklərə əməl etməməkdə günahlandırır. Məsələ ondadır ki, Suriya probleminin həlli üçün əldə olunmuş sülh razılaşmasına əsasən, ABŞ ilə Rusiya kürd yaraqlıların Suriya-Türkiyə sərhədindən 30 kilometr cənuba uzaqlaşmasına yardım göstərməli idilər. Lakin bu, baş verməyib və nəticədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «türklərin səbir kasasının daşdığını» bəyan edib. Çünki kənardan hərbi və siyasi dəstək alan kürd qruplaşmaları Suriyanın şimalında Türkiyə ordusu tərəfindən həyata keçirilmiş «Fərat qalxanı», «Zeytun budağı», «Sülh çeşməsi» əməliyyatları nəticəsində terrorçulardan təmizlənmiş rayonlara davamlı hücumlar edir. Bundan başqa, kürd terrorçular Türkiyə ərazisinə də soxulur, nəticədə, həm hərbçilər, həm də mülki şəxslər həlak olur.

Beləliklə, Türkiyənin PKK, YPG və digər bu tip qruplaşmalara qarşı yeni hərbi əməliyyatlara başlamasının qaçılmaz olduğuna heç bir şübhə qalmamışdı. İndi sual altında olan yalnız əməliyyatların xarakteri ilə bağlı idi: bu, tammiqyaslı ordu əməliyyatı olacaq, yoxsa Türkiyə komandanlığı terrorçuların mövqelərinə, onların hərbi obyektlərinə dəqiq zərbələrin endirilməsi ilə kifayətlənəcək?

2022-ci il yanvarın sonu, fevralın əvvəllərində baş verənlər göstərib ki, Ankara ikinci varianta üstünlük verib. Lakin dəqiq zərbələr o qədər ardıcıl və çoxistiqamətlidir ki, onların effekti miqyaslı hərbi əməliyyatların effektindən heç də geri qalmır.

Artıq Türkiyənin cənub-şərqində, məsələn, Muş və Hakkari əyalətlərində ölkənin təhlükəsizlik qüvvələri «Eren Winter» adı altında bir neçə antiterror əməliyyatı keçirib. Terrorçular tərəfindən 2017-ci ilin avqustunda qətlə yetirilmiş 15 yaşlı gənc Eren Bülbülün şərəfinə adlandırılmış əməliyyatın hədəfi kimi, ölkədə terrorçuluğun kökünün birdəfəlik kəsilməsi elan olunub. Ölkədən kənarda – Suriya və İraqın Türkiyə ilə həmsərhəd rayonlarında isə «Qış qartalı» əməliyyatı aparılır. Ankara bunu beynəlxalq hüquq normaları, ilk növbədə, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırır. Məlum olduğu kimi, həmin maddə hər bir dövlətin özünü müdafiə etməsi üçün hərbi yola əl atmaq hüququnu tanıyır. Bununla yanaşı, Ankara əməliyyatların keçirilməsində BMT TŞ-nin terrorçuluqla mübarizəyə dair qətnamələrinə də istinad edir.

Məlumata görə, «Qış qartalı» əməliyyatı zamanı terrorçulara məxsus 80-dək obyekt, o cümlədən sığınacaqlar, tunellər, silah anbarları, qərargahlar və təlim düşərgələri məhv edilib.

Türkiyənin həyata keçirdiyi bu hərbi əməliyyatlar, şübhəsiz ki, PKK və digər terror təşkilatları ilə uğurlu mübarizənin gələcək inkişafının müjdəçisidir. Terror təhlükəsinin olması və onunla mübarizə, əlbəttə ki, qan tökülməsi, insan tələfatı deməkdir. Beynəlxalq Böhran Qrupunun (ICG) fevralın əvvəlində açıqladığı hesabatda deyilir ki, Türkiyə hərbçiləri ilə PKK yaraqlıları arasında 2015-ci ildən bu yana davam edən toqquşmalar, terror aktları nəticəsində, təxminən, 6000 nəfər həyatını itirib. Ankaranın məlumatına görə isə Türkiyə qüvvələri son illərdə 12 mindən çox terrorçunu məhv edib. Ankaranın bu cür əzmli mübarizəsi ölkə daxilində PKK özəklərinin kökünü, demək olar ki, tam kəsib. Məhz bu üzdən indi Türkiyənin ərazi bütövlüyünə təhdid yaradan terrorçu qruplaşmalarla mübarizə qonşu İraq və Suriyanın şimal rayonlarında aparılır.

 

«Son terrorçu məhv edilənədək»

Kürd terror qruplaşmaları ilə növbəti aktiv mübarizənin başlaması ərəfəsində Ankara Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Mənbic, Tel-Tamir, Eyn-İsa və Tel-Rifat şəhərlərinə hücum etməyə hazırlaşdığını açıq şəkildə ifadə etmişdi. Təhdidin qarşısının alınması baxımından bu, böyük əhəmiyyət daşıyırdı. Bununla yanaşı, Ankara qarşıya İdlib əyalətində möhkəmlənmək hədəfi də qoyub. Bu, Türkiyəyə daha 3 milyon suriyalı qaçqının axınının önlənməsi baxımından vacibdir. Bu əyalətin ərazisində Türkiyəyə üz tutmuş, təxminən, 4,5 milyon suriyalı qaçqının geri qaytarılması üçün şəraitin yaradılması da məqsədlər arasındadır. Amma Ankara bütün bu hədəflərə Suriya ilə sərhəd boyunca bufer zonanın yaradılması kontekstində yanaşır. Onun maraqlarının Rusiya və ABŞ-ın maraqları ilə toqquşması da bu məqamda baş verir.

Türkiyə hələ 2019-cu ilin sonlarında terrorçuları Suriya ilə sərhədindən uzaqlaşdırmağa nail olmuşdu. O zaman sərhəddə bufer zonanın yaradılmasının vacibliyi ilə ABŞ və Rusiya da razılaşmalı olmuşdular. Lakin 2021-ci ilin payızında Ankara Suriya kürdlərindən ibarət qruplaşmaları və onları dəstəkləyən xarici dairələri razılaşmaya əməl etməməkdə günahlandırmağa başlayıb, qarşı tərəfdən hücumların hələ də davam etdiyini bildirib. Ankaranın yeni hərbi əməliyyatlarında məqsəd də terrorçuları geri çəkilməyə, Türkiyə ərazisinə hücumları dayandırmağa məcbur etməkdir.

Ankaranın kürd-Suriya istiqamətində fəallaşması Amerikanın antiterror əməliyyatına da canlanma gətirib. ABŞ Türkiyə ilə sərhədin yaxınlığında – İdlibdə yeni əməliyyat keçirib. Ankaranın dəstəklədiyi Suriya Milli Ordusundakı mənbənin sözlərinə görə, amerikalıların əməliyyatı nəticəsində 13 dinc sakin, o cümlədən 6 uşaq həlak olub. ABŞ prezidenti Co Bayden isə amerikalıların «İslam Dövləti» qruplaşmasının əvvəlki lideri Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra təşkilata rəhbərlik edən Əbu İbrahim əl-Haşimi əl-Qureyşini öldürdüyünü açıqlayıb.

Amerikanın növbəti antiterror nailiyyətindən danışaraq Suriyada mövcudluğunu gücləndirməsinin «vacibliyini» göstərməyə çalışdığı bir vaxtda Türkiyə ilə Rusiya arasında yeni razılaşmaların əldə olunacağını istisna etmək olmaz. Suriyada öz geosiyasi planlarına cavab verəcək inzibati-ərazi konfiqurasiyasının yaradılması işində kürd qruplaşmalarından istifadə edən Vaşinqtondan fərqli olaraq, Ankara ilə Moskva bu ərəb dövlətinin bütövlüyünün qorunub saxlanmasına tərəfdardırlar. Suriya məsələsində Rusiya-Türkiyə dialoqu üçün əsas zəmini də bu məqam yaradır. Halbuki kürd amili bu tərəfdaşlığa öz mənfi təsirini də göstərir.

2019-cu ilin oktyabrında Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında kürdləri sıx yaşadığı bir sıra rayonlarda birgə patrul xidməti aparır. Türkiyənin YPG yaraqlılarını zərərsizləşdirmək üçün Suriyanın həmsərhəd Eyn ül-Ərəb (kürdlər onu «Kobani» adlandırırlar) şəhərində yerüstü hərbi əməliyyatlara başlaması imkanları da müzakirə olunur. Ekspertlər hesab edir ki, türklər İdlibdə onların təsirində olan radikal müxalif qüvvələri rəsmi Dəməşqi tanımağa razı salarsa, Moskva Ankaranın bu planına mane olmaya bilər.

Suriyada, xüsusilə İdlibdə son qüvvələr balansının necə olacağını, yəqin ki, yaxın aylar göstərəcək. Lakin görünən odur ki, istənilən halda Türkiyə sərhədlərində terrorçulara qarşı əməliyyatları tam qələbəyədək davam etdirəcək. Bu hədəfə uğurla çatılması yalnız Türkiyənin milli maraqlarına cavab vermir. Bu, perspektivdə Suriyada və bütünlükdə bölgədə sabitliyin yaranması, çoxdan gözlənilən sülhün bərqərar olması baxımından əhəmiyyətlidir.

Və daha bir prinsipial əhəmiyyət daşıyan məqam: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə bildirib ki, Ankara mübarizəni «sonuncu terrorçu məhv olunanadək davam etdirmək niyyətindədir». Bununla yanaşı, Ankaranın antiterror fəaliyyətində heç bir etnik çalar yoxdur. Türkiyə ilə İraqın şimalında yerləşən kürd muxtar rayonu arasındakı tərəfdaş münasibətləri də bunun göstəricisidir. Bu münasibətlər muxtariyyət rəhbəri Neçirvan Barzaninin Ankaraya səfəri zamanı özünü bir daha göstərib. Barzani səfər çərçivəsində Ərdoğanla da görüşüb. Üstəlik, bu səfər fevralın əvvəlinə – Türkiyənin «Eren Winter» və «Qış qartalı» antiterror əməliyyatlarının fəal dövrünə təsadüf edib.



MƏSLƏHƏT GÖR:

112