17 May 2024

Cümə, 06:29

HƏLƏ TOPLAR SUSUR

Ukrayna ətrafındakı diplomatik fəallıq müharibə olmayacağına ümid yaradır

Müəllif:

15.02.2022

ABŞ və NATO-nun Rusiya ilə qarşıdurması getdikcə kəskin süjetli dedektivi xatırladır. Fərq yalnız ondadır ki, bu «dedektiv»in şərti ssenarisi tam improvizasiyadır, onun müəllifləri isə ədiblər yox, tanınmış siyasətçilərdir. Bu, süjetin şiddətini artırsa da, nikbinliyə əsas vermir. Axı, bu «əsər»in əsas simaları taleyi girova çevrilmiş on milyonlarla insandır.

Rusiya və Fransa liderləri arasında fevralın 7-də keçirilmiş görüş haqda söz-söhbət bitməmiş, ayın 8-də ABŞ prezidenti ilə Almaniya kansleri arasında ondan heç də az diqqət çəkməyən danışıqlar baş verib. Fevralın 9-da isə Fransa və Almaniya liderləri Polşa prezidenti ilə yeni dialoq və ali səviyyədə görüş imkanlarını müzakirə ediblər. 2021-ci ilin sonundan etibarən Ukrayna ətrafında gərginliyin artması fonunda dünyada yaranmış reallıq belədir…

 

ABŞ təzyiqi artırır…

Əksər avropalı siyasətçiləri Ukraynada hərbi ssenarinin arzuolunmazlığı haqda danışdığı, Rusiya nümayəndələrinin isə bu ölkəyə hücum planlarının olmadığını dedikləri bir vaxtda Ağ Ev tərəfdaşlarını artıq fevralda Ukraynaya hərbi hücumun olacağına inandırmaq üçün əlindən gələni edir. Prezident Co Bayden yanvarın sonlarında ukraynalı həmkarı Vladimir Zelenskiyə növbəti dəfə zənc edərək Rusiyanın fevralda onun ölkəsinə hücuma keçə biləcəyini deyib. Bununla yanaşı, Bayden Kiyevə hərtərəfli yardım, həmçinin hərbi dəstək göstərəcəklərini bildirib, lakin oraya qoşun göndərə və yüksək texnologiyalı silahlar verə bilməyəcəklərini də əlavə edib. Amerika prezidenti bildirib ki, nə qədər ki Rusiya Ukraynaya hücum etməyib, onun ölkəsi Moskvaya sanksiya tətbiq etməyi düşünmür. Bununla yanaşı, o, sanksiyalar paketinin hazır olduğunu, mümkün təcavüz halında onun dərhal qəbul ediləcəyini söyləyib.

Kiyevin NATO-ya üzvlük perspektivinə gəlincə, hazırda bu məsələnin gündəlikdə olmadığı vurğulanıb.

 

Kiyev tələsdirmir, Ankara dəstəkləyir

Amma Ukrayna üçün Vaşinqtonun belə dəstəyi «qaş düzəldən yerdə göz çıxartmaq» ola bilər. Hər halda, prezident Zelenskinin amerikalı həmkarı ilə söhbətdən tam razı qalmadığını söyləmək mümkündür. O, bu söhbətdən cəmi bir neçə gün sonra ölkəsinin ətrafında emosiyaların coşdurulmasına etirazını bildirib, deyib ki, «sabah» hərbi əməliyyatların başlaması üçün səbəb görmür. Zelenskinin bu mövqeyini anlamaq çətin deyil.

Müharibənin olub-olmayacağı, hələ ki, məlum deyil. Amma bu söz-söhbətin iqtisadi zərəri isə artıq özünü kifayət qədər ciddi şəkildə göstərir. Zelenskinin sözlərinə görə, Rusiyanın mümkün hücumu haqda həyəcan dolu bəyanatlar nəticəsində Ukrayna iqtisadiyyatı artıq 12,5 milyard dollardan çox ziyan görüb. Üstəlik, artıq ölkəni yalnız əcnəbi deyil, həm də yerli investorlar tərk edir.

Ukraynada vəziyyətin pisləşə biləcəyindən Ankara da narahatdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri bunu aydın şəkildə göstərib. Müharibənin başlaya biləcəyi haqda söz-söhbət və Ukrayna iqtisadiyyatının investisiyalar üçün cəlbediciliyini itirməsi fonunda bu, Kiyev üçün xüsusilə vacibdir.

Digər yandan Türkiyə prezidenti bu məsələdə Ukrayna rəhbərliyinin narazılığını bölüşməyə hazır olduğunu göstərib. O, Rusiyanın Ukraynaya mümkün hücumunun məsuliyyətsizlik olacağını bildirib. «Səfəri həssas dönəmə təsadüf edir… Təəssüf ki, bəzi məsuliyyətsiz bəyanatlar, işğal ssenarisinin açıqlanması Ukraynanı və Ukrayna xalqını üzür. Mən ukraynalı məmurların, ilk növbədə, cənab prezidentin mesajlarını təqdir edirəm – onlar sağlam düşüncəyə əsaslanaraq, dialoqu ilk cərgəyə qoyurlar», - deyə Ərdoğan qeyd edib.

Beləliklə, Ukrayna ilə Türkiyənin Rusiyanın mümkün hücumunu istisna etmələri Moskva ilə Kiyev arasında dialoq üçün təbii şərait yaradır. Ankara da məhz bunda israr edir. Həm Kiyev, həm də Ankarada hesab edirlər ki, Rusiya ilə müharibə arzuolunmazdır, çünki bu halda yalnız Ukrayna deyil, həm də Qara dəniz hövzəsi döyüş meydanına çevrilə bilər. NATO üzvü olan, üstəlik, Krımı Rusiyanın bir hissəsi hesab etməyən Türkiyə mümkün savaş halında Qərbin və Ukraynanın tərəfini tutacaq. Moskva ilə istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığı gücləndirməkdə maraqlı olan Ankara üçün bu ssenari arzuolunmazdır. Onun Kiyevlə Moskva arasında vasitəçilik etmək istəyi də buradan qaynaqlanır.

 

«Rusiyaya qarşı dostluq»

Ukrayna ətrafında gərginliyin artması Avropa ölkələri üçün də xoş olmayan perspektivlər vəd edir. Belə bir vəziyyətdə ABŞ Ukraynaya yeni hərbi yardım paketləri göndərməyə başlayıb. Söhbət letal və qeyri-letan silahlardan gedir. Fevralın yalnız ilk həftəsində Ukraynaya çəkisi, təxminən, 300 ton olan 3 partiya hərbi yardım göndərilib.

Bundan başqa, Vaşinqton Almaniyadan Rumıniyaya, təxminən, 1000 amerikan hərbçisi göndərmək planını da elan edib. Daha 2 min Amerika hərbçisinin isə ABŞ-dan Almaniya və Polşaya göndərilməsi nəzərdə tutulur. Doğrudur, Ağ Evin mətbuat katibi Cen Psaki bu hərbçilərin Ukraynaya göndərilməyəcəyini, məqsədin sadəcə «regiondakı tərəfdaşların dəstəklənməsi və sakitləşdirilməsi olduğunu» deyib. Amma bu, Moskvanı nəinki sakitləşdirməyib, əksinə, daha da qəzəbləndirib. Hər halda, Rusiya Belarusa əlavə qüvvələr göndərib. Moskva bunu Minsk ilə birgə hərbi təlimlərin effektivliyini artırmaq üçün etdiyini bildirir. Əslində isə bu qərarın qəbulunda, yəqin ki, Amerikanın Şərqi Avropada hərbi mövcudluğu artırmaq planının rolu az deyil.

Bu arada, İspaniyanın «El Pais» qəzeti fevralın 2-də ABŞ və NATO-nun Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabını dərc edib. Qəzet materialın inandırıcı olması üçün yazıya sənədlərin şəklini də əlavə edib. Müəllif bunun Rusiyanın təkliflərinə rəsmi cavab olduğunu iddia edir.

Amma məlumat xüsusi reaksiya yaratmayıb. Çünki orada hər hansı sensasion təklif və ya etiraf yoxdur. Burada da dialoqun vacibliyindən, hərbi yola əl atmağın arzuolunmazlığından, NATO-nun genişlənmə və digər prinsipial məsələlərdə güzəştə getməyəcəyindən bəhs olunur. Yəni cavab məqalənin dərc olunduğu dövrdəki geosiyasi konfiqurasiyanı dəyişməyib. O, Vaşinqtonla NATO-nun Moskvanın mövqeyinə münasibətini bir daha ortaya qoyub.

Daha maraqlısı Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Polşa və Böyük Britaniya ilə birlikdə üçtərəfli alyans yaratdıqları haqda bəyanatıdır. Yeni format haqda daha əvvəl Ukrayna prezidenti Zelenski Radadakı çıxışında, Polşanın baş naziri Matueş Moraveski isə Kiyevə səfəri zamanı danışmışdılar. Böyük Britaniyanın baş naziri ilə görüşdə isə Zelenski yeni formatdan daha konkret bəhs edib, onun təhlükəsizlik və ticarət məsələlərinin həlli üçün yaxşı meydança olduğunu bildirib.

Bu üç ölkəni yalnız «Rusiyaya qarşı dostluq» yox, həm də Avropanın digər nəhəngləri – Fransa və Almaniya ilə xüsusi münasibətlər birləşdirir. Həqiqətən, bir çox prinsipial məsələdə onların mövqeləri üst-üstə düşür.

Yeri gəlmişkən, Fransa və Almaniyanın liderləri Makron ilə Şolts Moskva ilə danışıqlarda daha çox dialoqun bərpası imkanlarından, Minsk formatının reallaşdırılmasının vacibliyindən danışırlar. Amma Kiyevdə bu formatın effektivliyi ilə bağlı suallar az deyil. Məsələn, Vladimir Zelenski fevralın əvvəlində açıq şəkildə bildirib ki, o, Minsk razılaşmasının bütün maddələrini qeyri-kafi qiymətləndirir: «Mən «Minsk»in maddələri haqda danışmaq istəməzdim. Mən onun bütün maddələri ilə razı deyiləm. Bu və ya digər maddənin yerinə yetirilməsi şəklinə fərqli yanaşırıq. Biz hamımız böyük uşaqlarıq. Elə addımlar atmalıyıq ki, ərazilərimizi işğaldan azad edək, dövlətimizi bu və ya digər şəkildə qoruyaq».

Parislə Berlin Ukraynanı xüsusilə Donbas məsələsində Moskva ilə kompromisə razı salmağa çalışırlar. Londonla Varşava isə bu məsələdə daha kəskin mövqe tuturlar. Bu halda Kiyev son iki dövlətlə münasibətlərinə Fransa və Almaniyaya alternativ kimi baxa bilər. Bu isə geosiyasi gündəmi daha da çətinləşdirir.

 

«Normand formatı» - hələ də aktualdır

Fransa prezidenti Emmanuel Makron Moskvaya səfəri zamanı Minsk formatının aktuallığını bir daha bəyan edib. O, Vladimir Putin ilə keçirdiyi görüşdən sonra bildirib ki, Minsk razılaşmasına tam əməl olunması vacibdir. Makronun sözlərinə görə, Donbasda münaqişəyə tam son qoyulması üçün «Normand formatı» fəaliyyətini davam etdirir.

«The Financial Times» isə öz mənbələrinə istinadən maraqlı məlumat yayıb. Qəzet yazır ki, Moskva görüşündə liderlər Rusiyanın yeni «hərbi təşəbbüslər» irəli sürməyəcəyinə dair razılığa gəliblər. Bundan başqa, Moskva öz silahlı qüvvələrinin yerləşdirilməsi haqda dialoqda iştiraka da razılıq verib.

Baş verənlər fonunda Almaniya kansleri Olaf Şolts bu vəzifəyə gəldikdən sonra ilk dəfə Vaşinqtona səfər edib. Səfər daha bir vacib hadisə – Berlində Veymar üçbucağı çərçivəsində fevralın 9-da təşkil olunmuş görüş ərəfəsinə təsadüf edib.

Vaşinqtonda regionda gedən proseslərlə bağlı «saatları tutuşduran» Şolts daha sonra qonşu ölkələrin liderlərini Almaniyada bir araya yığıb, bununla da, «üçbucağa» yeni aktuallıq qazandırıb. Qeyd edək ki, Almaniya bu üçbucaqda mərkəzi mövqeyə malikdir və bu, heç də yalnız onun coğrafi yeri ilə bağlı deyil.

Bu toplantı hərbi-diplomatik vasitələrə əsaslanaraq qonşularının siyasi təşəbbüsləri ələ almasına mane olmağa çalışan, bu məqsədlə də Varşava və Kiyevin iştirakı ilə yeni formatın yaradılması təşəbbüsü ilə çıxış etmiş Londona özünəməxsus cavab da sayıla bilər. Parislə Berlin böhranın yalnız diplomatik yolla həllini istəyir, Kiyevin silahlandırılmasından əvvəlkitək imtina edir və «Normand dördlüyü» çərçivəsində Moskva ilə danışıqların yeni raunduna başlanılmasını vacib sayırlar.

«Daily Mail» yazır ki, Makron Putin ilə görüşdə Ukraynaya neytral dövlət statusunun verilməsini də təklif edib. Bu, Kiyevin NATO-ya üzvlüyünü istisna edir. Lakin Avropa paytaxtlarında Fransa liderinin bu təşəbbüsünə son dərəcə ehtiyatla yanaşırlar. Onlar hesab edirlər ki, Fransa liderinin rusiyalı həmkarı ilə görüşdə irəli sürdüyü bu təşəbbüs onun NATO-dakı müttəfiqləri tərəfindən dəstəklənməyəcək. Bu fikirdə olanlar bildirirlər ki, kompromis axtarışının da bir həddi olmalıdır.

İndi aydın olan bir məsələ var: bütün bu «üçlük»lər, «dördlük»lər Qərbin əbədi düşməni və tərəfdaşı olan Rusiya ilə oyunda kozırlardır. Bu oyunun nə ilə nəticələnəcəyindən asılı olmayaraq, tərəflər hərbi ssenarinin işə düşəcəyi təqdirdə bundan hamıya «pay» düşəcəyini anlayır. Demək, nə qədər ki, diplomatik fəallıq davam edir, müharibə olmayacağına ümid var. Bu, yəqin ki, hazırda bütün tərəfləri qane edən əsas nəticədir.



MƏSLƏHƏT GÖR:

123