19 Aprel 2024

Cümə, 05:37

GİMNASTİKADA TARİXİ MEDAL

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku keçirilib

Müəllif:

01.03.2022

2022-ci ildə Azərbaycanda ilk beynəlxalq yarış batut gimnastikası üzrə Dünya Kuboku oldu. Mötəbər yarışda Azərbaycanı Selcan Maqsudova təmsil etdi.

19 yaşlı idmançımız təsnifat mərhələsində ilk cəhddə 52.720 xala layiq görüldü. İkinci cəhdində 53,100 xal qazanan Selcan qrup lideri kimi finala vəsiqə qazandı.

19 yaşlı Selcan Maqsudova final çıxışına görə 52.780 xal qazanmaqla fəxri kürsüdə yer aldı. Gimnast yalnız Rusiya təmsilçisindən geri almaqla Azərbaycana gümüş medal qazandırdı. Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciya Campyeri (İtaliya) əldə etdi.

 

Tarixdə ilk

Qeyd edək ki, bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medaldır. Batut gimnastikası ölkədə 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir təşkil olunur.

Batut gimnastikasında böyüklər arasında qadınların fərdi yarışında ilk medalı qazanan Selcan MMaqsudova”Region plus”a açıqlamasında təəssüratlarını oxucularla bölüşüb: “Fərəhli haldır ki, Dünya kubokunun gümüş medalını qazandım. Yarışlara uzun müddət idi ki, hazırlaşırdım. Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm. Məşqlər üçün mənə yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, məşqçilərimə, bu medalın qazanılmasında mənə dəstək olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm”.

Dünya Kubokunun gümüş medalçısı batut gimnastikasında yeni qaydaların tətbiq olunmasına münasibət bildirdi. Selcan yeni qaydalarda çıxış etməyin daha rahat olduğunu söylədi: “Mən deyərdim ki, yeni qaydalar əsasında çıxış etmək daha rahatdır. Çünki indi bizə təsnifat mərhələsində çıxış üçün iki dəfə şans verilir. Bu isə idmançının özünəinamlı çıxış etməsi baxımından bir sıra üstünlüklər yaradır. Məsələn, birinci dəfə çıxışın istədiyin kimi alınmırsa, ikinci dəfə proqramı daha rahatlıqla icra edə bilərsən”.

Gimnast rəqiblərin kifayət qədər güclü olmasına baxmayaraq, medal qazanacağına inandığını dedi: “Əsas rəqiblərim Rusiya və Belarus gimnastları idi.  Buna baxmayaraq, əsas məqsədim öz proqramımı dəqiq yerinə yetirmək və finala yüksəlmək idi.  Finalda isə bütün diqqətimi elementlərin təmiz icrasına yönəltmişdim. Yüksək əzmlə məşq etdiyimə görə medal qazanacağıma inanırdım. Qələbəmi dünyadan köçmüş nənəmə həsr edirəm. Onun mənim böyüməyimdə, idmanı davam etdirməyimdə çox böyük zəhməti olub”.

 

Yeni qaydalar köməyə gəlir

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin Selcanın böyüklər yaş qrupunda uğur qazanması üçün çox çalışmalı olduğunu bildirdi: “ Qarşımızda dayanan ilkin vəzifə finala vəsiqə əldə etmək idi. Bu mərhələni adladıqdan sonra diqqətimizi medal qazanmağa yönəltmişdik. Dünya kubokunda idmançılar yeni qaydaları sınaqdan keçirdilər. Mən deyərdim ki, bu qaydaların tətbiqi idmançıların çıxışlarına müsbət təsir göstərdi. Yeni qaydalar bizdən rəqiblərin çıxışlarını diqqətlə izləməyi tələb edir. Rəqibin xallarına əsasən biz idmançımızın daha çətin və ya asan kombinasiya üzrə çıxış etməsinə qərar veririk. Ümumiyyətlə, yarışlar ədalətli keçdi. Selcan gənclərdən böyüklərə yeni keçib. Bu baxımdan, öz  üzərində daha çox işləməlidir. Qarşıda bizi bir sıra dünya kubokları, iyunda İtaliyada keçiriləcək Avropa çempionatı və noyabrda Bolqarıstanda keçiriləcək dünya çempionatı gözləyir. Gələn ildən etibarən isə idmançılar Paris-2024 Olimpiya Oyunlarına lisenziya xalları toplamağa başlayacaqlar. Biz də Paris-2024-ə lisenziyanı təmin etməyə çalışacağıq”.

 

Akrobatları gözləyərkən

Martda Azərbaycan Gimnastika Federasiyası növbəti mötəbər yarışa ev sahibliyi edəcək. Martın 10-13-də Milli Gimnastika Arenasında gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Turnirdə 21 ölkədən 190 gimnastın iştirakı gözlənilir. 4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.  Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov, Murad Rəfiyev, beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev, Mehriban Salamova, böyüklər arasında Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov, Raziyə Seyidli təmsil edəcəklər.



MƏSLƏHƏT GÖR:

135