11 Dekabr 2024

Çərşənbə, 23:49

«MƏN BİZNESİ YOX, ELMİ SEÇDİM»

Aysel RAMAZANOVA: «Almanlar bizim həm rus, həm də Avropa elmi ədəbiyyatını bilməyimizə heyran qalırlar»

Müəllif:

01.03.2022

Aysel Ramazanova Azərbaycanı Avropa elmində təmsil edən azsaylı gənc alimlərdəndir. Almaniyanın Duisburg-Essen Universitetində çalışır. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirən soydaşımız fəlsəfə doktoru elmi dərəcəsini də Vətəndə qazanıb. Lakin о, bununla kifayətlənməyib. 2018-ci ildə elmi işini müdafiə etdikdən sonra Almaniyanın 5 universitetinə tədqiqat layihəsi göndərib və 3 universitetdən dəvət alıb. Duisburg-Essen Universitetini seçən Aysel Ramazanova 1 illik qrant proqramını cəmi 6 aya uğurla başa vurub və universitetdən daimi iş təklifi alıb. Hazırda Aysel xanım universitetdə dərs deməklə yanaşı, elmi fəaliyyətini də davam etdirir. Xeyli sayda beynəlxalq elmi konfranslarda çıxışların, nüfuzlu nəşrlərdə məqalələrin müəllifidir. 2024-cü ildə elmlər doktorluğu işini müdafiə etməyi düşünür.

Deyir ki, özünü tam olaraq elmə həsr etmək fikrindədir və bu da səbəbsiz deyil.

- Niyə məhz elm? Məsələn, biznes sahəsində daha çox uğur qazanmaq olmazdımı?

- Doğrudur, Almaniyada fəlsəfə doktoru adını alanların əksəriyyəti sonradan özəl sektorda çalışmağa başlayır, çünki maddi baxımdan bu, daha əlverişlidir. Özəl şirkətlərdə çalışsam, indikindən 4 qat artıq maaş ala bilərəm. Avropada proqramlaşdırma sahəsində mütəxəssisə tələbat çoxdur və çox iş təklifləri alıram. Amma mən istəyirəm ki, elmin ardınca gedim.

Hərçənd, elm sahəsində də qrant proqramları var. Məsələn, biz Azərbaycan professorları ilə birlikdə bir qrant proqramı qazanmışıq, yetərincə də böyük məbləğdə gəlir vəd edir. Amma mənim biznesi yox, elmi seçməyimin səbəbi bu deyil...

Bir anlıq duruxur. Gözləri dolur. Özünü toparlayıb söhbətə davam edir.

...Mən atama görə bu yolu seçdim. Atam, professor Telman Ramazanovun yolunu davam etdirmək istəmişəm. O mənim idealımdır.  Mexanika sahəsi üzrə tanınmış alim olub. Rusiyada, İranda, Türkiyədə mühazirələr deyib, Almaniyada konfranslarda iştirak edib. Almaniyaya gedib gəldikcə tərifləyirdi və deyirdi ki, məni də aparacaq orada təhsil almağa. Sonra vaxtsız vəfat etdi. Anam sağolsun, atamın arzusun həyata keçirdi – məni Almaniyaya göndərdi. Ondan sonra qəti qərara gəldim ki, mən alman dilini öyrənib, orada elmi fəaliyyətimi davam etdirəcəm. Həftənin 5 günü axşam 6-dan 11-ə qədər intensiv alman dili kurslarına gedirdim, hazırlaşırdım.

Düşünürdüm ki, həm Ramazanov soyadını, həm də Azərbaycanı dünya elmində daha çox tanıtmalıyam. İndi də bu fikirdəyəm. Bu gün mən konfranslarda alman universitetinin adından çıxış etsəm də, soyadımı eşidənlər Azərbaycandan olduğumu bilir və çox maraq göstərirlər.

- Reaksiyaları necə olur? Almaniyada Azərbaycanı necə tanıyırlar? 

- Əlbəttə ki, Azərbaycanı daha çox neft ölkəsi kimi tanıyırlar. Mən ilk dəfə professorla görüşəndə gördüm ki, onların Azərbaycan haqqında məlumatları var. Xüsusən də sovet dövrünə aid alimləri yaxşı tanıyırlar. Bizim rusdilli sovet elmi ədəbiyyatı ilə yaxından tanışlığımız onların gözündə bir üstünlükdür. Məsələn, mənim konfranslarda rus dilində çıxış etməyi bacarmağım çox yüksək qiymətləndirilir. Ümumiyyətlə, optimizasiya sahəsində tanınan alimlərin çoxu Rusiya və Fransadan gəlmədir. Rus riyaziyyatçıları o sahədə daha məşhurdurlar. Sahə çətin olduğu üçün almanlara qeyri-adi gəlir ki, sən həm rus elmi ədəbiyyatını bilirsən, həm Avropa ədəbiyyatını. Üstəlik, riyaziyyat sahəsi tibb kimi deyil. O sahədə qadınlar azdır. Hətta Almaniyada da bəzən təəccüblənirlər ki, Azərbaycandan gələn bir xanım Avropada riyaziyyat sahəsində doktorluq müdafiə edir.

- Almaniya və Azərbaycan arasında elmə yanaşma baxımından fərq böyükdürmü?

- Almanlar beyni satın alırlar. Baxırsan ki, universitet kollektivinin 95 faizi əcnəbilərdir. Əlbəttə ki, başda alman professorudur. Kadrları isə əcnəbilərdir.

Amma təbii ki, ilkin mərhələdə biz öz elmi potensialımızı yetişdirməliyik ki, sonra da xaricdən beyin alaq. Necə? Məsələn, mən BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Bakalavrda “potok”da 90 nəfər var idi. Alman universitetində isə mənim mühazirəmdə maksimum 12 nəfər olur. Biri var 90 beyin istehsal edəsən, biri var 12 nəfər. Hansı daha keyfiyyətli olar? Yəni onlar ələyir-ələyir, axırda 5 nəfər ən keyfiyyətlisini saxlayırlar. Bizdə amma elə bir stereotip var ki, hamı mütləq universitet bitirməlidir.

- Azərbaycandakı həmkarlarınızla əlaqələriniz varmı? Buradakı şərait gənc alimləri qane edirmi?

- Hal-hazırda Azərbaycanda da gənc alimlərin inkişafı üçün şərait yaxşıdır. Mən öz sahəm üzrə bir neçə nəfər tanıyıram, ünsiyyətim var. Onlar da beynəlxalq konfranslara qatılır, nüfuzlu nəşrlərdə elmi publikasiyaları var. Məsələn, ADA-da çalışan Samin Malik var optimizasiya sahəsində. Onun xeyli elmi nailiyyətlərinin olduğunu bilirəm. ADA universiteti onun xaricə çıxışını da təmin edir. Hər halda ölkədə inkişaf səviyyəsi normaldır. Bir fərq var ki, Avropada işləmək inkişaf üçün daha əlverişlidir. Orada xaricə çıxış daha rahatdır. İl ərzində universitet səni azı 3 fərqli ölkəyə konfransa göndərir.

- Bəs Almaniyada yaşayan soydaşlarımızla necə ünsiyyətiniz varmı?

- Azərbaycanlılarla, təbii, ünsiyyətim var. Bəzən olur ki, tələbələrimizi müdafiəyə hazırlayıram. 44 günlük müharibə zamanı dövlətimizi dəstəkləmək və haqq səsimizi Almaniyada yaymaq üçün müxtəlif tədbirlərdə iştirak etmişəm. Xaricdə yaşayan azərbaycanlılar üçün müharibə daha həyəcanlı idi. Siz yaxında idiniz, əliniz həm informasiyaya çatırdı, həm müəyyən yardımlar edə bilirdiniz. Biz isə o sarıdan bir az aciz qalırdıq. Başqa cür kömək edə bilmədiyim üçün sosial şəbəkələrdə alman nəşrlərinin səhifələrində şərhlər yazırdım. Sonda bəzi səhifələr hətta məni blokladı. Başa düşdüm ki, orada da çox güman ki, ermənilərin əli var.

- Azərbaycana qayıtmağı düşünürsünüzmü?

- Riyaziyyatın optimal idarəetmə, optimizasiya, onun proqramlaşdırmaya tətbiqi yeni, çox çətin və Azərbaycanda az yayılmış sahədir. Tək Azərbaycanda yox, elə Almaniyada da həm nəzəriyyəni, həm proqramlaşdırmanı bilən mütəxəssislər azdır. Ona görə universitet məni buraxmır.  

Hələ ki, özümü inkişaf etdirirəm və Almaniyada qalmaq niyyətindəyəm. Oradan beynəlxalq konfranslara çıxış, professor səviyyəsinə çatmaq üçün tədqiqatlarda iştirak imkanları daha çoxdur. Ancaq gələcəkdə Azərbaycana qayıtmağım da istisna deyil.



MƏSLƏHƏT GÖR:

281