19 May 2024

Bazar, 12:25

TÜRKMƏN TRANZİTİ

Aşqabad növbədənkənar prezident seçkisi və hakimiyyətin cavanlaşmasına hazırlaşır

Müəllif:

01.03.2022

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəzifəsini «mənəvi dəyərləri yüksək olan mühitdə tərbiyə almış, müasir tələblərə uyğun gənc rəhbər»ə vermək niyyətini elan edib. Bununla eyni vaxtda ölkədə martın 12-nə növbədənkənar prezident seçkisi elan olunub. Halbuki, növbəti səsvermə 2024-cü ildə keçirilməli idi.

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) artıq dövlət başçısı postuna namizədlərin qeydiyyatını başa çatdırıb. Seçkidə 9 namizəd mübarizə aparacaq. «Trend» agentliyinin məlumatına görə, onlardan üçünü siyasi partiyalar, altısını isə vətəndaş qrupları namizəd göstərib.

 

Niyə indi?

Növbədənkənar prezident seçkisi ilə bağlı qəfil qərarın ardından çoxları bir sualı verir: dövlət başçısı Berdiməhəmmədov niyə məhz indi getmək qərarına gəlib və o, bütün vəzifələrindən imtina edəcəkmi? Məlumdur ki, Berdiməhəmmədov ölkəsinə başçılıq etdiyi 15 ildə həm də Nazirlər Kabinetinin və Xalq Məsləhətinin sədrliyini həyata keçirib, Dövlət Təhlükəsizlik Şurasına rəhbərlik edib, eyni zamanda o, Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Təsdiqlənməmiş məlumata görə, prezidentin qəflətən istefaya getmək qərarı verməsi səhhətində yaranmış problemlərlə də əlaqəli ola bilər. Ötən illərdə Türkmənistan liderinin uzun müddət «kameralar qarşısına» çıxmaması KİV-də onun xəstə ola biləcəyinə dair fikirlərə yol açmışdı. 2019-cu ilin yayında Berdiməhəmmədov bir neçə həftə «görünməmiş», bu isə onun hətta ağır xəstəlikdən əziyyət çəkdiyi haqda məlumatların yayılmasına səbəb olmuşdu. O vaxtdan bu mövzu zaman-zaman gündəmə gəlir. Üstəlik, bu versiyanı təsdiqləyəcək başqa mövzular da var. Məsələn, «Arxadağ»ın (Türkmənistanda prezidenti həm də belə adlandırırlar) yeganə oğlu Sərdarın sürətli karyera irəliləyişi varisin hazırlanmasının vacibliyi ilə izah olunurdu. İndi növbədənkənar seçki qərarının bir anda verilməsi və yeni seçkinin təyin olunması Türkmənistanda hakimiyyət tranziti planının əvvəldən hazırlandığını təsdiqləyir.

Artıq fevralın 14-də Türkmənistan Demokrat Partiyasının IX qurultayında baş nazirin müavini Sərdar Berdiməhəmmədov dövlət başçısı postuna namizəd elan olunub. O özü hazırkı prezidentin başlatdığı işləri davam etdirmək niyyətində olduğunu bildirib. Beləliklə, Sərdar Berdiməhəmmədov hazırkı kursun davam edəcəyini deyib ki, bu da yerli elita və Türkmənistanda maraqları olan xarici oyunçular üçün siqnal sayıla bilər. Yəni Türkmənistanın daxili və xarici siyasəti prioritetlərində kəskin dəyişikliklər gözləməyə dəyməz.

 

Sərfəli namizəd

Bütün bunlarla yanaşı, Q.Berdiməhəmmədov siyasətdən getməyə, dövlət idarəçiliyindən tam kənarlaşmağa hazırlaşdığını demir. Hesab olunur ki, o, parlamentin yuxarı palatasına, hətta bəlkə də Dövlət Təhlükəsizlik Şurasına rəhbərliyi əlində saxlayacaq. Sərdar isə güman ki, ətrafına özünə yaxın kadrları toplayaraq, onları tədricən aparıcı postlara təyin edəcək.

Xarici siyasətə gəlincə, Sərdar Berdiməhəmmədovun Rusiya ilə xüsusi münasibətlər qura biləcəyi ehtimal olunur. Bu fikri onun tərcümeyi-halındakı təhsil və iş baxımından Moskva ilə sıx bağlılıq da təsdiqləyir. S.Berdiməhəmmədov 2008-2011-ci illərdə Türkmənistanın Moskvadakı səfirliyində çalışıb, paralel olaraq 2014-cü ilədək Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında təhsil alıb.

Beləliklə, Türkmənistanın xarici siyasi kursunda, o cümlədən ənənəvi neytrallıq kursunda ciddi dəyişiklik gözlənilmir.

Sərdar Berdiməhəmmədov adı açıq qalmaqallarda hallanmayan şəxsdir. Ona qarşı ciddi kompromatlar da yoxdur. İctimaiyyət arasında imicinə görə o, prezidentliyə digər potensial namizədləri xeyli üstələyir. Bununla yanaşı, yerli KİV-in yazdığına görə, türkmən seçicilərin əksəriyyəti, ən əsası isə siyasi elita hakimiyyətin bu cür ötürülməsinə mənəvi cəhətdən hazırdır. Onun reallaşdırılması yalnız texniki məsələdir.

Bundan başqa, Sərdar Berdiməhəmmədov baş nazirin müavini, Ahal vilayətinin rəhbəri də olub. Demək, o, karyerasında müxtəlif mərhələlərdən keçib və dövlət institutlarının necə işlədiyini yaxşı bilir.

Amma yeni prezidentin dönəmində Türkmənistanda heç bir dəyişikliyin olmayacağını düşünmək də doğru olmazdı. Dəyişikliklər əlbəttə ki, olacaq. Qurbanqulu Berdiməhəmmədov özü də prezident seçildikdən sonra o dövr üçün köhnəlmiş hesab etdiyi, özünün dövlət siyasətinin xarakterinə uyğun saymadığı bir çox şeyi dəyişdirmişdi. Amma konkret hansı dəyişikliklərin olacağını söyləmək də çətindir. Yeni prezident, güman ki, daha liberal siyasət yürüdəcək. Bu gün o, rəqəmsal kommunikasiyalar sahəsinə cavabdehdir. Bu isə açıq olması vacib sahədir.

İndi Türkmənistan qarşısında xarici investisiyaların cəlbi vəzifəsi durur. Bunun üçün isə ölkə müəyyən beynəlxalq şəffaflıq meyarlarına cavab verməlidir. Odur ki, yeni prezident xarici kapital cəlb etmək istəyəcəksə, daxildə bəzi dəyişikliklərə getməli olacaq.

 

Münbit iqtisadiyyat

Türkmənistan 2021-ci ildə – koronavirus məhdudiyyətlərindən çıxdıqdan sonra öz makroiqtisadi göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış azsaylı ölkələrdəndir. Bu, əsasən qazın qiymətindəki ciddi artım sayəsində mümkün olub. Məlum olduğu kimi, Türkmənistanın əsas ixrac məhsulu «mavi yanacaq»dır. Bu vəziyyət bu və ya digər dərəcədə ictimai sabitliyə, sosial vəziyyətə təsir göstərir.

Bu gün Türkmənistanda insanların həyat səviyyəsi ümumilikdə idealdan uzaq olsa da, ölkədə kütləvi işsizlik və yoxsulluqdan yaranan sosial kataklizmlər müşahidə edilmir. Digər tərəfdən, daxili bazarda ərzaq çatışmazlığı, real istehlak inflyasiyanın artması əhalinin həyat səviyyəsinə mənfi təsirlərini göstərir. Dövlət əməkhaqqı və pensiyaları yalnız mümkün ictimai partlayışı önləmək üçün yox, həm də daxili istehlak bazarını stimullaşdırmaq üçün indeksləşdirməyə çalışır.

Bu ilin yanvarında ölkədə əməkhaqqı və pensiyalar, dövlət müavinətləri, tələbə və müdavimlərin təqaüdü 10% artırılıb. Bu, əmək qabiliyyəti olan insanların əhəmiyyətli hissəsi deməkdir. Onlara edilən ödəmələrin indeksləşdirilməsi həmin kütləni Sərdar Berdiməhəmmədova səs verməyə stimullaşdıra bilər.

Türkmənistanda real inflyasiya səviyyəsi haqda rəqəmlər açıqlanmasa da, müxtəlif məlumatlara görə, o, kifayət qədər yüksəkdir. Bu, həm də ölkəyə əksər ərzaq məhsullarının hələ də xaricdən gətirilməsi ilə də əlaqəlidir. Üstəlik, dünyada ərzağın bahalaşması fonunda isə ölkədə və regionda əsas ərzaq məhsullarının qiymətində artım davamlı xarakter daşıya bilər. Bu isə həm də istehlak inflyasiyasını «qamçılayır».

Hökumət əsas ərzaq məhsullarının təsbit edilmiş qiymətini qoruyub saxlamağa çalışır. Bu isə bir sıra hallarda onların defisitinə yol açır. Lakin digər yandan, bu vəziyyət yerli istehsalı stimullaşdırır. Başqa sözlə, artan defisitin yerli istehsal hesabına kompensasiya olunmasına cəhdlər güclənir, bu isə sahibkarlığın inkişafına zəmin yaradır.

Ölkə prezidenti daxili bazarın ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması işinin daimi nəzarətdə saxlanılmasına dair dəfələrlə tapşırıqlar verib. Bununla yanaşı, o, hər çıxışında mal və ərzaq məhsullarının bahalaşmasına yol verməməyin vacibliyini də vurğulayır. Lakin daxili istehsalın tələbatı tam qarşılamadığı, ölkədəki isti iqlim və gübrələrin baha olması üzündən daxili istehsalın baha başa gəldiyi şəraitdə buna nail olmaq elə də asan deyil.

Lakin dünyada qazın getdikcə bahalaşması, nəticədə Türkmənistan büdcəsinə daha çox gəlir gəlməsi müəyyən nikbinlik yaradır – bu, ölkənin çatışmayan ərzaq məhsullarını xaricdən almasını asanlaşdırır.

2020-ci ildə Türkmənistan yalnız Rusiyadan aqrar sənaye kompleksinə aid 219 min ton məhsul idxal edib. 2019-cu il illə müqayisədə ərzaq idxalının həcmi 2,8 dəfə artıb. Türkmənistan üçün digər ərzaq idxalçıları MDB ölkələri, İran və bir sıra digər dövlətlərdir. Lazımi resurs bazasız bu, çətin mümkün olardı.

 

Aşqadab sürət yığır

2009-cu ildə istismara verilmiş, Qazaxıstan və Özbəkistan ərazilərindən keçən Türkmənistan-Çin qaz kəməri Aşqabad üçün daimi və sabit gəlir mənbəyidir. Hazırda Türkmənistan-Çin beynəlxalq qaz kəməri özündə Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin marşrutu üzrə 3 paralel xətti («A», «B» və «S») birləşdirir. Çinə ümumi illik qaz tədarükünün həcmi 35-40 milyard kubmetrdir ki, onun da əhəmiyyətli hissəsi Türkmənistanın payına düşür. Bu qaz kəmərinin istismara verilməsindən bu yana Çinə ümumilikdə 320 milyard kubmetrdən artıq «mavi yanacaq» ixrac olunub.

Bununla yanaşı, Pekinin qaz istehlakı getdikcə artır və nəticədə, daha çox Türkmənistan qazına ehtiyac yaranır. Çinin «PetroChina» milli şirkətinin proqnozuna görə, ölkədə 2030-cu ilə illik qaz tələbatı 600, 2035-ci ilə isə 620 milyard kubmetrədək artacaq. Bu tələbatı qarşılayacaq əsas mənbə kimi isə məhz Türkmənistan nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, Türkmənistandan Çinə uzanan 3 boru xəttinə daha biri əlavə olunacaq. Əldə edilmiş razılaşmaya əsasən, dördüncü xəttin istismara verilməsindən sonra Türkmənistandan Çinə illik qaz ixracının həcmi 65 milyard kubmetrədək artırılacaq. Belə bir vəziyyətdə «mavi yanacağ»ın qiyməti sabit olaraq yüksək həddə qalarsa, demək, Aşqabad ciddi gəlir əldə edəcək. Üstəlik, Çin də daxil olmaqla Asiya ölkələrində təbii qaza tələbatın getdikcə artdığını nəzərə alsaq, digər istehsalçıların da öz qazını bu bölgəyə təklif etməsi halında belə, qiymət yüksək olaraq qalacaq.

«Wood Mackenzie» şirkətinin məlumatına görə, 2021-ci ilin yanvarında Türkmənistan qazının min kubmetri Çinə 192 dollara satılırdısa, iyulda bu qiymət 238 dollara yüksəlib.

Bu yaxınlarda Türkmənistan prezidenti Pekinlə qazın yeni qiymətinin müəyyənləşdirilməsi üçün dialoqa başlamaq təklifi ilə çıxış edib. Görünən odur ki, qarşıdakı dövrdə Türkmənistan qazının Çinə, ümumiyyətlə bütün istiqamətlərdə tədarükünə əsas cavabdeh Sərdar Berdiməhəmmədov olacaq. Türkmənistanda baş verən dəyişikliyin geosiyasi və geoiqtisadi məğzini elə bu təşkil edəcək.



MƏSLƏHƏT GÖR:

111