26 Aprel 2024

Cümə, 01:13

BOLQARISTAN ZƏFƏRİ

Azərbaycanın gənc yunan-roma güləşçiləri Plovdiv şəhərində uğurlu nəticələr göstərib

Müəllif:

15.03.2022

Tokio Yay Olimpiadasından sonra əksər idman növlərində olduğu kimi güləşdə də yeni simalara ehtiyac olduğu qeyd olundu. Milli komandada yeni simalar, adətən, gənclərdən ibarət yığmanın uğurlu çıxışı sayəsində yaranır. 2022-ci ilin ilk böyük yarışında yunan-Roma güləşçilərimiz əsas millinin məşqçi heyətinə ciddi düşünməyə əsas verdi.

 

Nikbin nəticələr

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında yunan-Roma güləşçilərimiz yığmamızın aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırdı. Təmsilçilərimizdən Xasay Həsənli (77 kq) qızıl medal uğrunda görüşdə gürcü Davit Soloqaşviliylə mübarizə apardı. Görüşün əvvəlindən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll etdi. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu oldu.

63 kq-da çıxış edən Ziya Babaşov da finalda gürcü ilə üz-üzə gəlib. Lakin o, Giorgi Şotadzeyə 0:3 hesabıyla uduzaraq gümüş medalla kifayətləndi. Laçın Vəliyev (87 kq) isə 3-cü yer uğrunda görüşdə erməni Gevorq Tadevosyanla güləşdi. Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə etdi.

Ağır çəkili Sərxan Məmmədov (130 kq) da çıxışını bürünc medalla bitirdi. O, 3-cü yer uğrunda qarşılaşmada yunan Nikolaos Ntuniası 6:1 hesabıyla məğlub etməklə fəxri kürsünün üçüncü pilləsinə qalxdı.

Daha bir yunan-Roma güləşçimiz məşqçilərin ümidini doğrultdu. Nihat Məmmədlinin yüksək ustalığı (60 kq) artıq 1/4 finalda hiss olundu. N.Məmmədli ilk görüşdə macar Kriştian Keçkemetiylə üz-üzə gəldi. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəldi. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanı sınağa çəkdi. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımadı və tam üstünlüklə qələbə qazandı- 9:0.

O, finalda gürcü İrakli Cimistarişviliylə qarşılaşmada da yüksək performans nümayiş etdirdi. Həmyerlimiz elə ilk hissədə qarşılaşmanın taleyini həll etməyi bacardı. Rəqibinə 10:0 hesabıyla qalib gələn Nihat Avropa çempionu olub.

Azərbaycanın gənclərdən ibarət yığma komandası qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılıb. Məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndiriblər. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub. Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Zərif idmançılarımız da fəxri kürsüdən kənarda qalmadı. Qadın güləşin mövcud problemləri nəzərə alaraq qazanılan medallar yüksək nəticə hesab edilməlidir. Qitə birinciliyində Elnurə Məmmədova (55 kq) finala qədər məğlubiyyətsiz irəlilədi. Onun 1/4 finalda zədələnən Mariya Martinçuk (Slovakiya) üzərində qələbəsi xüsusilə yadda qalıb. Belə ki, final fitindən sonra Məmmədova rəqibini çiyninə qaldıraraq onu döşəyin kənarına aparıb. Lakin finalda rumıniyalı Andrea Beatriçe Ana ilə bacarmayan güləşçimiz gümüş medalla kifayətlənməli oldu.

Nigar Mirzəzadə (68 kq) isə bürünc medal uğrunda qarşılaşmada ispan Marta Navarroyla mübarizə apardı və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxdı.

Bu arada, gənc və perspektivli Nihat Məmmədlini ayrıca qeyd etmək istərdim. 20 yaşlı Nihat Məmmədli yeniyetmələr arasında dünya və Avropa çempionatının qalibidir. Odur ki, onun uğurlu karyera sahibi olacağına inam böyükdür.

 

Qələbə gözəl hisslər yaradır

Nəşrimizə açıqlama verən Nihat Məmmədli qitə birinciliyinə olan hazırlığın çətin keçdiyini bildirdi: “Çox adam zədəmin olduğunu bilmir. Müəyyən müddət zədədən əziyyət çəkdim. Sonra yaxşı forma toplamışdım. Təəssüflər olsun ki, yaxşı formaya malik olduğum günlərdə qabırğam sındı. İki aya yaxın məşqdən uzaq qaldım. Sonra o 2 ayı bərpa etmək çox vaxtımı aldı. Yeni özümə gəlirdim ki, sağ dirsəyim çıxdı. Təxminən, 40 gün də ona görə məşqdən uzaq qaldım. Zədələr səbəbindən 2021-ci ildəki U-23 Avropa və dünya çempionatlarını buraxmalı oldum. Özümə söz vermişdim ki, 2022-ci ildə iştirak etdiyim turnirlərdə çempion olmalıyam. Qələbə gözəl hisslər yaşadır. Amma sabah yenidən uğur qazanmaq üçün davamlı çalışmaq lazımdır. 2-3 günlük istirahətdən sonra yenidən məşqlərə başlayacam. Arzum milli komandada ölkəmizə yüksək əyarlı medallar qazandırmaqdır”.

Əlbəttə, tanınmış pəhləvan Rövşən Bayramovun böyük məşqçisi olduğu gənclərdən ibarət yığmanın Avropa çempionatında çıxışı yüksək qiymətə layiqdir. Sözsüz, mötəbər yarışdakı nəticəmizə iddialı Rusiya və Ukrayna güləşçilərinin olmaması da təsirsiz ötüşməyib. Bununla belə, güləşçilərdə olan inam və ustalıq məşqçilər heyətinin işinə məsuliyyətlə yanaşdığını göstərir. Avropa çempionatında rəqib tanımayan Nihat Məmmədli və Xasay Həsənli gələcəkdə yunan-Roma güləşində yüngül çəkilərdə olan boşluğu unutdura bilər. Əksər idman növlərində olduğu kimi güləşdə də gənclərdə uğur qazanan idmançılar müəyyən səbəblərdən böyüklər kateqoriyasına gec qoşulur və sonradan idmandan ayrılır. Ümid edirik ki, Nihat Məmmədli və Xasay Həsənli kimi idmançılara tezliklə əsas milli komandada şans veriləcək.



MƏSLƏHƏT GÖR:

128