5 May 2024

Bazar, 21:05

ÇAĞIRIŞLAR FONUNDA SƏFƏR

Azərbaycanla Türkiyə ikitərəfli münasibətlərin perspektivinə regional siyasət prizmasından baxırlar

Müəllif:

15.03.2022

Ukraynadakı müharibə və bu ölkə ətrafında baş verənlər beynəlxalq təhlükəsizlik sisteminin onsuz da zəif olan əsaslarını əməlli-başlı silkələyib. Əvvəlki ittifaqlar əhəmiyyətini itirir, yeniləri hələ yaranma mərhələsindədir və onların nə dərəcədə işlək olacağı hələ ki, məlum deyil. Gələcək qarışıq və qeyri-müəyyən görünür. Belə bir vəziyyətdə müxtəlif ölkələrdə ictimaiyyətin diqqəti liderlərə yönəlir. Onlar ölkələrinin və özlərinin gələcəklərinin liderlərin verəcəkləri qərarlardan asılı olduğunu anlayırlar.

Onilliklərdir çiyin-çiyinə addımlayan Azərbaycanla Türkiyə bu qarışıq dövrdə də onların xalqlarını xaosdan, qeyri-sabitlikdən qoruyacaq qərarlar verməyə çalışır. Bununla yanaşı, bütün addımlar əbədi «bir millət, iki dövlət» prinsipinə əsasən, birlikdə atılır.

 

Strateji hədəf

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev martın 10-da Türkiyəyə səfər edib. Səfəri fərqləndirən xüsusiyyət onun Ukrayna mövzusunun, daha dəqiq desək, Rusiya-Qərb qarşıdurmasının qlobal müharibə formasına keçməsi ilə eyni vaxta təsadüf etməsində idi. Bu qarşıdurmanın nə ilə bitəcəyini söyləmək çox çətindir. Belə vəziyyətdə Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri yalnız ikitərəfli əlaqələr deyil, həm də regional siyasət kontekstində son dərəcə vacib xarakter alır. Ukrayna ətrafında və onun özündə gərginliyin pik həddə çatdığı dövrdə bir çox beynəlxalq müqavilə və öhdəliklər sınaq qarşısında qalıb. Belə bir şəraitdə Azərbaycanla Türkiyə 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra yaranmış siyasi trendlərin dayanıqlı olmasına çalışır, bunda maraqlı olduqlarını nümayiş etdirirlər.

Əksər müşahidəçilər hesab edir ki, region oyunçularının münasibətlərini yeni səviyyəyə yüksəltməli olan əsas trend Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hesablanmış kursdur. Bu kurs özündə bir neçə danışıqlar xəttini birləşdirir. Onların arasında Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli razılaşması, Türkiyə-Ermənistan formatı, həmçinin Avropa İttifaqının köməyi ilə aparılan müzakirələr xüsusi əhəmiyyət daşıyır. Bakı ilə Ankaranın bu formatlarda iştirakı qarşılıqlı razılaşmalara əsaslanır. Türkiyə tərəfi rəsmi səviyyələrdə dəfələrlə bəyan edib ki, o, Ermənistanla sərhədin açılması, diplomatik münasibətlərin qurulması işində birtərəfli addımlar atmayacaq, vəziyyəti Bakı ilə əvvəlcədən müzakirə edəcək, bu işlərdə ümumi strategiyaya əsaslanacaq.

Regionda vəziyyətin normallaşması prosesinin ləng də olsa getdiyini göstərən məqamlardan biri martın 10-12-də keçirilmiş Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etməsidir. Doğrudur, erməni nazir Antalyada da ənənəsinə sadiq qalaraq, ilk iş kimi, rusiyalı həmkarına Azərbaycandan şikayət edib. Halbuki indi bunun üçün heç də uyğun vaxt deyildi - hazırda Kreml üçün prioritetlər başqadır və ənənəvi erməni iddiaları yaşananlar fonunda cəfəng çəkişmə təsiri bağışlayır.

 

Bu gün Cənubi Qafqaz üçün xüsusi vacib olanlar

Bu gün Bakı ilə Ankara üçün vacib olanı postmüharibə proseslərinin dönməz xarakter almasıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, erməni tərəfinin rvanşist əhvalı təşviq etmək, prosesi geri qaytarmaqla bağlı bütün cəhdlərinin qarşısı alınacaq. Bununla yanaşı, Bakı İrəvandan müsbət siqnalların gəldiyini də görür. O, ermənilər tərəfindən çoxtərəfli, qarşılıqlı faydalı əməkdaşlıq üçün dayanıqlı şəraitin yaranmasına yönələcək istənilən addımı dəstəkləməyə hazırdır. Bu mövqe Türkiyə tərəfindən də tam anlayışla qarşılanır.

Martın 10-da Ankarada keçirilmiş görüşdə tərəflər mövqelərini bir daha tutuşdurublar. Görüşün yekununa dair rəsmi məlumata görə, iki ölkə prezidentləri Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması perspektivləri və postmünaqişə dövrü ilə bağlı müzakirələr aparıblar. Bununla yaqnaşı, Zəngəzur dəhlizinin əhəmiyyəti, onun açılmasının region üçün yaratdığı perspektivlər və bu kontekstdə Qars-Naxçıvan dəmir yolunun çəkilişi məsələsi də müzakirə olunub.

Rusiya ilə Qərbi birləşdirən nəqliyyat və tranzit yollarının məhdudlaşması fonunda bu arteriyaların aktuallığı ciddi şəkildə artır. Şərqdən qərbə və əksinə yük daşımalarının gözlənilən artımı dayanıqlı, etibarlı nəqliyyat infrastrukturuna ehtiyac yaradır. Zəngəzur dəhlizinin açılacağı təqdirdə, layihənin bütün mövcud və potensial iştirakçıları bu imkanı əldə edəcəklər.

Görüşdə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə tam əməl etməsinin vacibliyi də vurğulanıb, Türkiyə-Ermənistan əlaqələri haqda müzakirələr aparılıb.

Ümumilikdə səfər göstərib ki, Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərə daha çox regional siyasət prizmasından baxmağa başlayıblar. Avropadakı enerji böhranı, Qərb ölkələrinin Rusiya qazından imtina etmək cəhdləri «Cənub Qaz Dəhlizi»nin əhəmiyyətini artırır, bu layihənin böyük hissəsi isə məhz Azərbaycanla Türkiyənin ərazisindən keçir. Üstəlik, boru xətti ilə əsasən Azərbaycan qazı nəql olunur.

Bu sahəyə iki ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində də diqqət ayrılır. Sənəddə beynəlxalq energetika sistemindəki proseslər nəzərə alınmaqla, regionun enerji təchizatı təhlükəsizliyinin artırılması üçün elektrik enerjisi sahəsində əməkdaşlıqdan da bəhs olunur. Yəni Bəyannamə regionda enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün siyasi-hüquqi platforma yaradır.

Ankara danışıqlarında bu dəhliz vasitəsilə qardaş ölkəyə, həmçinin onun ərazisi ilə Avropaya qaz nəqlinin artırılması imkanları da müzakirə olunub, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin nəzərdə tutulduğu vurğulanıb, bu məqsədlə Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu qeyd edilib.

 

Yaxşı hazırlanmış plan

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri gözlənilməz səfər deyildi və ona ciddi hazırlıq aparılmışdı. Hər halda, hələ martın 5-də İlham Əliyev Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul etmişdi. Hələ o zaman da bildirilirdi ki, müzakirə ediləcək məsələlər arasında Ankara-İrəvan münasibətlərinin normallaşdırılmasının perspektivləri də ola bilər. Yeri gəlmişkən, bu səfər tərəflərin bütün regional problemləri həll etmək, o cümlədən Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq istəyini bir daha ortaya qoyub.

Aydın idi ki, son zamanlar Türkiyə-Ermənistan dialoqunun fəallaşması Zəngəzur dəhlizinin Ermənistana aid hissəsində tikinti-layihə işlərinə başlanılması xəbərləri ilə bilavasitə bağlıdır. İndi asanlıqla ehtimal etmək olar ki, yaxın zamanlarda Arazdəyən (ermənicə Yerasx)-Naxçıvan və Gümrü-Qars dəmir yollarının bərpası prosesinə start veriləcək. Paralel olaraq, İğdır-Naxçıvan dəmir yol magistralının tikintisi də fəal şəkildə davam etdirilir.

Hazırkı şəraitdə Asiya ilə Avropanı birləşdirən yeganə işlək marşrut Cənubi Qafqaz və Türkiyə ərazisindən keçən dəhlizdir. Rusiyanı Aralıq dənizi və Yaxın Şərq regionu bazarlarına da bu marşrut çıxarır. Region ölkələri üçün xüsusilə indi formalaşan əlaqə yolları onların yaxın perspektivdə həyati maraqlarının reallaşdırılması üçün vacib şərtdir. Yaranmış şəraitdə hər kəs anlayır ki, regional marşrutların təhlükəsizliyi müvafiq razılaşmalarla, hüquqi fonla gücləndirilməlidir. Ermənistanla sülh müqaviləsi də belə sənədlərdəndir.

Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan rəhbərliyi də bunun qaçılmaz olduğunu anlayır. Bunu Azərbaycan-Türkiyə tandemi çərçivəsində qəbul olunan qərarlar da zəruri edir. Ermənistanın baş naziri Nikol Paşinyanın bununla həm də daxili siyasi dividendlər qazanmağa çalışması ümumi tendensiyanı daha da gücləndirir. Prosesin geri qaytarıla biləcəyi təsəvvürü yaratmağa çalışan müxalifəti bu «əsas»dan da məhrum etməyə çalışan hökumət başçısı bununla, həm də özü üçün arzuladığı siyasi gələcəyi təmin etmək istəyir.

Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra Türkiyənin XİN başçısı Antalya Diplomatiya Forumunda kifayət qədər əlamətdar bəyanatla çıxış edib. Çavuşoğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqlarda üçüncü tərəfin iştirakı vacib deyil. Bakının da eyni mövqedə olduğuna şübhə yoxdur.

Bütün bunlara əsaslanan Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması üçün 5 bənddən ibarət təklif göndərib. Lakin İrəvan Azərbaycanın bu təklifinə cavab olaraq lazımi danışıqların təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət edib və bununla, növbəti dəfə diqqəti özündən yayındırmağa çalışıb. Yəni başqa sözlə, o, prinsipcə təklifi rədd etmir, lakin prosesi Minsk qrupunun üzərinə atır. Halbuki indiki reallıqda bu qurumun niyə mövcud olduğu belə, tam aydın deyil. Minsk qrupunun həmsədrləri arasında aşılması mümkün görünməyən ziddiyyətlərin olduğu bir şəraitdə bu, prosesi uzatmağa, onu konkretlikdən uzaqlaşdırmağa növbəti cəhddən başqa bir qeyd deyil.

Bu təklifin də Azərbaycan-Türkiyə prosesinin gedişində hazırlandığına şübhə yoxdur. Bakı ilə Ankara ümid edirlər ki, İrəvan sülh müqaviləsi ilə bağlı mövqeyini müəyyənləşdirən zaman başqalarının əlində alətə çevrilməyəcək, öz maraqlarını üstün tutacaq. Çünki son onilliklər ərzində o, məhz birinci varianta üstünlük verib və bu, Ermənistana heç bir fayda gətirməyib. Beləliklə, indi top Ermənistan tərəfdədir. Onun yaranmış imkandan necə yararlanacağını zaman göstərəcək.

 

Ukrayna mövzusu ikitərəfli gündəliklə

Tərəflər danışıqlar zamanı, əlbəttə ki, Ukrayna və onun ətrafında yaranmış kəskin humanitar vəziyyətin, gərginliyin azaldılması yollarından yan keçə bilməzdi. Həm Ankara, həm də Bakı Rusiya-Ukrayna münaqişəsinin həlli üçün öz vasitəçilik rollarını təklif ediblər. İlham Əliyevin Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşündən cəmi bir neçə saat sonra Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə danışıb və Volodimir Zelenskinin Kreml rəhbəri ilə görüşməyə hazır olduğuna dair fikrini həmkarına çatdırıb. Ondan bir müddət əvvəl Ukrayna prezidenti mümkün danışıqlar üçün Bakı ilə İstanbulu ən uyğun yer saydığını söyləmişdi.

Məsələn, Türkiyə prezidentinin vasitəçilik potensialından danışan Zelenski deyib: «Dünyada bu imkanlara malik lider çox deyil. Çoxları arzulaya bilər, lakin imkanı olanlar azdır. Bunun üçün bütün mənalarda ciddi, güclü, nüfuzlu dövlət olmalısan. İstər geosiyasi baxımdan, istər geoiqtisadi mənada. Ərdoğan belələrindəndir. O, çox güclü, çox ciddi prezidentdir və o, yardım edəndir. Odur ki, onunla bağlı sualım yoxdur».

Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya və Ukraynanın XİN başçıları Dmitri Kuleba ilə Sergey Lavrov arasında ilk görüş də məhz Azərbaycan və Türkiyə liderlərinin görüşdüyü gün, Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub. Bu da təsadüf deyil. Onlar Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə bir araya gəliblər. Görüş gözlənilən nəticələri verməsə də, tərəflər arasında sülh olmasa da, atəşkəsə nail oluna biləcəyinə ümidlər yaranıb. Bununla yanaşı, nazirlərin görüşü Ukrayna və Rusiya prezidentləri səviyyəsində də görüşün keçirilə biləcəyinə ümid yaradıb.

Həm Azərbaycan, həm də Türkiyədə yaxşı bilirlər ki, Ukraynadakı savaş da daxil olmaqla, qeyri-sabit beynəlxalq vəziyyət yalnız beynəlxalq deyil, həm də regional sabitliyə real və potensial təhdiddir. Bu vəziyyət indiyədək görülmüş bir çox işləri özündə birləşdirən çoxsaylı təşəbbüslərə zərbə vura bilər. Məhz bu səbəbdən Azərbaycanla Türkiyənin ikitərəfli gündəliyinin vacib mövzusu bu təşəbbüslərin, müsbət proseslərin maksimum proqnozlaşdırılan olduğu şəraitin qorunub saxlanmasıdır.



MƏSLƏHƏT GÖR:

126