19 Dekabr 2024

Cümə axşamı, 16:27

“NEFTÇİ”- 85

Ölkənin ən yaşlı komandası yubileyini qeyd edir

Müəllif:

01.04.2022

Azərbaycan futbolunun 111 illik tarixinin ən məşhur komandası “Neftçi”nin yubileyidir. Onun 85 yaşı tamam olur. 

Mübaliğəsiz deyə bilərik ki, Sovet dövründə “Neftçi” bütün Azərbaycanın komandası idi.  Bu komandaya qədər respublikada “Temp”, “Dinamo”, “Komsomolçu”, “Proqress” kimi komandalar olsa da, Azərbaycan futbolunun rəmzinə, flaqmanına məhz “Neftçi” çevrildi.  Komandanın yarandığı 1937-ci il  Azərbaycan tarixinin çətin dövrünə təsadüf edir. SSRİ Neft Sənayesi Nazirliyi qara qızılın məskəni Bakıda Neftçilərin Həmkarlar İttifaqının nəzdində Neftyannik Könüllü İdman Cəmiyyətini yaratmağa qərar verdi.  Nazirlik Moskvada yerləşdiyindən və bütün sənədlər rus dilində hazırlandığından komanda “Neftçi” deyil, məhz “Neftyannik” adlandırıldı. Həmin vaxt Azərbaycanda pambıqçılıq inkişaf etdirilməyə başladığından “Neftçi”nin emblemində həm neft, həm də pambığı əks etdirən rənglər - ağ, qara əksini tapır.  

1937-ci ildən SSRİ birinciliyi şəhərlərin yığma komandaları arasında deyil, idman cəmiyyətləri arasında keçirilməyə başlayır. “Neftçi” isə SSRİ Kubokunda debüt etməklə başlayır.  Tarixində ilk matçda erməni komandası – İrəvanın “Dinamo”suna qalib gəlir. Komandanın ilk stadionu dənizkənarında indiki Azadlıq meydanı ərazisində olub. Bir neçə il sonra isə indiki Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionu özünə məskən seçir.  SSRİ çempionatlarında ilk qolun müəllifi isə Qnezdov olur. İlk mövsümü komandamız öz zonasında 12 klub arasında 11-ci yerdə bitirir. İkinci Dünya müharibəsi illərində komanda fəaliyyətini dayandırır. “Neftyannik”in futbolçularından Mirmehdi Ağayev isə döyüşlərdə qəhrəmancasına həlak olur. “Neftçi” 1949-cu ildə SSRİ-nin futbol elitasında çıxış etməyə başlayır. Azərbaycan futbolunun əfsanələri Tofiq Bəhramov və Ələkbər Məmmədov həmin tarixi hadisənin iştirakçıları olub.

SSRİ dövründə “Neftçi”nin ən böyük uğuru 1966-cı ildə qazanılan bürünc medaldır. Bundan başqa, 1976-cı ildə SSRİ çempionatının 1-ci dəstəsində qazanılan gümüş medalı, həmçinin klubun 1988-ci ildə SSRİ Federasiya Kubokunun finalında iştirakını qeyd etmək olar.

Müstəqillik dövründə “Neftçi”nin uğurları hələki əlçatmazdır. Komanda 9 dəfə ölkə çempionu olmaqla, 7 dəfə isə Azərbaycan Kubokunu qazanmaqla hər iki yarışda rekorda imza atıb. 2013-cü ildə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Neftçi” bununla Azərbaycan futbolunda ilkə imza atıb. Komanda həmçinin MDB ölkələrinin çempionları arasında ənənəvi keçirilən Birlik Kubokunun qalibi olmaqla yanaşı, bir dəfə də gümüş medalını qazanıb.

 

Silinməz iz qoyanlar

“Neftçi”nin 85 illik tarixində yaxşı məşqçiləri çox olub. Amma Əhməd Ələsgərov və Böyükağa Hacıyev nəticə baxımından fərqlənir. Məsələn, SSRİ çempionatında Əhməd Ələsgərovun 1966-cı ildə “Neftçi”yə qazandırdığı bürüncün dəyəri danılmazdır. Bundan əlavə, 1992-ci ildə “Neftçi”yə ilk Azərbaycan çempionluğunu da məhz Ələsgərov qazandırıb. O, həm də “Neftçi”də baş məşqçi kimi ən çox matç keçirmiş mütəxəssisdir - 380 oyun.

Böyükağa Hacıyev  isə 2 dəfə Azərbaycan çempionluğu və bir ölkə kuboku ilə klubun tarixə möhürünü vurub. İlk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması isə Hacıyevin adının tarixdə əbədi qalmasını təmin etdi.

“Neftçi” tarixinin 1 nömrəli oyunçusu Anatoli Banişevskidir. O, Avropa və dünya çempionatlarında oynamış “Neftçi” yeganə futbolçusudur. Olimpiya çempionu İqor Ponomaryov, SSRİ-nin bütün müdafiəçiləri üçün əsas təhlükə İsgəndər Cavadov-Maşallah Əhmədov tandemi, qarşısıalınmaz solaxay Yunis Hüseynov, driblinq və texnika ustası Nazim Süleymanov, Bakıdan İspaniyaya qədər gedib çıxmış yeganə futbolçumuz Vəli Qasımov, sürətli Zaur Tağızadə və digərləri... Onların hər biri öz dövrünə görə “Neftçi” azarkeşlərinin sevimlisi olub.

 

Qalmaqallarla deyil, qələbələrlə

“Region plus” jurnalı 85 yaşlı “Neftçi”nin tarixində önəmli yer tutan məşhur üçlük – İskəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovun fikirlərini öyrənib. Ağ-qaraların tarixində ən yaxşı futbolçulardan olan İskəndərov Cavadov “Neftçi”nin onun həyatında mühüm rol oynadığını dedi: “Futbol mənim həyatımdır. Bu həyatımda “Neftçi” xüsusi yeri tutur. Biz uşaq olarkən komandanın avtobusunu görəndə həyəcanlanırdıq. Nə vaxtsa bu komandanın üzvü olmağı arzu edirdik. Sevinirəm ki, “Neftçi”nin formasını geyinmişəm. Azərbaycan futbolunu bu komanda olmadan təsəvvür etmək mümkün deyil. Ölkə futbolunun inkişafında “Neftçi”nin rolu danılmazdır. Ürəyim hər zaman ağ-qaraları çempion görməyi arzulayır. Rusiyaya yollananda da məni məhz “Neftçi”dəki oyunumu izləyərək bəyənmişdilər. “Neftçi” Azərbaycan futbolunun brendi kimidir. Ulu öndər Heydər Əliyev hər zaman bu komandanın vəziyyəti ilə maraqlanıb. Biz “Neftçi”nin futbolçusu olanda böyük azərbaycanlının qayğısını hiss etmişik. Məhz Heydər Əliyevin sayəsində “Neftçi”yə qayıtdım. Bizim vaxtlarda “Neftçi”nin oyunlarında boş yer tapmaq çətin idi. Çox istərdim ki, komandanın oyunu yüksəlsin, azarkeşlər qalmaqalları ilə deyil, qələbələrlə sevindirsin. Bu komandanın formasını geyinən hər bir futbolçu məsuliyyəti hiss etməlidi. İstər legioner, istər məşqçi olsun. “Neftçi” üçün yalnız bir nəticə var – birinci yer”.

“Neftçi”nin heyətində hər zaman 11 metrlik penalti zərbələrini dəqiq yerinə yetirməyi bacaran  mahir futbolçular olub. Valeri Hacıyev, Əli Rəhmanov və Asif Əliyevi bu kateqoriyaya aid etmək olar. Ancaq İqor Ponomaryov nəinki “Neftçi”nin, bütün SSRİ futbolunun sərrast penalti ustası idi. Onun karyerası ərzində 11 metrlik nöqtədən vurduğu 33 zərbədən 31-i dəqiq olub. Bunlardan 24-nü ardıcıl yerinə yetirib. Məhz bu göstəriciyə görə Ponomaryov “Çernomorets”li Ploskinanı qabaqlayaraq keçmiş İttifaqın rekordçusu olub. Bu müddətdə Viktor Çanov, Otar Qabeliya, Rinat Dasayev və bir çox başqa güclü qapıçılar onun zərbələrindən sonra topu qapılarından çıxarmağa məcbur olublar. Azərbaycan futbolunun ilk və yeganə olimpiya çempionu İqor Ponomaryov bildirib ki, “Neftçi” mənim həyatımda dönüş nöqtəsi olub. Dostlarımı məhz bu komandada tapdım. İndi istənilən klubla müqavilə imzalamaq müəyyən qədər asan görünür. Amma o dövrdə Azərbaycanın “Neftçi” klubuna düşmək çox çətin idi. Çox sevinirəm ki, “Neftçi”də çıxış etmişəm. Bununla fəxr edirəm. Məhz bu klubdakı oyunuma görə SSRİ olimpiya yığmasına dəvət olunmuşam. Sevimli klubuma hər zaman qələbələr arzu edirəm”.

“Neftçi”nin tərkibində inadkar və əzmkar futbolçulardan biri Maşallah Əhmədov idi. Bir zamanlar SSRİ-nin “33 ən yaxşı oyunçusu” siyahısına daxil edilmiş Maşallah Əhmədov “Neftçi”yə olan sevgisini belə şərh etdi:

“Bütün klublarımızın uğuru bizə əzizdir. Amma “Neftçi” başqadır. Bu komanda yaxşı oynamayanda çox pis oluruq. Veteranlar hər zaman yığışanda ilk olaraq “Neftçi”ni müzakirə edir. Bu komandanın heç-heçəsi belə bəzən məğlubiyyət kimi qəbul edilir, çünki “Neftçi”yə ancaq qələbə və çempionluq yaraşır. “Neftçi” məni Azərbaycana tanıdıb, Cavadov-Əhmədov-Ponomaryov triosunu yaradıb. Bu komandanı həyatımın sonuna qədər unutmayacağam. “Neftçi”siz Azərbaycan futbolundan danışmaq mümkün deyil. Arzu edirəm 90, 100 yaşında titullarının sayı artsın”.



MƏSLƏHƏT GÖR:

193