26 Aprel 2024

Cümə, 13:43

YENİ GÜCLƏ

İki illik fasilədən sonra Azərbaycanın ağır atletikası yenidən dirçəlir

Müəllif:

15.04.2022

Pandemiya dövründə Azərbaycan idmanında ən böyük zərbə, yəqin ki, ağır atletikaya dəyib. Məlum olduğu kimi, atletikada uzun müddət məşqsiz qalan idmançılar sonradan ciddi fiziki problemlə üzləşir. Sirr deyil ki, Azərbaycan atletləri son illərdə uğurları ilə deyil, yalnız dopinq qalmaqalları ilə ictimaiyyətin diqqətini cəlb edib. Hətta bir müddət məşhur atletlərimiz əksər mötəbər yarışlarda iştirakdan belə kənarda qalıb. Bundan əlavə, atletlərimiz Tokio Yay Olimpiadasında da lisenziya qazana bilməyiblər. İdmançıların millidən kənarlaşdırılması və məşq prosesinin pozulması ciddi islahatları qaçılmaz edib.

 

Yeni rəhbərlik

İlk növbədə, Azərbaycan Ağır Atletika Federasiyasında hesabat-seçki konfransı keçirildi. Cahangir Əsgərovun əvəzinə federasiyaya rəhbər postuna kənd təsərrüfatı naziri İnam Kərimov seçildi. Yeni rəhbərlik, ilk növbədə, regionlara diqqət ayırdı. Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti Qazax və Neftçala rayonunda gənc atletlərlə görüşərək yarışlara hazırlıq səviyyəsini müzakirə etdilər. Görüşlərdə atletlərin məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, ağır atletika idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.Sonra bütün məşqçi və idmançılarla geniş görüş keçirildi. İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması, yığma komandanın formalaşması, idmançıların Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi üçün görülməli işlər barədə fikir mübadiləsi aparıldı.

Qeyd olunub ki, ölkəmizdə ağır atletikanın güclü ənənələri var. Odur ki, bu ənənələrin qorunub-saxlanması və daha da inkişaf etdirilməsi üçün maddi-texniki bazanın genişləndirilməsi son dərəcə vacibdir. Federasiya rəhbərliyi ağır atletikada qadağan olunmuş maddələrin, anaboliklərin və başqa dərman preparatlarının qəbulunun yolverilməzliyini vurğulayıb və bu istiqamətdə geniş təşkilati işlərin aparılacağını, antiidman halları ilə mübarizənin gücləndiriləcəyini bildirib.

Yeni rəhbərlik, ilk növbədə, yığmanın heyətini müəyyən müəyyənləşdirmək üçün Azərbaycan çempionatını keçirməyə qərar verdi. Beləliklə, ikiillik fasilədən sonra, nəhayət, ağır atletika üzrə ölkə çempionatı baş tutdu.

 

Yeni simalar

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında əvvəlcə körpücük üzərinə zərif cinsin nümayəndələri çıxdı. Toplam 187 kq (83+104) çəkinin öhdəsindən gələn Anastasiya Moum 231.80 Sinkleyr xalı ilə qızıl medala layiq görülüb. Toplam 137 kq (61+76) nəticə və 230.06 xalla Nazilə İsmayılova ikinci, toplam 175 kq (75+100) nəticə və 214.20 xalla Elnarə Abbasova üçüncü pillədə qərarlaşdı.

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxdı. Toplam 179 kq (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görüldü. Toplam 167 kq (80+97) nəticə ilə Dəniz Cabbarlı ikinci, toplam 165 kq (80+85) nəticə ilə Ramiz Kərimov isə üçüncü oldu.

Çəkisi 61 kq-a qədər olan idmançılarda toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. Toplam 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, toplam 222 kq (97+125) nəticə ilə Qasım İsmayılov üçüncü yeri tutub.

Çəkisi 67 kq-a qədər olan idmançılarda 270 kq (125+145) çəkinin öhdəsindən gələn İsa Rüstəmov qızıl medalçı olub. 73 kq-da 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli çempionluq sevinci yaşadı. Müxtəlif çəkilərdə Elşad Şərifov, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əli Şükürlü, Dadaş Dadaşbəyli və Rəhman Kazımov qızıl medala sahib çıxıb.

 

Üçü birində

Azərbaycan çempionatında ən gərgin mübarizə 109 kq çəki dərəcəsində yaşanıb. Bu çəkidə yarışan Dadaş Dadaşbəyli 3 Azərbaycan rekordunu qıraraq tarixi nəticəyə imza atıb. Atlet birdən qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gəlib və hazırkı Azərbaycan rekordu – 165 kq-ı 5 kq üstələyib. Ardınca Dadaşbəyli təkanla qaldırma hərəkətində də rekord qırıb. 203 kq-ı başı üzərinə qaldıran qobustanlı atlet, Azərbaycan rekordu olan 202 kq-ı 1 kq arxada qoyub. Bununla yanaşı, toplam 373 kq (170+203) nəticə toplayan Dadaş Dadaşbəyli bu günə qədər mövcud olan rekordu – 367 kq-ı 6 kq yeniləyib.

Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatında ikinci yarış gününü canlı izləyib. Qaliblərin mükafatlandırma mərasimində çıxış edən nazir yarış iştirakçılarına uğurlar arzulayıb, ikiillik fasilədən sonra keçirilən Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.



MƏSLƏHƏT GÖR:

125