19 Aprel 2024

Cümə, 07:37

NÖMRƏ BİR

Azərbaycan güləşçiləri Macarıstanda keçirilən Avropa çempionatında böyük uğur qazanıblar

Müəllif:

15.04.2022

Azərbaycan güləşçiləri 2022-ci ildə azarkeşləri yüksək nəticələr ilə sevindirməkdə davam edir. Güləş üzrə daha bir Avropa çempionatını geridə qoyduq və bu yarışda da pəhləvanlarımız bütün rəqiblərini arxada qoydu.

 

Rekord nəticələr         
Macarıstanın paytaxtı Budapeştdə keçirilən qitə birinciliyi Azərbaycan güləşi üçün rekord nəticələrlə əlamətdar oldu. Sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxdı. Maqomedxan Maqomedov (97 kq) debütdəcə Avropa çempionu oldu. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramovla (74 kq) Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazandı. Beləliklə, millimiz 159 xalla komanda hesabında Avropa çempionu oldu. Bu, yığmamızın tarixində 3-cü belə tituludur. Daha öncə 2009 və 2017-ci illərdə keçirilən analoji yarışlarda da bu növdə Avropa çempionu kimi yüksək nəticə aktivimizə yazılıb.

Qadın güləşində baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi cəmi 3 idmançı təmsil edirdi. Onların üçü də fəxri kürsüdə yer ala bilərdi. Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal görüşündə məğlub oldusa, Elis Manolova (65 kq) Avropa ikincisi oldu. Bu, Elisin 4-cü AÇ medalı oldu.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i Vətənə medalla qayıtdı.

 

Qızıl hərflərlə

Eldəniz Əzizli (55 kq) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu oldu. Beləliklə, 6-cı dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan Əzizli güləşin klassik növündə ən çox AÇ medalı olan idmançımız kimi adını tarixə yazdırdı. Eldənizin hesabında 2 qızıl və 4 bürünc medal var. Bu yarışda Rafiq Hüseynov (82 kq) da rekorda imza atdı. 2011 və 2020-ci illərdə AÇ-nin baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Təxminən, 1 aydan sonra 34 yaşı tamam olacaq Rafiq indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımız statusunu daşıyır.

Digər güləşçilərimizə gəlincə, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazandı. Komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək 165 xal topladı. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz toplanan xallara, medalların sayına və əyarına görə də özünün ən yaxşı nəticəsinə imza atdı.
Yekun nəticələrə əsasən, yarışda ölkəmizi təmsil edən 23 idmançıdan 16-sı fəxri kürsüyə qalxıb. Bunların 3-ü qızıl, 6-sı gümüş, 7-si isə bürünc medal oldu. Həm medalların sayına, həm də əyarına görə Azərbaycan yalnız Türkiyədən geri qaldı. Tarixdə ilk dəfə iki komandamızın eyni vaxtda Avropa çempionu olması diqqətçəkən məqamdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilən güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

 

Güləşmək üçün gücün qalması haqda

Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Eldəniz Əzizli “Region plus” jurnalına açıqlamasında xoşbəxt olduğunu deyib və Prezident İlham Əliyevlə görüşü xüsusi vurğulayıb: “Avropa çempionatlarında ən çox medal qazanan idmançı oldum. Çempion olduğum üçün çox xoşbəxtəm. Ölkə başçısının bizi qəbul etməsi  güləşçilərə əlavə güc verdi. Biz də bu dəstəkdən ruhlanır, həvəslənir və yarışlara daha yaxşı hazırlaşırıq. Dövlət başçısının səni şəxsən tanıması, nailiyyətlərini bilməsi və izləməsi bizim üçün böyük fəxrdir. Fəxr edirik ki, bizi - idmançıları başa düşən Prezidentimiz var”.

Üçqat Avropa çempionu olan Rafiq Hüseynov isə hazırda karyerasını bitirmək barədə düşünmədiyini bildirib. 34 yaşlı pəhləvan karyerasında üçüncü dəfə qitə çempionluğu əldə etməsinin onu həvəsləndirdiyini deyib: “Bu uğura imza atdığım üçün çox xoşbəxtəm, çünki Azərbaycan xalqını, yaxınlarımı, dostlarımı və ailəmi sevindirmişəm. Tək özümə yox, komanda yoldaşlarıma görə də sevinirəm. İdmanda yüksəliş olduğu kimi, eniş də var. Sadəcə, sevdiyim işlə məşğulam. Bu gün Avropa çempionu olmuşamsa, o demək deyil ki, qarşıdakı dünya və Avropa çempionatlarında güləşəndə mütləq çempion olmalıyam. İdmanda bəzən hər şey istədiyin kimi olmur. Nəticə vermişəm və hələlik döşəkdəyəm. Bundan sonra şərait olsa, sağlamlığım imkan versə, karyeramı davam etdirəcəyəm”.

 

Avropada 8-ci yer

Budapeştdəki nəticələrdən sonra Avropa çempionatlarında medallarımızın sayı 173-ə çatdı. 52 qızıl, 41 gümüş və 80 bürünc medalla qitədə 8-ci yerdəyik. Macarıstandakı uğurlu çıxış Azərbaycanı 9-cu pillədəki Polşadan (38-66-102) daha da uzaqlaşdırıb, 7-ci pillədəki Ukraynaya (59-82-117) bir qədər də yaxınlaşdırdı.

Xatırladaq ki, aprelin 9-da Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçkisi - Ümumi Yığıncağı keçirilib. Federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yolu ilə seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İcraiyyə Komitəsinə üzv seçilib. Beləliklə, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə 5 nəfər, o cümlədən Mikayıl Cabbarov və Namiq Əliyev (vitse-prezident) daxildir.



MƏSLƏHƏT GÖR:

135