26 Aprel 2024

Cümə, 14:58

TƏHLÜKƏLİ «ŞLAQBAUM OYUNU»

Zəngəzur dəhlizinin açılmasında hər kəsdən əvvəl Ermənistan maraqlı olmalıdır

Müəllif:

15.04.2022

Vacib ticarət yolları uğrunda savaş hər zaman olub – qədimdə də, bu gün də. Söhbət karvan yollarından, rahat limanlardan, dəmir yolu qovşaqlarından və ya dağ aşırımlarından gedib – bu, vəziyyətə görə dəyişir.

Bununla yanaşı, hərbi münaqişələrin logistikanı kökündən dəyişdiyi hallar da olub. Bunu 44 günlük İkinci Qarabağ müharibəsinə də aid etmək olar. Bu savaşdan sonra Cənubi Qafqaz yeni «logistika inqilabı»nın astanasındadır. Onun əsasını isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz təşkil edir. Kommunikasiyaların açılması postmünaqişə nizamlanmasının ən vacib mövzularındandır.

 

Dəhliz coğrafiyası və Paşinyanın qorxusu

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş Brüssel görüşü bunu bir daha təsdiqləyib. Mişel yekun bəyanatında bildirib ki, «liderlər o cümlədən infrastruktur kommunikasiyasının bərpasını – Ermənistanla Azərbaycan arasında, daha geniş anlamda isə Cənubi Qafqazda kommunikasiyaların bərpasını müzakirə ediblər». O, dəmir yolu əlaqəsinin bərpasına yönəlmiş addımların atılmasını alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yolların bərpası üçün effektiv vasitələr tapmağa çağırıb, Aİ-nin bu işə yardım göstərməyə hazır olduğunu deyib.

Bu yaxınlarda isə Nikol Paşinyan «dəhliz mövzusu»ndan kifayət qədər maraqlı bəyanatla çıxış edib. Ermənistan hökumətinin martın 31-də keçirilən iclasında o, postmüharibə regionunda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Azərbaycanla danışıqların vəziyyətini belə ifadə edib: «Bilirsiniz ki, Ermənistan bu məsələdə əhatəli təkliflə çıxış edib. Bizim təklifimizin məğzi belədir: Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası, həmçinin Azərbaycanın şərq hissəsi ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun açılması və ya bərpası. Bu, sərhəddə gömrük, sərhəd və digər nəzarət məntəqələrinin yaradılması ilə birlikdə həyata keçirilməlidir. Azərbaycan bizim bu təkliflərimizi həm qəbul edir, həm də etmir. Vəzyyət belədir: onlar bu yola istənilən hüquqi statusun verilməsinə razıdırlar, bir şərtlə ki, eyni status Laçın dəhlizinə də şamil olunmalıdır». Bunun ardınca Paşinyan Azərbaycanın haqsız olduğunu sübut etməyə çalışıb. O, bildirib ki, Bakı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin  10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına istinad edir. Bununla yanaşı, baş nazir deyib ki, «birincisi, bəyanatda Ermənistan ərazisində hər hansı dəhliz haqda danışılmır, Laçın dəhlizindən isə bəhs olunur, ikincisi, Dağlıq Qarabağla Naxçıvan arasında paralel aparmaq bir neçə səbəbdən qəribə görünür». Səbəblərdən birincisi, Naxçıvanın Azərbaycanla İran və Türkiyə vasitəsilə quru, İran və Ermənistan vasitəsilə isə hava əlaqəsinə malik olması imiş. «Dağlıq Qarabağın isə Ermənitanla yalnız quru əlaqəsi var və bu əlaqə yalnız Laçın dəhlizi vasitəsi ilədir», - deyə Paşinyan bildirib. Sonda baş nazir deyib ki,10 noyabr bəyanatında «Ermənistan vasitəsi ilə hər hansı dəhlizin açılması nəzərdə tutulmur və biz «dəhliz məntiqi»ni qəbul etmirik».

Görəsən, Nikol Paşinyanı qorxudan nədir?

 

«Dəhliz tələsi»

Əvvəlcə 10 noyabr bəyanatının 9-cu maddəsini yada salaq: «Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili üçün nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti orqanları həyata keçirir». Göründüyü kimi, üçtərəfli bəyanatda Zəngəzur dəhlizindən danışılır və o, şərt kimi göstərilir.

Bununla yanaşı, Ermənistan hər hansı dəhliz haqda eşitmək istəmədiyini lap əvvəldən nümayiş etdirir. Üstəlik, Zəngəzur dəhlizi ətrafında və ümumiyyətlə, Zəngəzurda vəziyyət qarışmağa başlayıb. Bu işdə Ermənistanın artıq sabiq ombudsmanı Arman Tatoyan xüsusi «canfəşanlıq» göstərirdi. Doğrudur, sonradan o, istefaya göndərilib. Lakin nəticədə, siyasi gərginlik azalıbmı? Sual açıq qalır. Nəhayət, Ermənistanda yaxşı bilirlər ki, kommunikasiyaların açılmasının önündə sərhədlərin demarkasiyası və delimitasiyası getməlidir. Bu isə İrəvan üçün apriori ağrılı məsələdir. Qarabağın işğal altında olduğu dövrdə böyük bir ərazi qanunsuz olaraq Ermənistana birləşdirilib və indi onlar geri qaytarılmalıdır. Bu isə erməni ictimaiyyətində təbii olaraq gərginlik yaradır. Axı, indiyədək qonşu ölkələrin ərazilərinə yanaşmada «özgəsininkini götürməmək» qaydasına o qədər də əməl olunmurdu.

 

«İran gedişi» və Laçın dəhlizi

Lakin indi (hələ Brüssel görüşündən əvvəl) vəziyyət kökündən dəyişib. Artıq məlum olduğu kimi, Azərbaycan nəqliyyat və logistika sahəsində İranla son dərəcə miqyaslı razılaşma əldə edib. Beləliklə, Bakı nəqliyyat dəhlizini Araz çayının Ermənistan ərazisinə düşən şimal sahili ilə deyil, İran ərazisinə düşən cənub sahili ilə çəkəcək. Söhbət Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək 40 kilometrdən artıq yoldan gedir.  Amma Zəngəzur və Laçın dəhlizlərinin «bərabər statusu» fonunda.

Təcrübədə belə razılaşmalar Ermənistan üçün siyasi fəlakət deməkdir. İrəvanda bu haqda danışmağı xoşlamırlar. Lakin regionda ilk nəqliyyat blokadası taktikasına Naxçıvanı Bakı ilə əlaqədən məhrum etmiş Ermənistan əl atıb. O zaman Ermənistan Zəngəzurdan keçən dəmir və quru yolunun bağlanmasına Azərbaycana təzyiq vasitəsi kimi baxırdı. Bu, indi – 44 günlük müharibədən sonra da belədir. Lakin indi vəziyyət dəyişib. Azərbaycan üçün Zəngəzur dəhlizinə alternativlər var və bu, yalnız Bakı-Tbilisi-Qars dəmir yolu, tikilməkdə olan Qars-İğdır-Naxçıvan xətti yox, həm də «İran dəhlizi»dir. Ermənistan dəhlizi açmaqdan imtina edərsə, kommunikasiyaların, o cümlədən Paşinyanın haqqında danışdığı Yerasx (Arazdəyən)-Naxçıvan-Culfa yolunun açılması şansını itirəcək. Kommunikasiyalar birtərəfli qaydada açıla bilməz.

İrəvanın «şlaqbaum oyunu» Moskvanın maraqlarına da ciddi zərbə vurur. Kommunikasiyaların açılması ilə bağlı danışıqlara son dövrədək məhz Rusiya moderatorluq edirdi. Bu işdə Rusiyanın öz maraqları var – Ermənistanın dəmir yolları Rusiyaya məxsusdur və kommunikasiyalar açılmadan onu rentabelli etmək mümkün deyil. Bununla yanaşı, kommunikasiyalar açılmazsa, Cənubi Qafqazın Aİİ və KTMT-də təmsil olunan yeganə ölkəsi olan Ermənistanla Rusiya arasında dəmir yolu əlaqəsinin qurulması da mümkün deyil. Günahkar isə yalnız İrəvandır.

Bakı dəhlizlərin bərabər statusu prinsipini qəbul etdirməyi bacardı. Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmağı davam etdirəcəksə, Azərbaycanın Laçın dəhlizini bağlamaq üçün bütün əsasları var. Bu isə Ermənistan üçün əsl faciə olacaq ki, bunu İrəvanda da yaxşı anlayırlar. Belə perspektiv Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindən insanların növbəti kütləvi qaçış dalğasına yol açacaq. Amma bu qaçış üçün dəhlizin qapadılması da vacib deyil. Bunun üçün insanların dəhlizin rejiminin dəyişəcəyini bilməsi kifayətdir.

Belə bir vəziyyətdə Ermənistan hakimiyyəti «dəhliz şoku»ndan necə çıxacaq?



MƏSLƏHƏT GÖR:

110