19 Dekabr 2024

Cümə axşamı, 18:13

AVROPA ÇEMPİONATININ MEDALLARI

Cüdo üzrə Azərbaycan yığması Sofiyada komanda hesabında 5-ci yer tutub

Müəllif:

15.05.2022

2022-ci ildə cüdoçuların ilk böyük yarışı Bolqarıstanın paytaxtında keçirildi. Sofiyada təşkil edilən sayca 71-ci Avropa çempionatında 40 ölkə təmsil olundu. Səfərə 11 cüdoçu ilə yollanan Azərbaycan komandası Vətənə 3 medalla qayıtdı.

Avropa çempionatında iki idmançımız fəxri kürsünün üçüncü pilləsində yer aldı. 73 kq-da çıxış edən Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov 14 finalda uduzaraq üçüncü yer uğrunda görüşlərdə iştirak edib. Təsəlliverici görüşlərdə qələbə qazanan Orucov qitə birinciliyində bürünc medal qazanıb. Daha bir bürünc medalı 90 kq-da çıxış edən Məmmədəli Mehdiyev əldə edib. 14 finalda yunan rəqibinə uduzan Mehdiyev Niderland və Macarıstan idmançılarını məğlub etməklə üçüncü yeri tutub.

Azərbaycan komandasının heyətində ən yüksək əyarlı medala Hidayət Heydərov layiq görüldü. Polşa idmançısı Adam Stodolski, Sloveniya cüdoçusu Martin Hocaka, rumın Aleksandr Raiça qalib gələn Hidayət Heydərov yarımfinala adladı. Burada idmançımızı bolqar idmançı Mark Xristov gözləyirdi. Bu görüşdə də qələbə qazanan Heydərov çempionluq üçün İtaliya təmsilçisi Covanni Espozitonu üstələdi. Karyerasında ikinci dəfə Avropa çempionu olan Hidayət Heydərov 73 kiloqramda ən güclü olduğunu sübut etdi.

 

Obyektiv və qeyri-obyektiv səbəblər

Amma heyətdə yer alan Elmar Qasımov, Uşanqi Kokauri kimi təcrübəli idmançılar Avropa çempionatında mükafatçılar sırasında yer almadı. Ötən il baş tutan Tokio Yay Olimpiya Oyunlarından sonra əksər ölkələr qitə birinciliyində əsas heyətlə mübarizə aparmadı. Bəzi komandalar gənc cüdoçuları sınamaq qərarına gəldi. Məhz belə rəqabətdə Qasımovla Kokaurinin medalsız qalması məşqçilər heyətinin diqqətindən yayınmamalıdır. Uzun müddət məşqlərdən kənarda qalan Elmar Qasımovun ideal formadan uzaq olduğu məlumdur. Uşanqi Kokaurinin uğursuzluğunun səbəbini isə müəyyənləşdirmək çətindir. Komanda hesabında 5-ci yeri tutan milli komandanın nəticəsi Azərbaycan Cüdo Federasiyası tərəfindən müsbət qəbul edildi.

Milli komandanın baş məşqçisi Rixard Trautmann Avropa Cüdo İttifaqının rəsmi saytına Azərbaycandakı işi barədə açıqlama verib: “Almaniyada fərqli fikirlər yarandığı üçün milli komandadan ayrılmalı oldum. Azərbaycanda cüdo olimpiadada böyük ümid bəslənilən üç idman növündən biridir. Təzyiq olsa belə bu, mənim üçün əsl çağırışdır”.

Doğrudur, Avropa çempionatında qazanılan 3 medal yeni baş məşqçinin işinə qiymət verməyə kifayət etmir. Etiraf etmək lazımdır ki, məşqçi işini dəyərləndirmək üçün ən azı bir il lazımdır. İndiki vəziyyətdə alman baş məşqçinin işinə real qiymət Paris Olimpiadasında veriləcək.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Sofiyada keçirilmiş Avropa çempionatında Azərbaycan cüdoçularının göstərdikləri nəticələri yaxşı kimi qiymətləndirib. Onun sözlərinə görə, yarışda çıxış edən 9 cüdoçudan 6-sı medallar uğrunda mübarizə aparıb: “Cüdoçularımızdan 1-i qızıl, 2-si bürünc medal qazandı, 3-ü isə 5-ci yeri tutdu. 60 və 66 kiloqram çəkilərdəki cüdoçularımız böyüklər arasında Avropa çempionatına ilk dəfə qatılmalarına baxmayaraq, kifayət qədər yüksək səviyyəli cüdo nümayiş etdirdilər. Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Zelim Kotsoyev (100 kq) zədə səbəbindən yarışda iştirak etmirdilər. Bütün bunları nəzərə alsaq, Avropa çempionatından yaxşı nəticə ilə qayıtdığımızı deyə bilərik. Əsas odur ki, məşqçilər heyətinin işi artıq görülməkdədir. Əminəm ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq”.

 

Etnik azərbaycanlı doğma ölkəsi üçün mübarizə aparacaq

Cüdoda millimizlə bağlı daha bir xəbər heyətə yeni əcnəbi idmançının cəlb olunması ilə bağlıdır. Beynəlxalq Cüdo Federasiyası (IJF) müxtəlif illərdə İran və Monqolustanın şərəfini qoruyan Səid Mollayinin Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib. 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mayın 2-dən Azərbaycanın adından yarışlarda iştirak edir.  

Qeyd edək ki, IJF-in qəbul etdiyi yeni qaydalara əsasən, cüdoçu ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Mollayi hazırda öz çəkisində dünya reytinqində 7-ci pillədə qərarlaşıb.

Yeri gəlmişkən, Rəşad Rəsullu Səid Mollayinin yığmaya cəlb edilməsinə də münasibət bildirib: “81 kiloqram millidə problemli çəki dərəcəsi hesab edilib. Bu çəkidə çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmayıb. Səid Mollayi 81 kiloqramda dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milliyə qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Hesab edirik ki, onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının komandada olması bu çəkidə rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək”.

İrandan olan Azərbaycan əsilli Səid Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri olub: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəyəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.

Qeyd edək ki, Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən Dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının və Asiya Oyunlarının gümüş mükafatçısıdır. Mollayi həmçinin, 1 dəfə dünya, 3 dəfə isə Asiya üçüncüsü olub. Onun aktivində Asiya çempionatının bürünc medalı da var.



MƏSLƏHƏT GÖR:

165