5 May 2024

Bazar, 11:38

YANACAQ SAVAŞI

Aİ Rusiyanın enerji resurslarından imtina etməkdə qərarlıdır, lakin qurum bunu üzv ölkələrə zərbə vurmadan necə edəcəyini bilmir

Müəllif:

15.05.2022

Neft-qaz bazarında vəziyyət Qərbin Rusiyaya qarşı sanksiyaları və Moskvanın əks tədbirləri fonunda gərginləşir. Beynəlxalq Enerji Agentliyi (BEA) dünya birliyinin ilk qlobal enerji böhranı ilə üzləşdiyini etiraf edib. Güman ki, bu böhrandan çıxış yalnız Rusiyanın Ukraynadakı hərbi əməliyyatları başa çatdıqdan sonra mümkün olacaq. Hətta hərbi əməliyyatların bitməsindən sonra belə, enerji böhranı dərhal başa çatmayacaq. Odur ki, yaxın gələcəkdə neft-qaz qiymətinin daha aşağı olduğu dövrə sürətli qayıdış gözlənilmir.

Xatırladaq ki, indiyədək Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə Moskvaya qarşı 5 sanksiya paketi qəbul edib. Amma yeni sanksiya paketinin qəbul edilməsi prosesi hər səviyyənin əvvəlkindən daha çətin olduğu kompüter oyununa bənzəyir. Məsələn, Rusiyaya qarşı altıncı sanksiya paketinin hələ apreldə qəbul edilməsi planlaşdırılmışdır. Amma onun təsdiqi indiyədək davam edir. Belə ki, Aİ-yə üzv olan ölkələr əsas məsələ - Rusiyadan neft idxalına embarqo qoyulması ilə bağlı razılığa gələ bilmir. Sonuncu sanksiya paketinin qəbul edilməsinə çətinlik yaradan ölkə isə Macarıstandır.

Bu arada, Moskva öz planını həyata keçirməyə başlayıb. Məsələn, o, ixrac etdiyi “mavi yanacağ”ın dəyərini rublla ödəməkdən imtina edən “dost olmayan ölkələr”ə qazın tədarükünü dayandırıb. Bu tədbirin ilk “qurban”ları isə Polşa və Bolqarıstan olub. 

Dünya bazarı da Rusiya ilə Aİ arasında enerji sahəsində qeyri-adi “döyüşlər”ə reaksiya verir. Məsələn, fyuçerslərdə həm neft, həm də qazın qiyməti artır. Doğrudur, hazırda qazın qiymətinin saxlanılması mexanizmi hələ də yoxdur. Amma bu mənada neft bazarının iştirakçılarının bəxti daha çox gətirib. Məsələn, OPEC+ ölkələrinin səyləri sayəsində, daha dəqiq desək, yüksək keyfiyyətli neft növlərinin kotirovkaları hesabına neftin bir barelinin qiyməti 115 dolları keçmir. Digər tərəfdən hətta OPEC+ ölkələri belə qiymət artımının qarşısında aciz qala bilər. Belə ki, Rusiya neftinə embarqo qoyulması “qara qızıl”ın qiymətinin bahalaşması ilə nəticələnəcək. Buna görə də OPEC karteli artıq Avropa İttifaqına Rusiya neftinin tamamilə əvəz etməyin mümkünsüz olması barədə xəbərdarlıq edib. Bu təşkilat hesab edir ki, Moskvaya qarşı sanksiyalar qlobal neft bazarında tarixin ən böyük sarsıntısına səbəb ola bilər. Üstəlik, neft ixracatçılarının vəziyyəti dəyişə bilmək imkanı çox azdır.

Bu məqamda qeyd edək ki, ABŞ artıq strateji neft ehtiyatını artırmaq məqsədilə neft alacağını elan edib. Bu ölkənin Energetika Nazirliyi artıq 2022-ci ilin payızında satıcıların müraciətlərinin qəbuluna başlayacaq. Doğrudur, ABŞ-a real tədarük bir qədər sonra həyata keçiriləcək.

 

Kompromislə bağlı çətin yol

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen mayın 4-də Rusiyaya qarşı altıncı sanksiyalar paketini təqdim edib. O, Aİ-nin Rusiyadan neft idxalını sadəcə dayandırmalı olduğunu bəyan edib. Bunu Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Aİ üçün sosial və iqtisadi nəticələri ilə bağlı müzakirələri zamanı söyləyib.

Qeyd edək ki, yeni sanksiyalar paketində Rusiya neftinə qarşı embarqo, “Sberbank”ın və Rusiyanın bir sıra digər banklarının SWIFT-dən ixrac edilməsi, bu ölkənin təbliğat ilə məşğul olan televiziya kanallarının Aİ ölkələrində fəaliyyətinə icazə verilməməsi və Avropa İttifaqında Rusiya şirkətlərinə konsaltinq və ya mühasibat xidmətləri göstərilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Bundan əlavə, “Buçada hərbi cinayətlər törədən və Mariupolun qeyri-insani mühasirəsinə görə məsuliyyət daşıyan” rusiyalı hərbi rəhbərlərə qarşı sanksiyalar tətbiq olunacaq.

Eyni zamanda Aİ qeyd edir ki, Rusiya neftinə qarşı sanksiya “diqqətli şəkildə” tətbiq edilməlidir. Çünki Avropa İttifaqına həm alternativ tədarükçülər tapmaq, həm də neft embarqosunun bazarlara təsirini minimuma endirmək üçün vaxt lazımdır.  

“Bu proses niyə uzun müddət ərzində davam edir? Bu yolla biz Rusiyaya qarşı təzyiqi maksimum dərəcədə artıracaq, eyni zamanda, ən əsası, bizə və dünyadakı tərəfdaşlarımıza dəyəcək zərəri minimuma endirəcəyik. Biz Ukraynaya kömək etmək üçün iqtisadiyyatımızın güclü qalmasına əmin olmalıyıq”, - deyə Avropa Komissiyasının rəhbəri yeni sanksiyaların gecikməsinin səbəbini belə izah edib.

Ursula fon der Lyayen vurğulayıb ki, Rusiya Federasiyasının neft və emal olunmuş neft məhsullarından tam şəkildə 6 ay ərzində imtina ediləcək və bu proses 2022-ci ilin sonunda başa çatacaq.

Avropa Komissiyasının rəhbərinin Moskvaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində bütün Rusiya neftinin idxalına gözlənilən qadağa barədə bəyanatından sonra “Brent” markalı neftin qiyməti 4,9%, WTI markalı neftin qiyməti isə 5,3% bahalaşıb.

Beləliklə, Rusiya nefti ilə bağlı qərarın yaxın günlərdə qəbul ediləcəyi gözlənilir. Yalnız Macarıstanı öz mövqeyini “mənfi”dən “müsbət”ə dəyişməsinə inandırmaq lazımdır. Bu ölkənin baş naziri Viktor Orban mayın 6-da Aİ-nin yeni sanksiyalarını müzakirə edərkən, Budapeştin altıncı sanksiyalar paketini hazırkı formada qəbul etməyəcəyini bildirib. Üstəlik, o, Rusiyadan Aİ-yə neft tədarükünün dayandırılmasını Macarıstan iqtisadiyyatına qarşı “atom bombası atılması” ilə müqayisə edib. Onun sözlərinə görə, Macarıstana Rusiya neftindən imtina etmək üçün 5 il lazımdır.

Digər tərəfdən Avropa Komissiyasının rəhbərinin mayın 9-da Budapeştə səfəri Rusiya neftinə qarşı embarqonun tətbiq edilə biləcəyini söyləməyə əsas verir. “Baş nazir Viktor Orban ilə axşam saatlarında müzakirə sanksiyalar və enerji təhlükəsizliyi ilə bağlı məsələləri aydınlaşdırmağa kömək edib. Biz irəliləyiş əldə etmişik, lakin bu məsələlərdə əlavə işə ehtiyac var”, - deyə Ursula fon der Lyayen “Twitter”də yazıb.

Danışıqlardan sonra isə Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin mövqeyini konkretləşdirib. Xarici işlər naziri bildirib ki, Macarıstana yüzlərlə milyon dollar dəyərində iqtisadi yardım göstərilməsi şərti ilə ölkəsi Rusiyaya qarşı embarqonu dəstəkləyə bilər: “Biz Avropa Komissiyasına açıq şəkildə bildirdik ki, əgər Brüssel problemin həlli ilə bağlı təklif irəli sürərsə, embarqonun lehinə səs verə bilərik. Biz təkcə neft emalı zavodlarımızın yenidən təchiz edilməsi və Xorvatiyadan keçərək Macarıstana uzanan neft kəmərinin gücünün artırılması üçün deyil, həm də ölkə iqtisadiyyatının gələcəyi üçün yüz milyonlarla dollar dəyərində təklif gözləyirik”.

Macarıstan hökuməti üçün hazırda embarqo ilə bağlı real ssenari belədir: embarqo neftin kəmərlərlə nəqlinə deyil, dəniz yolu ilə daşınmasına tətbiq edilməlidir.

Bu arada, təklif edilən sanksiyalarla bağlı başqa ölkələrin də sualları var. Məsələn, Kipr prezidenti Nikos Anastasiadis bildirib ki, Aİ Rusiya neftinin alınması və daşınmasına qadağa qoyulması ilə bağlı qərar verərkən Kipr, Yunanıstan və Maltanın narahatlığını də nəzərə almalıdır: “Sanksiyalar dəqiq şəkildə tətbiq edilməlidir. Bu sanksiyalar təkcə Aİ-nin bir neçə üzvünün maraqlarına uyğun olmamalı və digərlərini zərbə altında qoymamalıdır”.

Qeyd edək ki, Bolqarıstan da Macarıstanın ardınca Brüsseli hədələyib ki, əgər Rusiya neftinin tədarükü ilə bağlı təklif olunan qadağada bu ölkə istisna hal kimi qəbul edilməsə, o, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyəcək. “Bizim mövqeyimiz çox aydındır. Əgər bəzi ölkələr üçün istisna hal olarsa, bunun bizə də aid edilməsini istəyirik”, - deyə Bolqarıstanın baş nazirinin müavini Asen Vasilev mayın 8-də ölkənin BNT telekanalına müsahibəsində bildirib.

Güman ki, Rusiya neftindən imtina etməklə bağlı vahid mövqeyə nail olmaq üçün Aİ ya Rusiya neftindən çox asılı olan ölkələrə (Macarıstan, Slovakiya və Bolqarıstan) yardım göstərməli, ya da altıncı sanksiyalar paketinin şərtlərini əhəmiyyətli dərəcədə yumşaltmalıdır. Yəni başqa yol yoxdur.

Əlbəttə, istisna təcrübəsi yeni deyil. Bu, mürəkkəb razılaşmaların əldə edilməsində uğurla istifadə olunub. 2020-ci ilin aprelində OPEC+ ölkələrinin əldə etdiyi razılaşmanı misal göstərmək olar.

 

Hasilatın planlı şəkildə azaldılması

Yeri gəlmişkən, Neft İxrac Edən Ölkələr Təşkilatı Moskvaya qarşı iqtisadi təzyiqlə bağlı tədbirləri təqdir etmir. OPEC hesab edir ki, Rusiyaya qarşı olan mövcud və planlaşdırılan sanksiyalar neft tədarükü ilə bağlı tarixin ən ciddi sarsıntılarına səbəb ola bilər.

OPEC-in Baş katibi Məhəmməd Barkindo qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi qlobal bazarda qeyri-müəyyənliyi daha da gücləndirib: “Həm Rusiya, həm də Ukrayna əsas qlobal ixracatçılardır, o cümlədən vacib kənd təsərrüfatı məhsulları baxımından”.

Kartelin hesablamalarına əsasən, Rusiya neftinin tədarükünə qarşı mümkün embarqo nəticəsində itkilər günlük 7 milyon barel təşkil edəcək və OPEC “sərbəst güclər”in olmaması səbəbindən bu həcmi əvəz edə bilməyəcək. M.Barkindo əlavə edib ki, bazarlara OPEC-in nəzarətindən kənarda qalan fundamental olmayan amillər təsir göstərir.

Bu arada, G7 ölkələri OPEC+ dövlətlərini enerjidaşıyıcılarının qiymətinin kəskin yüksəlməsinin qarşısını almaq üçün neft hasilatını əhəmiyyətli dərəcədə artırmağa çağırıb. Amma OPEC+ bu çağırışa məhəl qoymayıb və öz kursunu davam etdirməyə qərar verib. Bundan əlavə, 2021-ci ilin avqustundan hasilat kvotasının müntəzəm şəkildə artırılmasına baxmayaraq, OPEC+ icazə verilən hasilat səviyyəsinə belə çata bilmir. Bu ilin mart ayının göstəricilərinə əsasən, hasilatçılar gündəlik 1,45 milyon barel geridə qalırlar.

Xatırladaq ki, mayın 5-də keçirilən sonuncu, 28-ci iclasda OPEC+ ölkələrinin nazirləri iyunda neft hasilatı üçün kvotanın sutkada 432 min barel artırılması planının saxlanılmasına səs veriblər. Bu qərar yekdilliklə qəbul edilib. Nazirlərin görüşü zamanı qeyd edilib ki, neft bazarında fundamental göstəricilərin qorunub saxlanılması və proqnozlarla bağlı konsensusun olması balanslaşdırılmış bazarın olduğunu göstərir. Bundan əlavə, geosiyasi amillərin və davam edən pandemiya ilə bağlı çağırışların enerji bazarına təsir etdiyi vurğulanıb.

Bu məqamda qeyd edək ki, hazırda neft treyderləri mayın ortalarından Rusiya neftinin tədarükü ilə bağlı çətinliklərin olacağını gözləyirlər. Dünyanın ən böyük treyder şirkəti – “Vitol”un Asiyadakı biznesin rəhbəri Mayk Müllerin qiymətləndirməsinə görə, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri onun gündəlik neft ixracı 7,5 milyon bareldən 1 milyona düşüb. Ekspert hesab edir ki, mayın 15-dən sonra bu ölkənin neft ixracı daha da azala bilər: “Biz praktiki olaraq beynəlxalq bank sisteminin Rusiya təşkilatlarının iştirakı ilə tranzaksiya əməliyyatları keçirə bilməyəcəyi dövrə yaxınlaşırıq. Aİ-nin sanksiyaları mayın 15-dən sonra Rusiya ilə bir sıra əməliyyatları qadağan edəcək”.

Onun sözlərinə görə, hətta müqavilələr üzrə öhdəliklərə istinad edərək Rusiyanın enerjidaşıyıcıları ilə ticarət edə bilən şirkətlər üçün tamamilə fərqli reallıq yaranacaq.

 

“Qaz şantajı”

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı səsvermə prosesinin necə çətin keçdiyini nəzərə alsaq, neft embarqosunun yanacaq sanksiyası baxımından Brüssel üçün son hədd olduğunu indidən ehtimal edə bilərik. Hazırda Aİ-yə üzv olan ölkələr Rusiyaya qarşı qaz embarqosu ehtimalını belə nəzərdən keçirmədiklərini gizlətmirlər. Digər tərəfdən Moskva qazın rublla ödənişindən imtina edən Avropa İttifaqı ölkələrinə cavab tədbiri kimi “mavi yanacağ”ın kəsilməsi ehtimalını istisna etmir. Üstəlik, hazırda ilk presedentlər var. Məsələn, bu il mayın 1-də “Qazprom” rublla ödəniş etmədiyinə görə “Bulgargaz” (Bolqarıstan) və “PGNiG” (Polşa) şirkətlərinə qaz nəqlini tamamilə dayandırıb. Avropa isə bu addımı “şantaj” kimi qəbul edib. Bundan əlavə, Aİ Rusiyadan qaz tədarükünün qəfil dayandırılması ilə bağlı kompleks tədbirlər belə hazırlayıb.

Qeyd edək ki, mayın 18-də Avropa Komissiyası 2027-ci ilə qədər Aİ-nin Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün 195 milyard avro dəyərində plan təqdim edəcək. Bu plana əsasən, Aİ bərpa olunan enerji mənbələrindən daha fəal şəkildə istifadə etmək, enerji qənaətini artırmaq, enerji resursları idxalı mənbələrini şaxələndirmək və bu sahədə investisiyaları artırmaq niyyətindədir. Məqsəd Ukraynada müharibə başladıqdan sonra Rusiyadan kömür, neft və qaz tədarükünün əvəz edilməsidir.

Əslində, Avropa Komissiyasının təklif etdiyi strategiya Aİ-yə qaz, neft və kömür alışı zamanı müvafiq olaraq ildə 80, 12 və 1,7 milyard avro vəsait qənaət etməyə imkan verəcək. Üstəlik, bu planla enerji sahəsi ilə bağlı infrastruktura milyardlarla avro investisiya qoymaq nəzərdə tutulub. Bu, yeni mənbələrdən kifayət qədər mayeləşdirilmiş qazın və kəmərlərlə ixrac edilən “mavi yanacağ”ın idxalını təmin edəcək.

Rusiya tərəfindən qazın kəsilməsinə gəlincə, Bolqarıstan və Polşa nümunələri onu göstərir ki, Moskvanın onun qaz ödənişi ilə bağlı şərtlərini yerinə yetirməyən ölkələrə qarşı mövqeyi ciddidir. Amma bu daha çox Rusiyanın “əzələ nümayiş” etdirməsinə bənzəyir.

Qeyd edək ki, Polşa Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə Moskvaya qarşı sanksiyalar tətbiq edib. Odur ki, Polşa Rusiyanın qaz ixracını kəsməsini onun sanksiyalarına qarşı “qisas” kimi qiymətləndirib. Eyni zamanda Polşanın Baş naziri Mateuş Moravetski qaz təchizatının kəsilməsinin Varşavanı qorxutmayacağını bəyan edib. Onun sözlərinə görə, “qaz şantajı” Polşaya zərər vurmayacaq. Baş nazir əlavə edib ki, digər ölkələrdən qaz təchizatını təmin etmək üçün uzun illər ərzində aparılan səylər sayəsində ölkəsi enerji böhranı ilə üzləşməyəcək.

Bolqarıstana gəlincə, bu ölkənin baş naziri Kiril Petkov Rusiyanın bu addımını “müqavilənin kobud şəkildə pozulması” və “şantaj” kimi xarakterizə edib. Digər tərəfdən Bolqarıstanın energetika naziri Aleksandr Nikolov məlumat verib ki, hazırda Rusiya qazının ölkəsinə tədarükü davam edir və Bolqarıstan onun nəqli üçün alternativ variantlara ümid bəsləyir. Yeri gəlmişkən, bu ölkənin hökuməti qeyd edir ki, o, artıq ABŞ-la “Qazprom”un qiymətindən də aşağı mayeləşdirilmiş qazın tədarükü barədə razılığa gəlib.

Bundan əlavə, Bolqarıstan bu ilin sentyabrında Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Greece-Bulgarian Interconnector, IGB) vasitəsilə Azərbaycan qazının nəqlini gözləyir. Qeyd edək ki, adıçəkilən interkonnektor hazır olmadığına görə Azərbaycandan Bolqarıstana illik cəmi 250-300 milyon kubmetr qaz ixrac edilir. Yəni iki ölkə arasında imzalanan müqavilədə göstərilən həcmdən düz 4 dəfə az “mavi yanacaq” nəql olunur (illik 1 milyard kubmetr qaz tədarükü nəzərdə tutulur).

“İyunun sonunda Yunanıstan-Bolqarıstan İnterkonnektoru istismara veriləcək və sentyabrda onun vasitəsilə Azərbaycan qazı tədarük ediləcək. Bu, ölkəmiz üçün daha aşağı qiymət və daha böyük enerji müstəqilliyi deməkdir”, - deyə K.Petrov vurğulayıb.

Aİ isə hələ də rublla ödənişdən imtina edir. O, bunu Rusiyaya qarşı sanksiyaların pozulması hesab edir. Amma yalnız özəl şirkətlərə ödənişlə bağlı seçim azadlığı verilib. Demək, Rusiyanın qaz tədarükünü dayandırdığı ölkələrin sayı arta bilər, çünki bu ölkələrin bəzilərinin müqavilələr üzrə ödənişinin son tarixi may ayında bitir.

Bir sözlə, “Qazprom”un “ventili bağlaması” heç kəsi təəccübləndirməyəcək. Əlbəttə, bu, Avropa üçün ciddi zərbə olacaq, çünki istilik, işıq, elektrik enerjisinin qiyməti əhəmiyyətli dərəcədə artacaq. Lakin medalın digər tərəfi var: bu addımdan sonra qaz satışı bazarı məhv olacaq. Nəticədə, alternativ mənbə nə qədər baha olsa da, heç kəs Rusiyadan qaz almayacaq.



MƏSLƏHƏT GÖR:

122