9 May 2024

Cümə axşamı, 05:51

OĞURLANMIŞ UŞAQLIĞA SƏYAHƏT

Düz 30 il yüz minlərlə azərbaycanlı uşaq möcüzəyə inamını itirmədən bu günə doğru irəlilədi

Müəllif:

01.06.2022

Sevimli oyuncağını itirmiş uşağın nə hisslər keçirdiyini bilirsiniz? Haqlısınız, ritorik sualdır. Bəs, tək oyuncağını yox, dünyanın ən isti evini, ən gözəl məktəbini, ən sevimli müəllimlərini, ən sadiq dostlarını, hətta valideynlərini və yaxınlarını itirən və bir andaca onlarla yaş böyüyən uşaqların nələr keçirdiyini necə?

 

Ümidi itirmədən

Oğurlanmış uşaqlığa yolumuz çətin və uzun oldu. Düz 30 il yüz minlərlə azərbaycanlı uşaq möcüzəyə inamını itirmədən bu günə doğru irəlilədi. Bizi bu yoldan heç nə döndərə bilmədi. Hətta düşmənin hər addımbaşı qurduğu tələlər belə. Biz hər şeyə başdan başlamağı arzulayırdıq. Uşaqlıqda oynadığımız oyunlarda olduğu kimi. Yəqin ki, siz də xatırlayırsınız. Bizdən asılı olmayan səbəbdən oyunumuz alınmayanda, ona yenidən başlamaq istəyirdik.

Murov dağının ətəklərindəyik. İndi onlar artıq keçilməz deyil. Müzəffər Azərbaycan əsgərinin izləri ilə ağ buludların nəhəng yumaqlarını geridə qoyaraq, aşırımları aşırıq.

Gözlərimiz də o buludlar kimi dolub-boşalır. Müharibənin bir daha təkrarlanmaması, uşaqların öz uşaqlığını itirməməsi üçün nə qədər gəncin öz həyatını qurban verdiyini xatırlayanda, qəhərlənməyə bilmirsən. Dönə-dönə şəhidlərə rəhmət, qazilərə sağlıq diləyirsən. Təsəllimiz odur ki, Kəlbəcəri də, Laçını da bir güllə atmadan, Azərbaycanın diplomatik qələbəsi sayəsində qaytarmışıq.

Dağın o üzü Kəlbəcərdir. Oradan isə Laçına bir addımlıq yol qalır.

 

Biz qayıtdıq!

Laçın! 18 may 2022-ci il. Bu gün rayonun qonşu Ermənistan tərəfindən işğalından 30 il ötəcəkdi. Xoşbəxtlikdən, artıq iki ildir ki, bu faciəvi tarixi qalib kimi xatırlayırıq. Vətən uğrunda canından keçmiş şəhidlərimizə rəhmət diləyib ensiz dağ yolları ilə evimizə doğru irəliləyirik.

Söz vermişdik ki, qayıdacağıq. Mütləq qayıdacağıq. Elə Laçın da bizi gözləyəcəyini demişdi. O, uğaqlığımızı oğurlamış qonşulara qucaq aça bilməzdi.

O zaman biz zəif və köməksiz idik, lakin yolda böyüdük və gücləndik. Dəmir yumruqda birləşərək işğalçını qovduq və indi evimizə qayıdırıq.

 

Uşaqlığımızın kəndi

Hacısamlı. Xalq arasında bu kəndi daha çox “Zavod” kimi tanıyırdılar. Hətta kəndin girişindəki yol lövhəsində də məhz “Zavod” yazılmışdı. Sovet vaxtı burada ağac emalı sexi fəaliyyət göstərirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal illərində Ermənistan təbiətimizə də qənim kəsilmişdi. Ermənilər Hacısamlı meşələrini konyak çəlləklərinin istehsalı üçün qırıb, Fransaya göndərirmişlər. Qoz meşələri isə mebel istehsalı üçün vəhşicəsinə istismar edilib.

Torpaqlarını azad edən Azərbaycan, bu yerlərə sülh gətirməklə yanaşı, həm də Ermənistanın törətdiyi ekoloji terrorun qarşısını ala bilib.

İndi nə kənddən, nə də zavoddan heç nə qalmayıb. Nə sex binası, nə oradakı böyük mişarlı dəzgah, nə də elektrik enerjisi istehsal edən nəhəng generatorlar. İşğalçılar daşıdığını daşıyıb aparıb, aparmadığını isə dağıdıb.

 

Evinizə xoş gəlmisiniz!

Uşaqlığımızın keçdiyi ev. Daha doğrusu, ondan geriyə qalanlar. Bu ev «Yay tətilini necə keçirdim» mövzusunda bütün inşa yazılarımın qəhrəmanı idi.

Bax, burada təndirxana var idi. Təndirdən yenicə çıxmış qaynar çörəyin arasına kənd pendiri qoyub, barmaqlarımız yana-yana hazırlayıb yediyimiz dürməklərin ətri burnuma dəydi.

Burada isə tövləmiz yerləşirdi. O tərəfdə alma, ondan yuxarıda isə gilas ağacı var idi. Yetişməmiş meyvələri gizlincə ağacdan dərib çayda çimməyə qaçdığımız yadıma düşdü.

Sonra bir də görürdün bizi ot biçininə aparırdılar. Böyüklər biçir, biz isə yabalarla ot yığımına kömək edirdik. Təbii ki, bacardığımız qədər. Elə biçənəkdə, ağacın kölgəsində süfrə açıb, bulaq şırıltısının ovsunlayan səsinə qulaq asa-asa nahar etməyin isə uşaqlar üçün ayrıca ləzzəti var idi.

Ata evimizin dəhşət saçan xarabalıqları xoş xatirələrimizi yarımçıq qoyur. Necə ki, vaxtilə müharibə bütün uşaqlığımızı yarımçıq qoymuşdu. Sanki səni bir şirin yuxudan oyadırlar. Ardını görmək üçün yenidən yuxuya getmək istəyirsən. 

 

Saçları ağarmış uşaqlar

Kəndin içərisinə doğru irəliləyirik. Vaxtilə evlərinin olduğu yerdə Ehtiram Hüseynovla rastlaşırıq. Oğurlanmış uşaqlığımızdakı həmin o nadinc Ehtiram. İndi o tanınmış muğam ifaçısı, Azərbaycanın əməkdar artistidir. Saçlarına dən düşüb, səhhəti də əvvəlki kimi deyil. Ermənilər Laçını işğal edəndə onun cəmi 12 yaşı var idi. Doğma yurdu işğal altında qaldıqca, qazandığı şan-şöhrət belə onu ovundura bilmirdi.

«Budur, oğurlanmış uşaqlığım», - deyə 42 yaşlı əməkdar artist çiynini çəkir. Evlərinin yerində daş üstə daş qalmayıb. «Amma çox şükür ki, biz qayıtdıq. Allah şəhidlərimizə rəhmət eləsin, onlar bu xoşbəxtliyi bizə öz həyatları bahasına yaşatdılar. Azərbaycan Ordusunun hər bir əsgərinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına təşəkkür edirəm. Onlar xalqımızın qürurunu özünə qaytardılar», - deyə Ehtiram Hüseynov söhbətə davam edir.

Çox təsirlənib. Fikri dağınıqdır. Sözünü tez-tez yarımçıq qoyub, xəyala dalır.

Ondan uşaqlıq fotolarını soruşuram. «Şəkil qalıb ki? Hamısı evlə bir yerdə yanıb kül olub», - deyə başını yelləyir.

 

Həyat məktəbi

Budaqlarda bir-birini əvəz edən quşların cikkildəyən səsi yaxınlıqdan keçən dağ çayının şırıltısına əlvan çalarlarla bəzək vurur. 30 il əvvəl Ehtiramın yaşadığı evin yamyaşıl ot basmış yerindən kiçik kənd məktəbinin dağılmış binası görünür. Məktəbə doğru gedirik.

Müəllimlərimizi xatırlayırıq. Ən sərt müəllim elə mənim atam idi, deyə Ehtiram danışır. Onun səsi və istedadını da məhz bu məktəbdə nəğmə dərsini deyən müəllim aşkar edib. «Bura mənim üçün ən böyük və məsuliyyətli səhnə idi», - deyən əməkdar artist bayram tədbirlərində çıxış etdiyini xatırladır.

«Dərsdən qaçmağımız da olurdu», - xanəndə davam edir. Qaçıb çayda çimir, quş ovlayır, futbol oynayırdıq. Hələ tut bağına «yürüş»lərimizi demirəm.

 

Paşa bəyin bağı

O zaman qarovulçunun bizi qovduğu bu bağın kimlərə məxsus olduğunu təsəvvürümüzə belə gətirmirdik. Bağın yanındakı böyük evdə vaxtilə kimlərin yaşadığını da bilmirdik. Yalnız böyüdükdən sonra öyrəndik ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov və onun qardaşı, xalq qəhrəmanı Xosrov bəy Sultanov bu evdə yaşayıblar. Hacısamlı nahiyəsindən olan Paşa bəyin oğlanlarının qəhrəmanlıqları nəticəsində XX əsrin əvvəllərində Qarabağ və Zəngəzurun bir sıra kəndləri erməni quldur dəstələrinin törətdiyi qırğınlardan salamat qurtara biliblər.

Paşa bəyin evinin qalıqları üzərində Azərbaycan bayrağını ucaldırıq. Bura bəy ailəsinin qış iqamətgahı idi. Yayda isə onlar bir neçə kilometr yuxarıda yerləşən Qurdgajı kəndində yaşayıblar.

Bizim babalarımız da burada yaşayıb. İşğaldan əvvəl rəhmətə gedən yaxınlarımız Qurdqajı qəbiristanlığında uyuyur. Babam Mayılov Bəhman Zeynalabdin oğlunun və əmim qızı Xuramanın məzarı da bu qəbiristanlıqdadır. Xoşbəxtlikdən babamın məzarı vandalların əlindən salamat çıxıb. Qalan bir çox qəbirlər isə işğal altında olmuş digər məzarlıqlarımızın acı aqibəti ilə üzləşiblər.

 

Adam getmək istəmir

Oğurlanmış uşaqlığımızdan reportaj hazırlamaq üçün bizə cəmi iki gün ayrılmışdı. Burada vaxt tez uçur. Uşaqlıq xatirələrini tam vərəqləməmiş, yer üzərindəki bu cənnətin dadını çıxarmamış vədə tamam olur. Uşaqlığından ayrılıb getmək istəmirsən. Ancaq getməlisən. Hərçənd artıq kəndlə vidalaşmırıq, çünki qayıdacağıq.

Ehtiram Bakıda işlərini tamamlayıb yenidən Zavoda dönəcək. Uşaqlığına qaldığı yerdən davam etmək üçün. Mən isə yay tətilini kənddə başa vurub, doğulub böyüdüyüm Xankəndiyə qayıtmalıyam. Uşaqlıqda olduğu kimi.

Yolboyu adamı qəribə hisslər bürüyür. Sanki zaman maşını səni buludların arasından tam fərqli bir zamana aparıb çıxarıb. Bura həm keçmişdi, həm də gələcək. İndi buraya yeni həyat qayıdır. Burada yeni uşaqlıq olacaq və artıq onu heç kim oğurlaya bilməyəcək.



MƏSLƏHƏT GÖR:

150