19 May 2024

Bazar, 07:22

SANKSİYALAR, BÖHRAN, ETİRAZLAR…

İran növbəti sabitlik imtahanını verir

Müəllif:

01.06.2022

İranı növbəti etirazlar dalğası bürüyüb. Aksiya iştirakçıları ilkin tələbat mallarının qiymətindəki kəskin artıma etiraz edir. Bununla yanaşı, yaşananlar Qərbin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində yaranmış böhranın nəticəsidir. Məlum olduğu kimi, sanksiyalar, ilk növbədə, Tehranın nüvə proqramı ilə bağlı məsələnin həllini tapmaması üzündən davam edir.

 

Subsidiyaların ləğvi nə ilə nəticələnəcək?

Etirazlar İranın müxtəlif vilayətlərinə aid bir çox şəhərlərini bürüyüb – İsfahan, Xuzistan, Luristan, Ərdəbil və s. KİV xəbər verir ki, aksiyalar zamanı nümayişçilərlə asayiş keşikçiləri arasında baş vermiş toqquşmalar nəticəsində ən azı 6 etirazçı həyatını itirib.

Nümayişçilər qiymət artımına etiraz edir. Buna səbəb isə hökumətin ilkin tələbat mallarına subsidiyaları ləğv etməsidir. Rəsmi məlumata görə, İranda bu məqsədlə ildə 900 trilyon tümən (təxminən, 30 milyard dollar) subsidiya ayrılırdı. Ölkə prezidenti İbrahim Rəisi subsidiyaların ləğvini iqtisadi böhranla mübarizənin gücləndirilməsi zərurəti ilə əlaqələndirib. Lakin bu addım nəticəsində un məmulatlarının, bitki yağlarının, süd məhsullarının, yumurta və toyuq ətinin qiyməti əhəmiyyətli dərəcədə (bəzi hallarda təxminən 4 dəfə) artıb.

Əhalini nə prezident Rəisinin «təlaşa düşməmək» çağırışı, nə tezliklə elektron talonların buraxılacağı və ehtiyacı olanların qiymət artımının mənfi nəticələrindən sığortalanması üçün xüsusi müavinətlərin ayrılacağı vədi sakitləşdirib. Bundan başqa, aksiya iştirakçılarının tələbləri getdikcə aşkar siyasi xarakter almağa başlayıb. Sosial şəbəkələrlə yayılan videolardan göründüyüü kimi, nümayişlərdə ölkə rəhbərlərinin portretləri yandırılır ki, bu da aksiyaların siyasi xarakterindən xəbər verir. Göründüyü kimi, etiraz aksiyaları sosial narazılıqla bağlı demarşlardan artıq siyasi müstəviyə çıxır. Bu müstəvi İranda mütəmadi müşahidə olunan geniş etiraz aksiyalarının dəyişməz «yol yoldaşı»dır. Məsələn, 2019-cu ildə İran şəhərlərini yanacağın bahalaşmasına etiraz nümayişləri bürüdükdə də belə olub, 2021-ci ildə su təchizatı problemləri üzündən etiraz aksiyaları keçiriləndə də. İstər o zaman, istərsə də indi irəli sürülən tələblər sırf sosial-iqtisadi məzmunla tələblər olmaqdan çıxıb və hədəf kimi ölkə rəhbərliyi seçilib.

Bu gün də qiymət artımı və ona etiraz olaraq keçirilən aksiyalarda Rəisinin «mühafizəkar» hökumətinin ünvanına tənqidlər səsləndirilir. Ona yaxın dairələr isə prezidentin kursuna haqq qazandırmağa çalışıraq bildirirlər ki, yaşanan böhrana görə İranın keçmiş hökuməti – «islahatçı» Həsən Ruhaninin komandası günahkardır.

Bununla yanaşı, yaşananlara haqq qazandıranlar bu vəziyyətin yaranmasında xarici amili də önə çəkir. Çünki böhranın səbəbi, ilk növbədə, idxal olunan taxıla subsidiyanın ləğvidir. İranın kənd təsərrüfatı naziri Cavad Sadatinecad açıq şəkildə bildirib ki, bahalaşmanın səbəbi Ukraynada yaşananlardır. İran hakimiyyətinin baş verənləri «xarici amillər»lə əlaqələndirən bütün nümayəndələri diqqəti, ilk növbədə, Ukraynaya çəkir. Onlar bildirirlər ki, dünyanın ən nəhəng taxıl ixracatçılarından olan Ukraynanın üzləşdiyi müharibə qlobal tədarük zəncirini qırıb. Beləliklə, İranda və bütünlükdə Yaxın Şərq regionunda ərzaq məhsulları bahalaşıb.

Bir şey də aydındır ki, İranın üzləşdiyi yeni böhranın səbəbləri arasında Rusiya-Qərb münasibətlərində Ukrayna müharibəsi üzündən yaranmış böhranın ciddi rolu var. Bu aspekt dünyanın ən zəngin enerji resurslarına malik ölkələrindən olan İranın mövqeyinə öz təsirini göstərir. Məsələ ondadır ki, uzun illərdir nüvə proqramı səbəbilə üzləşdiyi ABŞ sanksiyaları ilə mübarizə aparan Tehran öz iqtisadiyyatının inkişafını daha çox Çin və digər Asiya ölkələrinə neft-qaz satmaqla təmin edir. Qərbin total anti-Rusiya sanksiyaları fonunda isə (məsələn, ABŞ Rusiya neftinin idxalını qadağan edib, Aİ isə bunu mərhələli şəkildə həyata keçirir) Moskva diqqətini Şərqə yönəldib. Yəni indi Rusiya neft və qaz ixracı üçün əsas hədəf kimi Çini görür. Bu isə təbii ki, Pekinin İran resurslarına tələbatını azaldır – indi Çin qiymət baxımından daha sərfəli olan Rusiya neft və qazına yönəlir. İranın Neft, qaz və neft-kimya məhsulları ixracatçıları Şuraısının İdarə Heyətinin üzvü Həmid Hüsseyni Rusiyanın ixrac potensialının təxminən yarısını Cənub-Şərqi Asiyaya, xüsusilə Çinə yönəltməsini təsadüfən «İran neftinin ixracına böyük potensial təhlükə» adlandırmayıb.

Qaz ixracı məsələsində də vəziyyət eynidir. İranın mayeləşdirilmiş təbii qazının əsas alıcıları Əfqanıstan, Pakistan və Türkiyədir. Amma bu tədarük də faktiki olaraq, təhlükə qarşısındadır. Çünki Rusiya bu ölkələrə daha ucuz qiymətə qaz satmağa da hazır olduğunu bildirir.

Dünyanın neft-qaz bazarında İran üçün bu qədər arzuolunmaz tendensiyaların yaranması fonunda onun iqtisadiyyatının xilası üçün yeganə yol Amerika sanksiyalarının ləğvi ola bilər. Bu isə Tehranın nüvə proqramı ilə bağlı problemin həllinə bağlıdır.

 

Nüvə razılaşması bərpa olunacaqmı?

Tehran Qərblə danışıqlarda, şübhəsiz ki, öz fundamental xəttindən – dinc məqsədlərlə nüvə enerjisini inkişaf etdirmək planından imtina edə bilməz. Lakin Qərb, həmçinin İran ətrafında gedən proseslərin digər iştirakçıları olan Çinlə Rusiya Tehranın nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə edəcəyinə dəqiq zəmanət verməsini istəyirlər. Bununla əlaqədar olaraq, Vyanada İranla nüvə razılaşmasının bərpasına dair danışıqların davam etdirilməsi məsələsi yenidən aktuallıq qazanıb. Bu, Tehranın beynəlxalq, ilk növbədə isə ABŞ-ın sanksiyalarından qurtulmasına yol aça, nəticədə onun ciddi iqtisadi böhrandan çıxmasına imkan verə bilər. Nəzərə alsaq ki, iqtisadi böhran İranda zaman-zaman ciddi etiraz dalğası yaradır, qeyd olunan hədəfə nail olunması Tehran üçün xüsusi əhəmiyyət daşıyır.

Bütün bunlarla yanaşı, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpasına dair 2021-ci ilin aprelindən aparılan Vyana danışıqları hələ ki, ciddi nəticə vermir. Tehran hesab edir ki, razılaşmanı hələ Donald Trampın prezidentliyi dövründə tərk etmiş ABŞ BHFP-nin bərpası halında onun tələblərini yerinə yetirəcəyinə zəmanət verməli, nəhayət, İrana sanksiyaların tətbiqi təcrübəsindən əl çəkməlidir. Bu, Tehranın bu problemə ümumi yanaşmasının məntiqi ilə uzlaşır – İran tərəfi bildirir ki, nüvə razılaşmasının bərpasına dair danışıqları özünün milli maraqlarının «tam və hərtərəfli» müdafiəsinin təmininədək davam etdirmək niyyətindədir. Burada söhbət ilk növbədə iqtisadi inkişafın təmini və nüvə proqramının reallaşdırılması hüququnun tanınmasından gedir.

Birləşmiş Ştatlar isə öz növbəsində, prezident Co Baydenin BHFP-nin bərpası ilə bağlı müəyyənləşdirdiyi hədəfin dəyişməz olduğunu bildirir. Bununla yanaşı, hələlik İrana tətbiq olunmuş sanksiyaların tam şəkildə ləğvi gündəmdə deyil. Hər halda, Ağ Evin İranın İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terrorçu təşkilatlar siyahısından çıxarmaqdan imtinası bunu təsdiqləyir – Tehranın bu tələbi Vaşinqton tərəfindən rədd edilir.

Nəticədə ABŞ-ın razılaşmanı tərk etməsindən sonra İran, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin arasında gedən danışıqlar havadan asılı vəziyyətdə qalıb. Bundan başqa, ABŞ-da Vyana danışıqlarının tam iflasa uğrayacağını düşünənlərin sayı getdikcə artır.

Lakin Aİ-nin koordinatoru, Avropa siyasi məsələlər üzrə xarici fəaliyyət xidmətinin baş katibinin müavini Enrike Moranın Tehrana bu yaxınlarda etdiyi səfər göstərir ki, BHFP-nin bərpasına ümid hələ də qalır və İran ətrafında gərginliyin artmasından qaçmağın yeganə yolu məhz budur. Səfər çərçivəsində aparılan danışıqların yekununda İran XİN-in rəsmisi Seyid Hatibzadə bildirib ki, Moranın səfəri BHFP-nin bərpası üzrə danışıqların düzgün istiqamətdə getdiyini göstərən əlamətdir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə deyib ki, «ABŞ qərar qəbul edərək öhdəliklərinə sadiq qalarsa, yaxşı və ümidverici nəticə uzaqda deyil».

Vaşinqtondan da müəyyən nikbin siqnallar gəlməkdədir. Doğrudur, ABŞ Dövlət Departamenti İrandakı son etiraz aksiyalarına münasibət bildirərkən nümayişçiləri dəstəkləyib, insanların «dinc toplaşmaq, zorakılıq təhlükəsi olmadan fikirlərini onlayn və oflayn ifadə etmək haqqının olduğunu» bəyan edib. Lakin bununla yanaşı, Bayden administrasiyası İranla nüvə razılaşmasının bərpası üçün Vyanada vasitəçili danışıqları davam etdirməyə hazır olduğunu da birmənalı şəkildə ifadə edib.

İranın nüvə proqramı ilə bağlı sülh prosesi ətrafında bu cür əhvalın olması göstərir ki, beynəlxalq vasitəçilər Tehranla əlaqələri artıq yaxın vaxtlarda aktivləşdirə bilər. Bəs bu, konkret müsbət nəticələr verəcəkmi? Yalnız İranda və onun yerləşdiyi regionda sülhün taleyi deyil, illərdir Qərbin məhdudlaşdırıcı sanksiyalarının təzyiqi altında yaşayan milyonlarla iranlının sosial problemlərinin həlli də bu sualın cavabından asılıdır.



MƏSLƏHƏT GÖR:

96