1 May 2024

Çərşənbə, 02:31

QEYRİ-AŞKAR NƏTİCƏLƏR

Çoxsaylı amillər göstərir ki, Ukraynada qarşıdurma çox çəkəcək

Müəllif:

01.06.2022

Ukrayna müharibəsi üçüncü ayını aşıb. Son həftələrdə əsas hərbi əməliyyatlar şərq və cənub istiqamətlərində gedir. Lakin tərəflərdən heç biri aşkar nəticə əldə edə bilmir və bu, müharibənin uzun sürəcəyini göstərir. Belə bir vəziyyətdə siyasi müstəvidə daha fəal dinamika müşahidə olunmaqdadır. Amma burada da əsas aktorlar qan axıdılmasının qarşısının alınması üçün optimal yollar axtarmaqdan çox öz dəlillərinin daha inandırıcı olduğunu sübut etmək yarışındadırlar. Nəticədə, BMT-nin baş katibi belə, münaqişənin tezliklə başa çatacağını gözləməyin sadəlöhvlük olduğunu etiraf etməli olub.

 

Silah artıq olmur

Son dövrlərin ən vacib və dramatik hadisəsi, yəqin ki, «Mariupolun süqutu»dur. Rusiya hərbçilərinin şəhər müdafiəsinin son istehkamı sayılan «Azovstal» zavodunu ələ keçirməsini belə ifadə edirlər. «Azovstal» metallurgiya kombinatındakı ukraynalı hərbçilər ərazini mayın 16-da tərk etməyə başlayıb. Mayın 20-də isə Rusiya Müdafiə Nazirliyi zavod ərazisini ukraynalı hərbçilərin tam tərk etdiyini açıqlayıb. Kombinat Rusiyanın nəzarətinə hələ apreldə keçmiş Mariupol şəhərinin müdafiəçilərinin son istehkamı idi.

Cəbhənin digər hissələrində aşkar ərazi itkisi və ya irəliləmə müşahidə olunmur. Ekspertlər bunu Ukraynaya Qərbdən daşınan hərbi texnikanın miqyası ilə izah edirlər. Onların fikrincə, ukrynalıların Rusiya ordusunun hücumunu dəf edə bilməsinin əsas səbəbi məhz budur.

Mayın 22-də Ukraynanın müdafiəsi üzrə 40-dan artıq tərəfdaş ölkənin yer aldığı təmas qrupunun ikinci iclası keçirilib. Görüşə iclasın keçirildiyi yerin adına uyğun olaraq, «Ramştayn-2» adı verilib – qrup Amerikanın Almaniyadakı Ramştayn aviabazasında toplanıb. İlk belə görüş ABŞ-ın təşəbbüsü və təşkilatçılığı ilə bir ay əvvəl keçirilib. Məqsəd Ukraynanın Rusiya üzərində qələbə çalmasına dəstək üçün NATO ölkələrinin fəaliyyətinin təşkilidir. Ukrayna tərəfinin Rusiya ordusunun hücumlarına sinə gərməsini yüksək qiymətləndirən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə daha ciddi hərbi-siyasi və hərbi-texniki dəstəyin göstərilməsini təklif edib. O, Ukraynaya yardım üzrə yeni fazanın başlandığını da bildirib.

İkinci görüşdə 20 ölkə Kiyevə təhlükəsizlik sahəsində dəstəklə bağlı yeni yardım paketlərini elan ediblər.

Ukrayna tərəfi isə ona daha uzaqmənzilli və daha mükəmməl hücum silahlarının verilməsində israr edir. Söhbət Ukrayna ordusunun döyüşlərin gedişində dönüş yaratmasına imkan verəcək yaylım atəşi sistemlərindən, «Patriot» tankəleyhinə müdafiə batareyalarından gedir. Lakin bəzi məlumatlara görə, ABŞ Ukraynanın bu sistemlərdən Rusiya ərazisində yerləşən hədəfləri vura biləcəyindən ehtiyatlanır və məhz bu üzdən onları Kiyevə verməkdən imtina edir. Doğrudur, bu haqda vədlər səsləndirilir, lakin gözlənilən tədarükün vaxtı açıqlanmır. ABŞ əvvəlkitək, Rusiya-Ukrayna müharibəsi nəticəsində Üçüncü Dünya savaşının başlaması riskini artırmaq istəmir.

 

Rusiya deyir, Çin düşünürük

Ukraynaya hərbi yardımların avanqardında gələn, müxtəlif ölkələri bu istiqamətdə səylərə səfərbər edən Vaşinqton Qərbdə hərbi-siyasi liderliyini möhkəmləndirir. Bu amildən Çin ilə hərbi-siyasi rəqabətdə ciddi arqument kimi istifadə oluna bilər. Hazırkı ABŞ administrasiyasının milli təhlükəsizlik strategiyasına əsasən, Rusiya ilə Çin Vaşinqton üçün əsas geosiyasi təhlükə sayılırlar. Birləşmiş Ştatlar Rusiya ilə müharibədə Ukraynaya yardım göstərməklə hər şeydən əlavə, həm də onu ciddi şəkildə zəiflətməyə və Çinə təsir kanallarını bağlamağa çalışır. Məsələn, məlumdur ki, müharibəyədək Çin özünün «Bir kəmər, bir yol» strategiyasında Avropa istiqamətində yüklərin daşınması üçün Rusiya marşrutundan istifadə edirdi. Rusiyanın rəsmi statistikasına görə, 2021-ci ildə ölkənin dəmir yolu vasitəsi ilə yük daşımalarında əsas artım Çin-Avropa-Çin marşrutunun payına düşüb. Lakin 2022-ci ilin martından Çin Rusiya vasitəsilə daşımaları dayandırıb, bu isə Avropa ilə ticarətə mənfi təsir göstərib, Çinin Aİ-dəki mövqelərinin zəifləməsinə yol açıb. Bu isə şübhəsiz ki, özünü istər ölkənin iqtisadi göstəricilərində, istərsə də Avropaya təsir imkanlarında göstərir.

Lakin Rusiya ilə Çinin zəifləməsi, ABŞ-ın isə güclənməsi Aİ-nin aparıcı dövlətlərinin siyasi elitası arasında o qədər də arzuolunan hal kimi qəbul edilmir. Hesab olunur ki, bu, Aİ liderlərinin uzunmüddətli maraqlarının zərərinə ola bilər. Avropa ölkələrinin bir çox siyasi dairəsi onilliklər üçün maraqlarını istər Rusiya, istərsə də Çin ilə əməkdaşlıq üzərində qurub. Onlar bu yolla ABŞ-ın təsir imkanlarını balanslaşdırmağı, öz mövqelərini gücləndirməyi düşünürlər. Bu gün həmin Avropa ölkələrinin əksəriyyəti Rusiyanın fəaliyyətini pisləsələr də, ABŞ-a qarşı yeganə güc kimi Moskvaya üstünlük verməyin yanlış olduğunu etiraf edir və bundan təəssüflənirlər.

 

Avropa öz ordusunu arzulayır

Belə bir şəraitdə avropalı siyasətçilər arasında Avropa Ordusu ideyası getdikcə daha çox aktuallıq qazanır. İndi ona yalnız birləşmiş Avropanın hərbi dayağı kimi yox, həm də ABŞ-ın artmaqda olan hərbi-siyasi nüfuzuna qarşı yeganə əks güc kimi yanaşılır.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel mayın 22-də özünün həftəlik bloqunda bu mövzuya xüsusi diqqət ayırıb. O, bildirib ki, Ukrayna müharibəsi Avropa İttifaqı üçün müdafiə sahəsində səylərin birləşdirilməsi üçün siqnal olmalıdır. «Bizə müasir, operativ Avropa Silahlı Qüvvələri lazımdır», - deyə Borrel qeyd edib. Bununla yanaşı, Aİ-nin bir çox üzvü müdafiə xərclərini artırmaq niyyətini açıqlayıb. «Lakin vacib olanı onların sadəcə daha çox xərcləmələri yox, həm də gələcək fraqmentasiyanı birlikdə önləmələridir. Hər bir dövlət müdafiə xərcini artırarsa, öz mövcud xərclərini «iks»a vurarsa və bunu Avropa koordinasiyası olmadan müstəqil şəkildə edərsə, nəticə, güman ki, əbəs yerə vəsait xərcləmək olacaq», - deyə Borrel bildirib.

Avropa diplomatiyasının başçısını bu məsələdə nəinki Aİ rəhbərliyi, həm də Fransa ilə Almaniya dəstəkləyir. Polşa, Rumıniya, Yunanıstan və bir sıra Şərqi Avropa ölkələri isə məsələyə skeptik yanaşır. Onlar NATO-ya alternativ görmür və ABŞ-ın onların təhlükəsizliyinin təminindəki aparıcı rolunu qəbul edir. Brüsselə öz ordusuna əsaslanan müstəqil təhlükəsizlik sistemi lazımdır. Bu, onun daha müstəqil xarici siyasət yürüdə bilməsi, obrazlı desək, Ramştayn toplantısından daha az asılı olması üçün vacibdir.

 

Qəribə Davos

Bu arada, Amerika xarici siyasətinin patriarxı Henri Kissincer mayın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Qərbi Ukraynada Rusiya qoşunlarına sarsıdıcı zərbə endirmək cəhdlərinə son qoymağa çağırıb. Onun fikrincə, Avropanın uzunmüddətli sabitliyi baxımından bunun faciəvi nəticələri olacaq.

Kissincerin bəyanatı «New York Times» nəşrinin mayın 19-da maraqlı yazı ilə çıxış etməsindən sonraya təsadüf edib. Qəzet yazır ki, Ukrayna sülhə nail olmaq üçün «ərazisi ilə bağlı ağrılı qərarlar qəbul etməlidir».

Kissincer ABŞ-Çin münasibətlərinin bərpasında, Birləşmiş Ştatlarla SSRİ arasında dialoqun inkişafında istisna rol oynamış strateq kimi tanınır. Onun fikrincə, Amerikanın strateji rəqibləri müasir beynəlxalq təhlükəsizlik sisteminin vacib elementləridir və onlar mümkün xaosun qarşısının alınmasında önəmli rol oynayırlar. Kissincer təsadüfən hesab etmir ki, Rusiya 4 əsr ərzində Avropanın aparıcı hissəsi olub və həlledici məqamlarda Avropa üçün qüvvələr balansının qarantı kimi çıxış edib. Avropalı liderlər uzunmüddətli münasibətlərin perspektivini nəzərdən qaçırmamalı, Rusiyanı Çin ilə əbədi müttəfiqliyə tərəf itələməməlidirlər.

Ən təəccüblüsü Kissincerin Ukraynanın Krım, Donetsk və Luqanskı Rusiyaya gəzəştə getməli olduğuna dair fikirləridir. Onun fikrincə, Rusiyanın hücumu dayandırması üçün Kiyev məhz bu addımı atmalıdır. Kissincer əmindir ki, Qərb Ukraynanı Rusiya ilə müharibədən əvvəlki status-kvonun bərpası haqda danışıqlara razı salmalıdır.

Bu bəyanatlar dünyanın bir sıra liderlərinin Rusiyaya təzyiqləri artırmaq, Ukraynaya isə daha ciddi dəstək verməklə bağlı çağırışlarından sonraya təsadüf edib. Məsələn, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, müharibə yalnız «Ukraynanın sağ qalması məsələsi» və ya «Avropanın təhlükəsizliyi məsələsi» deyil, həm də «bütünlükdə dünya birliyinin qarşısında duran vəzifə»dir. O, Rusiya prezidenti Vladimir Putinin «dağıdıcı hiddəti» ilə bağlı təəssüfünü ifadə edib, lakin bildirib ki, Moskva günlərin birində Avropadakı yerini geri qaytara bilər. Bunun üçün o, «demokratiyanın yolunu tapmalı, qanunun aliliyini qəbul etməli, qaydalara əsaslanan beynəlxalq düzənə hörmət etməlidir, çünki… Rusiya bizim qonşumuzdur».

Aİ göstərir ki, o, qapılarını Rusiyanın üzünə birdəfəlik qapamır və müəyyən şərtlərə əməl olunarsa, onunla dialoqu bərpa etməyə hazırdır. Aİ-nin bəzi üzvləri isə hətta indiki şəraitdə belə, Rusiya rəhbərliyi ilə əlaqəni mümkün sayır. Bu, göstərir ki, şəraitin kökündən dəyişməsinə baxmayaraq, Rusiya ilə əməkdaşlığa dair siyasi ənənənin üzərindən xətt çəkmək asan olmayacaq.

 

Zelenski xəbərdarlıq edir

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Qərb Rusiyanın hücumu qarşısında özünü qorumaqda olan Ukraynaya dəstəyin səviyyəsi məsələsində əvvəlkitək iki yerə bölünüb. «Birlik bir silahdır. Sualım belədir ki, təcrübədə bu birlik varmı? Mən görmürəm. Biz Rusiya qarşısında ciddi üstünlüyə o zaman nail olacağıq ki, həqiqətən, bir olaq», - deyə Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukraynadakı vəziyyətin müzakirəsi zamanı bildirib.

Davosda Ukrayna mövzusu qlobal ərzaq böhranı mövzusu ilə birlikdə müzakirə olunub. Dəniz limanlarının bağlanması səbəbi ilə ölkədə qalmış 22 milyon ton taxılın kənara çıxarılması imkanlarının müzakirəsi zamanı tədbirə qiyabi qatılmış prezidenti Vladimir Zelenski ərzaq məhsulları ixracatçısı ölkələrindən ibarət təşkilatın yaradılmasını təklif edib. Bundan əvvəl Ukraynanın aqrar siyasət naziri Nikolay Solski G7 nazirləri ilə görüşdə taxıl ixrac edən ölkələrdən ibarət nüfuzlu təşkilatın yaradılması təklifi ilə çıxış etmiş, onun beynəlxalq bazardakı çağırışları tənzimləyə biləcəyini söyləmişdi.

Amma bu, bu günün işi deyil. Hazırda daha aktual olan məsələ Ukraynanın ixrac üçün nəzərdə tutulmuş taxılının ölkədən çıxarılması və ehtiyacı daha çox olan ölkələrin tələbatının ödənməsi. BMT baş katibinin müraciətinə, Çin rəhbərliyinin çağırışlarına cavab olaraq Rusiya tərəfi bu məsələ ilə bağlı dialoqa başlamağa hazır olduğunu bildirib. Lakin dialoqun kiminlə aparılacağı aydın deyil.

Hələliksə Avropa İttifaqı taxılın xarici bazarlara çıxarılması üçün alternativ marşrutlardan istifadə imkanlarını öyrənir. O, variant kimi Polşa və Litva marşrutlarını təklif edir. Mayın 24-də Ukrayna taxılı daşıyan sınaq qatarı Litvaya çatıb. O, Belarusdan yan keçməklə, Polşa vasitəsilə hərəkət edib. Yaxın günlərdə bu istiqamətdə başqa qatarların da hərəkət edəcəyi gözlənilir.

Bundan başqa, Türkiyə Ukrayna taxılı üçün ixrac dəhlizinin yaradılması üçün Kiyev və Moskva ilə danışıqlar aparır.

Beləliklə, bu məsələdə irəliləyişə nail olunacağına ümidlər yaranıb. Bu, yoxsul ölkələrə ərzaqla bağlı onsuz da ağır olan problemlərini qismən çözmək imkanı yaradacaq. Amma ümid böyük deyil. Çünki müharibə davam edir və demək, qeyri-müəyyənlik də qalmaqdadır. Hazırkı vəziyyətdə isə ən qorxulusu elə qeyri-müəyyənlikdir. Çünki belə şəraitdə ehtimalın ən az olduğu və ən təhlükəli ssenariləri belə, istisna etmək olmaz.



MƏSLƏHƏT GÖR:

96