26 Aprel 2024

Cümə, 12:56

YENİ LAYİHƏLƏR ÜÇÜN “YAŞIL” İŞIQ

Qlobal böhranlar və geosiyasi reallıqlar Azərbaycanda beynəlxalq maliyyə təşkilatlarının prioritetlərini dəyişir

Müəllif:

01.07.2022

Ticarət əlaqələrinin coğrafiyasını və logistikasını dəyişdirən, demək olar ki, bütün ölkələrdə iqtisadi prioritetlərə yenidən baxılmasına səbəb olan dünya bazarlarının qlobal səviyyədə formatlaşdırılması beynəlxalq maliyyə təşkilatlarının fəaliyyət vektorlarına təsir etməyə bilməzdi.

Son illərin qlobal səviyyədə mənfi nəticələri Azərbaycanda da hiss olunur. Ölkəmiz yeni tendensiyaları vaxtında qiymətləndirib. Odur ki, o, “yaşıl enerji” və sənayeyə, innovativ təşəbbüslərə, həmçinin Qarabağ regionunda birgə layihələrə maliyyə vəsaiti cəlb etmək üçün donor strukturlarla fəal əməkdaşlıq edir. Bu yaxınlarda Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı zamanı beynəlxalq maliyyə təşkilatlarının yeni prioritetləri açıqlanıb.

 

Yeni tərəfdaşlar axtarışında...

Avropa İttifaqı (Aİ) və onun maliyyə institutlarının çoxsaylı təşəbbüslərində, BMT strukturlarının hesabatlarında, həmçinin Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) sənədlərində yeni qlobal prioritetlər və sürətlə dəyişən dünyada maliyyə və texniki yardım sahələri müəyyənləşdirilib. Xüsusilə, Ukraynadakı müharibə və bunun nəticəsində meydana gələn humanitar məsələlər və qlobal təhlükəsizlik problemləri kollektiv Qərb ölkələrini Avrasiya məkanında nəqliyyat-logistika dəhlizlərini və enerji resurslarının nəqli marşrutlarını keyfiyyətcə yenidən qurmağa vadar edir. Nəticədə, bütün bunlar həm nəqliyyat alternativi, həm də vacib enerji və digər xammal potensialına malik olan Mərkəzi Asiya dövlətlərinin, Azərbaycan və Türkiyənin əhəmiyyətini xeyli artırıb.

Əslində, qlobal ərzaq və yanacaq bazarlarında böhranlı vəziyyət, inflyasiyanın artması, maliyyə bazarlarında yüksək volatillik Avropa və ABŞ-ı inkişaf etməkdə olan ölkələrə münasibətdə ticarət maneələrini azaltmağa sövq edir, həmçinin onlarla texnoloji əməkdaşlığın genişləndirilməsinə təkan verir. Rusiya ilə qarşıdurmanı və yaxın perspektivdə Qərb ilə Çin arasında münaqişənin güclənəcəyini (“ticarət müharibələr”i və Tayvan ətrafında vəziyyət) nəzərə alsaq, Avropa və Şimali Amerika ölkələrinin iqtisadiyyat sahəsində siyasətlərinin yenidən istiqamətləndirilməsinin aktual olduğunu söyləyə bilərik.

Yeri gəlmişkən, hazırda Qərb ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin məhdudlaşdırılması prosesi gedir. Daha əvvəl Çinlə bağlı da oxşar proseslər baş verib. Son vaxtlar ABŞ, Yaponiya və Koreya Respublikasının transmilli şirkətləri sənaye və yüksək texnologiyalar sahəsində fəaliyyət vektorunu Cənub-Şərqi Asiyanın digər ölkələrinə, həmçinin Hindistana istiqamətləndirir və bu bölgələrdə istehsalı lokallaşdırır. Söhbət ondan gedir ki, Qərbin texnoloji cəhətdən inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrdə yeni tərəfdaşlar və müttəfiqlər axtarmağa məcburdur. Odur ki, Qərb belə ölkələri 2030-cu ildə enerji keçidi proseslərində iştirak etməyə, bərpa olunan enerji mənbələri, yüksək informasiya  texnologiyaları sahələrinin və startapların inkişafına cəlb edir. Eyni zamanda onlara infrastruktur və sənaye müəssisələri sahələri ilə bağlı daha böyük dəstək verirlər.

Doğrudur, hazırda bu əsas tendensiyalar tədricən formalaşır. Amma sürətlə dəyişən geosiyasi reallıqları nəzərə alsaq, onların tez bir zamanda strukturlaşacağını söyləyə bilərik. Bu məqamda qeyd edək ki, Asiya və Yaxın Şərq regionu ilə birlikdə postsovet regionunun bəzi ölkələri də yeni tendensiyaların benefisiarına çevrilə bilər. Əslində, yeni tendensiyalar, ilk növbədə, dünyanın aparıcı beynəlxalq maliyyə təşkilatlarının MDB ölkələrinə, xüsusən də Azərbaycana münasibətdə strategiyalarının dəyişməsində özünü göstərib.

 

...və yeni əməkdaşlıq sahələri

2022-ci ilin əvvəlindən Qərbin iqtisadiyyat sahəsində yürütdüyü siyasətinin aparıcı beynəlxalq maliyyə təşkilatları Azərbaycan üçün yeni maliyyə təklifləri səsləndirməyə başlayıb. Söhbət bərpa olunan enerjinin inkişafına və iqlim dəyişikliyi ilə mübarizəyə, dördüncü sənaye inqilabı texnologiyalarından istifadəyə, həmçinin sənaye və kənd təsərrüfatı sektorunun rəqəmsallaşdırılması prosesinə dəstək göstərən layihələrdən gedir. Oxşar perspektivlər iyunun sonunda Bakıda keçirilən QDTİB-nin 24-cü illik toplantısı və beynəlxalq maliyyə təşkilatlarının iştirak etdiyi biznes forumu zamanı da müzakirə olunub.

Bu arada, ötən ildən qlobal böhranlar və dəyişən bazar şəraiti ilə əlaqədar əksər beynəlxalq maliyyə təşkilatları kredit axınlarını şaxələndirərək maliyyələşdirmə strukturunu dəyişməyə başlayıb. QDTİB, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), BMK, DB-nin bir sıra forum və proqramlar zamanı elan etdiyi yeni prioritetləri ona əsaslanır ki, Azərbaycanda kapital və infrastruktur layihələrinin, o cümlədən ənənəvi enerji və neft-qaz logistikasının uzunmüddətli maliyyələşdirilməsinə tələbat qismən azalıb. Buna görə də beynəlxalq maliyyə təşkilatları qısamüddətli perspektivdə maliyyə vektorunu alternativ enerji sahəsinə, qeyri-neft sektorunun şaxələndirilməsinə, kiçik və orta biznesə kredit dəstəyini artırmağa, rəqəmsal transformasiya sahəsində investisiya axınının dəstəklənməsinə, 4-cü sənaye bazasının formalaşdırılmasına istiqamətləndirməyi planlaşdırır.

Qeyd edək ki, belə planlar xüsusən QDTİB tərəfindən irəli sürülür. Məsələn, Qara Dəniz Ticarət və İnkişaf Bankı ticarət sahəsinin maliyyələşdirilməsinə, kiçik və orta biznesə kredit dəstəyinin əhəmiyyətli dərəcədə artırılmasına hazırdır. Üstəlik, o, Azərbaycan banklarına kreditlərin verilməsini genişləndirməyə, həmçinin ümumi məbləği 50 milyon manat olan yerli valyutada istiqrazların yeni emissiyalarını həyata keçirməyə hazırdır.

Bundan başqa, QDTİB-in digər, az əhəmiyyətə malik olmayan fəaliyyət sahəsinə “yaşıl enerji”yə, iqlim gündəmi ilə bağlı digər sektorlara və sosialyönümlü layihələrə kreditlərin verilməsinin genişləndirilməsi daxildir. Adıçəkilən bank öz maliyyə resursları ilə yanaşı, Şimali Avropa ölkələrinin “Nordic Investment Bank” kimi tərəfdaş strukturlardan kreditləri bərpa olunan enerji layihələrinin kapitallaşdırılmasına cəlb etməyi planlaşdırır və bu prosesə artıq start verilib. Əməkdaşlığın digər prioritet istiqaməti isə QDTİB-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin infrastrukturunun və mənzil fondunun bərpasına maliyyə vəsaitinin ayrılması, həmçinin Qarabağda “yaşıl enerji” zonasının formalaşdırılması layihələrinin dəstəklənməsidir.

“Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycana investisiya qoyuluşları 2023-cü maliyyə ilində arta bilər”, -  Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Bakı forumunda bildirmişdi.

Onun sözlərinə görə, BMK Azərbaycan hökuməti ilə “yaşıl” layihələrdə, bərpa olunan enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə, həmçinin sadalan sahələrdə həll yollarının və layihələrin hazırlanmasında iştirak edən özəl biznesə dəstək verməyə hazırdır.

Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyasının əsas səyləri həm də Azərbaycana dənizdə külək enerjisinin inkişafına dəstək göstərməyə istiqamətlənib. Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın “Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi” təqdim edilib. Bu yol xəritəsinə əsasən, külək enerjisinin potensialı 2040-cı ilə qədər 7,2 GVt-a çata bilər. Bununla, ölkənin enerji təchizatının 37%-nin təmin olunması mümkündür.

Bu arada, Azərbaycanın digər aparıcı donorla - Dünya Bankı ilə də əlaqələri inkişaf edir. Qeyd edək ki, BMK məhz bu maliyyə institutunun üzvüdür. Belə ki, Dünya Bankı ölkəmizi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji proqramı və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilən layihələrin icrasında dəstəkləmək niyyətindədir. Söhbət sadalanan sənədlərdə nəzərdə tutulan informasiya texnologiyaları üzrə startapların, IoT texnologiyalarının və 4-cü sənaye sahəsinin digər elementlərinin inkişafından gedir.

Bundan başqa, Dünya Bankı “yaşıl iqtisadiyyat və enerji” sahəsinin inkişafına donor yardımı göstərməyə, Azərbaycanın azad edilmiş ərazilərində layihələrə texniki dəstək verməyə hazırdır. BMT, DB və Aİ-nin ekspertlərindən ibarət missiyanın ölkəyə səfəri zamanı belə perspektivlər öyrənilib. Qeyd edək ki, ölkənin azad edilmiş ərazilərində bərpa və yenidənqurma ilə bağlı ehtiyacları “Sülhün bərpası və inkişafı yollarının qiymətləndirilməsi” metodologiyası əsasında qiymətləndirilib. Missiyanın nümayəndələri işğaldan azad edilmiş ərazilərə - Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

Bu arada, bu ilin fevralında Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti üzrə İnzibati Sazişi imzalayıb. Azərbaycan hökumətinə ayrılan 5,25 milyon avro məbləğində maliyyə yardımı Qarabağda “yaşıl enerji” sahəsinin inkişafının komponentlərini də əhatə edir. 

 

Avropanın “yaşıl enerji” ilə bağlı vurğuları

Azərbaycanın Aİ ilə əməkdaşlığı çərçivəsində və AYİB-in yeni proqramlarında “yaşıl” transformasiya sahəsində ən irimiqyaslı tədbirlər nəzərdə tutulub. Məsələn, ölkəmiz Aİ və AYİB-in “Yaşıl şəhərlər” təşəbbüsünə qoşulub və bu ilin may ayından Avropa Bankı Gəncədə iki ekoloji təşəbbüsdə iştirak edir. Belə ki, bərk məişət tullantılarının yığılması (zibillərin yığılması, küçələrin təmizlənməsi) infrastrukturunun müasirləşdirilməsi layihəsinin həyata keçirilməsi, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməliyyat və maliyyə səmərəliliyinin yüksəldilməsi üçün şəhər icra hakimiyyətinə 10 milyon avro kredit ayrılıb. AYİB-in 12,5 milyon avroluq daha bir maliyyə vəsaiti (10 milyon avro kredit və 2,5 milyon avro qrant şəklində) yaxın zamanlarda Gəncədə küçələrin işıqlandırılması sisteminin təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Beləliklə, AYİB-in 2019-2024-cü illər üçün Azərbaycan üzrə ölkə strategiyası enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi və bərpa olunan enerji istehsalı potensialının formalaşdırılması üçün geniş imkanlar nəzərdə tutur. Yaxın perspektivdə isə yenidən dirçələn Qarabağda AYİB-in dəstəyi ilə “yaşıl enerji” ilə bağlı oxşar layihələr həyata keçirilə bilər.

Bu arada, Azərbaycan ilə Aİ arasında əməkdaşlıq investisiyalar və birgə layihələr sahəsində də fəal inkişaf edir. Son 10 ildə Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Hazırda ölkəmizdə Aİ-nin 700-dən çox şirkəti fəaliyyət göstərir. Son zamanlar Avropa şirkətlərinin investisiya fəallığının vektoru ənənəvi enerji və nəqliyyat sektorlarından qeyri-neft iqtisadiyyatına yönəlib. Bu, kifayət qədər böyük maliyyə mənbələri vasitəsilə dəstəklənir.

Yeri gəlmişkən, bir müddət əvvəl Avropa İttifaqı Azərbaycanda investisiya proqramlarına və kiçik biznesə dəstək proqramlarına qoşulub. Bu məsələlərə, həmçinin “yaşıl” texnologiyaların və digər innovativ sahələrin inkişafına 2 milyard avroya yaxın vəsait ayrılıb. Donor yardımının artan həcmləri nəzərə alınaraq, Abşeron və Qarabağda külək və günəş elektrik stansiyalarının tikintisində iştirak etməkdə maraqlı olan Avropa şirkətləri ilə danışıqlar aparılır. Belə ki, Avropa biznesi AYİB-in dəstəyi ilə kiçik su elektrik stansiyalarının modernləşdirilməsi, həmçinin Kiçik Qafqazın çaylarında yeni su elektrik stansiyalarının tikintisi layihələrində də iştirak edə bilər.

Bir sözlə, həm beynəlxalq maliyyə təşkilatları, həm də Azərbaycan üçün qarşılıqlı maraq doğuran layihələr çoxdur. Burada əsas məsələ kredit şərtlərinin hər iki tərəf üçün sərfəli olmasıdır.



MƏSLƏHƏT GÖR:

104