19 May 2024

Bazar, 02:31

SÜLH SƏFƏRİ

ABŞ prezidentinin səfəri Yaxın Şərqə təhlükəsizlik və sabitlik gətirəcəkmi?

Müəllif:

01.07.2022

ABŞ prezidenti Cozef Bayden iyulun 13-16-da Yaxın Şərq səyahətinə çıxacaq. Bu, ABŞ dövlət başçısının Yaxın Şərq regionuna ilk səfəridir. Artıq səfər proqramı da məlumdur.

C.Bayden əvvəlcə İsrailə gedəcək, bu ölkənin baş naziri Yair Lapid ilə görüşəcək. Oradan isə səfərin ikinci dayanacağı olan Ramallaha səfər edib Fələstin dövlət başçısı Mahmud Abbasla bir araya gələcək. Nəhayət, onun səfərinin sonuncu dayanacağı Səudiyyə Ərəbistanı olacaq.

Bundan başqa, C.Bayden Ciddə şəhərində Körfəz Əməkdaşlıq Təşkilatının konfransında təşkilat üzvü olan 6 ölkə ilə yanaşı, əlavə olaraq Misir, İordaniya və İraq liderləri (KƏT+3) ilə toplantıda iştirak edəcək.

Artıq rəsmi Vaşinqton səfəri təsdiqləyib, prezident Bayden özü də Delaver ştatında jurnalistlərlə söhbəti zamanı bu səfərlə bağlı bəzi suallara cavab verib. O bildirib ki, səfərin əsas məqsədi regiona sülh gətirməkdir: “Mənim vəzifəm bacardığım qədər regionda sülhü təmin etməkdir. Mən bunu etməyə çalışacağam”.

ABŞ prezidentinin Yaxın Şərq regionuna səfəri dünyada və regionda gərginliyin yüksək olduğu bir zamana təsadüf edir. Söhbət son həftələrdə İsraillə İran arasında yüksələn gərginliyin hərbi qarşıdurma riskini artırmasından gedir. Eyni zamanda Səudiyyə Ərəbistanına səfər bir sıra məqamlarına görə xüsusi maraq və diqqət cəlb edib.

Cənab Baydenin ilk səfər dayanacağı İsrail olacaq. Bu da təsadüfi deyil, ABŞ prezidenti ölkəsinin İsrailə yenilməz dəstəyini nümayiş etdirəcək və bu ölkənin yanında olduğunu bir daha göstərəcək. Bu, necə deyərlər, səfərin protokol hissəsidir. Amma bu səfər həm də iki məqama görə xüsusi diqqət cəlb edir. Birincisi, Baydenin iqtidarı dövründə ABŞ-İsrail münasibətlərində müşahidə olunan soyuqluq, İsrail-Çin yaxınlaşması və ikincisi, İran mövzusu.

 

Mühüm amillər

Əslində, hər iki mövzu bir-birinə bağlıdır. Demokratların, xüsusən də sonuncu iki demokrat prezidentin dövründə ABŞ-İsrail münasibətlərinə İran amili kölgə salıb. ABŞ demokratları İranla nüvə məsələsini danışıqlar – diplomatik yolla həll olunması siyasətini aparır. Baydenin vitse-prezident olduğu Barak Obamanın hakimiyyəti dövründə İranla əldə olunan nüvə sazişi İsrailin ciddi reaksiyasına səbəb olmuşdu. Hətta baş nazir Netanyahu görüş ala bilmədiyi prezident Barak Obamaya “cavabı” konqresdə çıxış etməklə vermişdi.

Demokratların hazırkı İran siyasəti də oxşardır: problemi danışıqlar masasında həll etmək. Doğrudur, hələlik bu mümkün olmur, amma danışıqlar davam edir və Vaşinqton İranla nüvə razılaşması ehtimalını rədd etməyə tələsmir. İsrail isə İran məsələsində daha kəskin mövqeyə malikdir. Yəhudi dövləti İranın nüvə silahı əldə edəcəyini düşünür və Tehranın Yaxın Şərqdə İsraili təkləmək fəaliyyətinə qarşı sərt addımların, hətta son çarə olaraq nüvə və hərbi obyektlərin vurulmasını təklif edir.

Son həftələrdə yüksələn İran-İsrail gərginliyi, hər iki tərəfin qarşılıqlı olaraq bir-birini sui-qəsd və terrorda ittiham etməsi hərbi qarşıdurma riskinin yüksək olduğu barədə narahatlığa səbəb olub. Bəzi ehtimallara görə, İsrail rəsmiləri İranın uran zənginləşdirilməsi prosesində son mərhələdə olduğunu və bunun qarşısını almaq üçün hərbi müdaxilə təklif edir.

Bütün bunlara görə Baydenin səfəri İsrail rəhbərliyini sakitləşdirmək, ABŞ-ın təhlükəsizlik təminatını yeniləməsi və ən əsası müharibə riskini ortadan qaldırması cəhdi kimi qiymətləndirilir. Başqa sözlə, ABŞ prezidentinin dediyi kimi, o, bacardığı qədər regiona sülh gətirməyə çalışacaq.

ABŞ-İsrail münasibətlərində ikinci həssas məsələ, İsrailin Çinlə yaxınlaşmasıdır. Çinin İsraildə bəzi infrastruktur layihələrinə sərmayə qoymaq təklifi Vaşinqtonun sərt etirazı ilə qarşılaşıb. Buna görə də ABŞ rəhbərliyi həm də İsraillə münasibətlərdəki belə narazılıq doğuran məqamları aradan qaldırmağa çalışacaq.

Baydenin Fələstin muxtariyyəti lideri Mahmud Abbasla görüşü İsrail səfərinin “kölgəsində” qalsa da, Tramp dövründə pisləşən ABŞ-Fələstin münasibətlərinin qaydaya salınması baxımından diqqətəlayiqdir. ABŞ prezidenti Fələstin münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini ifadə edəcək. Bu, həm də İsrail təhlükəsizliyi baxımından vacib addımdır, çünki Mahmud Abbas Fələstində radikal qrupların qarşısında dayanan əsas maneələrdən biridir.

 

Şərqin Ərəbistan prioritetləri

Cozef Baydenin Yaxın Şərqə səfərinin əsas diqqət çəkən hissəsi Səudiyyə Ərəbistanı mərhələsi olacaq. ABŞ prezidenti Fələstindən sonra Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedəcək. Burada ölkə rəsmiləri ilə görüşəcək və Körfəz Əməkdaşlıq Təşkilatı, eləcə də təşkilata daxil olmayan 3 ərəb ölkəsinin – Misir, İordaniya və İraq – birgə sammitində (KƏT+) iştirak edəcək.

Təbii ki, bu səfərdə ən çox diqqəti cəlb edən məqam Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşlərdir. ABŞ prezidentinin Krallığa səfərində 3 əsas ana mövzu var. Birincisi, neft qiymətləri və Səudiyyə Ərəbistanının dünya bazarına daha çox neft çıxarması, ikincisi, Yəmən müharibəsi və nəhayət, Rusiya və Çinin regiona artan təsirləridir. Sonuncu mövzu yalnız Səudiyyə Ərəbistanını deyil, regiondakı ərəb dövlətlərini əhatə edir.

Yeri gəlmişkən, Vaşinqton Rusiya XİN rəhbəri Sergey Lavrovun Yaxın Şərqin ərəb ölkələrinə səfərini narahatlıqla izləyib. Baydenin Ərəbistana səfərinin ən çox müzakirə və suallara səbəb olan hissəsi isə onun krallığın faktiki hakimi, vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüdür.

Məlum olduğu kimi, əvvəllər Bayden Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman haqqında sərt ifadələr səsləndirmişdi. ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri gündəmə gələndə jurnalistlər ilk olaraq məhz bu məsələni, yəni Baydenin vəliəhdlə görüşünün olub-olmayacağını soruşmuşdular.

Ağ Evin sözçüsü Karin Jan-Pyer isə bildirib ki, ABŞ prezidentinin jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Eyni zamanda o əlavə edib ki, bu səfər zamanı ABŞ dövlət başçısı diplomatiyaya əsaslanacaq və Yaxın Şərqdə sülhün əldə olunması prioritet mövzu olacaq. Bundan başqa, terrorla mübarizə, Yəmən müharibəsi və iqlim mövzuları da müzakirə olunacaq. Qeyd edək ki, KƏT+ ölkələri sammitinə vəliəhd-şahzadə Məhəmməd bin Salman sədrlik edəcəyi üçün ABŞ prezidentinin onunla görüşəcəyi qətiləşib.

ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə nəzər saldıqda, hazırda iki ölkə münasibətlərinin heç də rəvan olmadığını və bunun kökünün əvvəlki illərə qədər gedib çıxdığını görmək olar. Əslində, ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri Barak Obamanın hakimiyyətinin son illərində soyuqlaşıb. Səudiyyə Ərəbistanının Yəmənə hücumu və Nyu-York məhkəməsinin 2016-cı ildə 11 sentyabr hadisələrinə görə Səudiyyə Ərəbistanını ittiham edən və təzminat ödəməsinə hökm verən qərarı Vaşinqton-Ər-Riyad münasibətlərini gərginləşdirmişdi.

Lakin Donald Trampın hakimiyyəti illərdə ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrində yaxşılaşma baş verib. 2017-ci ilin mayında iki ölkə arasında 110 milyard dollar dəyərində silahlar müqaviləsi imzalanıb. Lakin 2018-ci ilin oktyabrında “Vaşinqton Post” qəzetinin səudiyyəli yazarı Camal Qaşıqçının krallığın İstanbul Baş Konsulluğunda müəmmalı şəkildə yoxa çıxması və daha sonra öldürüldüyünün məlum olması ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə ciddi zərbə vurub.

Həmin vaxt müxalifətdə olan demokratlar Səudiyyə hakim ailəsini sərt tənqid etmiş və ABŞ-ın sərt addımlar atması üçün hakimiyyətə təzyiq etməyə çalışmışdı. Odur ki, prezident Donald Tramp hər nə qədər əlaqələri qoruyub saxlamağa çalışsa da, əlaqələrdə müəyyən soyuqluq yaranmışdı.

Cozef Bayden ABŞ prezidenti seçildikdən sonra da Vaşinqton-Ər-Riyad əlaqələri yenidən soyuyub. ABŞ prezidentinin Yəmən müharibəsində ABŞ-a dəstəyini dayandırması krallıq üçün ciddi sınaq olub.

Amma indi deyəsən vəziyyət dəyişib. ABŞ-ın Səudiyyə Ərəbistanına ehtiyacı yaranıb. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı başlayandan bəri Qərb ölkələrində enerji qiymətləri kəskin bahalaşıb, ABŞ-da benzinin qiyməti ölkə tarixinin ən yüksək həddinə çatıb. Belə bir vəziyyətdə ABŞ-ın Yaxın Şərqin neft istehsalçısı olan ərəb ölkələrinə, ən əsas da Səudiyyə Ərəbistanına ehtiyacı yaranıb. Bu səbəbdən də, Bayden Kral Salmanın dəvətini qəbul edib, hətta Məhəmməd bin Salmanla görüşməyə də razılıq verib.

 

Körpülər tamamilə yanmayıb

Güman ki, Bayden ərəb neft maqnatlarından daha çox “qara qızıl” hasil etmələrini istəyəcək. Bu, bir mənada Rusiyanın yaratmağa çalışdığı bazar çalxalanmalarını dayandırmaq üçün lazımdır. Digər tərəfdən ABŞ-ın diqqətinin Avropaya qarışması, Çinlə gərginlik fonunda Yaxın Şərqin ərəb hakimiyyətləri İran qarşısında Vaşinqtondan gözlədikləri dəstəyi almadıqları üçün Çin və Rusiya ilə gizli şəkildə yaxınlaşırlar. Bu səfər həm də əlaqələri yenidən bərpa etməyə xidmət edəcək. Ona görə də planlaşdırılan səfərin digər məqsədi də son hadisələr fonunda ABŞ-ın Yaxın Şərqdəki tərəfdaşları ilə keçmiş əlaqələrini bərpa etməsi olacaq. Son hadisələr neft-qazın dünya siyasətində ciddi amil kimi əhəmiyyətini bir daha göstərib.

Baydenin Krallığa səfərinin müsbət nəticə verəcəyini indidən demək olar. Məsələ ondadır ki, Vaşinqton-Ər-Riyad müzakirələri artıq xeyli müddətdir ki, davam edir. Bundan əvvəl may ayında ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə təmsilçisi Brett Makqurk və Dövlət Departamenti təmsilçilərinin də daxil olduğu heyət Ərəbistana səfər edib. Bu səfər zamanı enerji təhlükəsizliyi, beynəlxalq bazarda neft qiymətləri, sabit enerji qiymət siyasəti kimi məsələlər müzakirə olunub.

Bundan başqa, ABŞ-ın Yəmən üzrə xüsusi təmsilçisi də vaxtaşırı Ər-Riyada səfər edərək münaqişənin həlli ilə bağlı müzakirələr aparır. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında soyuq münasibətlər olsa da, “körpülər tamamilə yanmayıb”.

Ər-Riyad ABŞ nümayəndə heyətlərinin ölkəyə tez-tez gəlməyə başlamasından məmnunluğunu gizlətmir. Əlaqələrin yenidən bərpa edilməsi, vəliəhdin ABŞ rəhbərliyi ilə görüşü ötən illərdə pozulan əlaqələrin yenidən qaydaya salınması baxımından uğurlu hadisədir. Vaşinqtonun Yaxın Şərqə diqqət ayırması təhlükəsizlik təminatı baxımından Səudiyyə Ərəbistanı üçün vacib amildir. Xüsusən də İranla müharibə riskinin yüksəldiyi, neft daşımalarının əsas “dəhlizi” hesab olunan Fars körfəzində sabitlik və təhlükəsizliyin olması baxımdan vacib hadisədir. Bu mənada ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərinin nəticəsinin hər iki tərəfi qane edəcəyi gözlənilir.



MƏSLƏHƏT GÖR:

98