19 Dekabr 2024

Cümə axşamı, 16:42

TARİXİ VELOYÜRÜŞ

İşğaldan azad edilmiş Şuşada ilk beynəlxalq turnir keçirilib

Müəllif:

15.07.2022

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk beynəlxalq idman yarışı baş tutub. “Əziz Şuşa” beynəlxalq velosiped yarışı Bakıdan başlayaraq Şuşada sona çatıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə reallaşan turnirin birinci mərhələsi Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında start götürüb. Yarışın açılış mərasimində 8 ölkəni – Azərbaycan, Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan və Özbəkistanı təmsil edən 13 komandadan ümumilikdə 75 idmançı tədbir iştirakçılarına təqdim olunub. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev çıxış edərək Prezident İlham Əliyevin yarış iştirakçılarına salamlarını çatdırıb və uğurlar arzuladığını bildirib.

O bildirib ki, yarışın keçirilməsində əsas məqsədlərdən biri də gənclərin beynəlxalq yarışlarda iştirakını situmullaşdırmaq və dünya velosiped ailəsi ətrafında sıx birləşməkdən ibarətdir.

İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar. Bu növ üzrə ən yüksək nəticə göstərən velosipedçi Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunda çıxış edən Azərbaycanın elit milli komandasının üzvü Elçin Əsədov (26 dəqiqə 18 saniyə) olub. O, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın elit milli komandasının digər üzvü Musa Mikayılzadə (26 dəqiqə 31 saniyə) gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov (26 dəqiqə 58 saniyə) isə bürünc medala layiq görülüb. Birinci mərhələnin nəticələrinə görə, Elçin Əsədova yarışın lider idmançısı olduğuna görə sarı köynək təqdim edilib.

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi Füzulidə başlayıb. 75 idmançının qatıldığı yarışın bu mərhələsi Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısına qədər davam edib. İdmançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa edilən “Zəfər Yolu” ilə 71 kilometr məsafədə şose velosipedinin qrup ötüşməsi növündə güclərini sınayıblar.

İkinci mərhələnin nəticələrinə görə, Elçin Əsədov hamıdan sürətli olaraq qızıl, Özbəkistanın “Tashkent City” klubunun üzvü Akramjon Sunnatov gümüş, Monqolustan milli komandasının üzvü İderbold Bold isə bürünc medal qazanıb. Yarışın lideri olduğuna görə Elçin Əsədova ikinci dəfə sarı köynək təqdim edilib.

Beləliklə, iki günün yekunlarına əsasən komanda proqramında 1-ci yerə Türkiyənin “Sakarya BB Pro Team”, 2-ci yerə Özbəkistanın “Tashkent City” klubu, 3-cü yerə isə Monqolustan milli komandası çıxıb.

Şuşa qalasının önündə keçirilən mükafatlandırma mərasimində Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının adından yarışın qalibi Elçin Əsədova 3 otaqlı mənzil hədiyyə edib.

 

Tarix belə yazılır

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı Şuşada baş tutan ilk beynəlxalq idman tədbiri kimi tarixə düşdü. “Gələcəkdə turnirin ənənəvi olaraq hər il keçiriləcəyi gözlənilir”, - gənclər və idman naziri Fərid Qayıbov bildirib: “Şuşada ilk beynəlxalq turnir yüksək səviyyədə keçirildi. Yarışda təşkilatçılığa görə Azərbaycan Velosiped Federasiyasına, onların tərəfdaşlarına, könüllülərə, ümumiyyətlə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanın qəhrəman oğulları çox çətin yollarla və böyük şücaət göstərərək Şuşaya qalxıblar. Allah şəhidlərimizə rəhmət eləsin! Düşünürəm ki, bu yarışları ənənəvi keçirmək olar. Bu barədə Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevlə də danışmışıq. Bu ənənəni davam etdirmək niyyətindəyik. Həm Şuşada, həm də Qarabağın digər şəhərlərində yerli, həmçinin beynəlxalq yarışlar keçiriləcək”.

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi Elçin Əsədov bu yarışda qələbə qazanmağı əsas məqsəd hesab etdiyini bildirib: “Özümə söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam. Allah bütün şəhidlərimizə rəhmət eetsi! Ali Baş Komandanımıza və qazilərimizə cansağlığı arzulayıram. “Dəmir yumruq” yerindədir. Onun gənc igidləri öz sözünü dedi. Bu turnirin qalibi olmaq böyük sevincdir”.

35 yaşlı Əsədov ilin sonuna kimi idman karyerasını bitirəcəyini istisna etməyib: “Bu, mənim müqavilələrimdən asılı olacaq. Uzun sözləşmə olsa, davam etmək şansım var. Amma indiki durumda karyeramı bitirmək gündəmdədir. Karyeramı bitirmək üçün bundan gözəl yer ola bilməz”.

 

Gələcək planlar

Veloyürüşün təşkilatçıları gələn il Şuşada keçiriləcək yarışlara daha da çox idmançı cəlb etməyi planlaşdırırlar. Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Qarabağın digər bölgələrində də yarışların keçirilə biləcəyini söyləyib: “Hər il belə turnirlər təşkil etmək planımızda var. Zəfər yolu peşəkar velosipedçilər üçün çox maraqlıdır. 71 kilometr uzunluğu olan yolda yoxuşun hündürlüyü 2450 metrə yaxındır. Bu da velosipedçilərə maraqlı gəlir”.

“Bu gün ulu öndər Heydər Əliyevi yada salmamaq olmaz. Onun ruhu buradadır. Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Onun nəticəsidir ki, Prezidentimiz 2020-ci ildə 44 gün ərzində torpaqlarımızı bizə qaytardı. Bu gün qısa zamanda gözəl infrastruktur hazırlanıb. Müxtəlif ölkələrin təmsilçiləri də yolun çox yaxşı olduğunu bildiriblər. Turnir “Zəfər Yolu”nda baş tutdu. Prezident İlham Əliyev tərəfindən çəkilən bu yolda belə yarışın keçirilməsi bizim xalqımızın, belnəlxalq velosiped idmanının beynində həkk olunacaq və tarixən qalacaq, - deyə  M.Quliyev bildirib.



MƏSLƏHƏT GÖR:

169