20 May 2024

Bazar ertəsi, 05:36

«ZƏHƏRLİ» LİDER

Boris Consondan sonra Britaniya hökumətinə kim rəhbərlik edəcək?

Müəllif:

15.07.2022

Britaniya mühafizəkarları 2019-cu ildə Boris Consonu özlərinə lider seçərkən əmin idilər ki, başqalarının qələbə qazana bilməyəcəyi yerlərdə məhz o, qalib gələ bilər. Əvvəldə belə də oldu. Conson partiyasına ölkənin elə yerlərində tərəfdarlar topladı ki, əvvəllər mühafizəkarlar bu bölgələrdə qələbəni ağıllarından belə keçirə bilmirdilər. Nəticədə, təxminən, 3 il əvvəl Conson mühafizəkarlara 1987-ci ildən sonrakı dövrün ən ciddi qələbəsini qazandırdı – partiya Nümayəndələr Palatasında yerlərin 55%-dən çoxuna sahib çıxdı. Belə bir vəziyyətdə onun Dauninq-stritdə onilliklərlə, hətta daha çox qala bilmə perspektivi kifayət qədər real görünürdü. Lakin heç 3 il keçmədi ki, hər şey qəflətən sona çatdı. Bəli, Boris Conson həm öz deputatlarının, həm partiyanın 100 minlərlə sıravi üzvünün, istərsə də 67 milyon britaniyalının dəstəyini itirdi. İyulun əvvəlində onlarla nazirin istefa verməsi ilə isə onun liderliyi darmadağın oldu. Conson elə öz partiyası üçün elə bir «zəhər»ə çevrildi ki, sabiq baş nazir Con Meycor kimi nüfuzlu həmkarları belə, onu xələfinin müəyyənləşməsini gözləmədən, dərhal istefa verməyə çağırdı. Halbuki Conson özü Mühafizəkarlar Partiyasının qurultayının keçiriləcəyi oktyabr ayınadək hökumətin başında qalmaq istəyirdi…

Beləliklə, tori deputatlar tətilədək – iyulun 21-dək iki əsas namizədi müəyyənləşdirməlidirlər. Sentyabrın 5-də isə partiyanın bütün üzvləri yeni liderlərinin və müvafiq olaraq, baş nazirin kim olacağını müəyyənləşdirməlidir.

Bu, ilk baxışdan çətin iş kimi görünmürdü. Lakin bir anda baş nazir postuna o qədər çox namizəd üzə çıxıb ki, namizədlərin qeydiyyatı prosesini xeyli sərtləşdirmək zərurəti yaranıb. Əks təqdirdə, deputatlar tətilədək iki əsas namizədi müəyyənləşdirə bilməyəcəkdilər. Nəticədə, belə qərara alınıb ki, namizədlərdən yalnız 20 deputatın dəstəyini qazanan şəxslər qeydiyyata düşsün. Halbuki əvvəllər bunun üçün 8 deputatın dəstəyi kifayət idi.

 

Kompromatlar müharibəsi

Consonun istefasından dərhal sonra Mühafizəkarlar Partiyasının lideri postuna bir nömrəli namizəd kimi müdafiə naziri Ben Uollesin adı çəkilirdi. O, Ukraynaya hərbi yardımın əsas memarı və koordinatoru sayılır. Lakin 2019-cu ildə Consonun seçki kampaniyasına başçılıq etmiş Uolles bossunun yeri uğrunda mübarizəyə qoşulmayacağını bəyan edib.

Hazırda əsas favoritlər Penni Mordaunt ilə Rişi Sunakdır. Mordaunt partiyanın sıravi üzvləri arasında aparılan sorğularda liderdirsə, Sunak deputatlar arasında daha çox dəstəyə malikdir.

49 yaşlı Penni Mordaunt Nümayəndələr Palatasında kral hərbi-dəniz donanmasının ehtiyata buraxılmış hərbiçisi olan yeganə qadın deputatdır. Bundan başqa, o, hazırda ticarət siyasəti üzrə nazirdir – iyulun əvvəlində əksər həmkarı nazir postundan istefa verən zaman xanım Mordaunt onların yolu ilə getməkdən imtina edib.

Penni Mordauntun Consonla münasibətlərini «yaxşı» adlandırmaq çətindir. Çünki Tereza Meyin dövründə Mordaunt müdafiə naziri (Britaniya tarixinin ilk qadın müdafiə naziri) idisə, Boris Conson onun vəzifəsini kiçiltmişdi. Güman edilir ki, buna səbəb Mordauntun 2019-cu ildə liderlik uğrunda mübarizədə Consonu deyil, Ceremi Xantı dəstəkləməsi olub.

Penni Mordaunt indiyədək beynəlxalq inkişaf, həmçinin qadınların işləri və bərabərlik naziri postlarını da tutub. 2016-cı ildə o, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi üçün aparılan kampaniyanın əsas fiquru olub, «Brexit»lə bağlı danışıqların getdiyi dövrdə isə müzakirələri aparan birləşmiş komitədə Böyük Britaniyadan olan həmsədrin müavini kimi çalışıb.

Mühafizəkarlar arasında onun indiki çətin mərhələdə partiyanı birləşdirəcəyinə böyük ümidlər var.

42 yaşlı Rişi Sunaka gəlincə, son aylaradək parlamentin mühafizəkarlardan olan əksər üzvü onu Consondan sonra partiyanın lideri postuna əsas namizəd sayırdılar. Sunak əsas siyasi kapitalını Xəzinədarlığın baş katibi, daha sonra isə kansleri olarkən toplayıb. Bu, Böyük Britaniya iqtisadiyyatının koronavirus pandemiyası səbəbindən çətin günlər yaşadığı dövr idi. 2020-ci ilin yazında Sunak insanların pandemiyanı aşması üçün «tələb olunan bütün addımların atılacağını» bəyan edərək bu məqsədlə 350 milyard funt-sterlinqin ayrıldığını açıqlayan zaman onun reytinqi bütün rekordları aşmışdı. Lakin sonradan o, milli sığortanın bahalaşdırılması kimi qeyri-populyar addımlar ataraq, reytinqini xeyli itirib. Sonrakı mərhələdə Sunakın pandemiya dövrünə aid qadağaların pozulmasına görə cərimələrin tətbiqi qərarı ilə də reytinqini bərpa edə bilməyib.

Onun nüfuzuna ən ciddi zərbə isə yazda dəyib. Səbəb Sunakın xanımı Akşat Murtinin xarici gəlirlərindən vergi ödəmədiyi haqda xəbərlərin yayılması olub. Qeyd edək ki, Akşat Murti hindistanlı milyarder, «Infosys» İT xidmətləri nəhənginin həmtəsisçisi Narayana Murtinin qızıdır. O zaman xanım Murti bunu Böyük Britaniyanın rezidenti olmaması ilə əsaslandırıb.

Bundan başqa, Sunak parlamentin Deputatların Maraqları Reyestrində xanımının bütün gəlirlərini göstərməyib. Halbuki nazirlərdən «münaqişəli hesab edilə biləcək» istənilən ailə sərvətinin elan olunması tələbi var.

Bütün bunlara baxmayaraq, Rişi Sunak hələ də mühafizəkar deputatlar arasında böyük dəstəyə malikdir.

Ümumiyyətlə, mühafizəkarların budəfəki lider seçiminin qarşılıqlı kompromatlarla zəngin keçəcəyi gözlənilir.

Bu arada, Boris Conson namizədlərdən heç birini dəstəkləmədiyini bəyan edib. O, özünəməxsus istehza ilə bildirib ki, liderlik uğrunda yarış üçün «Darvin sistemi»ni yaradacaq istənilən şəxsin liderliyinə razıdır.

Solçu-liberal «The Guardian» əmindir ki, qarşıdakı həftələrdə tori nazirlər öz imiclərini xilas etmək, hökumətin görünməmiş iflasına görə bütün məsuliyyəti Boris Consonun üzərinə atmaq üçün əllərindən gələni edəcək, «ağızlarına gələni» danışacaqlar. «Ən inanılmaz olanı bilirsiniz nədir? İndi biz inanmalıyıq ki, bizi gələcəyə Consonun yalan danışdığı, fırıldaqçılıqla məşğul olduğu, düşüncəsizlik üzündən öldürücü pandemiyanın öhdəsindən gələ bilmədiyi vaxtlarda onu şövqlə dəstəkləmiş şəxslər aparmalıdır», - deyə qəzet yazır.

 

Formal lider

Nəzəri cəhətdən nə qədər ki, Boris Conson kraliçaya müraciət ünvanlamayıb, baş nazir səlahiyyətlərindən rəsmən imtina etməyib, o, istefadan əvvəlki öhdəliklərə və hüquqlara malikdir. Reallıqda isə onun hər hansı radikal siyasi qərar qəbul etmək hüququ yoxdur – Conson yeni kabinetə «hər hansı ciddi dəyişikliyə gedilməyəcəyi» vədini verib.

Bununla yanaşı, Boris Conson hələ də Britaniyanı xaricdə təmsil edə bilər. Amma hər hansı real səlahiyyətə malik olmayan Consonla işləmək istəyən dövlət varmı? Onu əvvəllər də çox sevmirdilər. Sadəcə, Britaniyanın faktiki lideri olduğu üçün başqa yol yox idi. Avropada Consonun verdiyi sözlərə çox az adam inanırdı. Bundestaqın Almaniya-Britaniya parlament qrupunun sədri Yens Simmerman deyir ki, «biz hər dəfə hansısa ortaq məxrəcə gəldikdə hiss olunurdu ki, Conson daxili mənfəət naminə ikitərəfli münasibətləri istənilən an qurban verməyə hazırdır».

Böyük Britaniyanın Danimarka və Niderland kimi sadiq müttəfiqləri belə, Consonun «Brexit» danışıqlarında iştirakından sonra ona aşkar səbirsizlik ilə yanaşırdılar. Bu, özünü xüsusilə «Brexit»dən sonra Şimali İrlandiya ilə aparılan danışıqlar zamanı xüsusilə göstərirdi. İrlandiyanın baş naziri Toasiç Maykl Martin danışıqların «gərgin və çətin» keçdiyini deyirdi. O bildirir ki, Consonun gedişi «yenilənmə» üçün imkan ola bilər.

Qeyd edək ki, Conson hökumətinin hazırladığı, «Brexit»dən sonra Şimali İrlandiya ilə dövlətlərarası müqavilənin birtərəfli qaydada yenidən yazıla biləcəyini nəzərdə tutan qanun layihəsi hazırda Böyük Britaniya parlamentindədir. O, Aİ-nin ən laqeyd siyasətçilərini belə, hiddətləndirib. «London razılaşmanı birtərəfli qaydada pozur… və bunu özünün proqnozlaşdırıla biləcək motivləri əsasında edir», - deyə Almaniyanın xarici işlər naziri Annelina Berok bildirib: «Biz Aİ-də bununla barışa bilmərik».

Consonun qeyri-adi davranış tərzi də avropalı həmkarlarını qıcıqlandırır. Məsələn, Conson 2016-cı ilin noyabrında Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə Berlində keçirdiyi görüş zamanı sosial-demokratı yumruqla salamlamağa çalışıb. O zaman Ştaynmayer baş nazirin əlini sıxmaqla ona cavab verib. Fransa prezidenti Emmanuel Makronu isə Boris Consonun hər dəfə beynəlxalq tədbirlərdə rastlaşan zaman Vəhşi Qərb üslubunda atıcı pozası alaraq zarafat etməsi qıcıqlandırır.

Amma Ukrayna məsələsində Conson ilə avropalı liderlər çox sayda ortaq nöqtə tapa biliblər. «Onun Ukrayna ilə bağlı mövqeyi qəti və sarsılmaz idi», - deyə avropalı qəzetlər yazır.

ABŞ prezidenti Cozef Bayden Consonun istefası xəbərini alarkən ABŞ ilə Böyük Britaniya arasındakı «xüsusi münasibətlər»in möhkəmliyini, dayanıqlılığını yüksək qiymətləndirdiyini deyib, lakin bu zaman Conson və ya onun mirası haqda danışmaqdan çəkinib. Amma Bayden Rusiyanın Ukraynadakı əməllərinə Avropanın vahid cavabının təşkilində etibarlı müttəfiq kimi məhz Consona arxalandığını heç zaman gizlətməyib. Onlar Çinin Sakit okeanda artmaqda olan nüfuzuna müqavimət məsələsində də birgə işləyirdilər.

Rusiyanın Boris Consonun istefasına reaksiyası gözlənildiyi kimi olub. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov əbəs yerə deməyib ki, «Conson bizi, həqiqətən də, sevmir, biz isə onu sevmirik». Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə bu hadisənin (Consonun istefasının) «nəsihət tərəfi»nin də olduğunu deyib: «Rusiyanı məhv etməyə çalışmayın».

Baş verənlərdən təəssüfünü bildirmiş yeganə ölkə Ukraynadır. Prezident Vladimir Zelenski Boris Consona istefasını elan etməsindən dərhal sonra zəng vurub, «ən çətin anlarda Ukraynaya göstərdiyi dəstəyə görə» ona təşəkkürünü bildirib.

 

Siyasi dalan

Böyük Britaniyaya liderlik uğrunda davam edən yarışda aşkar favorit yoxdur. Hakim Mühafizəkarlar Partiyası fraksiyalararası mübahisələr səbəbindən parçalanmış haldadır. Lakin partiya daxilində ölkədə yaşanan dərin iqtisadi böhrana necə reaksiya göstərilməli olduğuna dair ciddi fikir ayrılıqları yoxdur. Torilər yeni baş naziri müəyyənləşdirənədək ümumi seçkidən qaçmağı bacarsalar belə, yeni hökumət başçısı siyasi dalandan çıxılması və şəxsi mandat qazanması üçün yenə də seçkiyə getməli olacaq. İstənilən halda, La-Manşın hər iki tərəfində artıq müəyyən rahatlıqla danışırlar: «İndi Böyük Britaniyanın Aİ ilə münasibətlərini bərpa etməyə başlaması üçün real şans yaranıb».



MƏSLƏHƏT GÖR:

95