20 May 2024

Bazar ertəsi, 02:18

KÖKÜNƏ VARANDA

Nə üçün Avropa İttifaqi İranla ABŞ-ı Qətərdə barışdıra bilmədi?

Müəllif:

15.07.2022

ABŞ və İran arasında nüvə danışıqlarının Qətərin paytaxtı Dohada keçirilən növbəti raundu nəticəsiz qalıb. Bu azmış kimi, tərəflər Doha görüşündən sonra daha sərt bəyanatlar verməyə başlayıblar. Bəs Yaxın Şərqin “danışıqlar mərkəzi” hesab olunan Dohada iki gün davam edən danışıqların əsas mövzusu nə idi? Tərəflər nədən uzlaşmaya nail ola bilmədilər?

 

Maneələr

Əslində, Doha danışıqlarının əsas təşəbbüsçüsü və təşkilatçısı Avropa İttifaqı (Aİ) ölkələri idi. Görünür, İranla əlaqələri tamamilə kəsməyə qarşı olan Aİ Cozef Baydenin regiona səfəri öncəsi prosesi sürətləndirmək üçün Dohada növbəti danışıqlar raundu təşkil etməyə qərar verib. İlk baxışdan avropalıların tərəflərə təklifi ağlabatan olub.

ABŞ tərəfdən nüvə müzakirələri üzrə xüsusi təmsilçi Robert Malli bildirib ki, Avropanın təklif etdiyi paketdə İranın nüvə sazişinə yenidən qayıtması, həmçinin ABŞ-ın İrana qarşı sanksiyaları ləğvi ilə bağlı konkret vaxt cədvəli olub. Onun sözlərinə görə, lakin ABŞ bu təklifi qəbul etsə də, İran yox deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə İranı 2015-ci il nüvə sazişində nəzərdə tutulan məhdudiyyətlərdən kənara çıxan “əlaqəsiz tələblər” irəli sürməkdə ittiham edib. Bununla da, Tehranı danışıqlara ciddi yanaşmamaqda günahlandırıb. O, həmçinin hazırda İranla danışıqların yeni raundunun planlaşdırılmadığını bildirib.

İran rəsmiləri isə öz növbəsində Doha danışıqlarının uğursuz olmasına görə ABŞ-ı ittiham edib. Məsələn, xarici işlər naziri Hüseyn Əmir Abdullahian amerikalıları danışıqlara “konkret təklif olmadan gəlməkdə” günahlandırıb.

Abdullahianın ittihamına cavab olaraq Malli deyib ki, Avropa İttifaqı təkliflər paketini masaya qoyub və ABŞ bunu qəbul etməyə hazır olduğunu bildirsə də İran tərəfi konkret cavab verməyib. Eyni zamanda Malli İranın yeni tələblər irəli sürdüyünü və bu tələblərin nüvə sazişi ilə əlaqəsinin olmadığını deyib.

Doha danışıqları ilə bağlı nisbətən detallı açıqlama İranın BMT-dəki səfirindən gəlib. Tehranın BMT-dəki daimi təmsilçisi Məcid Tahtirəvançı müsahibəsində bildirib ki, İslam Respublikası Doha danışıqlarında qarşı tərəfdən növbəti dəfə nüvə sazişinin pozulmayacağı ilə bağlı etibarlı və obyektiv təminat tələb edib. Belə bir təminat isə olmayıb.

Amma “Reuters” agentliyinə danışan bir amerikalı dövlət rəsmisi deyib ki, sazişə ABŞ-ın növbəti hökumətlərinin əməl edəcəyini təmin edən hüquqi bir yol yoxdur. Buna görə də ABŞ İrana razı salacaq alternativ təkliflər üzərində dayanıb.

Qeyd edilən açıqlamalar iki əsas nəticəyə gətirib çıxarır. Birincisi, İran ABŞ-dan gələcəkdə yenidən sazişin pozulmayacağı ilə bağlı təminat tələb edib. Bu isə mümkün olmayıb. Çünki daha əvvəlki təcrübə göstərdi ki, növbəti hökumət sazişdən imtina edə bilər. Məsələn, 2015-ci ildə Obama administrasiyasının imzaladığı nüvə sazişindən Donald Tramp 2018-ci ildə çıxıb, üstəlik, Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edib. Odur ki, Baydeni növbəti 4 ildə İrana qarşı sərt münasibəti olan respublikaçı namizədin əvəz etməyəcəyi və onun da nüvə sazişindən çıxmayacağına təminat vermək texniki olaraq mümkün deyil.

İkinci “düyün nöqtəsi” isə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ilə bağlı olub. İran nüvə sazişinin bərpası üçün ABŞ-dan SEPAH-ın adının terror təşkilatı siyahısından çıxarılmasını tələb edib. Vaşinqton isə bu tələbi birbaşa nüvə danışıqlarına aid olmayan məsələ hesab edərək rədd edib.

 

Həqiqət hardasa yaxındadır...

Doha danışıqlarının təşəbbüskarı Aİ olsa da, bu tərəflər üçün fürsət idi.

Məsələ burasındadır ki, jurnalımızın nəşrə çıxan zaman, yəni iyulun 13-16-da ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərq turu çərçivəsində ilk olaraq İsrailə səfər etməyi planlaşdırır. Daha sonra o, Səudiyyə Ərəbistanına yollanacaq və burada Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək. Güman ki, burada danışıqların əsas mövzuları içərisində İranın nüvə proqramı mövzusu da var. Buna görə də Dohada müsbət nəticələrin olması Vaşinqton üçün indiki zamanda əhəmiyyətli qazanc ola bilərdi. Bayden ABŞ-ın region üzərindəki təsirini göstərmiş olar, digər tərəfdən İsrail və regionun ərəb dövlətlərinin liderlərini sakitləşdirə bilərdi.

Üstəlik, Rusiyanın Yaxın Şərqdəki əsas müttəfiqi İranla nüvə anlaşması Moskva üzərində psixoloji qələbə hesab olunacaqdı. Lakin göründüyü kimi, danışıqlar məhz “detallar”a görə dalana dirəndi.

Görünən odur ki, Vaşinqton administrasiyasının indi İran məsələsində güzəştə getmək imkanları xeyli daralıb. Bir tərəfdən İranın tələbləri nüvə sazişindən kənara çıxır, digər tərəfdən isə ABŞ-da İranla danışıqlara qarşı müxalif olan cəbhənin Bayden administrasiyasına təzyiqləri artır. Buna görə də ABŞ hakimiyyəti nüvə sazişində əldə edəcəyi qazancı üzləşəcəyi çox ciddi təzyiqlərlə müqayisə edərək Tehranın tələblərini rədd edib.

Nüvə danışıqları zamanı ABŞ-ın mövqeyinə təsir edən digər amil Vaşinqtonun regionda əsas prioriteti olan İsrailin təhlükəsizliyidir. Tehran isə raket arsenalı və silahlı qruplarla yəhudi dövləti üçün ciddi təhlükə yaratmaqdadır. Bu mənada İran danışıqlarında görünən mövzu nüvə məsələsi olsa da, alt qatda olan mövzu İranın raket proqramı və ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün təhlükə yaradan silahlı qruplardır.

Əlbəttə, iranlılar da yaxşı bilir ki, Vaşinqton sazişlə bağlı təminat verə bilməz. Hətta versə belə bunun heç bir hüquqi məsuliyyəti olmayacaq. Ancaq Trampın nüvə sazişindən çıxması Tehran üçün indi masada təminat tələbini irəli sürmək üçün əsas verir.

Digər tərəfdən indiki həssas məqamda Tehran Vaşinqtonla nüvə danışıqlarında qarşılıqsız güzəştə getməyə hazır deyil. Başqa sözlə, hər iki tərəf indi ciddi güzəştlərə hazır deyil. İndi İranda gün-gündən daxili iqtisadi vəziyyətin pisləşdiyini nəzərə alsaq, Tehranın nüvə sazişi və sanksiyaların yumşaldılmasına daha çox ehtiyacının olduğunu söyləyə bilərik.  

Bu arada, Doha danışıqları başa çatdıqdan sonra İranda qızılın və xarici valyutanın qiyməti yenidən bahalaşıb. Hökumətin irəli sürdüyü sosial yardım layihələrinə baxmayaraq, iqtisadi vəziyyət günü-gündən pisləşir. Bu isə özünü vaxtaşırı baş verən sosial etirazlarla göstərir.
Lakin İran hakimiyyətinin hazırkı vəziyyətdə əlini gücləndirən iki vacib amil var. Bu amillər İrandakı sosial-iqtisadi vəziyyətlə bağlı hökumətin narahatlıqlarını da azaldır. Birincisi, bütün dünyada, xüsusən də Yaxın Şərq ölkələrində ümumi iqtisadi vəziyyətin pisləşməsidir. Yəni böhran və inflyasiyanın artması əksər ölkələrdə, xüsusən də son 40 ildə ABŞ-ın sanksiyaları altında olan İranda müşahidə olunur.

İkinci mühüm amil isə Ukrayna müharibəsi oldu. Bunun nəticəsində dünyada yeni siyasi və iqtisadi reallıq yaranıb. Son aylarda İran neftinin alıcıları artıb və nəticə etibarilə Tehranın neft gəlirləri yüksəlməyə başlayıb.

Qeyd edək ki, OPEC-in hesabatına əsasən, İranın neft gəlirləri 2021-ci ildə 25,3 milyard dollara çatıb. Bu, 2020-ci illə müqayisədə 3 dəfə çoxdur. Bundan başqa, bildirilir ki, İran son aylarda neft hasilatını gündəlik 400 min bareldən 1 milyon barelə yüksəldib. Proqnozlara əsasən, gələn il İranın neft gəlirləri 50 milyard dollara yüksələcək.

Maraqlıdır ki, bu rəqəm sanksiyaların hələ də qüvvədə olduğu bir vaxtda qeydə alınıb. Başqa sözlə, İran hökuməti mövcud şəraitdən faydalanmağa çalışır və buna qismən də olsa nail ola bilir. Aydındır ki, münaqişənin davam etməsi Tehran üçün yeni fürsətlər yaradacaq. Bunun sayəsində o, Vaşinqtona güzəştlərlə bağlı daha ciddi tələblər irəli sürə bilər.

ABŞ isə əksinə, hazırda yuxarıda qeyd etdiyimiz səbəblərə görə İrana yeni güzəştlərə getməyə hazır deyil. Buna görə də İranla danışıqların növbəti – Doha mərhələsi nəticəsiz başa çatdı.

Amma İran səhifəsinin qapandığını demək hələ tezdir, çünki nüvə müzakirələri yaxın dövrdə yeni formatda və fərqli ünvanda davam edəcək.



MƏSLƏHƏT GÖR:

107