26 Aprel 2024

Cümə, 19:51

DOQQUZUNCU DƏFƏ QRUPDA

Azərbaycanın “Qarabağ” futbol klubu Sürixdə yeni rekorda imza atıb

Müəllif:

01.08.2022

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ardıcıl 9-cu dəfə avrokuboklarda qrup mərhələsində oynayacaq. Ağdam klubu Çempionlar Liqasının təsnifat mərhələsində Polşa və İsveçrə klublarını məğlub edərək maksimum vəzifəni yerinə yetirib. Klub üçün minimum vəzifə avrokuboklardan birində qrup mərhələsinə düşmək idi. Bu mövsüm üçün minimum vəzifəni artıq yerinə yetirib. Azərbaycan çempionunun avrokuboklardan hansında çıxış edəcəyini isə növbəti qarşılaşmalar müəyyənləşdirəcək.

 

Meydançanın hər qarışı uğrunda mübarizə aparanda

Bakıda İsveçrə çempionu “Sürix”i 3-2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi səfərdə daha çətin müqavimətlə üzləşib. Azərbaycan çempionu üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq üçün Sürixdə əlavə vaxt oynamalı oldu. Üstəlik, “köhlən atlar”a oyunun taleyini əsas vaxtda həll etməyə və əlavə əsəb gərginliyini yaşamamağa cəmi bir neçə dəqiqəsi çatmadı. Necə deyərlər, “ancaq yaxşıdır ki, hər şeyin sonu yaxşı bitir”.   

Sürixdəki görüş “Qarabağ” üçün “soyuq duş” effekti ilə başlayıb. Matçın 4-cü dəqiqəsində komandanın kapitanı Maksim Medvedyev topu öz qapısına vurdu və bununla da, iki oyunun yekununda hesabı bərabərləşdirdi. Lakin Qurban Qurbanov və yetirmələri dönüş yaratmağı bacardı: ikinci hissənin əvvəlində ağdamlılar hesabı bərabərləşdirərək, nəticədə yenidən önə keçdilər. Buna görə İsveçrə çempionu daha bir qol vurmalı idi. Matçın 96-cı dəqiqəsi idi və belə görünürdü ki, ağdamlılar oyunun sonuna qədər tab gətirə biləcəklər. Amma cərimə zərbəsindən “köhlən atlar”ın cərimə meydançasına göndərilən top müdafiəçilərin təlaşına və ardıcıl səhvlərinə səbəb oldu. Doğrudur, qapıçı düz iki dəfə müdafiəçilərin səhvini düzəltsə də, “Sürix” üçüncü cəhddən topu qapıdan keçirməyə və oyunu əlavə vaxtlara aparmağa nail oldu. Xatırladaq ki, bu mövsümdən etibarən səfərdə vurulan qol üstünlük vermir. Bu qayda bu dəfə “Qarabağ”ın xeyrinə oldu. Bu yenilik olmasaydı, Sürixdəki görüşün əsas vaxtı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatacaqdı və İsveçrə çempionu Bakıdakı oyuna görə növbəti mərhələyə vəsiqə qazanacaqdı.

Beləliklə, qalibi müəyyən etmək üçün komandalar daha 30 dəqiqə oynamalı oldu. Bəxt “köhlən atlar”ın üzünə güldü: Kvabena Ovusu ikinci qolu vurdu və “Qarabağ” 120 dəqiqənin yekun nəticəsi olan 2:2 hesablı heç-heçə ilə növbəti mərhələyə yüksəldi.  

“Qarabağ”ın növbəti rəqibi Macarıstan çempionu “Ferentsvaroş” olacaq. Yenə güclü bir rəqib, yenə çətin sınaq. İlk oyun avqustun 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda, cavab oyunu isə avqustun 9-da, saat 22:00-da Budapeştdə keçiriləcək.

Qurban Qurbanovun komandası qələbə qazanmaqla pley-offa adlayacaq.  Əks halda komanda Avropa Liqasında çıxış edəcək. Ən əsası “Qarabağ” bu mövsümdə də qışa qədər avrokuboklarda olacaq.

Qeyd edək ki, FİFA Prezidenti Canni İnfantino “Qarabağ”ı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

 

Qurban Qurbanov: “Hər bir futbolçunu bağrıma basmaq istəyirəm”

Matçın sonunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb: “Bu oyundan və futbolçularımdan çox danışmaq olar. Onları bağrıma basır, hər birini təbrik edirəm. Meydanda təkcə oyun yox, yaxşı mübarizə, “Qarabağ”a layiq inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi. Futbolçularımı döyüşçü adlandırıram. 90 dəqiqə yox, 120 dəqiqə döyüşdülər. Matçın əvvəlində taktiki savaş getsə də, sonradan döyüşə çevrildi”.

Q.Qurbanovun sözlərinə görə, “Qarabağ” futbolçuları növbəti mərhələyə layiq idilər: “Şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Bizə uyğun olmayan rəqibə qarşı oynayırdıq. Bu gün biz bunu bir daha gördük.Topun havada çox olması bizim üçün xoş deyildi. Amma komandam bunu bacardı. Bütün azərbaycanlıları təbrik edir, “Sürix”ə isə gələcək oyunlarda uğurlar arzu edirəm”.

O deyib ki, əlavə vaxt başlamamışdan qabaq fasilə bir az gərgin dəqiqələr idi: “Futbolçulara hər şeyi futbol dilində anlatdıq. Oyunçularıma güvənirdim. Belə matçlar bizi daha da böyüdür. Bəzən uduzsaq belə, məyus olmuram. Çünki futbolun maraqlı anlarından biridir. Bu cür anları baş məşqçi, futbolçu kimi yaşamaq lazımdır. Fasilədə futbolçularımın yanında olduğumu dedim və bəzi tapşırıqlarımı verdim. Rəqibin hava ötürmələri zamanı daha diqqətli oynamalı olduğumuzu bildirdim”.



MƏSLƏHƏT GÖR:

99