5 May 2024

Bazar, 11:19

ŞUŞA: EVƏ QAYIDIŞ GÜNÜ

«Lənkəran xanının vəziri» tamaşasının 200-cü nümayişi doğma Şuşa teatrında baş tutub

Müəllif:

01.08.2022

“Biz qayıtdıq!” -  Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, aktyor,  rejissor, Azərbaycanın əməkdar artisti Yadigar Muradov “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasından qabaq çıxışını bu sözlərlə tamamladı. Tamaşa açıq məkanda, tut ağaclarının əhatəsində, yumşaq, yaşıl otun üzərində oynanılacaqdı. Tamaşaçılar isə göy otun üstünə sərilmiş Qarabağ xalçalarının üstündə, mütəkkə və yastıqlara söykənib oturmuşdu. Onlar vəzirin qonaqları rolunu oynayırdılar. Bu, tamaşanın rejissoru, əməkdar artist, əməkdar mədəniyyət işçisi Loğman Kərimovun təqdimatı idi. Bunda küçə teatr hərəkəti ilə sanki hər hansı bir bağlılıq var idi! Bu, həm baş verənlərin ab-havasına, həm təbiət landşaftının strukturuna, həm də müasir tarixdə cərəyan edən hadisələrin qanunauyğun gedişatına üzvi surətdə uyğun idi. 

 

Premyera

Beləlikkə, uzun müddətdən – 30 ildən sonra Şuşa teatrı bir zamanlar didərgin düşdüyü doğma torpağa qayıtdı. Qayıtdı ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının premyerasını doğma yurdunda qeyd etsin. Xatırladaq ki, bu tamaşa artıq 199 dəfə səhnəyə qoyulmuşdu. Bu, 200-cü dəfə idi. Artıq doğma Şuşada! 30 illik ayrılıqdan sonra ilk dəfə! Buradakı tut bağında açıq səma altında Lənkəran xanının vəzirinin məzəli hekayəsi böyüklər üçün nağıl kimi qəbul edilirdi. Onun iştirakçıları təkcə teatr aktyorları deyil, həm də bütün tamaşaçılar idi: ölkənin teatr ictimaiyyətinin nümayəndələri, Şuşanın infrastrukturunun bərpasında çalışan insanlar, hərbi qulluqçular və başqa peşə sahibləri. Tamaşa əsl bayram ab-havası yaratmışdı. Hər kəs qayıdışın sevincini yaşayırdı. Bu gün teatr tarixinə Vətənə qayıdış günü kimi, teatr ictimaiyyəti üçün isə teatral incəsənətin dirçəlişi günü kimi düşəcək. Üstəlik, təkcə Şuşada deyil, bütün Qarabağda.

Bu, özünü, mədəni keçmişinə mənsubluğunu və əsl etnik mənsubiyyətini yenidən dərk etmək idi. Bu, Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun ədaləti bərqərar etməsinə görə keçirdiyimiz qürur idi. Bu, biz gücümüün yalnız birlikdə olmasının dərk edilməsi idi! Bir-birimizin əlini möhkəm tutsaq, bizə heç nə olmayacaq. Bunu artıq Daşaltı yamacının qayalıqları ilə dırmaşaraq Şuşanı azad edən döyüşçülərimiz sübuta yetirib. Noyabrın əvvəlində soyuq havada, çoxlarının həyatı bahasına Cıdır düzü adlanan bu inanılmaz yüksəkliyi necə azad etdiklərini anlamaq üçün hamımız o istiqamətə nəzər yetirməyə çalışırdıq. Heç vaxt dağda olmayanlar belə şəraitdə döyüşməyin çox çətin olduğunu başa düşə bilməz. Burada hərəkət etmək belə çətindir! Hətta asta, ehtiyatlı addımlar atmaq belə asan deyil. Bəs gşüşə kimi sürüşkən olan soyuq qayaların üzərinə silahla dırmaşmaq? Bu uçuruma baxan zaman yaranan mənzərə əsəbləri zəif olan insanlar üçün deyil!

 

Dirçəliş

Qısa müddət ərzində Azərbaycan dövləti Qarabağda dağılmış yolları bərpa edib. İndi Bakı-Şuşa marşrutu üzrə bütün yaşayış məntəqələri gözəl, rahat ikizolaqlı avtomobil yolu ilə birləşib. Amma yolun modernləşdirilməsi üzrə işlər davam edir. Şuşada da bərpa işləri aparılır. Məsələn, Vaqifin məqbərəsi bərpa olunub, qızılgül bağı salınıb, Cıdır düzünə aparan mərkəzi küçədə, o cümlədən Yuxarı Gövhər Ağa məscidində təmir-bərpa işləri tamamlanır. Bir sözlə, Azərbaycanın incəsənət beşiyində həyat yenidən dirçəlir.

Bundan başqa, xalqımızın milli sərvəti olan tarixi abidələrin bərpası istiqamətində sakit, ölçülü-biçili, keyfiyyətli işlər aparılır. Beləliklə, “yaralı” torpaq həyata qayıdır: sıx yaşıl bitkilər, Cıdır düzünün rəngarəng çəmən otları, dağılmış evlərin damlarının üzərindən boylanan ağaclar öz sevgisi ilə isidən günəşə doğru can atır. Müharibənin od qoyduğu şəhərə həyat qayıdır. O da Şuşa Dövlət Musiqili Dram Teatrı kimi burada əbədi qalmaq üçün qayıdıb. Tamaşanın premyerası təkcə teatrın qayıdışını deyil, həm də Şuşadakı dirçəlişin təntənəli nümaişi idi. Bu, həyatın, mədəniyyətin, incəsənətin, infrastrukturun və ən əsası inamın dirçəlişi idi.  

 

“Biz qayıtdıq!”

Bu ifadəni özünün alovlu çıxışında teatrın direktoru Yadigar Muradov, baş rejissor Loğman Kərimov və teatrşünas, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Aydın Talıbzadə də səsləndirdi. Ümumiyyətlə hər kəs bir-birini təbrik edərək, Silahlı Qüvvələrimizi və Ali Baş Komandanı alqışlayaraq “Biz qayıtdıq!” deyirdi. Bunu mahnılarımızla, ruhu bədəndə oynadan “Yallı”mızla elan etdik. Biz qayıtdıq ki, tamaşanın sonunda hər birimiz – hərbiçilər, işçilər və teatr ictimaiyyətinin nümayəndələri birlikdə əl-ələ tutaraq rəqs edək. Həyatın gəlişindən xəbər verən ritmlər sanki bu məkana əbədi olaraq həkk olmaq üçün yüksəlir,d ağları bürüyür, qayaların canına hopur! Qeyd edildiyi kimi, bu gün təkcə Şuşa teatrının deyil, həm də bu şəhərin, bütün milli teatral mədəniyyətin tarixinə Dirçəliş günü kimi düşəcək.

Yeri gəlmişkən, azad edilmiş torpaqlarda teatr sənətinin dirçəlişi barədə Azərbaycan Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri-Maddi Mədəni İrs Şöbəsinin Teatr Sektorunun müdiri Könül Cəfərova ilə söhbətləşdik. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Şuşa, Ağdam və Füzulidə teatr binalarının tikintisinə dair bir sıra təkliflər irəli sürülüb: “Ümid edirəm ki, köçkün teatrlar tezliklə öz doğma torpaqlarına qayıdacaq. Bu  inam yaradıcılığa güc və enerji verir. Sizin özünüzün də tamaşanı izləyərək buna əmin olmaq imkanınız olub: məkan teatrın təkcə formasını deyil, həm də bədii mahiyyətini müəyyən edir. Şuşa teatrının qayıdışı layihəsi Mədəniyyət Nazirliyi tərəfindən sponsorlarla birgə həyata keçirilib. Bu, bizim üçün xüsusi məna və əhəmiyyət kəsb edir: doğma torpağından didərgin düşdükdən 30 il sonra Şuşa Dövlət Teatrı ilk dəfə öz doğma yurdunda tamaşa nümayiş etdirib! Bu ənənənin davam etdirilməsi üçün Mədəniyyət Nazirliyi bu günə kimi bir çox layihələr hazırlayıb. Döyüşçülərimiz, Vətənimizin müdafiəçiləri qəhrəmanlıq və şücaət göstərərək tarixi torpaqlarımızı bizə qaytardılar. İndi bizim borcumuz bu müqəddəs torpaqlarda mədəniyyəti, incəsənəti dirçəltməkdir”.

 

Onlar Vətən uğrunda döyüşüb

Şuşadan qayıtmazdan öncə bir daha dağların zirvələrinə, yaşıllıqlara, ehtiyatla və sevgi ilə küçəyə daşları düzən işçilərə baxdıq. Həmin an fikirləşdim ki, bax, bu yeni yolla Şuşaya yeni həyat daxil olacaq. Bu diyarın azadlığı uğrunda canından keçənlərin həyatı hədər getməyib. Axı, bu bərəkətli torpaq neçə əsrdir ki, günahsız qətlə yetirilənlərin qanı ilə suvarılıb. Bu torpağın uğrunda əzəldən verilən qurbanların sayı bilinmir. Amma qüdrətli dağlar – Yer üzündə insan həyatının sakit şahidləri – hər şeyi yaxşı xatırlayır. Təəssüf ki, dağlar insanlarla onların dilində danışmır. Əks halda, onlar işğalçı müharibələrin mənasızlığından və insanların öldürülməsindən danışardı. Əlbəttə ki, bu hekayə istənilən trillerdən daha qorxulu olardı.

Bu arada, tamaşanın premyerasına gələnlər arasında Qarabağın azadlığı uğrunda Vətən müharibəsində iştirak edtmiş 4 gənc də var idi. Doğrudur, onlar Şuşaya hücum əməliyyatında iştirak etməyiblər. Amma Füzuli, Kəlbəcər, Suqovuşan, Ağdamın azad edilməsi uğrunda getmiş döyüşlərin aparılan hərbi əməliyyatların iştirakçılarıdırlar. Odur ki, bu 4 gənc Azərbaycan ərazilərinin azad edilməsini bədii orijinallıqla təsvir etmək imkanına malikdirlər.

Dağların qoynunda dayanmış 4 igid. Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin qəhrəmanı Şəhrəbanu xanımın dediyi “Bizə başqasının torpağı lazım deyil, amma özümüzünkünü də verməyəcəyik” cümləsi sadəcə gəlişigözəl sözlər deyidi. Bu, həmin döyüşçülərin həyat prinsipi idi.

Məhz burada, bu dağların üzərində onların qəhrəman əcdadları – Qacarlar, Cavanşirlər, Vəzirovların ruhu dolaşır. Bir vaxtlar Molla Pənah Vaqif də bu yerlərdə dolaşaraq məhəbbət şeirlərini yazar, dövlət əhəmiyyətli məsələləri fikirləşərmiş. İndisə qədim Şuşa torpağında gücün, mərdliyin, Vətən sevgisinin zaminləri dayanıb, tarixi yaddaşımızın silinməsinə yol verməyən salnaməçilər dayanıb: Gəncə Dram Teatrının aktyoru Şahmar Məmmədov, Gəncə Kukla Teatrının baş rejissoru Şamil Məmmədəliyev, Milli Akademik Dram Teatrının əməkdaşı Tərlan Əsgərli və Teatr Xadimlər İttifaqının gənclər sektorunun müdiri, teatrşünas Dağlar Yusif. Bizim uşaqlarımız. Bizim oğlanlarımız. Bizim döyüşçülərimiz. Bizim müdafiəçilərimiz... Zaman zənciri bütövləşib və artıq qırılmayacaq! Biz qayıtdıq!



MƏSLƏHƏT GÖR:

100