5 May 2024

Bazar, 11:26

ÇOLPON-ATI ƏLAMƏTLƏRİ

Mərkəzi Asiya ölkələrinin dördüncü sammiti uğurlu regional inteqrasiyaya doğru ciddi addımdır

Müəllif:

01.08.2022

Mərkəzi Asiya ölkələri liderlərinin sayca dördüncü məşvərətçi görüşü iyulun əlamətdar hadisələrindən sayıla bilər. Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Çolpan-Ata şəhərində keçirilmiş görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan prezidentləri – Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sərdar Berdiməhəmmədov, Emoməli Rahmon və Sadır Japarov iştirak ediblər. Görüşü regional əməkdaşlığın gücləndirilməsi, postsovet Mərkəzi Asiyası ölkələrinin qarşıda dayanan regional problemlər və çağırışların öhdəsindən birgə gəlməsi üçün səyləri artırması istiqamətində ciddi addım kimi qiymətləndirmək mümkündür.

 

Tarixi razılaşma

Vaxtilə SSRİ-nin tərkibində yer almış, onun dağılması ilə müstəqillik qazanmış Mərkəzi Asiya ölkələrinin inteqrasiyası ideyası hələ bu həmin tarixi hadisələrin yaşandığı dövrdə ortaya çıxıb. Mərkəzi Asiya ölkələri liderlərinin ilk görüşü hələ 1991-ci il dekabrın 13-də – Rusiya, Ukrayna və Belarusun Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Belovejsk sazişini imzalamalarından 5 gün sonra baş tutmuşdu. O zaman Mərkəzi Asiya ölkələrinin rəhbərləri MDB-yə qoşulmaq haqda qərar qəbul etmiş, elə həmin ayın 21-də Almatıda bu ölkələrin hesabına genişlənən Birliyin yeni tərkibi elan olunmuşdu.

1993-cü ildə Daşkənddə Mərkəzi Asiyada regional təşkilatın yaradılmasına dair müzakirələr aparılsa da, Türkmənistanın hər hansı beynəlxalq qurumda təmsil olunmaqdan imtinası üzündən müzakirələr nəticəsiz bitib. Yalnız 1 il sonra Qazaxıstanla Özbəkistan Vahid iqtisadi məkanın yaradılması haqda Müqavilə imzalayıblar və sonradan bu sazişə Qırğızıstan da qoşulub. Yeni birliyə Mərkəzi-Asiya İqtisadi Birliyi (MAİB) adı verilib. 1998-ci ildə Tacikistanın oraya qoşulması ilə struktur daha da genişlənib. Lakin bu postsovet birliyinin ömrü uzun sürməyib. 2004-cü ildə Rusiya da MAİB-ə daxil olub və bu, qurumun tezliklə iflasa uğramasına yol açıb. Avrasiya İqtisadi İttifaqının yaradılması prosesi fonunda MAİB aktuallığını itirib və tezliklə ləğv edilib.

Beləliklə, Mərkəzi Asiya ölkələri real inteqrasiya birliyi yarada bilməyiblər. Bundan başqa, regionun aparıcı dövlətlərindən olan Özbəkistanın 2005-ci ilin qanlı Əndican hadisələrindən sonra özünü ətrafdan təcrid etmək qərarı verməsi ideyanı praktik olaraq, aradan qaldırıb. Lakin taleyin qismətindən, illər sonra Mərkəzi Asiyada inteqrasiya prosesinin bərpası ideyası ilə məhz Özbəkistan çıxış edib. Ölkənin yeni lideri Şavkat Mirziyoyev region dövlətləri liderlərinin məşvərətçi görüşünün keçirilməsi təklifini irəli sürüb. İlk belə görüş 2018-ci ildə Qazaxıstanda, ikincisi 2019-cu ildə Daşkənddə, üçüncüsü isə 2021-ci ildə Türkmənbaşıda (Türkmənistan) keçirilib.

Nəhayət, Qırğızıstanın ev sahibliyi etdiyi dördüncü analoji sammitdə çoxdan gözlənilən sənədə imza atılıb. O, getdikcə sürətlənəcək regional əməkdaşlıq prosesinin əsasını təşkil edəcək bəyannamə kimi qiymətləndirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri XXI əsrdə Mərkəzi Asiyanın inkişaf etdirilməsi üçün Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında saziş də imzalayıblar. Tacikistanla Türkmənistan isə bu sənədə dəstək ifadə ediblər. Onlar sazişə müəyyən «daxili prosedurlardan sonra» qoşulacaqlarını bildirirlər.

Bundan başqa, 5 Mərkəzi Asiya ölkəsinin liderləri bir sıra digər vacib sənədlərə də imza atıblar: Çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq konsepsiyası, «Mərkəzi Asiya üçün yaşıl gündəlik» regional proqramı və 2022-2024-cü illər üçün regional əməkdaşlığın inkişafı üzrə «yol xəritəsi». Beşinci analoji sammitin 2023-cü ildə Tacikistan paytaxtı Düşənbədə keçirilməsi nəzərdə tutulur.

Çolpan-Atada qəbul olunmuş qərar göstərir ki, postsovet Mərkəzi Asiyası ölkələrinin liderləri inteqrasiya tendensiyasını gücləndirmək əzmindədirlər. Bunun isə kifayət qədər ciddi əsasları var: region dövlətləri qarşılıqlı münasibətlərində mövcud olan problemləri yalnız birgə səylərlə həll edə bilər, Avrasiya və dünya siyasətindəki ciddi transformasiyalar fonunda təhlükəsizliklərinə, inkişaflarına yaranan təhdidlərin öhdəsindən yalnız birlikdə gələ bilərlər.

 

Təhdidlərə qarşı birlik

Mərkəzi Asiyada mövcud olan bir sıra kəskin regional məsələləri, ilk növbədə, inteqrasiya prosesləri hesabına çözmək olar. Bu, xüsusilə Qırğızıstanla Tacikistan arasında illərdir davam edən sərhəd münaqişəsinə aiddir. Məlum olduğu kimi, bu münaqişə dəfələrlə iki ölkənin silahlı qüvvələri arasında qanlı toqquşmalara belə, yol açıb.

Bu mənada, Qazaxıstan prezidentinin Çolpan-Atada irəli sürdüyü təşəbbüslərdən biri maraqlı hesab oluna bilər. Onun fikrincə, Mərkəzi Asiyada sərhədlərin delimitasiyası məsələsinə «qarşılıqlı qəbul olunan» yanaşmaların hazırlanması üçün ekspertlər meydançası yaradılmalıdır. Tokayev deyib ki, «dövlətlərarası sərhədlərdə hər bir atəş yalnız münaqişəyə cəlb olunan ölkələrdə deyil, regionda ağır əks-səda doğurur. Hazırkı böhranlı vəziyyətdə ölkələrimiz ziddiyyətlərin sivil, məsuliyyətli şəkildə aradan qaldırılması nümunəsi göstərməlidir».

Bölgədə sudan istifadə məsələsi də kifayət qədər ağrılı problem olaraq qalır. Bununla əlaqədar, Qırğızıstan prezidenti Sadır Japarov birlikdə qarşılıqlı səmərəli mexanizmlərin hazırlanması təklifini irəli sürüb. Onun fikrincə, «çayın yuxarı hissəsində yerləşən ölkələrin illər sonra üçün su resursları toplamaq imkanı və marağı olmalıdır. Bu, göllərdə suyun həcmindən asılı olmayaraq, suyun qıt olduğu dövrlərdə belə, suvarmanın təmini üçün vacibdir».

Mərkəzi Asiya liderlərini regional əməkdaşlıq perspektivlərinə daha əsaslı yanaşmağa sabitliyə təhdid olan bir sıra digər məqamlar da vadar edir. Məsələn, bu ilin əvvəlindən Qazaxıstanda, Tacikistanın Dağlıq Badaxşan regionunda və Özbəkistanın Qaraqalpakstan muxtariyyətindəki daxili böhranlar zorakılıq və iğtişaşlarla müşayiət olunub. Bu hadisələr region ölkələrinin müxtəlif kənar təsirlərin qarşısının alınmasında da əməkdaşlıq etməsinin vacibliyini ortaya çıxarıb. Çünki bu müdaxilələr Mərkəzi Asiya ölkələrinin siyasi sabitliyinə, hətta ərazi bütövlüyünə belə, təhdid yaradır.

Mərkəzi Asiyada dövlətlərarası koordinasiyanın önəmini artıran daha bir məqam, əlbəttə ki, ekstremizm və terrorçuluqla mübarizədir. Bu təhdidlər, ilk növbədə, qonşu Əfqanıstandan gəlir. Məlum olduğu kimi, burada taliblərin hakimiyyətə qayıdışından sonra da vətəndaş münaqişəsi bitmək bilmir, sabitliyə doğru heç bir ciddi irəliləyiş müşahidə olunmur. Tacikistan prezidenti Emoməli Rahmon sammitdə Əfqanıstanda yaşananlarla əlaqədar ümumilikdə regionda vəziyyətin pisləşdiyini əbəs yerə söyləməyib. Bu, bölgədə radikal ekstremizmin güclənməsinə yol açır.

Bütün bunlarla yanaşı, Mərkəzi Asiya ölkələri qarşısında geosiyasi xarakterli daha kəskin təhlükə də var. Bir faktın məhz bu amillə əlaqədar olduğuna şübhə yoxdur: əvvəlki regional sammitlərdə əsas diqqət sosial-iqtisadi əməkdaşlığa yönəlirdisə, Çolpan-Atada ilk dəfə ön plana siyasi əməkdaşlıq məsələləri çıxıb. Bu, Rusiya-Ukrayna müharibəsinin silkələdiyi beynəlxalq vəziyyətlə, Rusiya ilə Qərb arasında qarşıdurmanın total xarakter alması ilə əlaqədardır.

 

Xarici amil

Bu gün Mərkəzi Asiya Rusiya, Qərb, hətta son illər regionda iqtisadi mövqeyini xeyli gücləndirmiş Çin arasındakı geosiyasi qarşıdurma fonunda ən strateji məkanlardan birinə çevrilib. Yalnız bir faktı demək kifayətdir ki, Mərkəzi Asiya ölkəsinin hər birinin Çinə borcu var. Pekin isə region ölkələrinə nüfuzunu getdikcə daha çox yaymaqda maraqlıdır.

Bununla yanaşı, Mərkəzi Asiya elitalarının Qərbin güc mərkəzlərinə münasibəti birmənalı deyil. Region dövlətləri bir yandan ABŞ və Avropa İttifaqı ilə iqtisadi, texnoloji əməkdaşlığı genişləndirmək istəyir, digər tərəfdən Mərkəzi Asiyada sabitliyin pozulmasına yönəlmiş ayrı-ayrı proseslər həm də Qərb mərkəzləri ilə əlaqələndirilir. Hər halda, həmin mərkəzlər Rusiya və Çinə geosiyasi təzyiqlər göstərmək üçün bu bölgəyə yaranmış böhran vəziyyətlərindən yararlanmağın əleyhinə deyillər.

Mərkəzi Asiya ölkələrinin siyasətində Rusiya amili xüsusi əhəmiyyət kəsb edir. Postsovet dövründə Rusiyaya regional təhlükəsizliyin əsas qarantlarından biri kimi baxılır. Onun Qazaxıstan, Qırğızıstan və Tacikistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki müttəfiqlik münasibətləri də bunun təsdiqidir. Lakin Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyat Mərkəzi Asiya ölkələrini ciddi şəkildə ehtiyatlanmağa vadar edib. Üstəlik, Rusiyanın siyasi dairələri, o cümlədən şəxsən prezident Vladimir Putin az qala bütün postsovet məkanını «Rusiyanın tarixi torpaqları» adlandırır, xüsusilə Qazaxıstanın şimalı ilə bağlı açıq ərazi iddiaları irəli sürülür.

Bu arada, Qərbin sərt sanksiyaları ilə üzləşmiş Rusiyada iqtisadi konyunkturun pisləşməsi ilə regionda Moskva amilinin perspektivləri də zəifləyir. Belə bir vəziyyətdə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına, o cümlədən enerji bazarına müstəqil çıxış cəhdləri təəccüblü deyil. Mərkəzi Asiya ölkələrinin ixrac və idxalında əsas pay sahibi məhz Rusiyadır. Lakin indi bölgə ölkələri alternativ ticarət marşrutları ilə bağlı fəal müzakirələrə başlayıblar. Məsələn, Mərkəzi Asiyanın ən nəhəng ölkəsi olan Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev enerji resurslarının nəqli yollarının şaxələndirilməsinin vacibliyini açıq şəkildə dilə gətirib. O, Çin, Qazaxıstan, Xəzər dənizi hövzəsi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanacaq Trans-Xəzər boru xəttinin reallaşdırılması üçün optimal variantın hazırlanması ilə bağlı tapşırıq da verib.

Bundan başqa, Türkiyə də Mərkəzi Asiyada strateji mövqelərini gücləndirir. Bu, özünü regionun türk dövlətlərinin Azərbaycanın da yer aldığı Türk Dövlətləri Təşkilatının fəaliyyətinə marağının artması ilə də göstərir.

Lakin bütün mümkün xarici siyasi konfiqurasiyalarla yanaşı, Mərkəzi Asiya ölkələri üçün ən vacibi onların müasir dövrün təhdidlərinə, çağırışlarına qarşı vahid cəbhədən çıxış etməkdir. Onlar regional əməkdaşlığın gücləndirilməsilə bağlı bəyan etdikləri hədəflərə reallıqda nail ola biləcəklərmi? Yoxsa Çolpon-Atada imzalanmış Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Sazişdə yazılanlar elə kağız üzərində qalacaq?

Mərkəzi Asiya inteqrasiyanın taleyi bu sualların cavabından asılı olacaq. Uğur üçün ilkin mühit artıq hazırdır. Bəli, görünən odur ki, region dövlətlərinin liderləri milli suverenliyin güclənməsinə, iqtisadi çiçəklənməyə yalnız sıx əməkdaşlıqla, dostluq münasibətləri ilə nail ola biləcəklərini anlayırlar. Ən vacibi odur ki, onlar hansısa xarici gücün iradəsindən deyil, öz strateji maraqlarının reallaşdırılmasından asılı olsunlar.



MƏSLƏHƏT GÖR:

96