3 May 2024

Cümə, 16:12

«BİRBAŞA TƏSİR DİPLOMATİYASI»

Bakı artıq Ermənistanın öhdəliklərin icrasını uzatmasına səbir etməyəcək

Müəllif:

01.08.2022

Ötən əsrin 90-cı illərinin ikinci yarısında Cənubi Qafqazın siyasi gündəminə «xalq diplomatiyası» kimi müxtəlif qeyri-rəsmi sülhməramlı layihələr daxil olmağa başlamışdı. Bir qayda olaraq, söhbət Azərbaycan və Ermənistan jurnalistlərinin, ekspert və mülki fəallarının görüşlərindən gedirdi. Onların təşkilatçısı kimi isə istər adı o qədər də tanınmayan QHT-lər, istərsə də kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlar çıxış edirdilər. Belə görüşlər, bir qayda olaraq, Gürcüstanda təşkil olunurdu və bunun səbəbi aydın idi: Tbilisinin həm Bakı, həm də İrəvanla normal münasibətləri var, onun turizm infrastrukturu hələ Sovet İttifaqı illərindən inkişaf edib, bu səbəbdən də, Gürcüstan belə görüşləri rahatlıqla təşkil edə bilir.

Bu dəfə isə Gürcüstanda bir araya gələrək birbaşa danışıqlar aparanlar ekspertlər yox, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan olublar. Doğrudur, nazirlər regionda bundan əvvəl – 44 günlük müharibəyədək və ondan sonra da görüşlər keçiriblər. Lakin ekspertlər məhz bu görüşü «görünməmiş hadisə» kimi qiymətləndirirlər.

Qeyd edək ki, Gürcüstan bu görüşə vasitəçilik etməyib, sadəcə ev sahibi kimi çıxış edib. Yəni o, tərəflərə nə nizamlama layihəsi təqdim edib, nə də üzərinə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin qarantı rolunu götürüb. Gürcüstan hökuməti sadəcə, tərəflərə «meydan» və texniki dəstək verib.

 

Üz-üzə görüşproblemlərin həlli demək deyil

Əksər siyasətçi, ekspert və müşahidəçilər xarici işlər nazirlərinin ilk təkbətək görüşünü alqışlayır və bu, heç də sadəcə diplomatik nəzakət deyil. Vasitəçilərsiz müzakirələrə keçid dialoqda ciddi irəliləyişdir.

Düşünmək olar ki, Ermənistanla Azərbaycan istənilən halda sülh yolunu axtarmalı, razılığa gəlməlidirlər. Deyilə bilər ki, tərəflər münasibətlərin normallaşdırılması yolunu özləri getməlidir və bu işi Bakı ilə İrəvanın əvəzinə kimsə görməyəcək.  Kənardan nələrsə təklif oluna bilər, amma «narzan» müqavilələri, kənardan sərhədlərin çəkilməsinin vaxtı artıq çoxdan keçib.

Bəlkə də, kimsə deyəcək ki, münaqişədə yer alan kənar oyunçular olmasaydı, Azərbaycanla Ermənistan çoxdan razılığa gələrdilər və yaxşı ki, indi tərəflər vasitəçilərsiz danışmağa başlayıb.

Lakin reallıqda hər şey o qədər də ürəkaçan deyil. Vasitəçilərsiz görüş hələ xarici oyunçuların avtomatik olaraq oyundan çıxdığı anlamına gəlmir. Üstəlik, İrəvan davamlı olaraq Azərbaycanla başqalarının əli ilə savaşmağa çalışır. Bu işdə ona dəstəyi isə ənənəvi olaraq, Rusiya verir. Ermənistanda baş vermiş «kabab inqilabı»ndan sonrakı ilk aylarda isə İrəvan Qərbə də ümid bağlayırdı.

Lakin Ermənistan üçün Qərb cəbhəsində vəziyyət çox acınacaqlıdır. Azərbaycan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bakıya səfəri çərçivəsində Avropa İttifaqı ilə «qaz memorandumu» imzalayıb. İrəvan bunun simpatiya-antipatiya balansına necə təsir göstərəcəyini anlaya bilmir. Əlbəttə, bu işdə onlar lobbi potensialını da səfərbər ediblər, lakin bütün ümidlər elə ümid olaraq da qalır.

Belə bir vəziyyətdə Ermənistan ərazisində, Azərbaycan sərhədinə yaxın olan Tavuşda Rusiyaya məxsus yeni hərbi bazanın yaradılması ilə bağlı müzakirələr qızışıb. Söhbət Ermənistanla Azərbaycan arasında 2020-ci ilin iyulunda döyüşlərin baş verdiyi istiqamətdən gedir. Lakin Ermənistan mətbuatı inamla yeni bazanın olacağını təkrar-təkrar yazır. Azərbaycan ekspertləri isə sual verir: bu, necə başa düşülməlidir? Sərhədə bilavasitə yaxın ərazidə, üstəlik, Ermənistanın silahlı təxribatlarının bitmək bilmədiyi bir şəraitdə hərbi bazanın yaradılması riskli işdir və Bakı tərəfindən qeyri-dost addımı kimi qiymətləndirilə bilər. Bundan başqa, bu, Moskva ilə Bakı arasında imzalanmış qarşılıqlı müttəfiqlik bəyannaməsinin ruhuna da ziddir.

Ermənistana gəlincə, bu, onun sevinməsinə əsas olmamalıdır. Bu gün Azərbaycanın boru xətlərinə və dəmir yollarına çox böyük əhəmiyyət verilir. Onlara istənilən hücum cəhdinə elə cavab verilə bilər ki, hər hansı baza köməyə çata bilməz.

İstənilən halda, İrəvan yeni tərəfdaşlar axtarışındadır. Hindistan KİV-nin məlumatına görə, bu günlərdə İrəvandan böyük nümayəndə heyəti Yeni Dehliyə səfər edib. Rəsmi versiyaya görə, əsas məqsəd Hindistandan silah alınmasıdır. Qeyri-rəsmi versiyada isə bunun Moskvadan incikliyin nümayişi olduğu deyilir. Hindistanlı tərəfdaşların dilə tutulması cəhdi də öz yerində: «Türkiyə prezidenti Ərdoğanın Kəşmirlə bağlı dediklərini xatırlayırsınız? Bilirsiniz ki, Azərbaycan Pakistanla dostdur?»

Amma belə «üz-üzə» danışıqlar hələ İrəvanın müstəqil qərar qəbul edəcəyinə, ümumiyyətlə, özünü adekvat tərəfdaş kimi aparacağına zəmanət vermir. İclasın formatındakı irəliləyişlər, təəssüf ki, dialoqun faktiki gedişi ilə uyğun gəlmir.

 

Dialoqun çətinlikləri

Əlbəttə, demək olar ki, təxminən 25 il davam etmiş qarşıdurmadan sonra hər şeyi bir anda sahmana salmaq, dərhal nəticələr əldə etmək çətindir və s. Amma Azərbaycan tərəfi yenə bildirir ki, Ermənistan postmünaqişə nizamlanmasını pozur, üzərinə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamə ilə götürdüyü öhdəliklərə əməl etmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş iclasdakı çıxışında da təkrar edib. Dövlət başçısı bildirib ki, «bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir».

Bundan başqa, Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etsə də, İlham Əliyevin sözlərinə görə, İrəvan bu istiqamətdə də konkret addımlar atmır. Prezident Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış bəyannamədə təsbit edilmiş məsələlərdən boyun qaçırdığını xüsusi vurğulayıb. İlham Əliyevin bu bəyanatı bir çox informasiya agentliklərində yer alıb: «10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq. Eyni zamanda biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb».

Prezident onu da bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, hələ də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin qurulmasına imkan verməyib, Laçın yolu isə işlək vəziyyətdədir. Dövlət başçısı deyib ki, «biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün».

İlham Əliyevin sözlərinə görə, «son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı».

 

Zəngəzur ultimatumu

Bakı Ermənistana üzərinə götürdüyü öhdəlikləri əbəs yerə xatırlatmır. Azərbaycan öz ultimatumunu verir və bunu eyni vaxtda bir neçə istiqamətdə edir. İrəvan və müttəfiqləri erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını uzatmağa davam edərsə, Bakı məsələni təkbaşına həll etməli olacaq. Bunun Ermənistan üçün çox ağrılı olacağını anlamaq çətin deyil. Yox, İrəvan Qarabağın statusu məsələsini gündəmə qaytarmağa çalışacaqsa, Bakı Zəngəzurun statusunu gündəmə gətirə bilər.

Bakı dəfələrlə bəyan edib ki, lazım gələcəyi təqdirdə o, Ermənistanı öz imzası ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə hazırdır.

Burada aşkar nümunələrdən biri Laçın dəhlizindən yan keçən alternativ yolun çəkilməsidir. Azərbaycan onun tikintisini başa çatdırmaq üzrədir. Bu işlər başa çatdıqdan sonra Laçın şəhərinə, erməni işğalçılarının vaxtilə «Aqavno» adlandırdıqları Zabux kəndinə nəzarət də Bakıya qayıdacaq. Məhz bu kənddəki icmanın rəhbəri Çavuşyan səs-küylü vədlərlə dolu müsahibələr verməyi sevir, tez-tez bildirirdi ki, «türklər bizim torpaqlarımıza gələrsə, buranı üfüqi vəziyyətdə tərk edəcəklər», «hamımız silaha sarılmağa hazırıq» və s.

Halbuki müharibəyədək bu ərazilərdə erməni əhali ümumiyyətlə yaşamayıb. Yalnız ərazilərin Ermənistan tərəfindən işğalından sonra oraya Suriyadan olan etnik ermənilər yerləşdirilib. Amma son zamanlar onların da səsi kəsilib. Səbəb aydındır: separatçıların rəhbəri Araik Arutunyan belə, etiraf edir ki, Ermənistan «dəhlizin yerinin dəyişdirilməsindən» boyun qaçırarsa, nəticə faciəvi olacaq. Başqa sözlə, Azərbaycan onları buna məcbur edəcək. Bakının müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən erməni silahlı birləşmələrini də eyni şəkildə çıxara biləcəyi aydındır. Hər halda, Azərbaycan Prezidentinin son bəyanatından dərhal sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha çağırışçıların Qarabağa göndərilməyəcəyini və ümumiyyətlə, «o bölgənin təhlükəsizliyinə separatçıların öz silahlı birləşmələrinin məsuliyyət daşıyacağını» bildirib. Bununla o, birincisi, Bakının ittihamlarının haqlı olduğunu etiraf etməklə, Moskvanı pis vəziyyətdə qoyub. İkincisi, Qriqoryan hər kəsin nəzərinə çatdırıb ki, daha Bakının xəbərdarlıqlarını qulaqardına vurmaq olmaz.

Bu, 2018-ci ilin yaz-yay hadisələrilə kəskin təzad təşkil edir. 2016-cı ilin aprel döyüşlərindən və Qızılqaya-Günnüt əməliyyatından sonra Bakı İrəvana güc təzyiqlərini həqiqətən azaltmış, Ermənistanda «kabab inqilabı» baş vermiş, Nikol Paşinyan ümidlə «sülh partiyası»nın lideri elan olunmuş, onunla aparılacaq danışıqlarda real irəliləyişlərin olacağına ümid yaranmışdı. Amma ona hakimiyyətini möhkəmləndirməsi  üçün vaxt vermək, bundan sonra nəticə gözləmək lazım idi.

Lakin sonradan təəssüf ki, Ermənistanda hökumət ofislərində David Tonoyan və Vaqarşak Arutunyan kimi «qırğı»lar peyda oldu, Cıdır düzündə sərxoşların rəqsi, Şuşada Araik Arutunyana «inauqurasiya» mərasiminin təşkili, «Qarabağ Ermənistandır və nöqtə!» bəyanatı… Nəhayət, yeni müharibə və Ermənistanın sarsıdıcı məğlubiyyəti.

Odur ki, bu dəfə Bakı Paşinyana vaxt vermək, yaxud daxili siyasətlə bağlı şikayətlərini qəbul edərək, simasını qorumasına imkan yaratmaq fikrində deyil. Azərbaycan Ermənistandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edəcək.

Yerevan yaxşı olar ki, Bakının səbrini sınamasın. O, daşa bilər.



MƏSLƏHƏT GÖR:

99