18 Aprel 2024

Cümə axşamı, 19:45

ÇEXİYA UĞURSUZLUĞU

“Qarabağ” payızı Avropa Liqasında qarşılayır

Müəllif:

01.09.2022

Sentyabr ayını yaşayırıq və bu o deməkdir ki, Azərbaycan klublarının yaydakı Avropa kuboklarındakı çıxışına nəzər salmağın vaxtı yetişib. Ənənəvi olaraq, yerli klublar arasında Ağdamın “Qarabağ” klubu seçilir. Belə ki, o, ardıcıl doqquzuncu dəfə Avropa kuboklarının qrup mərhələsinə yüksələrək ölkə futbolu tarixində yeni rekorda imza atıb.

“Qarabağ” avrokuboklara Çempionların Liqasının təsnifat mərhələsində başlayıb. O, təsnifat mərhələsinin ilk 3 turunda Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” klubları ilə mübarizədən qalib ayrılıb. Beləliklə, ağdamlılar Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Burada onların rəqibi Çexiya çempionu “Viktoriya” idi.

 

İmtahandan kəsilmə

Azərbaycan və Çexiya çempionlarının şansları ilkin olaraq 50-nin 50-yə kimi qiymətləndirilirdi. Əslində,”Qarabağ”ın Çempionların Liqasının təsnifat mərhələsində qarşılaşdığı bütün klublarla şansı məhz belə idi. Buna görə də hər turun taleyi hər dəfə ikinci qarşılaşmada həll olunurdu: ağdamlılar “Lex”ə ikinci oyunda 5:1 hesabı ilə qalib gəlib, “Sürix”lə qarşılaşmada qalibi müəyyənləşdirmək üçün əlavə vaxtlar oynamalı olub (2:2, bu hesab “Qarabağ”ın növbəti mərhələyə adlamasına imkan verib).

Ağdam klubu növbəti mərhələnin cavab oyununda “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlib. Ağdamlıların İsveçrə və Macarıstan çempionları ilə məhz səfər oyunlarında müsbət nəticə əldə etməsi sevindirici haldır. Bu, Azərbaycan çempionunun futbolçularının stressə dözümlülüyünü göstərir. Üstəlik, “Qarabağ” Avropa kuboklarında çox sayda qol vurub. Klubun bundan əvvəlki illərdə əsas çatışmazlığı məhz bu idi. Eyni zamanda başa düşmək lazımdır ki, Ağdam klubunun təsnifat mərhələsində kifayət qədər ciddi rəqibləri var idi. Buna görə də “Qarabağ” Çexiya klubu “Viktoriya” ilə oyuna yaxşı əhvali-ruhiyyə və şansla çıxırdı. Futbol ekpertlərinin fikrincə, Çexiya klubunun bundan əvvəlki rəqibləri ağdamlıların rəqiblərinə nisbətən daha zəif idi. Belə ki, “Viktoriya” təsnifat mərhələsində Finlandiyanın “HJK” və Moldovanın “Şerif” klubları ilə qarşılaşmışdı. Beləliklə, “Viktoriya” ilə qarşılaşmaya qədər maksimum oyun göstərən ağdamlıların Çexiya klubunu keçmək şansı var idi.

Ümumiyyətlə, Viktoriya ilə qarşılaşma, gözlənildiyi kimi ağır keçdi. Bakıda keçirilən ilk oyunda ağdamlılar üçün hər şey istədiyi kimi alınmadı. Çexiya çempionu yaxşı müdafiə olundu və imkan düşdükcə “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdı. Qeyd edək ki, bugünkü reallıqlarda iki raundlu qarşıdurmanın ilk oyunu bir qədər boksu xatırladır: rəqiblər bir-birinin oyun tərzini öyrənir, az səhv buraxmağa, rəqibin zəif nöqtələrini müəyyənləşdirməyə və hücum vəziyyətləri yaratmağa çalışırlar. Bundan əlavə, səfər qolu üstünlüyü qaydasının aradan qaldırılmasına görə ilk qarşıdurmanı kəşfiyyat xarakterli oyun kimi xarakterizə etmək olar. Odur ki, ilk oyunun nəticəsi (0:0) heç kəsi təəccübləndirməməli idi. Digər tərəfdən ağdamlılar son 7 oyunda ilk dəfə idi ki, qapılarının toxunulmazlığını saxlamağa nail olmuşdu. Bu da cavab oyununa nikbin əhvali-ruhiyyə ilə yollanmağa imkan verirdi.

Doğrudur, ikinci görüş gözlənildiyi kimi, meydan sahiblərinin hücumları ilə başladı. Amma ağdamlılar bu hücumların qarşısını almağı və oyunu öz qapılarından uzaqlaşdırmağı bacardı. Birinci hissənin sonlarına yaxın Azərbaycan çempionu cərimə zərbəsindən sonra hesabı açdı. Odur ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şans qazandı.

İkinci hissədə Çexiya çempionunun böyük qüvvə ilə irəli gedəcəyi aydın idi. Belə vəziyyətdə 15-20 dəqiqə dözmək və rəqibin riskə gedərək açıq oyuna keçməsini gözləmək lazım idi. Nəticədə, “Qarabağ”ın sürətli hücumları üçün boş sahələr yarana və ağdamlılar fərqi artıra bilərdilər. “Ferentsvaroş”la oyunda məhz belə olmuşdu. Həmin qarşılaşmada Azərbaycan klubu macarların müdafiəsində yaranan boşluqlardan effektli şəkildə istifadə etmişdi. Amma Çexiya klubu ilə oyun fərqli alındı. “Qarabağ” gözlənilməyən an problemlə üzləşdi. Belə ki, Ağdam klubunun qapısından uzaqda yerinə yetirilən, təhlükəsiz görünən cərimə zərbəsindən sonra qapıçı çıxışda səhvə yol verdi və “Viktoriya” hesabı bərabərləşdirdi. Bu, Çexiya klubuna daha arxayın oyun oynamağa imkan verdi. Şahruddin Məhəmmədəliyev qapı xətti üzərində yaxşı oynayır. O, bunu “Viktoriya”ya qarşı ilk qarşılaşmada komandasını bir neçə qoldan xilas edərək sübut edib. Amma o, topa çıxışlarda daim problemlər yaşayır. Şahruddin bu dəfə də lazım olmayan yerdə topa çıxdı, çünki cərimə meydançasında “Qarabağ”ın kifayət qədər futbolçusu var idi və onlar təhlükəli olmayan cərimə zərbəsinin öhdəsindən asanlıqla gələ bilərdilər. Ağdam klubunun qapıçısı topa çata bilmədi. Üstəlik, onun çıxışı qapının boş qalmasına səbəb oldu. Çexiya çempionunun futbolçusu bu vəziyyətdən istifadə edərək hesabı bərabərləşdirdi.

Prinsipcə, ikinci buraxılan qolu da qismən qapıçının ayağına yazmaq olar: yenidən cərimə meydançasına hava ötürməsi və Şahruddin sanki topu tutmaq üçün irəli çıxmaq istədi, amma birdən fikrini dəyişdi. Ağdamlı müdafiəçi isə topu cərimə meydançasından kənarlaşdıra bilmədi. “Viktoriya”nın futbolçularının iki toxunuşu qolla nəticələndi. Odur ki, “Qarabağ” təcili şəkildə ikinci qolu vurmalı və hesabı bərabərləşdirməli idi. Amma o, buna nail ola bilmədi.

Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin astanasından geri döndü və turnirə “Viktoriya” klubu vəsiqə qazandı. Ağdamlılar isə ona daha yaxşı tanış olan başqa turnirdə - Avropa Liqasında iştirak edəcək.

Bir sözlə, “Qarabağ”ın Avropa kuboklarındakı builki çıxışına “4” qiyməti vermək olar. Təbii ki, komandanın Çempionlar Liqasına düşə bilməməsi təəssüf doğurur, xüsusən də bunun üçün şanslar çox yaxşı idi. Amma olacağa çarə yoxdur. Buna görə də nəticə çıxarmaq və irəliyə doğru getmək lazımdır. İmkan daxilində müxtəlif mövqeləri gücləndirmək lazımdır.

 

“Qarabağ” klubu nə qədər qazanıb?

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməməsi onu böyük gəlirdən məhrum edib. Ağdam klubu Çempionlar Liqasında qrupa düşərdisə, 15,64 milyon avro gəlir əldə edəcəkdi. Üstəlik, klubun büdcəsinə reytinqinə görə əlavə 1,137 milyon avro vəsait daxil olacaqdı: ümumilikdə, 16,777 milyon avro. Bu da son deyil. “Qarabağ” Çempionlar Liqasında qazanılan hər xala görə 930 min avro, qələbəyə görə 2,8 milyon avro qazana bilərdi.

Amma Avropa Liqasında gəlir bölgüsü fərqlidir: Ağdam klubu qrupa düşdüyünə görə 3,63 milyon avro gəlir əldə edəcək. “Qarabağ” hər qələbəyə görə 630 min avro, heç-heçə sayəsində isə 210 min avro qazana bilər.

Bundan başqa, Azərbaycan klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandığına görə əlavə 5 milyon avro əldə edəcək. Beləliklə, “Qarabağ” bu yay Avropa kuboklarındakı çıxışı nəticəsində 8,63 milyon avro qazanıb. “Qarabağ”ın bu yay təsnifat mərhələsində qazancı ötən il avrokuboklarda əldə etdiyi gəlirlərdən daha çoxdur. Üstəlik, “köhlən atlar” Avropa Liqasının qrupunda azı altı oyun keçirəcəkləri üçün bu mövsüm daha çox qazana bilər.

 

Avropa Liqası

İndi Azərbaycan çempionunun qarşısında Avropa Liqasında payız kampaniyasını uğurla keçmək və turnirin yaz mərhələsində iştirak etməyə çalışmaq vəzifəsi dayanır. “Qarabağ”ın qrup mərhələsindəki rəqiblərini nəzərə alsaq, bunun çətin olacağını söyləyə bilərik. Ağdam klubu Avropa Liqasının püşkatma mərasimində səpələnmiş komandalar sırasında və ikinci səbətdə yer alımışdı. Bu da “Qarabağ”ın üçüncü və dördüncü səbətlərdən nisbətən zəif komandalarla bir qrupa düşməsi ilə bağlı ümidlər yaratmışdı. Lakin, bir qayda olaraq, Azərbaycan klubunun püşatma ilə bağlı bəxti nadir hallarda gətirir. Bu dəfə də belə oldu. Doğrudur, birinci səbətdən “Qarabağ” klubu ilə eyni qrupa ən güclü rəqib düşməyib: Yunanıstanın “Olimpiakos” klubu. Amma üçüncü və dördüncü səbətlərdən müvafiq olaraq Almaniyanın “Frayburq” və Fransanın “Nant” klubları “Qarabağ”la eyni qrupa düşüb. Bəli, onlar Almaniya və Fransanın ən güclü klubları deyil. Amma unutmaq olmaz ki, bu iki ölkənin çempionatları Avropanın ən güclü 5 çempionatından biridir. Demək, istənilən halda qrup mərhələsi Azərbaycan klubu üçün asan keçməyəcək. Müəyyən mənada “Qarabağ”ın qrupunu “ölüm qrupu” hesab etmək olar, çünki bu klubların gücü bir-birinə yaxındır. Ağdamlılar hər biri çox vacib olan altı oyun keçirməlidir.

Unutmayaq ki, builki avrokubokların qrup mərhələsi qısa müddət ərzində keçiriləcək. Xatırladaq ki, adətən avrokubokların qrup mərhələsi dekabrın ilk ongünlüyündə başa çatırır. Lakin bu dəfə “Qarabağ” ilk oyununu sentyabrın 8-də, sonuncusunu isə noyabrın 3-də keçirəcək. Bu, noyabrın sonunda Qətərdə dünya çempionatının başlaması ilə əlaqədardır. Odur ki, bütün avrokubokların qrup mərhələsi sıx cədvəldə keçiriləcək. Buna görə də “Qarabağ” bütün enerjisini əsas məqsədin həyata keçirilməsinə yönəltməlidir.

 

Rəqiblər ölkə çempionatlarına necə başlayıb?

Yunanıstanın “Olimpiakos” klubu 2021/2022 -ci il mövsümü daxil olmaqla, 47 dəfə ölkə çempionu olub. O, ölkəsinin ən populyar iki klubundan biridir. Bu klub “köhlən atlar” kimi avrokuboklara Çempionlar Liqasının təsnifat mərhələsindən başlayıb. Yunanıstan klubu ikinci turda “Makkabi Hayfa”ya uduzub. Nəticədə, o, Avropa Liqasının təsnifat mərhələsində Çexiyanın “Slovan” və Kiprin “Appolon” klublarını mübarizədən kənarlaşdıraraq Avropa Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, “Olimpiakos” Avropa turnirlərində zəngin təcrübəyə malikdir. Yunanıstan klubu istər Çempionlar Liqasında, istərsə də digər turnirlərdə dəfələrlə çıxış edib. Bir sözlə, “Olimpiakos” avrokubokların ortabab, təcrübəli klublarından biridir.

Yunanıstan çempionatı yenicə başlayıb, yəni cəmi bir tur oynanılıb. Bu turda “Olimpiakos” “Yanninu” üzərində qələbə qazanıb. “köhlən atlar” Yunanıstan klubu ilə oktyabrın 6-da (evdə) və oktyabrın 13-də (səfərdə) qarşılaşacaq.

1904-cü ildə yaradılan “Frayburq” Almaniyanın ən qədim klublarından biridir. Zəngin tarixə baxmayaraq, o, ölkəsinin elit klubları sırasında deyil. Yaxın tarixdə bu klub birinci və ikinci bundesliqalarda çıxış edib. “Frayburq” klubu avrokuboklara cəmi 4 dəfə düşüb. Bu, onu deməyə əsas verir ki, Almaniya klubunun avrokuboklarda zəngin təcrübəsi yoxdur. Bu klub Avropa Liqasının qrup mərhələsinə birbaşa düşüb (2021/2022-ci il mövsümündə “Frayburq” Almaniya çempionatında 6-cı yeri tutub). Almaniya çempionatında 4 görüş keçirən “Frayburq” üç qələbə qazanıb, bir dəfə isə məğlub olub. O, ölkə çempionatında üçüncü yerdə qərarlaşıb. Beləliklə, Almaniya klubunun futbolçuları hazırda yaxşı formadadırlar.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə sentyabrın 8-də məhz “Frayburq”la səfər oyununda başlayacaq. “Köhlən atlar” qrup mərhələsinin son qarşılaşmasına noyabrın 3-də çıxacaq və rəqib yenə də Almaniya klubu olacaq.

Fransanın “Nant” klubu isə XX əsrin 40-cı illərinin əvvəllərində yaradılıb. Klubun ən yaxşı dövrləri 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərinə təsadüf edir. Bu klub 1995-ci ildə ölkə çempionu olub, ardıcıl iki dəfə Fransa kubokunu qazanıb (1999, 2000). XXI əsrdə klub Liqa 1 və Liqa 2-də çıxış edib. Klub 2013-cü ildə Fransa futbol elitasına qayıtsa da, böyük uğur qazana bilməyib. 2021/2022-ci il mövsümündə “Nant” Fransa kubokunun qalibi olub və Avropa Liqasının qrup mərhələsində iştirakı təmin edib. Fransa çempionatında “Nant”ın işləri yaxşı getmir. Liqa 1-də üç oyun keçirib: iki heç-heçə və bir məğlubiyyət. O, 20 klub arasında 14-cü yerdədir. “Qarabağ” sentyabrın 15-də (evdə) və oktyabrın 27-də (səfərdə) “Nant”la qarşılaşacaq.

Beləliklə, “Qarabağ”ın avrokubokların növbəti mərhələsinə çıxa bilməsi üçün kifayət qədər təcrübəsi var. Hər şey məhz ağdamlıların özlərindən asılıdır...



MƏSLƏHƏT GÖR:

95