26 Dekabr 2024

Cümə axşamı, 05:24

“ƏN SƏRT QIŞ” ASTANASINDA

Avropa Ukraynadakı müharibə nəticəsində yaranan enerji böhranının qarşısını almaq üçün resursları səfərbər edir

Müəllif:

01.09.2022

Avropa hazırda bu ilin sonuna qədər Rusiya neftinin idxalını azaltmağa və 2027-ci ilə qədər Rusiya təbii qazından tamamilə imtina etməyə çalışır. Rusiya isə öz növbəsində bununla bağlı əks tədbirlər həyata keçirir və təbii ki, ən həssas nöqtəyə zərbələr endirir. Söhbət Avropaya enerji resurslarının tədarükündən gedir. Rusiya bu məsələdə Avropaya ciddi zərbələr endirir, amma ehtiyatla... Çünki Moskva hesab edir ki, “qoca qitə” gec-tez Rusiyadan enerji resursları tədarükündən asılılıq və sərt qış təhdidi qarşısında “əli ətəyindən uzun” Rusiya ilə barışığa gəlməli olacaq.

“Qazprom” isə təbii qazın rublla ödəniş sxemini tətbiqini davam etdirdiyi dövrdə “Şimal axını-1” üçün lazım olan turbini Almaniyadan almağa tələsmir və Avropaya “mavi yanacaq” nəqlinin həcmini azaldır. Bu məqamda qeyd edək ki, Rusiyanın ən böyük təbii qaz inhisarçısı “Şimal axını-1” kəməri vasitəsilə ixracı sentyabrda cəmi 3 gün ərzində dayandıracağı ilə bağlı xəbərdarlıq edib. Bu xəbər onsuz da qeyri-sabit olan “mavi yanacaq” bazarında çalxalanmalara səbəb olub. Nəticədə, Avropada təbii qazın qiyməti bu ilin martından bəri ilk dəfə 1000 kubmetr üçün 3000 dollar həddini keçib.

Beləliklə, əgər qış soyuq keçərsə, Avropanın bəzi ölkələrində əhəmiyyətli dərəcədə təbii qaz çatışmazlığı ola bilər. Bu da “mavi yanacağın” istehlakının məhdudlaşdırılması və bu enerji resursunun qiymətinin xeyli artması ilə nəticələnəcək.

 

Avropasayağı qənaət

İyunda “Qazprom” “Şimal axını-1” vasitəsilə təbii qazın nəqlini 20 %-dək azaldıb. Qeyd edək ki, bu kəmər vasitəsilə sutkada maksimum 167 milyon kubmetr təbii qaz ixracı mümkündür. Avqustun 31-dən isə bu kəmərlə ixrac tamamilə dayandırılıb. Şirkət buna səbəb kimi profilaktik işləri göstərir. Doğrudur, “Qazprom” heç bir nasazlıq olmayacağı təqdirdə, tədarüklərin sentyabrın 2-də bərpa olunacağına vəd edir. Amma təbii qaz nəqlinin sutkada 33 milyon kubmetrdən çox olacağını gözləməyə dəyməz.

Bu arada, Almaniyanın Neft, Qaz və Geotermal Enerji İstehsalçıları Assosiasiyasının direktoru Lüdviq Merinqin fikrincə, “Şimal axını-1” vasitəsilə təbii qaz nəqlinin yenidən dayandırılması əslində, Avropanın Rusiyadan təbii qaz asılılığından açıq-aşkar istifadə cəhdidir. Əlbəttə ki, bu məsələdə onunla razılaşmamaq çətindir. Bu isə onu deməyə əsas verir ki, Brüssel Moskvaya qarşı sanksiya siyasətini davam etdirərsə, qış mövsümündə adı çəkilən kəmərlə “mavi yanacaq” nəqli daha tez-tez dayandırıla bilər.

Ümumiyyətlə, bununla bağlı, proqnoz ürəkaçan deyil. Ekspertlərin qışda Avropada enerji sahəsində son dərəcə çətin vəziyyətinin olacağına dair gözləntiləri ilə razılaşmamaq mümkün deyil. Onların fikrincə, Rusiya təbii qaz ixracını daha da azalda bilər. Üstəlik, Moskva bunu havaların ən soyuq keçdiyi dönəmdə edə bilər.

Bundan başqa, ekspertlərin proqnozlarına əsasən, gələcək aylarda da “Şimal axını-1” vasitəsilə təbii qazın tədarükü həcmi kəmərin ötürücülük qabiliyyəti nöqteyi-nəzərindən, 0-20 % arasında dəyişəcək. Bu isə öz növbəsində gələn ilin qışında Avropada ressesiya ilə nəticələnə bilər.

Moskva Aİ-nin Rusiya neft-qazından asılılığından kozır kimi istifadə etməyə davam etməsi və Rusiyadan “mavi yanacağın” tədarükünün azalması fonunda təşkilata üzv olan dövlətlərin hökumətləri enerji istehlakına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə məşğuldurlar. Söhbət qışda təbii qaz istehlakının 15 % azaldılmasından gedir.

Üstəlik, təbii qaz çatışmazlığı Avropa ölkələrini yenidən kömürdən istifadə etməyə vadar edir. Məsələn, İtaliya, Almaniya kimi, ölkələr kömürdən mərhələli şəkildə imtina edilməsini hələlik təxirə salınmasına qərar verib. Bundan başqa, Niderlandda iqlim böhranı səbəbindən fəaliyyəti üçdə birədək azaldılan kömürlə işləyən elektrik stansiyalarının gücünün 2024-cü ilə qədər tam istifadə edilməsinə qərar verilib. Avstriyada isə bundan qabaq bağlanan “Verbund” elektrik stansiyası yenidən kömürlə işləyəcək. Üstəlik, bu ölkədə təbii qazla işləyən elektrik stansiyalarında maye yanacaqdan istifadə oluna bilər.  

Bu məqamda qeyd edək ki, Fransa hakimiyyəti ölkədə bərpa olunan enerji mənbələrindən istifadəni artırmağı və təbii qaz anbarlarını doldurmağı planlaşdırır. Hətta prezident Emmanuel Makron Fransanın enerjiyə qənaət planını “ümumi səfərbərlik” adlandırıb. Bundan əlavə, ölkə hakimiyyəti fransızlara gündə bir dəfə qabyuyan maşından istifadə etməyi və işıqları söndürməyi unutmamağı məsləhət görür. Sentyabrda hökumət gecə vaxtı işıqlı reklamdan istifadəni qadağan edən fərman imzalayacağını, həmçinin istilik sisteminin işlədiyi və ya kondisionerlə təchiz edilmiş mağazaların qapılarının açıq saxlanmasına ümummilli qadağanın müddətini uzadacağını vəd edir.

 

İtaliyaya gəlincə, bu ölkədə məktəb və dövlət qurumlarında istilik sistemi və kondisioner vasitəsilə havalandırmanın azaldılması məqsədilə yaz mövsümündən etibarən “termostat əməliyyatı”na start verilib. Bundan sonra kondisionerlərlə temperaturun 27 dərəcədən aşağı olduğu otaqlarda havanı soyutmaq, qışda isə 19 dərəcədən yuxarı temperaturda isitməyə icazə verilmir. Bu qaydaları pozanları 500 avrodan 3000 avroya qədər cərimə gözləyir. Daha sonra Almaniya və İspaniya da bu qaydadan istifadə etməyə qərar verib.

Almaniyada fərdi istehlakçıları kondisionerdən istifadəni azaltmaq, avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadə etmək və hətta duş başlıqlarını daha az su istifadə edənlərə dəyişməklə bağlı kampaniyaya başlanılıb. Bu ölkənin bir çox şəhərlərində yerli hakimiyyət orqanları hovuzlarda suyun temperaturunu aşağı salmağa və şəhərin işıqlandırılmasını azaltmağa qərar verib.

Yeri gəlmişkən, Almaniyada istehlakçılar ev təsərrüfatları üçün təbii qazın qiymətinin ildə bir neçə yüz avro artacağını gözləyirlər. Buna görə çox sayda Almaniya vətəndaşı günəş panellərinin quraşdırılması ilə fəal şəkildə maraqlanmağa başlayıb. Üstəlik, kömür satıcıları anbarlardakı ehtiyatları doldurmağa çatdırmırlar. Yüksək qiymətlər və qış üçün ehtiyatların yığılması zərurəti artıq Almaniya hakimiyyətini ölkənin “mavi yanacaq” istehlakını tənzimləməyə məcbur edib. Bundan isə ən çox polad sənayesi və gübrə istehsalçıları zərər görür.

Bu arada, Belçikada elektrik enerjisinə qənaət edən vətəndaşları və şirkətləri maddi baxımdan həvəsləndirməyə qərar verilib. Mart ayından ölkədə tikinti materialları, binaların sökülməsi və yenidən qurulması, günəş enerjisi ilə işləyən günəş panellərinin, istilik nasoslarının və isti su qazanlarının quraşdırılması üçün xidmətlərə görə ƏDV dərəcələri (21 %-dən 6 %-ə) endirilib.

İspaniya parlamenti hökumətin hazırladığı təbii qaza qənaət planını təsdiqləyib. Buna əsasən, özəl şirkətlər və dövlət qurumlarından yayda soyutma sistemləri 27 dərəcədən aşağı istifadə edilməməlidir. Qışda isə binalar maksimum 19 dərəcəyə qədər qızdırıla bilər. Həmçinin saat 22:00-dan etibarən vitrinlərin və boş binaların işıqlandırılması dayandırılmalıdır. Güman edilir ki, bu cür tədbirlər İspaniyaya təbii qaz istehlakını 7 % azaltmağa imkan verəcək.

 

Təbii qaz ehtiyatları

Yaxşı xəbərlər də var. Ola bilsin ki, qış mövsümü başlamamışdan xeyli qabaq təbii qaz anbarlarının doldurulması məsələsini həll etmək üçün Avropanın məhz belə silkələnməyə ehtiyacı var idi. İndi əminliklə söyləyə bilərik ki, bu hədəfə ən yaxşı şəkildə nail olunacaq. Avropada yeraltı anbarlara təbii qazın vurulması prosesi hələ də davam edir. Lakin ümumi mənzərə ötən ildəkindən xeyli yaxşı görünür. Belə ki, hazırda yeraltı anbarlardakı ehtiyatlar 78,05 %-ə qədər artıb. Bu isə Aİ-nin yeraltı anbarların istifadəsinə dair ciddi tənzimləmə tətbiq etmək qərarı sayəsində mümkün olub. 2022-ci ildə anbarların doldurulması mövsümünün başlanğıcına qədər yeraltı anbarlarda ehtiyatlar azı 80 %, sonrakı illərdə isə 90 % təşkil etməlidir.

Yeri gəlmişkən, hazırda Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya və İspaniyanın anbarlardakı qaz ehtiyatları artıq 80 %-i ötüb. Digər tərəfdən Almaniya xəbərdarlıq edib ki, Rusiyanın “Şimal axını-1” ilə “mavi yanacaq” nəqlini üç gün müddətinə dayandırmaq planları təbii qazın yığılması prosesini ləngidə bilər.

Bu arada, Fransanın Enerji Tənzimlənməsi Komitəsinin rəhbəri Emmanuel Varqon bildirib ki, ölkənin təbii qaz anbarları artıq 88 % doludur: “Bu, tamamilə düzgün nəticədir. Bu, avropalı qonşularımızın nəticələrindən yaxşıdır. Məqsədimiz qışın əvvəlinə qədər yeraltı qaz anbarlarını 100 % doldurmaqdır. Bu hədəfimizə çatacağımıza tam əminik”.

O vurğulayıb ki, Fransanın qış mövsümündə etibarlı təchizatla və məqbul qiymətlərlə təmin olunması üçün lazım olan hər şey edilir.

Beləliklə, Aİ ölkələrində təbii qaz anbarlarında ehtiyatlar minimal hədəfə yaxınlaşıb. Bu ilin avqustun sonunda təşkilata üzv ölkələrdə bununla bağlı orta səviyyə 80 %-ə çata bilər. Bununla belə, operatorlar regionda güclü enerji çatışmazlığı, intensiv istilik, quraqlıq, təbii qaz və elektrik enerjisinin maksimal qiymətləri fonunda yeraltı anbarların doldurmasını davam etdirir. Hazırda “mavi yanacağın” qiyməti yüksəkdir. Amma təbii qazın qiyməti payız və qışda daha çox arta bilər.

“Avropada təbii qaz qiymətlərində ciddi artım davam edir”, - “Deutsche Bank Research”in analitikləri etiraf edirlər.  

Xatırladaq ki, Avropada təbii qazın maksimum qiyməti 2022-ci il martın 7-də qeydə alınıb. O vaxt “mavi yanacağın” aprel fyuçerslərinin qiyməti 3898 dollara qədər yüksəlmişdi. Bu məqamda qeyd edək ki, avqustda Avropada anomal istilər fonunda təbii qaz bahalaşıb. Anomal istilər “qoca qitə”də çayların qurumasına səbəb olub və yanacağın daşınmasında problemlər yaradıb. Məsələn, avqustun 16-da Avropanın spot birjalarında təbii qazın qiyməti 2500 dollardan yuxarı olub. “Qazprom”un ixracının tamamilə dayandırılması ilə bağlı bəyanatları fonunda avqustun 22-də bu enerji resursunun 1000 kubmetrinin qiyməti 3000 dollar həddini keçib, avqustun 25-də isə 3300 dollar təşkil edib. Eyni zamanda “Qazprom” təbii qazın qiymətinin 4000 dollara qədər artacağı barədə xəbərdarlıq edib.

Bu arada, Rusiyadan Avropaya tədarükün azalması fonunda Norveçdə bu sahə üzrə fəaliyyət göstərən zavodlarda aparılan profilaktik təmir işləri ilə əlaqədar vəziyyət daha da gərginləşir. Üstəlik, qiymət artımına Asiyada mayeləşdirilmiş təbii qaza tələbatın artması da təsir göstərir. Bundan əvvəl, asiyalı alıcılar təbii qazın spot alışına can atmırdılar. Bununla onlar sərbəst həcmləri avropalılara güzəştə gedirdilər. Amma qış yaxınlaşdığına görə asiyalılar qarşısında da təbii qaz ehtiyatlarını yaratmaq vəzifəsi dayanır.

 

“Möhkəmlik dərəcəsi”

Tədarükün azalması fonunda təbii qaz çatışmazlığı məsələsi təkcə Avropa İttifaqının ali rəhbərliyi səviyyəsində deyil, həm də təşkilata üzv olan ölkələrin hökumətləri səviyyəsində həll olunur. Bununla bağlı bəzən gözlənilməz qərarlar verilir. Məsələn, Kanada və Almaniyanın baş nazirləri Avropaya hidrogen tədarükü üçün Trans-Atlantik dəhlizin yaradılmasını nəzərdə tutan birgə Niyyət Bəyannaməsi imzalayıblar. Xorvatiya hökuməti isə Zlobin-Bosilyevo qaz kəmərinin tikintisi və Krk adasındakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalının tutumunun 6,1 milyard kubmetrə qədər artırılması barədə qərar qəbul edib. Hazırda bu terminalın tutumu 2,9 milyard kubmetrdir. Sadalanan layihələrlə bağlı investisiyaların həcmi 180 milyon avro qiymətləndirilir.

Avqustun 16-da Almaniya hökuməti “Uniper” və RWE şirkətləri ilə LNG tədarükü ilə bağlı müqavilə imzalayıb. Söhbət iki yeni üzən LNG terminalı vasitəsilə mayeləşdirilmiş təbii qazın təchizatından gedir. Bu iki terminalın bu ilin qışında istismara verilməsi planlaşdırılır.

İtaliya hakimiyyəti isə hesab edir ki, ölkə 2024-cü ilin payızından Rusiya təbii qazının idxalını tamamilə dayandıra bilər. “İtaliya Əlcəzair və Azərbaycanda yeni tədarük mənbələri sayəsində ötən il Rusiya qazından asılılığını 40 %-dən yarıya endirə bilib. Ölkə iki yeni reqazifikasiya terminalı tikə bilərsə, 2024-cü ilə qədər Rusiya qazından asılılığı tamamilə aradan qaldırması mümkündür”, - İtaliyanın Baş naziri Mario Draqi bildirib.

Bolqarıstana gəlincə, bu ölkə Qara dənizdə neft və qaz axtarmaq qərarına gəlib. Rumıniya parlamenti isə Qara dənizdən qazın çıxarılmasını asanlaşdıran qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi Rumıniya hökuməti tərəfindən təklif olunub. Bununla da, Qara dənizdən “mavi yanacaq” hasilatı daha da gəlirli olmalıdır.

Bolqarıstanın, təxminən, 3 milyard kubmetr təbii qaza ehtiyacı var. Hələ bu ilin aprelində Rusiya təbii qazından imtina edən ölkə “mavi yanacağın” üçdə birini Azərbaycandan, qalanını isə dünya bazarından əldə edir. Bu arada, Bolqarıstanın texniki hökuməti hesab edir ki, Rusiya qazından imtina tələsik olub. Odur ki, o, tədarükün bərpası üçün Moskva ilə danışıqları bərpa etmək qərarına gəlib.

“Biz texnokratlar hökumətiyik. Buna görə də bütün variantları, o cümlədən “Qazprom”dan tədarükün bərpasını nəzərdən keçiririk. Doğrudur, alternativ təchizatçıları prioritet hesab edirik, lakin onların kifayət qədər olmadığı üzə çıxarsa, mən qışda insanların donmasına imkan verən nazir olmayacağam”, - Bolqarıstanın energetika naziri Rosen Xristov vurğulayıb.

Onun sözlərinə görə, “Qazprom Export” şirkəti ilə mövcud müqavilə üzrə qiymətlərə əsaslanan hesablamalar göstərir ki, Rusiya “mavi yanacağı” Azərbaycan təbii qazından sonra ikinci ən ucuz enerji resursudur. Amma sentyabrda Yunanıstan vasitəsilə Bolqarıstana tədarük edilən iki LNG partiyası “Qazprom”un tədarüklərindən düz iki dəfə bahadır. Xatırladaq ki, ölkəyə mayeləşdirilmiş qazın tədarükünü Bolqarıstanın bundan əvvəlki hökuməti sifariş vermişdi.

Bir sözlə, Bolqarıstanın texniki hökumətinin bu yanaşması Moskva ilə münasibətlərin pozulmasında və ölkədə yaranmış enerji böhranında ittiham olunan əvvəlki hakimiyyətin qəbul etdiyi qərarlara ziddir. Eyni zamanda Bolqarıstanın müvəqqəti hökuməti Azərbaycanla əlavə qaz həcmlərinin alınması ilə bağlı danışıqları bərpa etmək qərarına gəlib. Lakin bu halda – tərəflər razılığa gələrsə – qiymətin mövcud sövdələşmədə razılaşdırılmış qiymətdən fərqli olacağı gözlənilir.

Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkov bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan bu ölkəyə təbii qaz tədarükünü artıq razılaşdırılmış 1 milyard kubmetr həcmə əlavə olaraq, 0,5-1 milyard kubmetr artırmağa hazırdır, lakin bunun üçün infrastruktur olmalıdır.

Hər halda, hazırda Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə kommersiya qazının tədarükünü gözləyir. Bu da Azərbaycanın bu ölkəyə təbii qazının tədarükünü illik 300 milyondan 1 milyard kubmetrə çatdırmağa imkan verəcək.

Xatırladaq ki, IGB kəməri bu ilin iyulunda istifadəyə verilib. Lakin onun vasitəsilə kommersiya tədarükləri hələ başlanılmayıb. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə təbii qazın tədarük ediləcəyini gözləyir.

Yeri gəlmişkən, R.Xristov hesab edir ki, IGB-nin istismara verilməsi bir neçə gün gecikərsə, “mavi yanacaq” Bolqarıstana noyabrın 1-də tədarük ediləcək. Qeyd edək ki, ötən il Azərbaycandan Bolqarıstana 208 milyon kubmetr təbii qaz ixrac edilib. IGB-nin yaxın vaxtlarda işə düşəcəyini nəzərə alsaq, bu il Azərbaycan bu ölkəyə 600 milyon kubmetr təbii qaz göndərəcək. Bundan başqa, Bolqarıstan hökuməti 6 aydan 12 aya qədər sabit LNG tədarükü təkliflərini təmin etmək üçün türkiyəli təbii qaz treyderləri ilə danışıqlar apardığını elan edib.

“Mənim fikrim odur ki, təbii qazla bağlı daxili ehtiyacları 120 %, 130 %, 150% təmin edək və bununla da özümüzü geosiyasi və texniki sarsıntılardan qoruyaq”, - R.Xristov vurğulayıb.

Bir sözlə, Bolqarıstanda təbii qaz tədarükü ilə bağlı baş verən son hadisələr nümunəvidir. Belə ki, qış yaxınlaşdıqca, həm enerji, həm də Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa İttifaqı ölkələrinin “həmrəyliyi” bir neçə dəfə sınaqdan keçəcək.



MƏSLƏHƏT GÖR:

158