26 Dekabr 2024

Cümə axşamı, 05:22

ÜMUMİ MARAQLAR NAMİNƏ

Azərbaycanla Qazaxıstan xalqlarının rifahı və türk inteqrasiyası naminə strateji müttəfiqliyi dərinləşdirir

Müəllif:

01.09.2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında tərəfdaşlığın, müttəfiq münasibətlərinin durmadan dərinləşdiyini göstərib. Bununla yanaşı, Bakıda keçirilən görüşlərin, ilk növbədə, dövlət başçıları arasında aparılmış danışıqların nəticələri bütünlükdə türk dünyasında inteqrasiya proseslərinin inkişafı, onun Avrasiyada nüfuzlu güc mərkəzlərindən birinə çevrilməsi mənasında da böyük əhəmiyyət daşıyır.

 

İqtisadi və dəhliz perspektivləri

Tokayevin Bakı səfəri maraqlı rəmzi cəhəti ilə də yadda qalıb – o, Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının (30 avqust 1992-ci il) 30 illiyi ərəfəsinə təsadüf edib.

Səfər çərçivəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə yönəlmiş 20-dək sənəd imzalanıb. Onların arasında «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram» və «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə» xüsusi vurğulanmalıdır. Prezidentlər tərəfindən imzalanmış Bəyannamə Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq, müttəfiqlik və tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əməkdaşlığın uzunmüddətli hədəflərini müəyyənləşdirib.

Hər iki sənəddə – istər Kompleks Proqram, istərsə də Bəyannamədə – əsas diqqət iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəldilir, bu kontekstdə Azərbaycanla Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin vacibliyi, iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması üçün gələcək səylərin gücləndirilməsinin zəruriliyi bildirilir. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu layihəsinin reallaşdırılması üçün qarşılıqlı yardımlaşmanın vacibliyi məsələsi də buradan ortaya çıxır. Eyni şey Qazaxıstan nefti, neft məhsulları və qazının Azərbaycan vasitəsilə beynlxalq bazarlara təhlükəsiz, etibarlı şəkildə çıxarılması üçün mövcud infrastrukturun effektivliyinin artırılması məsələsinə də aiddir.

Asiya ilə Avropanı Qazaxıstan və Azərbaycan vasitəsilə birləşdirən Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyəti Rusiya-Ukrayna müharibəsi üzündən Rusiya ilə Qərbin münasibətlərinin tam pozulması, Moskvaya ciddi sanksiyaların tətbiqi ilə daha böyük əhəmiyyət qazanıb. Rusiya ərazisi ilə yük daşımaqdan imtina etmiş beynəlxalq nəqliyyat şirkətləri üstünlüyü Trans-Xəzər dəhlizinə verməyə başlayıb, nəticədə bu yol ilə yük daşımaları həcmi xeyli artıb. Eyni zamanda Novorossiysk limanı terminallarının işində davamlı olaraq problem yarandığından, Qazaxıstan öz neftini Avropaya çatdırmaq üçün alternativ marşrut tapmaq zərurəti ilə üzləşib. Odur ki, prezident Tokayev Qazaxıstan hökumətinə neft nəqli üçün alternativ marşrutların müəyyənləşdirilməsi tapşırığını verib. Alternativ kimi isə məsələn, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa marşrutları nəzərdən keçirilir. Güman ki, artıq yaxın vaxtlarda Qazaxıstan neftinin Avropa bazarlarına daşınması yollarının şaxələndirilməsi çərçivəsində Azərbaycan marşrutlarından istifadəyə dair razılaşma da imzalanacaq.

Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiyadadan enerji resurslarının Avropaya nəqli prosesində tranzit ölkələrdən biri kimi təsdiqlənməsi Qazaxıstan üçün yalnız iqtisadi məqsədəuyğunluq kontekstində yox, həm də öz müstəqilliyini gücləndirməsi baxımından vacibdir. Çünki bu halda Mərkəzi Asiyanın ən nəhəng dövləti tranzit məsələsində Rusiyanın timsalında bir mərkəzdən asılılığa son qoyur. Kasım-Jomart Tokayev Bakıda olarkən əbəs yerə deməyib ki, «Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz ki, burada üstünlük Azərbaycandadır. Burada yaxşı perspektivlər var».

Azərbaycanla Qazaxıstan arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planların olduğunu Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib: «Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var».

İndi bir şey aydındır: müasir geosiyasi reallıqlar Bakı ilə Nur-Sultanı iqtisadi əməkdaşlığı genişləndirməyə sövq edir. Bu vəziyyətdən ortaya çıxan qarşılıqlı marağı Qazaxıstan prezidentinin Bakıya səfəri çərçivəsində keçirilmiş Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının ilk toplantısının nəticələri də təsdiqləyib. Toplantıda məsələn, Qazaxıstanın Xarici Ticarət Palatası ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq sazişi də imzalanıb.

Lakin səfərin əsas iqtisadi hadisəsi, şübhəsiz ki, dövlət başçılarının iki ölkə arasında ticarət dövriyyəsi həcmini ildə 1 milyard dollara çatdırmaq əzmini dilə gətirmələridir.

Bununla yanaşı, prezident Tokayevin Bakı səfərinin nəticələri yalnız iqtisadi sahədə əməkdaşlıq, enerji və nəqliyyat məsələləri ilə məhdudlaşmır. Dünyada və postsovet məkanında yaşanmaqda olan yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanla Qazaxıstanın siyasi, mədəni və humanitar sahələrdə də əməkdaşlığı gücləndirməyi hədəfləmələri olduqca önəmlidir.

 

Zəfər şüarı ilə

Ümumtürk inteqrasiyasının fəallaşmasına ilk növbədə, Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı Qələbə, 30 illik erməni işğalına son qoyması təkan olub. Bu Qələbəyə aparan yolda  Azərbaycan sülh sahəsində, o cümlədən siyasi və diplomatik sahələrdə bir sıra nailiyyətlər əldə edib. Bu işdə onun ədalətli mövqeyinin dünya arenasında dost dövlətlər tərəfindən dəstəklənməsi də az rol oynamayıb. Belə dövlətlərdən biri isə təbii ki, Qazaxıstandır. O, KTMT çərçivəsində Ermənistanla müttəfiq olmasına baxmayaraq, hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib.

Nur-Sultanın bu məsələdəki prinsipial mövqeyi özünü Tokayevin son Bakı səfərində də göstərib. Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qəbul etdikləri Bəyannamədə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub. Prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə isə Tokayev Azərbaycanın torpaqlarını işğaldan azad etməsini «tarixi hadisə» adlandırıb. O, prezident İlham Əliyevə müraciət edərək deyib: «Məhz Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib. Bildiyiniz kimi, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Hesab edirəm ki, bu ədalətli prinsip müasir beynəlxalq hüquqa tamamilə müvafiqdir. Ona görə burada da eyni mövqe, eyni yanaşmalar, ortaq baxışlar var. Hesab edirəm ki, bu, gələcəkdə bizim əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas olacaq».

İlham Əliyevin Qarabağın azad olunmasındakı yüksək rolunun qiymətləndirilməsinin daha bir göstəricisi Qazaxıstan prezidentinin Azərbaycan liderinə ölkəsinin ali mükafatı – «Altın kıran» («Qızıl qartal») ordenini təqdim etməsi olub. Kasım-Jomart Tokayev bildirib ki, bu, Qazaxıstanın İlham Əliyevi görkəmli dövlət xadimi kimi qəbul etdiyinin göstəricisidir. O, Azərbaycana tarixi Qələbə qazandırmış, ölkənin ərazi bütövlüyünü BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etmiş İlham Əliyev Bakı ilə Nur-Sultan arasında çoxtərəfli əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini də söyləyib.

Bəyannamədə Qazaxıstanın Azərbaycanın Zəngəzur dəhlizini yaratması cəhdlərinə dəstəyinin də ifadə olunduğu xüsusi vurğulanmalıdır. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməli olan bu dəhlizə Trans-Xəzər Orta Dəhlizinin perspektiv hissəsi kimi baxılır.

Maraqlıdır ki, Qazaxıstan həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak edən ölkələrdən biridir. Bu məsələ Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının iki ölkənin iqtisadiyyat nazirləri və iş adamlarının iştirakı ilə keçirilmiş birinci toplantısında da müzakirə olunub.

Qazaxıstanın Füzuli şəhərində uşaqlar üçün Kumanqızı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşası təşəbbüsü ayrıca bir dostluq jesti kimi qiymətləndirilə bilər. Bu təşəbbüs Azərbaycanın Qazaxıstana qarşı atdığı analoji addımlar fonunda son dərəcə nümunəvi görünür. Söhbət Sumqayıt şəhərinin mərkəzi küçələrindən birinə görkəmli qazax maarifçisi, türkoloq Əhməd Baytursunovun adının verilməsindən, həmçinin Bakıdakı Dənizkənarı Milli Parkda «Qazax yurtası»nın qurulmasından gedir.

Nəhayət, daha bir əlamətdar hadisə Azərbaycanın Şuşa şəhəri ilə Qazaxıstanın Türküstan şəhərinin qardaşlaşmış şəhərlər elan olunmasına dair sənədin imzalanmasıdır. Yenə də ümumtürk həmrəyliyi kontekstində son dərəcə vacib, rəmzi məna daşıyan bu hadisə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin bütün türk dünyası üçün əhəmiyyətinin, eyni zamanda onun beynəlxalq arenada artan rolunun göstəricisidir.

Şübhəsiz ki, Qazaxıstan prezidentinin Azərbaycana səfərinin, eyni zamanda Azərbaycanın dövlət başçısının bir müddət əvvəl Özbəkistana etdiyi səfərin nəticələri türk dövlətlərinin, onların yaratdıqları Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada mövqeyinin getdikcə artması məntiqinə uyğundur. İlham Əliyev ilə Kasım-Jomart Tokayevin qəbul etdikləri Bəyannamədə isə Türk Dövlətləri Təşkilatının güclənməsi, beynəlxalq arenada rolunun artması üçün bundan sonra da birgə səylərin göstəriləcəyi vurğulanır. Dövlət başçıları «Türk Dünyası 2040 Vizyonu» konsepsiyasının reallaşmasına dəstək vermək əzmindədirlər. Bununla yanaşı, iki dövlət arasındakı münasibətlərə zərər verə biləcək istənilən addımdan çəkinilməsi də əsas prinsiplərdən biridir.

Beləliklə, Azərbaycanla Qazaxıstan ümumtürk inteqrasiyası prosesinin irəli aparılmasına sadiqliklərini təsdiqləyiblər. Bu isə Avrasiya və bütünlükdə dünyadakı müasir geosiyasi şəraitdə türk dövlətləri və xalqlarının maraqları baxımından son dərəcə vacib əhəmiyyət daşıyır.



MƏSLƏHƏT GÖR:

147