19 Dekabr 2024

Cümə axşamı, 17:56

UĞUR TARİXÇƏSİ

İki azərbaycanlı şahmatçı Avropa çempionatının mükafatçısı olub

Müəllif:

15.09.2022

Son illər ölkəmizin qadın şahmatçıları kişi qrossmeysterlərdən geri qalmadığını göstərməkdə davam edir. Təsadüfi deyil ki, 2022-ci ildə şahmatdakı əksər uğurlarımız məhz xanımların adı ilə bağlıdır. Hindistanda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında son turdakı uğursuzluğa görə medalsız qalan millimizin üzvləri Avropa çempionatında mükafatçılar sırasında yer alıb.

Qadın şahmatçılardan ibarət millimizin üzvləri Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyada keçirilən Avropa çempionatında müvafiq olaraq gümüş və bürünc medallar qazanmaqla Azərbaycan şahmatında yeni səhifə açıblar. Təmsilçilərimiz Azərbaycan tarixində ilk dəfə qitə çempionatında medalçılar sırasında olublar.

 

Bir ayda əldə olunmuş nailiyyətlər

Günay Məmmədzadə İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu - 11-ci turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva isə son turda “ağlar”la millimizin digər üzvü Gülnar Məmmədovanı məğlub edib. Beləliklə, hər iki şahmatçı xalını 8-ə çatdırdı. Yekunda əlavə göstəricilərə görə Günay ikinci, Ülviyyə isə üçüncü yeri tutub. Ümumilikdə, 123 şahmatçının qatıldığı yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.

Qitə çempionatında uzun müddət lider mövqeyində olan Günay Məmmədzadə qızıl medal qazanmağa çox yaxın idi. Qalibdən yarım xal geri qalan Məmmədzadə və Fətəliyeva əvvəlki turlarda bir qədər dəqiq oynamaqla daha yüksək əyarlı medal əldə edə bilərdilər. Bununla belə, hər iki şahmatçının keçirdiyi oyunlar göstərib ki, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva dünyanın aparıcı qadın şahmatçıları ilə rəqabət apara bilərlər.

Avropa çempionatında medalçılar siyahısına daxil olan millimizin 1 nömrəsi Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın bu nailiyyəti qadın şahmatçılarımızın bundan əvvəlki zəfərlərinin təsadüfi olmadığını sübut edib. Belə ki, bu il avqustun 10-u başa çatan şahmat olimpiadasında 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat - 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülmüşdü. Bir ayda qadın şahmatçılarımızın əldə etdiyi bu uğurlar ölkəmizdə qadın şahmatının ildən-ilə inkişaf etdiyini göstərir.

Son keçirilən Avropa çempionatında medalçılar sırasına düşməklə Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Dünya kubokuna vəsiqə qazanıb. Bundan əvvəl Gülnar Məmmədova bu turnirdə iştirakı təmin etmişdi.

Qitə çempionatında çıxış edən digər şahmatçılarımıza gəlincə Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.

 

Günay Məmmədzadə: “Ümid edirəm və inanıram”

Avropa çempionatının ikincisi Günay Məmmədzadə “Region plus” jurnalına açıqlamasında qızıl medala çox yaxın olduğunu bildirib: “Medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım. Qalibdən 0,5 xal geri qaldım. Birinci yeri tutmaq şansım az deyildi. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam”.

O, ən çətin görüşünün polşalı Avropa çempionu, özündən 22 yaş böyük olan Monika Soçko ilə olduğunu qeyd edib: “Qalib olan Monika Soçko ilə partiya mənim üçün çətin olub. Həmin görüşdə uduzdum. Bundan sonra özümə gəlməli idim. Çünki ardıcıl iki erməni şahmatçısı Mariya Qevorqyan və Elina Danielyanla qarşılaşırdım. Mariya üzərində qələbəm gümüş medal qazanmağımda rol oynayıb”.

Şahmatçı bildirib ki, bu uğurla 2023-cü ildə keçiriləcək Dünya kubokuna vəsiqə qazanıb: “Hər bir uğur özü ilə böyük motivasiya gətirir. Avropa çempionatındakı nəticəm həm də Dünya kubokuna lisenziya qazandırdı. Əsas məqsədim orada da yer tutub İddiaçılar Turnirinə, daha sonra dünya çempionluğu uğrunda mübarizəyə vəsiqə əldə etməkdir”.

Qrossmeyster Ülviyyə Fətəliyeva isə özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Hər zaman məqsədimiz birinci olmaqdır. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir. Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə sevindirici idi. Ən çətin görüşüm qızıl medala sahib çıxan polşalı Monika Soçkoya qarşı oldu. Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində, yaxşı üstünlük qazanmışdım. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda oyunda heç-heçəyə nail oldum”.

 

Şahmatçılarımız medal kürsüsünü tutdular

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) vitse-prezidenti Mahir Məmmədov qadın şahmatçıların gələcəkdə daha böyük uğurlar qazanmağa qadir olduğunu söyləyib: “Bu, güclülərin iştirak etdiyi nüfuzlu yarış idi. Belə yarışda uğurlu çıxış etməyin qiyməti çox dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Reytinq xallarını artırdılar. Məsələn, Ləman Hacıyeva öz xalını rekord səviyyədə - 95,6 xal qaldırdı”.

Onun sözlərinə görə, sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıtdıq: “Ruhlandırıcı fakt odur ki, bu, 2 medaldır. Əslində, demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Əlbəttə, birinci yerə çıxmaq şansımız vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva Avropa çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi.

İnamla söyləmək olar ki, qadın şahmat millisinin uğurları hələ qabaqdadır. Çünki dövlətimiz tərəfindən lazımi qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər Şahmat Federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların uğuru bizdə gələcəyə nikbin əhvali-ruhiyyə yaradır”.

Qeyd edək ki, qadın şahmatçılarımızı qarşıda iki nüfuzlu turnir gözləyir. Şahmatçılarımız əvvəlcə sentyabrın 21-24-də Şuşada ilk beynəlxalq turnirdə, ardınca isə Avstriyada klubların Avropa kubokunda mübarizə aparacaqlar.



MƏSLƏHƏT GÖR:

146