1 May 2024

Çərşənbə, 18:20

MARQARET TETÇER KİMİ

Britaniyanın yeni baş naziri «dəmir ledi»yə bənzəməyi çox istəyir

Müəllif:

15.09.2022

«Mən qalmaq (Aİ-də) tərəfdarıyam, çünki hesab edirəm ki, bu, Böyük Britaniyanın iqtisadi maraqlarına uyğundur, bizim öz evimizdə diqqəti həyati əhəmiyyətli iqtisadi və sosial islahatlara yönəldə biləcəyimiz deməkdir».

«Aİ ilə oktyabrın 31-dək razılaşma imzalayıb-imzalamayacağımızdan asılı olmayaraq, Avropa İttifaqını tərk etməliyik… Ticari siyasətimizə nəzarətin geri qaytarılması Britaniya xalqının yenidən sükan arxasına keçməsi anlamına gəlir…».

İlk bəyanat 2016-cı ildə Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinədək ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri tərəfindən «Brexit» əleyhdarı olan Devid Kemeronun kabinetində səsləndirilib. İkincisi 2019-cu ildə Boris Consonun dövründə xarici ticarət nazirinə məxsusdur. Lakin bir-birinə tam zidd bəyanatların hər ikisinin müəllifi Mühafizəkarlar Partiyasının yeni lideri, Böyük Britaniyanın baş naziri Liz Tassdır.

Yeri gəlmişkən, o, mühafizəkar yanaşmaya da heç də hər zaman sadiq olmayıb.

Meri Elizabet Trass 26 iyul 1975-ci ildə Oksfordda qatı leyboristlər ailəsində doğulub. Valideynləri onu tez-tez xüsusilə baş nazir Marqaret Tetçerin siyasətinə etiraz olaraq keçirilən nümayişlərə apararlarmış. Gəncliyində valideynlərinin mövqeyinə birmənalı dəstək verən Trass Oksford Universitetinə qəbul olunduqdan sonra siyasi baxışları dəyişib. O, liberal-demokrata çevrilib, hətta partiyanın universitet qanadının prezidenti seçilib. Universiteti bitirdikdən sonra isə Tass Mühafizəkarlar Partiyasına üzv olub.

Atası Con Kennet Trass Lids Universitetinin riyaziyyat üzrə professoru olub. Ata Trass hər zaman deyirmiş ki, o, qızının toriyə necə çevrildiyini anlamır. Müəyyən müddət o, qızının «leyboristlərin mühafizəkar rejimi içəridən dağıtmağa çalışan xüsusi agenti» ola biləcəyini belə, düşünüb. Liz Trass özü isə deyir ki, onun qərarına təsir göstərmiş əsas məqam Sovet İttifaqının dağılmasından sonra Şərqi Avropaya etdiyi səfər olub.

Onun «Brexit»ə münasibətinin dəyişməsinə də izahı var. Trass deyir ki, onun Aİ-dən çıxmağının əleyhinə olması yalnız Devid Kemerona loyal münasibətindən irəli gəlib.

Üç baş nazir – Kemeron, Mey və Conson ilə işləmiş Liz Trass rəhbərlərinə yalnız fikirlərilə loyallıq göstərməyib, həm də işgüzarlığı ilə fərqlənməyə çalışıb. Bu, bəzən «həddini aşma» dərəcəsinə belə çatıb.

Consonun dövründə xarici ticarət naziri olan Trass «Brexit»dən sonra ayrı-ayrı ölkələrlə ticarət razılaşmalarının yeniləməsində xüsusi fəallıq göstərib, özünü yeni «Qlobal Britaniya»nın səfiri kimi göstərməyə çalışıb. Halbuki, bu razılaşmalar Britaniyanın Aİ-də olduğu dövrə aid razılaşmalardan xüsusi fərqlənməyib. O dövrlərdə Trass uğur tarixçələrini «Instagram»da paylaşmağa o qədər maraq göstərirdi ki, əməkdaşları arasında «Instagramming Truss» şöbəsində işlədikləri haqda zarafatlarla dolaşmağa başlamışdı. Partiyadaşları isə onun bu əməlinə o qədər də etiraz etmirdilər. Çünki bu, həm də «Brexit»ə nail olunduğunu göstərən amil kimi qiymətləndirilirdi.

Trass xarici işlər naziri olarkən Rusiyanın Ukraynaya hücumunun Böyük Britaniya tərəfindən ən kəskin şəkildə pislənilməsi məsələsində Consona tam dəstək verib. Lakin o, britaniyalıları açıq şəkildə döyüşmək üçün Ukraynaya getməyə çağırdıqda tori kabineti nazirin bu mövqeyi ilə məsafə saxlamağa çalışıb, bunun Londonun rəsmi yanaşması olmadığı vurğulanmağa başlayıb. Bu fikirdə olanlar deyirdilər ki, Ukraynanı dəstəkləməyin başqa yolları da var.

 

Problemlər burulğanı

Liz Trass Böyük Britaniyaya rəhbərliyi ölkə üçün kifayət qədər çətin olan dövrdə ələ alıb. Əvvəlki baş nazirlərdən ona İngiltərə Bankının proqnozlaşdırdığı resessiya, ikirəqəmli inflyasiya, faiz dərəcələrinin artımı, staqflyasiya, səhiyyə sahəsindəki kadr böhranı (NHS), Şimali İrlandiyada hökumət bölgüsü çətinlikləri, Şotlandiyada müstəqillik referendumunun keçirilməsi çağırışlarının bərpa olunması və digər böyük və kiçik problemlər miras qalıb. Bir çox ölkələrdə insanların psixi sağlamlığına təsirini davam etdirən COVID-in fəsadları da öz yerində.

Başqa və kifayət qədər vacib daha bir çətinlik də var – yeni baş nazir ciddi inam problemi ilə qarşılaşacaq. Elektorat Boris Conson və nazirlərinə, onun partiyasına «Partygate» (siyasi qalmaqal) baş verməzdən əvvəl inanırdı. İndi vəziyyət fərqlidir.

Amma vəziyyət əlbəttə ki, dəyişə, yeni lider seçicilərin toriyə inamını bərpa edə – çox uzanacağı proqnozlaşdırılan resessiyanı aradan qaldıra, NHS-i canlandıra, «Global Britain» brendini müsbət beynəlxalq güc kimi möhkəmləndirə bilər. Amma bütün bunlara nail olunması ən populyar siyasətçi üçün belə, çətindir. Hələ ehtiyatda 5 ili olmayan siyasətçi üçün daha çətindir. Liz Trassın reytinqi o qədər də yaxşı deyil. Növbəti seçkiyə isə maksimum 2 il qalır. «YouGov» araşdırma təşkilatının məlumatına görə, britaniyalıların yalnız 12%-i Trassı yaxşı lider kimi qəbul edir. 52% onu «pis lider» sayır. Britaniyalıların Trassın Boris Consondan yaxşı baş nazir olub-olmayacağı məsələsində mövqeləri haçalanır. Amma hesab olunur ki, o, Marqaret Tetçerdən bu yana istənilən baş nazirdən pis olacaq.

 

Tetçerlə bənzərlik varmı?

Amma Trass bütün siyasi karyerası boyu məhz Tetçerə bənzəməyə çalışıb və çalışır. Buraya xarici görünüş də aiddir. Məsələn, Trass Rusiyaya bu ilin fevralında etdiyi səfər zamanı tetçerin NATO təlimlərində geydiyi papağa bənzər xəz papaq geymişdi. Ötən ilin noyabrında isə Estoniyada kumir kimi, tankın üzərində foto çəkdirmişdi. Baş nazir kürsüsü uğrunda mübarizənin ilk günlərində Trass debata bantlı bluza ilə çıxmışdı ki, bu da Tetçerin çox bəyəndiyi üslub idi.

Liz Trass iqtisadi və siyasi təşəbbüslərini də Tetçerin ideyalarının davamı kimi təqdim etməyə çalışır. Amma maraqlıdır ki, «dəmir ledi»nin tərəfdarları arasında belə, Trassın Britaniya iqtisadiyyatında islahatlarla bağlı təsəvvürlərinin Tetçerin ideyalarına bənzəyib-bənzəmədiyi haqda düşüncələr fərqlədir.

Məsələn, 1970-ci illərin aparıcı makroiqtisadçılarından olmuş, Tetçerin iqtisadi müşaviri işləmiş professor Patrik Minford (Tetçer 1980-ci illərdə Böyük Britaniya iqtisadiyyatının yenidən qurulması zamanı məhz onunla məsləhətləşirdi) hesab edir ki, «dəmir ledi» Liz Trassın iqtisadi ideyalarını dəstəkləyərdi. «Düşünürəm ki, Liz Trass Tetçerə xas bir çox keyfiyyətlərə – əməksevərliyə, atılması vacib olan addımlarla bağlı strateji düşüüncəyə malikdir. Fikrimcə, o, arzuları həyata keçirməyin nə qədər çətin olduğunun fərqindədir. Çünki mövcud sistem qarşıya bir çox maneə çıxarır. Trassın  Tetçerlə müqayisə olunmağa iddia etməsi üçün bütün əsasları var», - deyə professor qeyd edib.

Marqaret Tetçerin keçmiş siyasi məsləhətçisi lord Qriffits isə iki xanım arasında heç bir bənzərlik görmür, Liz Trassı iqtisadi avantüristlikdə günahlandırır. Səbəb baş nazirin milli sığorta qiymətlərini endirəcəyi, korporativ verginin artırılması planını ləğv edəcəyi ilə bağlı vədləridir: «Missis Tetçer ən böyük qorxularından birinin nə olduğunu mənə dəfələrlə söyləmişdi. O, qorxurdu ki, bir gün kanslerdən (maliyyə nazirləri) biri «iqtisadiyyatın gələcəyi naminə» vergini azaltmaq qərarı verə bilər».

 

Putinin dayandırılması

Yeni baş nazir «The Telegraph»a müsahibəsində bildirib ki, onun ölkənin problemlərinin həllinə yanaşması iki formada olacaq: yaşam qiyməti böhranının aradan qaldırılması üçün təcili tədbirlər və iqtisadi artımın təmini planı. Trass deyib ki, tezliklə «dövlət xidmətində islahatlarla bağlı 10 illik planı və iqtisadi artım tempinin dəyişdirilməsi ilə bağlı 10 illik planı» təqdim edəcək. Baş nazir hesab edir ki, Böyük Britaniya orta hesabla 2,5%-lik artım göstərməlidir.

Baş nazir enerji böhranının həlli üçün bu qış milyonlarla ev təsərrüfatları üçün elektrik enerjisi hesablarını dondurmağı planlaşdırır. Orta ev təsərrüfatı üçün illik elektrik enerjisi borcu bu ilin oktyabrında 1971 funt-sterlinqdən 3549 funt-sterlinqədək artmalı idi. Yeni hökumət bu həddi, təxminən, 2500 funt-sterlinq həddində saxlamağı planlaşdırır. Xərclərin 100 milyard funt -sterlinqdən artıq borc hesabına kompensasiya edilməsi düşünülür. Xəzinədarlığın yeni kansleri Kvazi Kvartenq bildirir ki, bu tədbirlər iki il davam edəcək və sahibkarların, ailələrin «həm bu, həm də növbəti qışdan çıxmasına» yardım edəcək. Paralel olaraq, Şimal dənizində qaz və neft yataqları qazıntısının artırılması da nəzərdə tutulur. Məqsəd orta perspektivdə Böyük Britaniyanın enerjiyə olan tələbatının ödənilməsidir.

Trass daha sonra gəlir və əlavə dəyər vergilərinin azaldılması imkanlarını nəzərdən keçirir. O, xırda şirkətlərə kömək məqsədilə biznes dərəcələrini azaltmağı da planlaşdırır. Baş nazir milli sığortanın apreldən artan qiymətini əvvəlki vəziyyətə qaytarmaq fikrindədir. O, hesab edir ki, bu yolla tənəzzül və resessiyanın qarşısını almaq mümkün olacaq. Trass ümumilikdə vergi sisteminə yenidən baxılması çərçivəsində mirasa görə verginin həddinə də yenidən baxılacağını bildirib.

Bundan başqa, Liz Trass iddia edir ki, o, Böyük Britaniyanı qlobal minimal korporativ vergini 15% səviyyəsində müəyyənləşdirmiş beynəlxalq razılaşmadan çıxaracaq. Doğrudur, bu razılaşmanın onu imzalamış bütün ölkələrin parlamentində ratifikasiya olunmadan qüvvəyə minməsi mümkün deyil. Hələlik onu razılaşmanın ən qatı tərəfdarı olan Co Bayden belə, Senatdan keçirə bilmir.

Böyük Britaniyada isə razılaşmaya Mühafizəkarlar Partiyasının sağçı qanadı etiraz edir. Onların iddiasına görə, bu, milli suverenliyi pozur və iqtisadi inkişafa mane olur.

Baş nazirin daha bir vədi NHS-dən milyardlarla funt-sterlinqin sosial yardıma yönəldiləcəyi ilə bağlıdır. Onun fikrincə, bu, xəstəxanalarda yerlərin boşalmasına imkan verəcək. Trass istəyir ki, milli sığortanın bahalaşması ilə NHS üçün nəzərdə tutulmuş illik 13 milyard funt-sterlinq yaşlı insanlara xidmət göstərilməsi üçün yerli hökumət orqanlarına yönəldilsin.

Yeni baş nazir əmindir ki, «bizim qeyri-leqal immiqrasiyanın qarşısını ala biləcəyimizə əmin olmağımız üçün Britaniyada miqrasiya islahatları davam etməlidir». Bununla yanaşı, o, ildə min əcnəbinin Britaniyaya gəlməsinə icazə verilməsini təklif edir. Baş nazirin fikrincə, onlar meyvə yığımı kimi kənd təsərrüfatı işləri ilə məşğul ola bilərlər.

Bundan başqa, Trass bildirir ki, «Şimali İrlandiya protokolunun hazırkı forması Böyük Britaniyanın mövqeyinə ziddir». O, hakimiyyəti dövründə Şotlandiyada müstəqilliklə bağlı ikinci referendumun olmayacağını deyir, çünki ittifaqı qoruyacağına və gücləndirəcəyinə and içib.

Baş nazir Böyük Britaniyanın bu ilin sonunadək Silahlı qüvvələrin xərclərini artıracağını (ÜDM-in 3%-dək), ordu sıralarının seyrəldilməsi ilə bağlı plana yenidən baxacağını bildirir.

Ukrayna müharibəsindən danışarkən isə Liz Trass özünü bu ölkənin «azadlığı uğrunda mübariz» adlandırıb. Baş nazir deyib ki, Mühafizəkarlar Partiyasının üzvləri onun Vladimir Putinin məğlub edilməsi üçün əlindən gələni əsirgəməyəcəyinə əmin ola bilərlər.

 

Dinləməyi bacarır

Tənqidçilər Liz Trassa münasibətlərindən asılı olmayaraq etiraf edirlər ki, baş nazirin güclü siyasi, iqtisadi ekspertlərdən, «Brexit» üzrə mütəxəssislərdən, xarici və daxili siyasət bilicilərindən ibarət güclü komandası var. Məsələn, baş nazirin əsas iqtisadi məsləhətçisi Metyu Sinkler iqtisadi ekspertlər arasında böyük hörmətə sahibdir. Səbəb onun «xərclər, vergilər və tənzimləmə məsələlərində çox ciddi sağ-mərkəzçi duyumuna malik olması, rəqabətin dəyərini anlaması, bununla yanaşı, dövlət tənzimləməsi strukturlarında ciddi təcrübəsinin mövcudluğu»dur.

Lakin yeni baş nazirin ən güclü tərəfi yəqin ki, dinləmək bacarığıdır. Onun eşitdiklərindən doğru nəticələr çıxara bilib-bilmədiyini isə zaman göstərəcək. Liz Trassın məsləhət üçün tez-tez müraciət etdiyi Patrik Minford hesab edir ki, baş nazir «azad ticarət məsələsinə kifayət qədər tez və əzmlə girişib… o, nə etmək lazım olduğunu bilir».



MƏSLƏHƏT GÖR:

87