2 May 2024

Cümə axşamı, 03:07

MÜTTƏFİQ DÜŞMƏNLƏR

Türkiyə ilə Yunanıstan arasında qarşıdurmanın güclənməsi Avropada yeni müharibəyə yol aça bilər

Müəllif:

15.09.2022

Avropa qaynamaqdadır. Artıq Türkiyə ilə Yunanıstan arasında dərinləşməkdə olan qarşıdurma faktiki olaraq, yeni gərginlik ocağına çevrilib. Bu qarşıdurmaya istər tərəflər arasında Egey dənizilə bağlı köhnə ərazi mübahisələri, istərsə də Avropada, Aralıq dənizində və strateji əhəmiyyətə malik Avrasiya məkanında geosiyasi planlarını reallaşdırmağa çalışan dünya güclərinin maraqları təkan verir.

 

Egey nifaqı

Türkiyə ilə Yunanıstan arasında qarşıdurma onilliklərdir davam edir. Lakin o, yəqin ki, heç zaman indiki dərəcəyə çatmayıb. Bu gün onların arasında yaşanan gərginlik tammiqyaslı hərbi əməliyyatlara belə, yol aça bilər.

Qarşıdurmanın əsas səbəbi Egey dənizindəki bəzi adaların statusu, ərazi sularının və hava məkanının sərhədləridir. Beynəlxalq dəniz hüququna görə, hər hansı dövlətin ərazi suları 12 dəniz milini aşa bilməz. Egey dənizində isə mübahisəli adaların materik sahillərinə yaxın olması səbəbilə bu məsafə çox vaxt 6 dəniz milini ötmür. Sərhədlərini genişləndirmək hüququnu bəyan etmiş Afina Egey dənizində düz 18 milə çatan zona müəyyənləşdirib. Buraya, əlbəttə ki, hava məkanı da aiddir. Beləliklə, Yunanıstan Türkiyə sərhədlərinə ciddi şəkildə yaxınlaşıb və bu, Ankara tərəfindən qəbul edilmir. Ankaranın etirazı Yunanıstanın Egey dənizində birtərəfli qaydada müəyyənləşdirdiyi zonanın sərhədlərinin davamlı olaraq nümayişkaranə şəkildə pozulması ilə müşahidə edilir.

Gərginliyin yeni dalğası avqustun 23-dən başlayıb. Səbəb Yunanıstanın Egey dənizindəki sərhəd zonada «S-300» zenit-raket kompleksi vasitəsilə Türkiyəyə məxsus «F-16» təyyarəsini «tutaraq», Rodos adasının qərbinədək müşayiət etməsi olub. Ümumilikdə isə Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri Egey dənizi üzərində Türkiyəyə məxsus qırıcıları 158 dəfə müşayiət edib, 256 dəfə isə Türkiyənin hava sərhədlərini pozub.

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi Aİ üzvü olan 25 ölkəyə, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə və BMT-nin baş katibi Antoniu Qutyerreşə ünvanlanmış məktubda detallı şəkildə ifadə olunub. Sənəddə bildirilir ki, Egey dənizi hövzəsində barələrində mövcud beynəlxalq müqavilələrdə bəhs olunmayan, müvafiq olaraq Yunanıstanın suverenliyi altına düşməyən adalar, adacıqlar və qayalar var. Türkiyə hesab edir ki, Egey dənizi ilə bağlı məsələ beynəlxalq hüquq çərçivəsində, iki ölkənin bir-birinin əsas hüquq və qanuni maraqlarını tanıması ilə çözülə bilər.

Lakin Ankara ilə Afinanın bir-birinə davamlı olaraq ünvanladıqları ittihamlar, səsləndirdikləri bəyanatlar vəziyyətin dinc axardan çıxa biləcəyi riskinin real olduğunu göstərir. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, artıq Ankaranın «səbri tükənir» və Yunanıstan tərəfi aqressiv addımları davam etdirərsə, türklər «istənilən an xəbərdarlıqsız zərbələrin endirilməsi də daxil olmaqla», qəti addımlar atmalı olacaqlar. Bununla yanaşı, o, bir ciddi məqama da diqqət çəkib: «Yunanıstan Türkiyə ilə nə iqtisadi, nə də hərbi qüdrətinə görə müqayisəyə gəlir».

Afina isə öz növbəsində, Türkiyəni «Osmanlı imperiyasını bərpa etmək» cəhdlərində təqsirləndirilir. Yunanlar Ankaranın addımlarını və bəyanatlarını «dözülməz, görülməmiş və müzakirəsi mümkün olmayan» sayır. Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu fikirlərə əlavə olaraq deyib: «Bu, bizi dayandıra bilməz. Biz bundan qorxmuruq».

Bütün bunlarla yanaşı, Türkiyə-Yunanıstan qarşıdurmasında hər zaman xarici amillər də rol oynayır. Bu gərginlik zamanı o, özünü daha açıq göstərir.

 

Dünya mərkəzlərinin diqqətində

Türkiyə-Yunanıstan gərginliyinə qlobal güc mərkəzlərinin reaksiyaları məsələnin geosiyasi tərəfini də ortaya qoyur. Məsələn, ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, «Yunanıstanın ona məxsus adalar üzərindəki suverenliyi mübahisə mövzusu deyil». Avropa İttifaqı isə Türkiyəni Afinanın ünvanına hədələr səsləndirməyə son qoymağa çağırıb. Brüsselin bəyanatında deyilir ki, «Türkiyə siyasi rəhbərliyinin Yunanıstanla bağlı bitmək bilməyən düşmənçilik fikirləri Aİ-ni ciddi şəkildə narahat edir». Avropa İttifaqı Ankaranı «Şərqi Aralıq dənizi regionunda sabitlik maraqları əsasında gərginliyin azalması istiqamətində ciddi işləməyə, Aİ üzvü olan bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə tam hörmət etməyə» çağırıb.

Bu kontekstdə Aralıq dənizi regionunda ənənəvi olaraq xüsusi fəallıq göstərən Fransanın mövqeyi ayrıca qeyd edilməlidir. Onun xarici işlər naziri Katrin Kolonna münaqişə tərəfləri olan hər iki ölkəyə səfər etsə də, Yunanıstanda ölkəsinin Afinaya tam dəstəyini dilə gətirib. «Türkiyə Yunanıstan ərazisinə təcavüz edərsə, Fransa Afinaya yardım göstərməyə hazırdır», - deyə o, bildirib.

Qərbin baş verənlərə reaksiyası fonunda Rusiyanın mövqeyi fərqlənir. Rusiyanın hakim «Vahid Rusiya» partiyasının Ali Şurası Bürosunun üzvü, senator Andrey Klimov ölkəsinin Ankaradakı səfirliyində maraqlı bəyanatla çıxış edib. O, Yunanıstanın əməllərini «anlamadığını» deyərək, ABŞ-ın bu işdəki mənfi rolunu açıq şəkildə dilə gətirib. Klimovun fikrincə, «ABŞ Yunanıstana və bir çox ölkəyə, hətta Türkiyənin özünə də münasibətdə öz siyasətini yeritməyə çalışır, müxtəlif ölkələri münaqişəyə girmələri üçün təxribata çəkir».

Beləliklə, ABŞ-ın başçılığı ilə Qərb Türkiyənin Yunanıstanla bağlı siyasətini tənqid edərək, Ankara ilə münasibətlərində son illər davam edən «trend»ə sadiqlik göstərir. Ankara isə NATO çərçivəsində ABŞ və Avropa fövqəldövlətləri ilə müttəfiqliyini davam etdirməklə yanaşı, suveren siyasət yürüdür, bu isə bir sıra hallarda Avro-Atlantik strategiya isə ziddiyyət təşkil edir. Bu, özünü Türkiyə ilə Rusiyanın xüsusilə hərbi-texniki sahədə tərəfdaşlığı gücləndirmələrində də göstərir. Bu məqam, şübhəsiz ki, ABŞ və NATO-nun xoşuna gəlmir. Moskvanın «Egey məsələsi»ndə Ankaranı dolayısı ilə dəstəkləməsi isə Moskva-Ankara yaxınlaşmasının daha bir göstəricisidir. Görünən odur ki, onları Ukrayna müharibəsi belə, ayırmayıb.

Yeri gəlmişkən, Türkiyə ilə Qərb arasındakı ziddiyyətlərə Yunanıstan xüsusi vurğu edir. NATO-nun beyin mərkəzlərini Ankaraya qarşı qaldırmağa çalışan Afina arqument kimi, Türkiyənin Rusiyaya tətbiq edilmiş sanksiyaları yerinə yetirmədiyini göstərir.

Birləşmiş Ştatların Yunanıstana dəstəyi özünü Egey dənizindəki bir çox adanın hərbiləşdirilməsilə də göstərir. Ankara buna, əlbəttə ki, etiraz edir. Çünki 1923-cü ildə imzalanmış Lozanna müqaviləsi və 1947-ci ilin Paris razılaşmasına əsasən, Yunanıstanın Egey dənizində yerləşən şərq adaları demilitarizasiya olunmuş bölgə kimi qalmalıdır. Qərb isə Ankaranı inandırmağa çalışır ki, adaların hərbiləşdirilməsi və ABŞ ilə Yunanıstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi yalnız Ukrayna müharibəsi fonunda Rusiyanın qarşısının alınması məqsədi daşıyır.

Bütün bu hadisələr fonunda xüsusi maraq doğuran daha bir məqam var: görəsən, NATO çərçivəsində müttəfiqlər olan Türkiyə ilə Yunanıstan arasında getdikcə dərinləşən qarşıdurma Şimali Atlantika Alyansının daxilindəki düzənə və onun dünya arenasındakı mövqeyinə necə təsir göstərəcək? Gərginlik sonda silahlı münaqişəyə çevirələrsə, Alyansın tərəflərə münasibəti necə olacaq?

Maraqlıdır ki, Türkiyəyə məxsus «F-16» qırıcılarının Egey dənizi üzərində NATO-ya aid tapşırıqları yerinə yetirən zaman Yunanıstan Rusiyanın «S-300» zenit-raket komplekslərindən istifadə edib. Türkiyə prezidenti Ərdoğan məhz bu səbəbdən deyib ki, Yunanıstan Ankaraya deyil, NATO və müttəfiqlərinə meydan oxuyur.

Reallıq bundan ibarətdir ki, NATO tərəflərin arqumentlərindən deyil, bilavasitə alyansın maraqlarından çıxış edəcək. Bu maraqlar isə NATO-nun prioritet idarəçilik arealı sayılan bütün regionlarda strateji rolunun möhkəmləndirilməsindən ibarətdir. Buraya Türkiyə və Yunanıstana birbaşa aidiyyəti olan Şərqi Aralıq dənizi bölgəsi də daxildir.

Bu kontekstdə Yunanıstanın Qərb blokunun Afinanın lokal məqsədləri uğrunda NATO üzvü olan Türkiyənin qarşısına silahla çıxa biləcəyinə bəslədiyi ümidlərin doğrulma ehtimalı böyük deyil. Söhbət, əlbəttə ki, Ankaranın Yunanıstanın aqressiyanı davam etdirəcəyi təqdirdə, «istənilən an zərbə endirmək» vədinə əməl edəcəyi haldan gedir. Yəqin ki, bu reallığı dərk edən Afina belə fors-majorun baş verməyəcəyini düşünür. Ən azı yaxın perspektivdə…



MƏSLƏHƏT GÖR:

88