18 May 2024

Şənbə, 09:11

FIRTINAYA TAB GƏTİRMƏK

Beynəlxalq analitiklərin proqnozları bədbindir - qlobal ÜDM-in həcmi azalacaq

Müəllif:

01.10.2022

Son üç ildə qlobal iqtisadiyyata rekord sayda zərbə dəyib. Analitiklər gələcək, hətta yaxınlaşan qlobal yenidənqurma və sıfırlamadan bəhs edirlər. Beynəlxalq maliyyə qurumları isə vəziyyətin daha da pisləşəcəyini düşünür.

Əslində, bu narahatlıqlar əsassız deyil. Belə ki, Avropada ciddi enerji böhranı və ərzaq qıtlığı yaşanır, hər şey bahalaşır, valyutalar isə dəyərdən düşür. Bu problemlərdən yalnız biri kifayətdir ki, ən sabit iqtisadi sistemi belə silkələsin. İndi isə bütün bunların hamısı bir anda baş verir. Üstəlik, üzə çıxan kiçik problemləri də nəzərə almaq lazımdır.

 

Bədbin proqnozlar

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu iyunda gözlənilən 2,8 %-dən 2,2 %-ə endirib. Təşkilatın iqtisadçıları əmindirlər ki, Rusiya ilə Ukrayna arasında müharibə qlobal iqtisadiyyatın gələn ilin sonuna qədər 2,8 trilyon dollar ÜDM itirməsinə səbəb olacaq. Üstəlik, Avropa qış şəraitində enerji resurslarının istehlakını nizama salmağa məcbur qalarsa, nəticələr daha ciddi ola bilər.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi də oxşar nəticəyə gəlib. Agentlik 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu iyunda gözlənilən 2,9 %-dən 2,4 %-ə, 2023-cü il üçün isə 2,7 %-dən 1,7 %-ə qədər endirib.  

“Avropadakı təbii qaz böhranı, yüksək inflyasiya və dünyada maliyyə-kredit siyasətinin sərtləşməsi tempinin artması iqtisadi perspektivə ciddi təsir göstərəcək”, - “Global Economic Outlook”un araşdırmasında qeyd edilib.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Valyuta Fondu da 2022-ci ildə qlobal ÜDM artımı proqnozunu 3,2 %-ə endirib. Buna səbəb Federal Ehtiyat Sisteminin (FES) və Avropa Mərkəzi Bankının (ECB) siyasətinin sərtləşdirilməsi, həmçinin Çindəki qapanmalar və bu ölkənin tikinti sahəsindəki problemlərdir.

“Economist Intelligence Unit” tədqiqat və analitik agentliyi qlobal iqtisadiyyatın 2022-ci ildə cəmi 2,8 % (bu göstərici əvvəlki proqnozda 3,9 % idi) artacağını gözləyir: “Ukraynadakı müharibə dünya əmtəə qiymətlərinə təzyiq göstərib, tədarük zəncirlərindəki fasilələri daha da artırıb və dünyanın əksər hissəsində inflyasiyanın sürətlə artmasına səbəb olub. Bundan başqa, Çinin koronavirusa qarşı mübarizə tədbirləri qlobal iqtisadiyyata təzyiq göstərir”.

Agentlik qeyd edib ki, müharibə qlobal ÜDM proqnozunun 1 trilyon dollar azalmasına səbəb olub.

 

Avropa təbii qaz təzyiqi altında

Beynəlxalq ekspertlərin əsas diqqəti Avropa və ABŞ-dakı mənfi tendensiyalara yönəlib. Məsələn, onların fikrincə, avrozonanın və Böyük Britaniyanın iqtisadiyyatı bu il resessiyaya uğrayacaq, ABŞ isə 2023-cü ilin ortalarında yumşaq resessiya ilə üzləşəcək (“Fitch Ratings”).

Yeri gəlmişkən, OECD-nin məlumatına əsasən, 2023-cü ildə avrozona iqtisadiyyatı cəmi 0,3 % artacaq, Almaniyanın ÜDM-i isə 0,7 % azalacaq. Amma iyun proqnozlarında gələn il avrozonanın ÜDM-nin 1,6 %, Almaniyanın ümumi daxili məhsulunun 1,7 % artacağı gözlənilirmiş. “Fitch Ratings” isə təbii qaz böhranının nəticələrinə görə 2023-cü ildə avrozonanın ÜDM-nin 0,1 % azalacağına əmindir (iyun ayının proqnozunda 2,1 % artım gözlənilirdi). Rusiya “mavi yanacağı”ndan imtina fonunda Köhnə Dünyanı təhdid edən güclü enerji böhranını nəzərə alsaq, belə bir proqnozun əsassız olmadığını söyləyə bilərik. Əlbəttə ki, bu, nəticə etibarilə sənaye sektoruna və istehsala zərbə vuracaq.

Avropa Mərkəzi Bankının vitse-prezidenti Luis de Qindos isə vurğulayıb ki, avrozonada III və IV rüblərdə iqtisadi artım əhəmiyyətli dərəcədə yavaşlayacaq: “Hətta iqtisadi artım tempinin sıfıra yaxınlaşmasının şahidi ola bilərik”.

Bütün bunlar ECB-nin sentyabr iclasında faiz dərəcələrini misli görünməmiş həddə, yəni 75 baza bəndi artırması və yaxın aylarda əlavə tədbirlər vəd etməsi fonunda baş verir. Avrozonada inflyasiya, demək olar ki, 50 ilin ən yüksək səviyyəsinə çatıb və bu, daha da yüksələcək, yəni 9,6 %-ə çatacaq.

 

Liderlər də təhlükədə

Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkə - ABŞ da zərbə altındadır. “Fitch Ratings” cari il üçün ABŞ iqtisadiyyatının artımını 2,9 %-dən 1,7 %-ə, 2023-cü il üçün isə 1,5 %-dən 0,5 %-ə endirib. OECD isə bu göstəricini iyun ayında gözlənilən 1,2 %-dən 0,5 %-ə qədər düşürüb. Üstəlik, OECD-nin ekspertləri ABŞ-da inflyasiyanın FES-in gözləntilərinə uyğun olaraq səngimədiyi təqdirdə daha ciddi zəifləmənin mümkün olduğunu bildiriblər.

Yeri gəlmişkən, FES də 2022-ci ildə ABŞ ümumi daxili məhsulunun təxmin edilən artımını əhəmiyyətli dərəcədə aşağı salıb və 2022-ci ildən 2024-cü ilə qədər ölkədə istehlak qiymətlərinin artması ilə bağlı proqnozlarını artırıb. FES-in bəyanatında deyilib ki, ABŞ iqtisadiyyatı bu il cəmi 0,2 % artacaq. Amma qurumun iyun ayındakı proqnozu 1,7 % idi. Ölkənin 2023 və 2024-cü illər üçün ÜDM artımı proqnozları da aşağı salınıb: 1,7 %-dən və 1,9 %-dən müvafiq olaraq 1,2 %-ə və 1,7 %-ə qədər.

Xatırladaq ki, sentyabrda ABŞ-ın Federal Ehtiyatlar Sistemi gözlənildiyi kimi federal fondlar üzrə faiz dərəcəsini 75 baza bəndi artıraraq illik 3-3,25 % səviyyəsinə çatdırıb. Bu, 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyədir.

Eyni zamanda FES-in hesablamalarına əsasən, 2022-ci ilin sonuna bu göstərici illik 4,4 %-ə çatacaq. Amerikalı iqtisadçılar isə bununla bağlı qərarlarını belə izah ediblər: “Ukraynada baş verən hadisələr inflyasiyanın yüksəlməsinə əlavə təzyiq yaradır və qlobal iqtisadi fəaliyyətə mənfi təsir göstərir”.

Bu məqamda qeyd edək ki, G20-yə daxil olan 11 ölkənin mərkəzi bankları monetar siyasətlə bağlı iclaslar keçirib. Dörd ölkənin bankları (Çin Xalq Bankı, Yaponiya, İndoneziya və Türkiyə mərkəzi bankları) faiz dərəcəsini dəyişməyib. Altı ölkənin bankları uçot dərəcəsini artırıb (FES, ECB, Kanada, Cənubi Koreya bankları, Avstraliya və Cənubi Afrikanın ehtiyat bankları). Yalnız Rusiya Bankı əsas faiz dərəcəsini birdən-birə 150 ​​bənd aşağı salaraq 8 %-ə endirib.

Yeri gəlmişkən, baza dərəcəsinin sabit saxlanılmasına baxmayaraq, Çin iqtisadiyyatı ilə bağlı proqnozlar da nikbinlikdən uzaqdır. Məsələn, Dünya Bankı hesab edir ki, Çində 2022 və 2023-cü illər üçün iqtisadi artım daşınmaz əmlak bazarındakı böhran və ölkə hakimiyyətinin COVID-19-un yayılmasının qarşısını almaq üçün sərt siyasəti səbəbindən azalacaq. Bankın yeni proqnozuna əsasən, Çinin ÜDM bu il 2,8 %, gələn il isə 4,5% artacaq. Amma iyunda Çin iqtisadiyyatının müvafiq olaraq 4,3 % və 5,2 % artacağı proqnozlaşdırılırdı.

“Çin iqtisadiyyatının bərpasına karantin məhdudiyyətləri və daşınmaz əmlak bazarındakı düşüş mane olur. Bununla əlaqədar, Çinin ÜDM-in 2022-ci ildə 2,8 %, gələn il isə 4,5 % artacağını gözləyirik”, - “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin icmalında qeyd olunub.

İyulda verilən proqnozlara əsasən, Çin iqtisadiyyatının müvafiq olaraq 3,7 % və 5,3 % artacağı gözlənilirdi. “Çin hakimiyyəti iqtisadiyyat sahəsində mənfi nəticələr hesabına koronavirusun yayılmasının qarşısının alıması ilə uğur əldə edib”, - deyə Dünya Bankının hesabatında bildirilib.

Beləliklə, görünən odur ki, beynəlxalq iqtisadi vəziyyət yaxın gələcək üçün yaxşı heç nə vəd etmir. İqtisadçıların hələ də bu böhranın necə aradan qaldırılması ilə bağlı dəqiq təsəvvürləri yoxdur. Bu, kövrək geosiyasi vəziyyətdən çox asılıdır.

Digər tərəfdən analitiklər qeyd edirlər ki, xarici təzyiqlər nə qədər güclü olsa da, düzgün daxili siyasət kiçik iqtisadiyyatlardakı vəziyyəti xilas edə və onların bu güclü tufana tab gətirməsinə yardım göstərə bilər. Bunu bacaran ölkələr üçün isə böhran bitdikdən sonra yeni iqtisadi reallığa uyğunlaşmaq daha asan olacaq.


MƏSLƏHƏT GÖR:

92