19 May 2024

Bazar, 08:10

ALTERNATİVƏ ÜMİDLƏR

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər birgə gələcək planlar qurmağa davam edirlər

Müəllif:

01.10.2022

Sentyabrın 15-16-da Özbəkistanın qədim Səmərqənd şəhərində Mərkəzi Asiyanın ev sahibliyi etdiyi ən nəhəng beynəlxalq tədbirlərdən biri keçirilib. Söhbət Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçıları, tərəfdaşları və müşahidəçilərinin 22-ci sammitindən gedir.

Bu cür hadisə və iştirakçıların tərkibi, xüsusilə onların beynəlxalq arenada vəziyyətin çox qarışıq olduğu dövrdə toplanmaları təbii olaraq dünya KİV-nin diqqətini çəkib. Görüşlə bağlı fikirlər çox müxtəlifdir – sanki hər kəs bu toplantıda məhz özünün görmək istədiyini görüb. Amma sammitə əsasən, əlbəttə ki, birqütblü beynəlxalq münasibətlər sisteminə alternativin yaradılması nöqteyi-nəzərindən yanaşılıb. Səmərqənd görüşünün nəticələrinə gəlincə, aydındır ki, dünyada cərəyan edən geosiyasi və iqtisadi hadisələrin gələcək inkişafına uyğun təshih ediləcək.

ŞƏT uzaq 2001-ci ildə yaradılıb. O vaxtdan zaman-zaman təşkilatın tədricən yox olacağına dair fikirlər səsləndirilib. Buna hər zaman iki obyektiv səbəb də göstərilib və həmin səbəblər hazırda da aktualdır. Birincisi, təşkilat özündə həddindən artıq böyük (coğrafi baxımdan) ərazini və son dərəcə fərqli dövlətləri birləşdirir. Söhbət onların hədəflərindəki, ideologiyasındakı, sivilizasiya-mədəni ənənələrindəki, inkişaf modelindəki, imkan və potensialındakı, ölçülərindəki fərqlərdən gedir. Digər yandan ŞƏT-in bir çox üzvü və ya tərəfdaşının digər iştirakçılarla ciddi problemləri var ki, bu da apriori struktur daxilində qarşılıqlı inamın formalaşmasına imkan vermir. Göründüyü kimi, hər iki səbəb əsaslıdır. ŞƏT Avrasiyanın təxminən 60%-ni əhatə edən inkişafda olan iqtisadiyyatları, dünya əhalisinin yarısını və alıcılıq imkanı pariteti üzrə qlobal ÜDM-in 30%-ni əhatə edir. Təbii ki, bu qədər böyük birlikdə təmsil olunan bütün dövlətlər bir istiqaməti əsas götürə bilməz.

Lakin son zamanlar dünya sürətlə və təxminedilməz şəkildə dəyişir. Bu gün vaxtilə zəiflik sayılan cəhət gözlənilmədən güc mənbəyinə çevrilə bilər. Deyəsən, «soyuq müharibə» dövrünün düşüncəsindən qurtulmağın vaxtıdır. İlk dəfə biz onlardan SSRİ-nin dağılmasından dərhal sonra qurtulmuşduq və o zaman bəşəriyyətin nisbətən dinc yaşamağa başlayacağına ümidlər yaranmışdı. Bu gün birqütblü dünyanın sınması ilə bəşəriyyət yenidən nüvə müharibəsinə birinci kimin start verəcəyi haqda düşünməyə başlayıb və demək, daha klassik qarşıdurma mümkün deyil. İndi bizim «müttəfiq» və ya «düşmən» kimi ayırdıqlarımız arasında sərhəd getdikcə daha çox dağılır. Belə beynəlxalq sistemin öz müsbət və mənfi cəhətləri var, lakin bu, bizim reallığımızdır.

Bütün bunlarla yanaşı, ŞƏT-in mövcud tendensiyanın ən parlaq nümunəsi olduğunu söyləmək mümkündür. Məsələn, sammitdə Rusiya ilə Çin sanki Qərbin nüfuzuna sinə gərmək üçün ikitərəfli əməkdaşlığa sadiq olduqlarını təsdiqləyiblər. Amma bir çox məlum səbəbdən onları klassik müttəfiqlər saymaq olmaz. Eyni şeyi Rusiya-Türkiyə, Rusiya-İran, Türkiyə-İran, Hindistan-Çin, Çin-Pakistan münasibətləri haqda da söyləmək olar. Bundan başqa, nəhəng  arealın daxilində Əfqanıstan kimi problemli, özünəməxsus dövlət də var. Odur ki, «dostumun düşməni mənim də düşmənimdir» prinsipi çoxdan köhnəlib.

 

Yeni tərəfdaşlar və Azərbaycan

Səmərqənd sammitinin ən əhəmiyyətli hadisələrindən biri İranın quruma qəbulu, həmçinin Belarusun inteqrasiyası proseduruna başlanılmasıdır. Bundan başqa, ŞƏT üzvləri Misir, Səudiyyə Ərəbistanı və Qətərə dialoq üzrə tərəfdaşlar statusu verib, Bəhreyn, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Myanmaya isə qarşıda bu statusun verilməsi haqda razılığa gəliblər. 80 milyonluq İranın ŞƏT-ə qoşulmasını qurumun irəli atdığı ciddi addım kimi qiymətləndirmək olar. Ekspertlər artıq düşünürlər ki, ŞƏT Tehranın logistik, enerji və resurs imkanlarından yararlana bilər.

Səmərqənd sammitinin işinə xüsusi dinamika və intriqa qatan isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıya qatılması olub. Məlum olduğu kimi, Ankara son zamanlar istər Avropada, istərsə də Yaxın Şərq və Asiyada böyük rola malikdir. Çoxları düşünür ki, Ərdoğanın ŞƏT-ə diqqəti təşkilatın nüfuzunun artdığını göstərir, Türkiyənin özü isə onun perspektivlərini düzgün qiymətləndirir – ŞƏT qarşıdakı illərdə dünyada daha ciddi rola iddia edə bilər. Bu üzdən, Türkiyə prezidentinin qurumun toplantısına qatılmaqla, Ankaranın bir gün ŞƏT üzvü ola biləcəyini nümayiş etdirməsi heç kimi təəccübləndirməyib. «İndi növbəti proses - bu işin ən qabaqcıl mərhələsinə bir addımdır. Bu gediş növbəti dəfə ev sahibliyi edəcək Hindistanda daha təkmil səviyyədə gündəm ola bilər», - deyə Ərdoğan jurnalistlərə Səmərqənd sammitindən sonra verdiyi açıqlamada bildirib.

Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir və qurumun son sammitinə Azərbaycanın dövlət başçısı İlham Əliyev də qatılıb. Xatırladaq ki, 2016-cı ildə Azərbaycanla ŞƏT arasında əməkdaşlıq sahələrini özündə əks etdirən memorandum imzalanıb. Sənəddə tərəflərin əməkdaşlıq istiqamətləri kimi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmini kimi sahələr də var. Azərbaycan üçün sivilizasiyalararası dialoq, multikulturalizm, tolerantlığın təşviqi kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır. Hər halda, bu istiqamətlərdə Bakının necə nüfuzlu rola malik olduğu dəfələrlə ən müxtəlif beynəlxalq meydanlarda və ən yüksək səviyyədə etiraf edilib.

İlham Əliyev ŞƏT-in sammitindəki çıxışında bildirib ki, Azərbaycan «Şərq-Qərb», «Şimal-Cənub» kimi regional kommunikasiya layihələrinin reallaşdırılmasına böyük töhfələr verir. «Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq», - deyə o, qeyd edib.

Prezident onu da xüsusi vurğulayıb ki, 2020-ci ilin sonunda Qarabağ probleminin həll olunması regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açıb, Zəngəzur dəhlizinin açılması isə nəqliyyat imkanlarını daha da genişləndirəcək ki, bu da marşrut boyu yerləşən bütün ölkələrə fayda gətirəcək.

 

Vacib qərarlar

Sammit iştirakçıları tərəfindən imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlərin vacib regional və qlobal məsələlərlə bağlı mövqeyi əksini tapıb. ŞƏT liderləri bildiriblər ki, «bu gün dünya qlobal dəyişikliklər yaşayır, yeni sürətli inkişaf, miqyaslı yenidənqurma mərhələsinə qədəm qoyur». Liderlər «daha mötəbər, demokratik, ədalətli və çoxqütblü dünya düzəninin formalaşdırılması işinə sadiqdirlər». ŞƏT üzvləri təhlükəsizliyi gücləndirmək, terrorçuluqla birgə mübarizə haqda razılığa gəlib, terrorçu, separatçı və ekstremist təşkilatların qarşısının alınması üçün vahid yanaşma və prinsiplərin hazırlanmasına çalışdıqlarını bildiriblər. Söhbət üzv dövlətlərin ərazisində fəaliyyəti qadağan olunmuş təşkilatlardan gedir. Maraqlıdır ki, təşkilat üzvləri «terrorçuluq və ekstremizmlə mübarizə adı altında dövlətlərin daxili işlərinə qarışılmasının, həmçinin terrorçu, ekstremist və radikal qruplaşmalardan hər hansı məqsədlər üçün istifadənin yolverilməz olduğunu» da bəyan ediblər.

İştirakçılar ayrıca olaraq Əfqanıstan haqda bildiriblər ki, bu ölkədə bütün etnik, dini və siyasi qrup təmsilçilərinin yer aldığı inklüziv hökumətin formalaşdırılmasını vacib sayırlar.

Səmərqənd sammiti çərçivəsində çox sayda ikitərəfli görüşlər də keçirilib. Məlum olduğu kimi, belə tədbirlərdə ən maraqlı söhbətlərin əksəriyyəti kluarlarda baş verir. Maraqlıdır ki, ŞƏT «Şərqin NATO-su» adlandırılsa da, o, hərbi deyil, siyasi birlikdir. ŞƏT üzvlərindən müdaifə xərclərinin artırılmasını tələb etmir, əsas yerə iqtisadi əməkdaşlığı qoyur. Sammit iştirakçılarının əsas qayğısı kommunikasiya kanallarının, logistikanın təminidir.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, bu gün etibarlı, dayanıqlı və şaxələndirilmiş tədarük zəncirlərinin qurulması vacibdir, bunun üçün isə daha yaxşı qarşılıqlı anlaşma və kommunikasiya lazımdır. Digər yandan çoxqütblülük üçün məhz bu cür iqtisadi və logistik inteqrasiya vacibdir. Çünki məlum olduğu kimi, Qərbin hökmranlığı əsasən əsas tranzit yollarına nəzarət imkanı sayəsində formalaşıb. Bu mənada, BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) kimi təşkilatları yada salmaq yerinə düşər. Yeri gəlmişkən, onun üzvlərinin 3-ü ŞƏT-də də yer alır.

Beləliklə, ŞƏT üzvlərinin siyasi sistemlərində bəzən kritik fərqlər olsa da, onlar görüşləri davam etdirir, müzakirələr apararaq inkişaf edir, gələcəklə bağlı planlar qururlar. Çin sədri Si Cinpin blokun «ümumi tale uğrunda birliyə» çevrilməsi kimi praqmatik hədəfi belə, dilə gətirir. O, bildirib ki, dünya «tarixdə görünməmiş nəhəng dəyişikliklər astanasındadır». Narendra Modi isə ümumi tezisi belə ifadə edib: «Bəşəriyyət sülhə aparan etibarlı yolu tapmaq məcburiyyətindədir». Rusiya prezidenti Vladimir Putin Səmərqənddə dünya siyasətində artıq geri dönüşü olmayan dəyişikliklərin getdiyini deyib, yeni güc mərkəzlərinin rolunun artdığını söyləyib. Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev isə sabitlik və təhlükəsizliyə təhdidlərlə birgə mübarizə üçün konstruktiv dialoqa çağırış edib. Onun fikrincə, bu, iqlim dəyişikliyi, su və təbii resurslar çatışmazlığı, pandemiyanın sosial-iqtisadi fəsadları, enerji böhranı, ərzaq təhlükəsizliyi sahəsindəki probelmlərin də aradan qaldırılması üçün vacibdir. İlham Əliyev isə öz növbəsində, bildirib ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik prinsipləri əsasında davam etdirəcək. Ümumiyyətlə, Səmərqənd sammiti iştirakçılarının, demək olar ki, hamısı bu ruhda danışıb.

ŞƏT üzvlərini və tərəfdaşları onların hamısının eyni regionda yerləşməsi, ümumi problemlər yaşaması, ümumi imkanlara malik olması birləşdirir. Bu üzdən də onlar sabit və davamlı inkişafda maraqlıdırlar. Təşkilat qlobal çağırışlara sinə gərmək üçün potensiala malikdir. Demək, o, regional təşkilatdan qlobal təşkilata da çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

81