19 May 2024

Bazar, 09:14

BAKI VƏ İSLAM BİRLİYİ

53 yaşlı təşkilatın Azərbaycanla əlaqələrinin tarixinə nəzər salaq

Müəllif:

01.10.2022

Dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) düz 53 il əvvəl Rabatda (Mərakeş) yaradılıb. Bütün müsəlman ölkələrinin təmsil olunduğu bu təşkilat İndoneziyadan Nigeriyaya qədər böyük bir coğrafiyanı əhatə edir. Müxtəlif komissiya və alt qurumları olan İƏT bir çox sahələrdə müsəlman ölkələri arasında əməkdaşlıq və yaxınlaşmaya dəstək verməyə çalışır. 1975-ci ildən təşkilat müşahidəçi statusunda BMT ilə sıx əməkdaşlıq edir. İslam Oyunları, elm, sənət, təhsil, mədəniyyət və ən əsası siyasi sahədə müsəlman ölkələri arasında bağların möhkəmlənməsi, dəstəkləməsinə xidmət edən bu təşkilatın uğurları ilə yanaşı, uğursuzluqları da olub.

 

Müsəlmanlar birlik axtarışındadır

İyirminci əsrin əvvəllərində Osmanlı imperiyasının dağılması, Xilafətin ləğv olunması nəticəsində vahid mərkəzdən məhrum olan müsəlman aləmi yeni problemlərlə qarşılaşdılar. Yeni müstəqillik qazanmış və əsasən yarımmüstəmləkə olan müsəlman dövlətlərinin birgə hərəkət etmək, xüsusən də Fələstin münaqişəsinin həlli üçün bir neçə birlik və ittifaq cəhdləri olsa da, bunlar uğursuzluğa düçar olub. 1920-1930-cu illərdə keçirilmiş Qüds konfransları müsəlmanların birlikdə hərəkət etməsini təmin edən təşkilata çevrilmədi.

İkinci dünya müharibəsindən sonra müstəqil müsəlman ölkələrinin sayının artması, eyni zamanda Fələstin-İsrail münaqişəsinin daha da dərinləşməsi, İsrail dövlətinin yaranması birlik ideyalarını aktuallaşdırsa da, sol və millətçilik fikirlərinin güclənməsi, eləcə də xarici təsirin böyük olması amili birlik ideyasına zərbə vururdu.

Ancaq 1967-ci ildə ərəb millətçiliyinin “qalası” olan Misirin İsrailə məğlub olması ərəb-islam dünyasında solçu ideyaların rəmzinə çevrilmiş Camal Əbdül Nasirin imicinə ciddi zərbə vurub. 1969-cu ildə fanatik avstraliyalı protestant Denis Rohan tərəfindən Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin yandırılması müsəlman aləmində etiraz dalğası doğurmaqla yanaşı, islam ölkələri təşkilatının yaranmasına təkan verib.

Bu hadisədən təxminən bir ay sonra, 1969-cu il sentyabrın 22-dən 25-dək Mərakeşin paytaxtı Rabatda keçirilən müsəlman ölkələri dövlət və hökumət başçılarının sammitində İslam Konfransı Təşkilatı  təsis olunub. Təsis konfransında 25 ölkə və Fələstin Azadlıq Təşkilatı iştirak edib. Ancaq sonradan qurum genişləndirilib və o, 2011-ci il iyunun 28-dən etibarən İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb. Hazırda bu təşkilata qurumdan müvəqqəti olaraq çıxarılan Suriya Ərəb Respublikası istisna olmaqla, 56 ölkə daxildir.

 

İƏT-in strukturu və funksiyaları

Adından da göründüyü kimi, İƏT müsəlman ölkələrinin birliyidir. Müsəlman dövlətləri bu təşkilatda dövlət və hökumət başçıları səviyyəsində təmsil olunurlar. Təşkilatın əsas işçi orqanı olan Baş katiblik 1971-ci ildən fəaliyyət göstərir. Onun qərargahı hələ ki Səudiyyə Ərəbistanında - Ciddədə yerləşir. İƏT-in (keçmiş İKT) nizamnaməsinə əsasən təşkilatın bir sıra funksiyaları var:

1) İslam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək;

2) İslamda müqəddəs sayılan məkanların qorunmasının, eləcə də Fələstin xalqının öz hüquqları və işğal olunmuş torpaqlarının azad olunması uğrunda apardığı mübarizənin əlaqələndirilməsi;

3) müstəmləkəçiliyin bütün növlərinin və milli ayrı-seçkiliyin aradan qaldırılması, İKT üzvləri arasında və digər dövlətlərlə əməkdaşlıq üçün şərait yaradılması, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparmaq.

Sənədə əsasən, üzv-dövlətlər bərabərhüquqlu olaraq başqa üzv-dövlətin müstəqilliyinə və ərazi toxunulmazlığına hörmət etməli, digər üzv-dövlətin daxili işlərinə qarışmamalı, üzv-dövlətlər arasında yaranan hər hansı bir mübahisənin sülh yolu, danışıqlarla nizama salınması, üzv-dövlətlərdən birinin ərazisinə, siyasi müstəqilliyinə və ya onların birliyinə qarşı yönələn hər hansı hərəkətdən çəkinməlidirlər.

İƏT-in 1972-ci ildə qəbul olunmuş əsasnaməsinə əsasən, onun strukturuna 3 mərkəzi orqan daxildir: dövlət və hökumət başçılarının konfransı, xarici işlər nazirlərinin konfransı, katiblik. İƏT-in əsas orqanı dövlət və hökumət başçılarının üç ildən bir keçirilən konfransıdır. Bundan başqa, təşkilatın siyasi orqanı xarici işlər nazirlərinin konfransı hesab olunur. Əsas toplantılar arasındakı dövrdə xarici işlər nazirlərinin toplantıları keçirilir və bu zaman qərarların qəbulu, onların icrasına, həyata keçməsinə nəzarət, maliyyə komissiyasının hesabatını müzakirə etmək, baş katib və onun müavinlərinin təyin edilməsi həyata keçirilir.

İƏT bir sıra böyüklayihələr həyata keçirib, o cümlədən İslam İnkişaf Bankını yaradıb. Bundan başqa, İƏT “İslam iqtisadi üsulu” layihəsi çərçivəsində ümumi müsəlman bazarı ideyası və modelini irəli sürüb. İslam İnkişaf Bankı İƏT-in əsas maliyyə strukturu olaraq mühüm vəzifəsi üzv-dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığı möhkəmləndirmək, üzv-dövlətlərin istehsal layihələrinin maliyyələşdirilməsi, xarici ticarətin inkişafına kömək göstərməkdir.

İƏT-in daha bir qurumu təşkilatın nizamnaməsi və şəriət qaydaları əsasında fəaliyyət göstərən Beynəlxalq İslam Məhkəməsidir. Məhkəməyə 7 hakim daxildir. Onlar xarici işlər nazirlərinin konfransında üzv-dövlətlərin təklif etdikləri və tələblərə uyğun namizədlərdən 4 il müddətinə seçilirlər. İslam Əməkdaşlıq Təşkilatının hazırkı Baş katibi Hissein Brahim Tahadır.

İƏT Fələstin məsələsinin həlli məqsədilə yaradılsa da, sonradan təşkilatın məqsədləri genişlənib və belə demək olar ki, ilkin məqsədi müəyyən mənada arxa plana keçib. Çünki ötən 50 ildən çox müddətdə bu təşkilat 50-dən çox üzvü ilə birlikdə münaqişənin həllində önəmli rol oynaya bilmədi. Lakin İƏT müsəlman ölkələrinin klubu rolunu oynayaraq dövlətlər arasında əlaqələrin dərinləşməsi, beynəlxalq səviyyədə ölkələrin bir-birinə dəstək verməsi, həmçinin iqtisadi yardımlaşma sahəsində təsirə malik təşkilata çevrilib.

 

İƏT və Azərbaycan

Qeyd edək ki, Azərbaycan 30 ildən çoxdur ki, İƏT-lə yaxından əməkdaşlıq edir. Ölkəmiz SSRİ məkanında ilk müsəlman respublika olaraq 1991-ci ilin dekabrında İƏT-in üzvü olub. Daha sonra bu qurumla əlaqələr sürətlə inkişaf edib. 1992-ci ilin sentyabr ayında təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınıb.

Sonrakı dövrdə İƏT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehran, 2000-ci il Doha, 2003-cü ildə Butracayada keçirilmiş 8, 9 və 10-cu zirvə görüşlərində, eləcə də 2008-ci ildə Dakarda keçirilmiş zirvə görüşündə qəbul edilmiş qətnamələr də “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanır. Ümumiyyətlə, İƏT Azərbaycana qarşı erməni təcavüzünü pisləyən, eləcə də beynəlxalq qurumları fəaliyyətə səsləyən onlarla qətnamə və sənəd qəbul edib.

Azərbaycan isə bu təşkilatın bir çox tədbirlərində fəal iştirak edib. Bakıda bir neçə İƏT-in yüksək səviyyəli tədbirləri, XİN başçıları, idman və gənclər nazirləri toplantıları keçirilib.  2017-ci ildə Azərbaycanda IV İslam Oyunlarının keçirilməsi Azərbaycanın bu təşkilat və ümumilikdə müsəlman aləmində mövqeyinin güclənməsinə səbəb olub.

 2018-ci ildə isə Naxçıvan “İslam Mədəniyyəti Paytaxtı” seçilib və ilk dəfə İƏT üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə Naxçıvanda beynəlxalq konfrans keçirilib.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO (İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı), İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı kimi qurumlarla sıx əməkdaşlıq edir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ICESCO tərəfindən “sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə” görə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

 

Azərbaycanın İƏT daxilindəki təşkilatı

Maraqlıdır ki, Azərbaycan İƏT tərkibində beynəlxalq statuslu təşkilat yarada bilib. 2004-cü ilin dekabrında Bakıda təsis olunan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu adlı beynəlxalq təşkilat təsis edilib. Lakin İƏT-in gənclər strukturunun yaradılmasında Azərbaycanın rolu sadəcə ev sahibliyi ilə məhdudlaşmayıb. Kollegial qurum olan forum İƏT-in ən aktiv təşkilatlarından biri hesab olunur. Kollegial qurumun sədri və rəhbərliyi İƏT-ə üzv olan müsəlman ölkələrinin gənclər təşkilatlarının nümayəndələri tərəfindən seçilir.

Bu Forumun sayəsində Azərbaycan Türkiyə ilə birlikdə faktiki olaraq qurumun daxilində işlək bir mexanizm yaratmış olub. Bu təşkilat vasitəsilə müsəlman ölkələri, xüsusən də gənclər təşkilatları ilə yaxın əlaqələr qurulub, ciddi işlər görülüb. Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası məhz İƏT GF xətti ilə dünyanın bir çox ölkələrində kütləvi təbliğat aksiyasına çevrilib və Xocalı həqiqətlərinin tanıdılmasında ciddi rol oynayıb.

Azərbaycan təmsilçisi, diplomat Elşad İsgəndərov 4 il müddətində 2014-2018-ci illər ərzində mərkəzi ofisi İstanbulda yerləşən İƏT GF-nin sədri vəzifəsini tutub.

 

Nəticə

Qloballaşan dünyada heç bir dövlətin təcrid halında yaşaması mümkün deyil. Hətta ən qapalı ölkələr belə müxtəlif birlik və təşkilatlar daxilində özünə müttəfiq və tərəfdaşlar qazanır, beynəlxalq siyasi qərarlar zamanı bu əməkdaşlıqdan faydalanır. Dünya siyasi və iqtisadi sisteminə inteqrasiya olunmuş, müharibə və işğal yaşamış Azərbaycan üçün beynəlxalq əlaqələr hər zaman mühüm əhəmiyyət kəsb edib.

Müsəlman dünyasının ayrılmaz hissəsi olan Azərbaycan müsəlman ölkələri ilə tarixi, mədəni və siyasi əlaqələr saxlayır. Eyni zamanda müasir beynəlxalq siyasət həm də aktiv əməkdaşlıq və ciddi fəaliyyət tələb edir. Bu məsələdə həm də mövcud praktiki maraqlar da mühüm rol oynayır. Çünki geniş yayılmış düşüncənin əksinə olaraq müsəlman ölkələrində hər kəs dostumuz deyil, çox güclü erməni lobbisinin fəaliyyət göstərdiyi müsəlman ölkələri var. Bu səbəbdən də, Azərbaycan hakimiyyəti məqsədyönlü olaraq müsəlman ölkələri ilə yaxından iş aparıb, siyasi-diplomatik əlaqələr inkişaf etdirilib. Bunun nəticəsində hətta ən güclü erməni diasporunun fəaliyyət göstərdiyi Livan, Suriya kimi dövlətlər belə həlledici məqamlarda Azərbaycanı dəstəkləyib. Bu məsələdə din qardaşlığı amilindən daha çox diplomatik fəaliyyətin təsiri olub.

Beləliklə, hazırda Azərbaycanın, demək olar ki, bütün müsəlman ölkələri ilə isti münasibətləri var. O, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Qoşulmama Hərəkatında ciddi nüfuza sahibdir. Bütün bu nailiyyətlər rəsmi Bakının gərgin və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Məhz buna görə də İƏT həm 44 günlük müharibədən əvvəl, həm də müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, indi də dəstəkləyir.


MƏSLƏHƏT GÖR:

94