18 May 2024

Şənbə, 21:40

ARZUOLUNMAZ GƏLƏCƏK

Söz atışmasının arxasından getdikcə nüvə təhdidi boylanır

Müəllif:

15.10.2022

Nüvə müharibəsi haqda söhbətlər «uğurla» mümkün sayılan həddi aşıb. Artıq yaranmış vəziyyət açıq danışsaq, həqiqətən, qorxulu təsir bağışlayır. Əlbəttə, biz belə bir təhlükənin mövcudluğunu hər zaman bilmişik. Lakin istənilən böhrana və lokal müharibələrə baxmayaraq, o, hər zaman, praktiki olaraq, paralel kainatda – fantastik romanlarda, qorxu filmlərində, kinokomediyalarda, kompüter oyunlarında mövcud olub… Yaxud amerikalıların Yaponiyanı bombaladığı uzaq 1945-ci illərdə, məşhur Karib böhranının yaşadığı 1962-ci ildə qalmışdı.

 

Müharibənin əsas elementi

Lakin indi – 2022-ci ilin sonlarında biz bu haqda tamamilə mümkün gələcək kimi danışırıq. Burada «bizim ümumi gələcəyimiz» ifadəsini işlətmək vacibdir. Çünki miqyaslı nüvə savaşı halında sağ qalacaq insanlar üçün sərhədlər, millətlər, siyasi mövqe heç bir dəyər daşımayacaq. Bununla yanaşı, bir paradoksal vəziyyət də müşahidə olunur – sosial şəbəkələr və televiziyadan az qala hər gün nüvə müharibəsi təhlükəsi haqda eşidən insanların əksəriyyəti reallıqda onun təsir prinsipləri, nələrə qadir olduğu haqda çox az şey bilirlər. Məsələn, çoxları radiasiyadan, yerlərdə zəhərlənmələrdən və şüa xəstəliklərinin yayılacağından qorxur (bu zaman sığınacaqlarda, bunkerlərdə gizlənmək haqda düşünürlər). Lakin onlar anlamırlar ki, nüvə silahının partlayış gücündən, zərbə dalğasından və şüalanmasından sonra şüa xəstəliklərinə tutulacaq adam qalmayacaq.

Nüvə müharibəsi ilə bağlı ritorika Rusiya ilə Qərb arasında futbol topu kimi oynadılır və bu, əlbəttə ki, ilk növbədə, Ukrayna müharibəsi ilə bağlıdır. Bəyanatlar bəzən inkar, bir sıra hallarda isə təhrif olunur. Amma bu söz savaşı müharibənin əsas elementinə çevrilib – hələ ki, yalnız informasiya elementinə. Lakin zaman keçdikcə, bu söz savaşının arxasından əsl raketlər boylanmağa başlayır.

Bu yaxınlarda ortaya çıxmış start nöqtəsini axtarırıqsa, Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də işlətdiyi ifadəni yada salmaq lazımdır. Rusiya KİV-nin yazdığına görə, həmin gün Putin «hadisələrə kənar müdaxilə etmək həvəsinə düşə biləcək» dövlətlərə xəbərdarlıq edərək bildirib ki, onlar Rusiyaya mane olmağa çalışarlarsa və ya təhdid yaradarlarsa, «cavab özünü gözlətməyəcək». Putinin sözlərinə görə, «cavab onların tarixlərində yaşamadıqları nəticələrə aparıb çıxaracaq».

Bu cür xəbərdarlığı Vaşinqton, təbii ki, cavabsız qoya bilməzdi. Cozef Bayden çox düşündükdən, müşahidə etdikdən sonra, hədəyə cavab verib. O, bu yaxınlarda verdiyi açıqlamada deyib ki, Putin taktiki nüvə silahından mümkün istifadə haqda danışarkən, yəqin ki, zarafat etmir. Rusiya KİV isə buna cavab olaraq, Rusiyada heç kimin, o cümlədən Putinin nüvə silahından istifadə ilə bağlı hədə səsləndirmədiyini yazıb. Əlbəttə ki, inandırıcı görünmür. Üstəlik, Kreml rəhbəri bu dəfə oktyabrın əvvəlində Ağ Evə Xirosima və Naqasakini xatırladıb, bunun «yeri gəlmişkən, presedent olduğunu» söyləyib. Amerikanın məhkəmə sisteminin əsasını təşkil edən «presedent» ifadəsi Qərb insanları üçün, həqiqətən, ciddi təsirə malikdir və odur ki, Kremldə bu ifadəni təsadüfən seçməyiblər.

Bu mövzuda kifayət qədər maraqlı fikirlərlə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev və Böyük Britaniyanın baş naziri Liz Trass da çıxış ediblər. «Armageddon» səslərindən ibarət xora məşhur amerikalı sahibkar İlon Mask da qoşulub. Bu isə xəbərlərə baxmasalar da, «TikTok» və «Twitter» kimi platformalarda fəal olan  nəslinin nümayəndələrində də narahatlıq yaradıb. Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Con Boltonun bəyanatı isə narahatlığı qat-qat artırıb. O, bildirib ki, Moskva Ukraynada baş verənlər fonunda nüvə silahına əl atarsa, Vladimir Putin «legitim hədəf»ə çevriləcək, çünki əsas qərarları məhz o qəbul edir.

Nüvə müharibəsi riskinə BMT-dən də münasibət bildiriblər. Qurumun Humanitar məsələlərin koordinasiyası idarəsinin fövqəladə humanitar yardımın koordinasiyası direksiyasının rəhbəri Rameş Racasinqham bu haqda hələ mayın sonunda bəyanatla çıxış edib. O, hesab edir ki, münaqişədə əvvəllər ağlasığmaz sayılan nüvə silahından istifadə perspektivi artıq reallığa çevrilib.

 

Apokalipsis ssenarisi

Rusiya ilə NATO arasında nüvə silahından istifadə ilə müharibə ssenarilərini müxtəlif analitik və ekspert mərkəzləri çoxdan ortaya qoyublar. Orada bir çox hallarda söhbət nüvə silahından məhdud istifadədən gedir. Bəşəriyyətin artıq müharibədən sonra necə yaşayacağına dair də çoxsaylı ssenarilər var. Məsələn, Prinston Universitetindən olan və Rusiya ilə NATO arasında mümkün nüvə savaşı ilə bağlı hələ sentyabrın ortalarında növbəti ssenarini yazmış amerikalı alimlər hesab edirlər ki, bu savaş 90 milyondan artıq insanın həyatına son qoyacaq, qalanlar isə son dərəcə ciddi çətinliklərlə üzləşəcəklər. Yeri gəlmişkən, konkret nüvə silahının tətbiqi ilə yanaşı, tərəflərdən hansınınsa «çirkli bomba»ya da əl atacağı riski var. Söhbət radiasiya yayacaq bombalardan gedir. Dəhşətli nüvə enerjisi yayan nüvə silahından fərqli olaraq, belə bombalar yalnız radioaktiv materiallar yayır, böyük əraziləri və insanları zəhərləyir. Burada əsas risk, əlbəttə ki, kimyəvi silahın müxtəlif növlərindən fərqli olaraq, radiasiyanın rəng və qoxusunun olmamasıdır.

Bundan başqa, unutmaq olmaz ki, hazırda nüvə təhdidi həm də Zaporojye Atom Elektrik Stansiyasının atəşə tutulması ilə də yaşanmaqdadır. Doğrudur, onu sıradan çıxarmaq o qədər də asan deyil, lakin risk hər zaman var. Üstəlik, Vladimir Putin yenə sözarası «hər an istiqamətini dəyişə biləcək küləklər»i xatırladıb.

 

Alternativ təhdid

Yer kürəsinin əks tərəfində nüvə gündəmini bir tərəfdə Şimali Koreya, digər yanda isə ABŞ, Cənubi Koreya və Yaponiya «qaynadır». KXDR oktyabrın 4-də 2017-ci ildən bu tərəfə ilk dəfə olaraq ortamənzilli ballistik raketin sınağını həyata keçirib. Sınaq Yaponiya üzərindən həyata keçirildiyindən, bu ölkənin hava hücumu haqda məlumatlandırma sistemi işə düşüb. Şimali Koreyanın dövlət KİV bildirir ki, təlim ABŞ və Cənubi Koreyanın öz Hərbi-Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmi və atom sualtı qayığından da istifadə etməklə səfərbər etməsinə qaçılmaz cavab olaraq keçirilib.

Bitmək bilməyən bu böhranı öz dövründə sabiq prezident Donald Tramp çözməyə çalışsa da, istəyinə nail ola bilməmişdi. İndi Pxenyan raket sınaqlarını bərpa edib. Lakin bu dəfə mütəxəssislər bir məqama xüsusi diqqət çəkir: Şimali Koreya ilk dəfədir ki, əvvəl sınamadığı raketi Yaponiya üzərindən sınaqdan keçirir, bu isə Pxenyanın onun mühərrikinə əminliyini göstərir. İndi Pxenyanın tezliklə yeddinci nüvə sınağını keçirəcəyilə bağlı narahatlıqlar artır.

İran ətrafındakı nüvə böhranını da unutmaq olmaz. Hazırda bu ölkədə vəziyyət çox qarışıqdır. Hindistan və Pakistan kimi nüvə dövlətlərində bu yaxınlarda yaşamış münaqişə də öz yerində. Nəhayət, Tayvan məsələsi də aktuallığını itirməyib. Bütün bu risklərin, təhdidlərin fonunda insanlıq dözə, planeti qoruyub saxlaya biləcəkmi? Belədirsə, bütün bu sadalanan söhbətlər nəyə lazımdır? Axı onlar günbəgün nüvə müharibəsini tamamilə mümkün hadisə kimi təqdim edir.

Amma bütün bunlarla yanaşı, bu problemə müsbət nöqteyi-nəzərdən də yanaşmaq olar. Dünyadakı bütün nüvə silahları bir anda yox olsaydı, nə baş verərdi? İnsanlar bir-birlərilə daha az savaşardılar? Bəlkə əksinə, nüvə silahı kimi önləyici amil aradan qalxardısa, əldə olan vasitələrdən tam gücü ilə istifadə edilməsinə şərait yaradan və yeni təhdidlər meydana çıxardı?

Təəssüf ki, biz şərti silahların hansı fəlakətlərə yol aça biləcəyini yaxşı anlayırıq. Halbuki indi müharibələr faktiki olaraq açıq yox, lokal, hibrid, «vasitəçi»lərin əli ilə aparılır. Bu isə çox uzun müddət davam edə bilər, çünki pilotsuz uçuş aparatları, kibermübarizə, lazer silahları, kvant texnologiyası kimi sahələrdə müxtəlif innovasiyaların «irəliləməsi» üçün yaxşı imkanlar açır.

Beləliklə, bizi miqyaslı ağılsızlıqlardan, dağıntılardan nüvə silahı qoruyur, yoxsa əksinə? Bu suala birmənalı cavab vermək çox çətindir. Çünki heç kim keçilməsinin nüvə silahının tətbiqinə yol açacağı «qırmızı xətt»ini dəqiq göstərmir. Sən düşməninin nə düşündüyünü, o isə sənin ağlına hansı anda hansı fikrin gələcəyini bilmir. Oyun davam edir.



MƏSLƏHƏT GÖR:

85