18 May 2024

Şənbə, 21:46

MƏYUS OLMAĞA İMKAN TAPMAYIBLAR

İtaliyalı seçicilər eksperimenti xoşlayırlar

Müəllif:

15.10.2022

Son onillikdə İtaliya parlamentində sağçılar ilk dəfə çoxluq təşkil edə bilərlər. Eyni zamanda İtaliya tarixində ilk dəfədir ki, qadın baş nazir olmaq şansı qazanıb. Yenə də 1945-ci ildən bu tərəfə ilk dəfə parlamentdəki çoxluğa Avropada çoxlarının ideoloji olaraq İtaliya faşizmi ilə bağlı saydığı partiya rəhbərlik edə bilər.

Corca Meloninin ultrasağçı «İtaliyanın qardaşları» (FDI) partiyası İtaliya parlamentinə sentyabrın 25-də keçirilmiş növbədənkənar seçkidə 26% səs toplayaraq, seçkinin qalibi olub. İndi onun oktyabrın sonlarına koalisiya üzrə tərəfdaşları ilə yeni hökumət formalaşdıracağı gözlənilir. Tərəfdaşlar isə Matteo Salvininin başçılıq etdiyi populist «Liqa» və Silvio Berluskoninin sağ-mərkəzçi «İrəli, İtaliya» partiyalarıdır.

Bu seçkinin nəticələri bütün dünyada, xüsusilə Avropada aydın hiss olunan ehtiyatla qarşılanıb. Məsələn, Avropa Parlamentinin vitse-prezidenti Katarina Barli bildirib ki, Meloninin qələbəsi «narahatlıq yaradır», çünki onun Orban və Donald Trampla əlaqələri hər kəsə məlumdur. «Meloninin seçki öncəsi Avropanı sakitləşdirməyə çalışması onun Avropanın konstruktiv mövcudluğuna təhlükə yaratması faktını ört-basdır edə bilməz», - deyə Almaniyanın «Welt» qəzetinin məlumatına görə, Barli qeyd edib.

Avropanın sağçı düşərgədən olan liderləri isə koalisiyanın qalibiyyətini alqışlarla qarşılayıb. Onların arasında Corca Melonini ilk təbrik edənlərdən biri Fransanın «Milli birlik» partiyasının lideri Marin Le Pen olub. Le Pen sevinc hissi ilə bildirib ki, «Polşadan, Macarıstandan, İsveçdən, indi isə İtaliyadan sonra bütün Avropa oyanır».

 

FDI faşist partiyasıdırmı?

Çoxları «ultrasağçı» terminini birmənalı olaraq faşist və ya neonasist partiyalara aid edir. Lakin bəziləri bu gün onları iki yerə ayırmağın vacibliyini düşünürlər. Belə fikirlərdə olanlardan biri hollandiyalı siyasət professoru Kas Muddedir. O, «Ultrasağçılar bu gün» kitabında bu fikri müdafiə edir. Professor hesab edir ki, hazırda bu düşərgədə olanları demokratiyanın mahiyyətini rədd edən «qatı sağçılar»a və demokratik sistemi qəbul edən, lakin eyni zamanda onun azlıqların hüquqları, qanunun aliliyi, hakimiyyət bölgüsü kimi fundamental elementlərinə qarşı çıxar «radikal sağçılar»a ayırmaq vacibdir.

O, 1930-cu illərin, eyni zamanda İkinci dünya müharibəsi dövrünün alman nasistləri və italyan faşistlərini, həmçinin müasir hərəkatlar olan ABŞ-ın alternativ sağçıları və Avropanın identitar hərəkatını (ağdərililərin üstün olduğu fikrinin tərəfdarları) birincilərə aid edir.

İspaniyanın «Vox», Avstriya Azadlıq Partiyası, almanların «Almaniya üçün alternativ», İtaliyanın «Liqa» partiyaları ikinci zümrəyə aid sayılır. Onları bir çox hallarda mühafizəkar millətçilər və ya qatı sağçı populist partiyalar da adlandırırlar.

Meloninin ikinci qrupa aid partiya liderləri ilə ortaq cəhətləri çoxdur. O, «Vox»u açıq şəkildə dəstəkləyir, Macarıstan lideri Viktor Orbanla münasibətlərinin «çox yaxşı olduğunu» deyir.

İtaliyada «qatı sağçılar» «damğa»sı daha çox «Kasa Paund» və «Yeni güc» kimi neofaşist qruplara aid edilir. Onlar Mussolini dövrünün faşizm ideyalarını açıq şəkildə daşımaqla, onun rəmzlərindən, danışıq üslubundan istifadə edir.

FDI və «Liqa»nın İtaliyada tez-tez sağ-mərkəzçi qüvvələr kimi təqdim olunmasının səbəblərindən biri budur. Beynəlxalq KİV-in FDI-ni postfaşist partiyası saymasının səbəbi isə onun tarixi və mənsubiyyəti ilə bağlıdır. FDI Mussolininin tərəfdarları tərəfindən İkinci dünya müharibəsindən sonra yaradılmış İtaliya Sosial Hərəkatının (MSI) yeni nəslidir. Onun yaradıcılarından olan Meloni isə yeniyetmə yaşlarında MSI fəalları sırasında yer alıb. Xanım siyasətçi müsahibələrindən birində Mussolininin ünvanına təriflər yağdıraraq, onu «son 50 ilin ən yaxşı siyasətçisi» adlandırmışdı. Üstəlik, Meloninin partiyası faşistlərə məxsus «Allah, ailə, vətən» şüarından istifadə edir, FDI-nin loqosunda isə hələ də vaxtilə MSI tərəfindən istifadə olunmuş üçrəngli alov əks olunub.

Çətinlik həm də ondadır ki, partiya üzvlərinin bir hissəsi, o cümlədən diktatorun nəvəsi Raçeli Mussolini hesab edir ki, partiya mübahisəli alov rəmzindən imtina etməlidir. Digər qrup isə faşist keçmişinə məftundur. 2021-ci ildə ölkədə yayılmış videoda FDI funksionerləri faşist zarafatları edir, Roma salamı verirdilər (söhbət Mussolininin dövründəki faşist partiyasının rəsmi jestindən gedir). Seçki ərəfəsində isə Siciliya üzrə regional lider Kalocero Pizano «Facebook»da Adolf Hitlerin ünvanına silsilə tərif postları paylaşdıqdan sonra vəzifədən kənarlaşdırılıb.

Meloninin özü üçrəngli alovun tarixə hörmət olaraq qorunub saxlanmasını istəsə də, partiyasında faşizm həsrətinə yer olmadığını bildirir. Avqustda – seçki ərəfəsində o, auditoriyaya etdiyi videomüraciətdə «faşizmin tarixə qovuşduğunu» bildirmişdi.

Bunun belə olub-olmadığını zaman göstərəcək. Meloninin Avropadakı qatı sağçı müttəfiqlərinin yanlışlarından dərs çıxardığı isə faktdır. Seçicilər və opponentlik edən siyasi partiyalar bu qüvvələrdən əsasən onları həddindən artıq zəhərləyici saydıqları üçün uzaq durmağa çalışır. Aİ-nin Almaniya və Fransa da daxil olmaqla, müxtəlif nəhəng dövlətlərində ultrasağçıların hakimiyyətə gəlmək cəhdlərinin illərdir uğursuzluğa düçar olmasından sonra Avropanın bəzi ultrasağçı partiyaları, o cümlədən FDI yenilənməyə gedərək, imicini yumşaltmağa, cəlbediciliyi artırmağa çalışıb. Meloni də bütün seçki kampaniyası boyu özünü Salvinidən fərqli olaraq, daha çox nativist və ya avroskeptik kimi deyil, ailə dəyərlərinin müdafiəçisi, Ukrayna və NATO-nun qatı tərəfdarı, həmçinin qadın, ana və xristian kimi təqdim edib. O, beynəlxalq mətbuata bu yaxınlarda etdiyi müraciətdə hakimiyyətə gəlişinin İtaliyada avtoritarizmin müjdəçisi olduğu haqda fikirləri rədd edib. Xanım siyasətçi bildirib ki, o və koalisiyada yer alan tərəfdaşları «istənilən antidemokratik gedişə qarşıdırlar» və bütün dünyadakı ənənəvi sağ-mərkəzçi partiyaların dəyərlərini bölüşürlər. Bundan başqa, FDI lideri hesab edir ki, onun partiyası Britaniya mühafizəkarları ilə müqayisə oluna bilər.

 

Nə bir rubl, nə də bir litr araq

Ötən ilin yayında Aİ İtaliyaya postpandemiya dövründə iqtisadiyyatını bərpa etməsi üçün 191,5 milyard avro qrant və kredit ayırıb (PNRR razılaşması – Milli bərpa və dayanıqlılıq planı). Vəsait ölkəyə mərhələli şəkildə, şərt kimi müəyyənləşdirilmiş islahatların mərhələləri başa çatdıqca daxil olur. Bu islahatların əsasını isə mülki və cinayət proseslərinin müddətinin qısaldılması, dövlət idarəçiliyinin müasirləşdirilməsi, rəqabət haqda qanunvericilikdə dəyişikliklər təşkil edir.

Mario Draqinin keçmiş hökuməti bu ilin ilk yarısında öhdəliklərə əməl etməklə, əvəzində 46 milyard avro əldə edib. İkinci yarımillik üçün nəzərdə tutulan öhdəliklər isə icrasını gözləyir. İndi onların taleyi, demək, həm də 19 milyard avroluq üçüncü tranşın əldə olunub-olunmayacağı Corca Meloni hökumətindən asılıdır.

Doğrudur, sağçı blok seçki ərəfəsində 191,5 milyard avronun tamamını əldə etmək niyyətini bəyan edib. Lakin o, eyni zamanda «şərtlərin və prioritetlərin dəyişməsi ilə əlaqədar», Brüssel ilə PNRR razılaşmasına yenidən baxmaq niyyətini də ortaya qoyub.

Nəzərə alsaq ki, Aİ heç nəyi dəyişmək istəmir, yeni hökumət ya ölkə iqtisadiyyatının ehtiyac duyduğu vəsaitdən məhrum olacaq, ya da seçki kampaniyası zamanı Aİ ilə münasibətlərin sərtləşdiriləcəyinə dair verdiyi bəzi vədlərindən vaz keçəcək.

Amma yeni hökumətin qarşılaşacağı ən böyük problem bu deyil. İtaliyada və ümumilikdə Avropada qaz və elektrik enerjisi kəskin şəkildə bahalaşıb. Bu, Rusiyanın Ukraynaya hücumundan sonra enerji bazarında yaranmış qeyri-sabitlik fonunda özünü daha kəskin göstərir. Yayda Draqi kabineti şokun yumşaldılmasına hesablanmış bir sıra yardım paketləri imzalayıb. Lakin nəzərə alsaq ki, enerji daşıyıcılarının bahalaşması prosesinin dayanacağına dair heç bir əlamət görünmür, şübhəsiz ki, qışda çətinliklə üzləşəcək ev təsərrüfatları və müəssisələrə kömək üçün əlavə tədbirlərə ehtiyac yaranacaq. Koalisiya üzvləri isə enerji böhranının öhdəsindən necə gələcəkləri ilə bağlı hələ də heç bir qərar qəbul etməyiblər. İnflyasiyanın sürətlə artması fonunda qiymətlər davamlı olaraq yüksəlir. İnflyasiyanın səviyyəsi payızın əvvəlində 37 ilin ən yüksək həddinə çatıb. İndi İtaliyada əksər ailələr aylıq məvaciblə ayı güclə başa vurur. Hakim koalisiya isə bildirir ki, o, ailələrin alıcılıq qabiliyyətini ilkin tələbat mallarının tamamına tətbiq olunan ƏDV-ni azaltmaqla, ailələr, müəssisələr və özünü məşğulluqla təmin edən şəxslərin vergi yükünü azaltmaqla qorumaq fikrindədir. Lakin koalisiya üzvləri bunu hansı vəsait hesabına etməyi düşündüklərini açıqlamırlar.

Meloni və onun koalisiyadakı tərəfdaşı Salvini «miqrant axını»na qarşıdırlar. Meloni bunun qarşısını almaq üçün dəfələrlə «dəniz blokadası»na əl atılması təklifi ilə də çıxış edib. İndi koalisiya Şimali Afrika ölkələrində qaçqın statusunun alınması ilə bağlı müraciətlərə baxılması üçün Aİ tərəfindən idarə olunacaq mərkəzlər yaradılacağını vəd edir.

Yeni kabinetin Rusiyanın Ukraynaya hücumuna münasibəti də sələfinin mövqeyi ilə üst-üstə düşməyə bilər. Doğrudur, Corca Meloni Avropanın Rusiyaya sanksiyalar tətbiq etməsini, Kiyevə silah-sursat göndərməsini dəstəkləyib. Lakin onun 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsini dəstəklədiyi hamının yadındadır və bu, indiki münasibətin səmimiliyinə təbii olaraq, şübhə yaradır. Onun gələcək hökumətinin digər iki aparıcı üzvü – Silvio Berluskoni ilə Matteo Salvini isə ümumiyyətlə, Vladimir Putinin köhnə dostlarıdırlar.

Berluskoni seçkidən cəmi 3 gün əvvəl «ağzından söz qaçıraraq» bildirib ki, onun rusiyalı dostunu müharibəyə ətrafı və Rusiya ictimaiyyəti təhrik edib, Putin özü isə sadəcə, Ukraynada hakimiyyətə «ləyaqətli şəxslərin» gəlməsini istəyirmiş. Bu açıqlama elə səs-küyə səbəb olub ki, Berluskoni dərhal düzgün anlaşılmadığını, Ukraynaya qarşı təcavüzü pislədiyini söyləmək məcburiyyətində qalıb.

Salvini isə Moskvaya sanksiyaların tətbiqinin İtaliya sənayesinə ziyan vurduğunu deyir, bununla yanaşı, heç zaman Rusiyadan «nə bir rubl, nə də bir litr araq aldığını» deyir.

 

Eksperiment

1946-cı ildən İtaliyada təxminən 70 hökumət dəyişib. Onların hər biri, orta hesabla, 18 ay hakimiyyətdə qalıb. 2018-ci ildə keçirilmiş son seçkidən sonra ölkədə 3 hökumət dəyişib.

«Bu səbəbdən də, xalq sağçılara səs verib. Çünki sağçılar hələ idarəçilikdə olmayıblar. Biz hələ ki onlardan məyus olmağa imkan tapmamışıq», - deyə Neapolun mərkəzində yerləşən kiçik kafenin sahibi BBC-yə bildirib. Daha bir seçici «France 24» kanalına deyib: «O (Corca Meloni), hələ də sınamadığımız yeganə şəxsdir. Demək, hələ uğursuzluğa düçar olmamış yeganə siyasətçi də odur».

İtaliya seçicisi eksperimenti sevir. İndi son illərin ilk sağçı hökumətinin başında ölkənin tarixində ilk dəfə qadın baş nazir dayanacaq. Onun seçiciləri məyus etməməsi üçün təxminən 18 ay vaxtı var.



MƏSLƏHƏT GÖR:

94