18 May 2024

Şənbə, 20:21

ŞÜBHƏLƏR VƏ ÜMİDLƏR SAMMİTİ

Yeni qurulmuş Avropa Siyasi Birliyi platforması çərçivəsində Praqada ilk ali səviyyəli görüş keçirilib

Müəllif:

15.10.2022

Avropa Siyasi Birliyinin yaradılması təşəbbüsü ilə Fransa prezidenti Emmanuel Makron hələ mayda – Parisin Aİ-yə sədrlik etdiyi dövrdə çıxış etmişdi. Onun təklifi oktyabrın 6-7-də Praqada keçirilən sammitdə müəyyən şəkil alıb. O, Avropa İttifaqı ölkələri və onların qonşuları arasında «siyasi koordinasiya üçün müəyyən platformanın yaradılması»nı nəzərdə tutur. Daha konkret desək, söhbət ATƏT-i əvəz edə biləcək dövlətlərin birliyinin yaradılmasından gedir. Buna, Avropa məkanında Ukrayna ilə müharibə üzündən formatdan kənar qalmış Rusiya ilə Belarus olmadan da kommunikasiyanı həyata keçirə biləcək platforma kimi də baxmaq olar.

 

İdeyadan sammitə

İlk dəfə 2017-ci ildə Fransa prezidenti seçilən Emmanuel Makron hər dəfə iddialı avropapərəst yanaşmalar ortaya qoyur, hər dəfə qlobal diplomatiyada aparıcı rola yiyələnmək istəyirdi. Apreldə o, ikinci müddətə prezident seçilməklə, Avropanın aparıcı oyunçusu kimi mövqeyini daha da gücləndirib. Qitənin ikinci aparıcı gücü olan Almaniyanın kansleri postunda Avropa siyasətinin «ağırçəkili»lərindən olan Angela Merkeli əvəzləmiş Olaf Şols isə hələ bu postda təzədir.

Bununla yanaşı, Makron ilin ilk yarısında Avropa İttifaqına sədrlik də edib və bu, ona iddialarını beynəlxalq arenaya çıxarması üçün əlavə imkanlar yaradıb. Avropa Siyasi Birliyi ideyası məhz bu məqsədlərə çatmaq üçün ideal vasitədir.

Nəzərə alsaq ki, formatın təşəbbüskarı Fransadır və ideya Aİ tərəfindən dəstəklənib, elə Makronun sözləri ilə desək, davam edən müharibə fonunda bu, «qonşuluqda sabitliyi təmin etmək üçün ən doğru addımdır». Fransa prezidentinin fikrincə, bu formatın yaradılması, eyni zamanda Ukrayna və Moldovaya verilmiş Aİ üzvlüyünə namizəd statusunu daha da gücləndirəcək.

Onun daha bir hədəfi Aİ-yə can atan ölkələrə hələ quruma üzv olmadan Avropa klubuna mənsubluğunu hiss etdirməkdir. Bununla yanaşı, Brüssel Praqa sammitinə yalnız Aİ-yə üzv olmağa çalışan ölkələri deyil, ümumilikdə Böyük Britaniya, İsrail və Türkiyə də daxil olmaqla, 44 dövləti dəvət etmişdi.

Qeyd etmək lazımdır ki, sammitin bəzi iştirakçıları arasında dərin, bəzi hallarda aşılmaz fikir ayrılıqları, hətta açıq münaqişələr var. Tarixi Praqa qəsrində görüşənlər sırasında Azərbaycan, Ermənistan və Gürcüstan liderləri də var idi.

 

Müxtəlif mövzular və müxtəlif ölkələr

Sammitə dəvət almamış Rusiya ilə bağlı mövzu, demək olar ki, forumun əsas gündəmi idi. Çünki hər dəfə diskussiyalar Rusiya ilə Ukrayna arasında gedən müharibənin Avropanın təhlükəsizliyi üçün yaratdığı iqtisadi və siyasi fəsadlara gedib çıxırdı. Toplantıda Ukraynaya dəstəklə bağlı saysız-hesabsız fikirlər səsləndirilib. Prinsipcə, sammitin çağırılmasında məqsəd də iştirakçı dövlətlərin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin ifadəsi, bu kontekstdə Avropanın təhlükəsizliyi üçün vacib olan məsələlərin, o cümlədən onun vacib enerji aspektlərinin müzakirəsi idi. Lakin ritorikaya baxmayaraq, sammitdə kifayət qədər konkret nəticələrin əldə olunduğunu söyləmək olmaz. Burada xüsusi diqqət ayrılmış ayrı-ayrı mövzular istisnadır.

Söhbət, ilk növbədə, bu müstəvidə Azərbaycan və Ermənistan rəhbərlərinin Avropa Komissiyasının vasitəçiliyi və Fransa prezidentinin iştirakı ilə keçirdikləri görüşdən, eyni zamanda 13 ildə ilk dəfə Ermənistan və Türkiyə rəhbərlərinin bir araya gəlməsindən gedir. Bu görüşlər effektiv keçib və iştirakçıların özləri tərəfindən kifayət qədər müsbət qiymətləndirilib.

Bununla yanaşı, hələ sammitdən əvvəl Avropada bir sual yaranmışdı: bu format qərarların qəbulu prosesinə hansısa real təsir gücünü itirəcək diskussiya meydanına çevrilmək riski ilə üz-üzə qalmır ki? Avropa Siyasi Birliyi ideyası növbəti ATƏT-ə çevrilməyəcək ki?

Hər halda, sammit baş tutub. Lakin onun nə dərəcədə həyat qabiliyyətli olacağına dair şübhələr aradan qalxmayıb. Bundan başqa, onun yaradılmasına Avropa Şurasının müəyyən qısqanclıqla yanaşdığı da hiss olunur. Qurumun rəsmisi Daniel Xoltgen öz «Twitter» hesabında yazıb ki, yeni format «hələ qeyri-müəyyəndir».

«İnsan haqları, demokratiya və qanunun aliliyi sahəsində belə ümumavropa birliyi artıq mövcuddur», - deyə o, qeyd edib.

Bununla yanaşı, sammitin yekununda hər hansı rəsmi bəyanat və ya bəyannamə də qəbul olunmayıb.

Aİ nümayəndəsi bildirib ki, bunun üçün həftələrlə müzakirələr aparılmalı olacaqdı və bu səbəbdən, indiki şəraitdə birbaşa açıq fikir mübadiləsi hər kəsin dəstəkləyəcəyi vahid yekun bəyannamədən daha vacib idi.

Sammitə videomüraciət edən Ukrayna prezidenti Vladimir Zelenski liderləri yeni siyasi birliyi «Avropa sülh birliyi»nə çevirməyə çağırıb.

«Qoy, bu gün dönüş nöqtəsi olsun. Elə bir dönüş nöqtəsi ki Avropa və bütün azad dünya hamımız üçün sülhə zəmanət vermək istiqamətində hərəkətə keçsin. Bu, mümkündür», - deyə Zelenski qeyd edib. O, liderləri «Avropanın bütün mümkün gücünü müharibənin dayandırılmasına yönəltməyə» səsləyib.

 

Genişlənməmək üçün?

Lakin sammitdə davam etməkdə olan müharibəni dayandırmağın mümkün yolları ilə bağlı heç bir konkret və prinsipial olaraq yeni ideya səsləndirilməyib. Əvəzində, Kiyev Emmanuel Makrondan yalnız hərbi və maliyyə yardımının «davam etdiriləcəyi» haqda qeyri-müəyyən vəd alıb.

Fransa prezidentinin Çexiyanın baş naziri Pyotr Fiala və Moldovanın dövlət başçısı Saya Sandu ilə görüşündən sonra növbəti sammitlərin hər altı aydan bir müvafiq olaraq Moldova, İspaniya və Böyük Britaniyada keçiriləcəyi elan edilib. İdeya Aİ üzvü olan və olmayan ölkələrin növbəli şəkildə sammitə ev sahibliyi etməsidir. «Növbəti toplantının Aİ üzvlüyünə namizəd olan Moldovada təşkili qərarı dəstəyin göstəricisidir və biz bunu yüksək qiymətləndiririk», - deyə Sandu jurnalistlərə Praqada verdiyi açıqlamasında bildirib: «Avropanı daha güclü və dayanıqlı etmək üçün səylər davamlı olmalıdır».

Maraqlıdır ki, Praqa sammiti ərəfəsində tənqidçilər iddia edirdilər ki, bu format Aİ-nin genişləndirilməsini ləngitmək cəhdindən başqa bir şey deyil. Avropa Siyasi Birliyi ideyası Aİ-yə qoşulmaq istəyən ölkələri sakitləşdirmək üçün plasebo kimi qəbul oluna bilər, lakin prosesin yaxın perspektivdə başa çatdırılmasını təmin etməyəcək, çünki namizədlərin qəbulu ilə Aİ üzvlərinin fikirləri üst-üstə düşmür. Məsələn, elə həmin Parisin özü Ukraynanın Aİ-yə tezliklə qəbuluna tərəfdar deyil.

Bununla yanaşı, namizədlərin özləri, xüsusilə Qərbi Balkan ölkələri və Ukrayna ilk gündən Aİ-yə mümkün qədər tez qoşulmaq istədiklərini bildirir.  Bundan başqa, tanınmamış Kosovonun «prezident»i Vosa Osmani jurnalistlərə açıqlamasında bildirib ki, sammitin təşkilatçıları Emmanuel Makron ilə Pyotr Fiala onu bu platformanın «Qərb Balkan dövlətlərinin Avropaya inteqrasiya prosesinə əvəz» olmadığına «əmin ediblər».

 

Alternativ enerji axtarışında

Forumda Avropanın qarşısında duran əsas problemlər, o cümlədən təhlükəsizlik, enerji, iqlim, iqtisadiyyat və miqrasiya məsələləri də müzakirə edilib. Analitiklərin sözlərinə görə, toplantıda günün ən ağrılı problemi, bütün diskussiyalarda gündəmə gələn yeganə mövzu yaşanmaqda olan ağır enerji böhranı olub. Söhbət Rusiya ilə Avropanı Baltik dənizi vasitəsilə birləşdirən «Şimal axını» qaz kəmərində bu yaxınlarda baş vermiş sızma nəticəsində yaranmış böhrandan gedir.

Fransa hökuməti qışı elektrik enerjisi kəsilmədən keçmək üçün bu yaxınlarda ölkədə enerji istehlakının azaldılmasını nəzərdə tutan tədbirlər paketini təqdim edib. Belə tədbirlərdən biri binalarda hərarətin 19 dərəcəyə endirilməsidir. Yaşayış evləri, müəssisə və inzibati binaların istilik təchizatına gəlincə, ona hər zaman olduğundan 2 həftə sonra başlanılması, 2 həftə tez isə kəsilməsi nəzərdə tutulur.

Almaniya bəyan edib ki, istehlakçılar və müəssisələrə qazın bahalaşması səbəbilə dəyən zərbənin yumşaldılması üçün yardım olaraq 200 milyard avroyadək (197,50 milyard dollar) vəsaitin ayrılması nəzərdə tutulur. Lakin bu sxem Brüssel və digər paytaxtları pis vəziyyətdə qoyur. Çünki onun tətbiqi sərhəddən kənarda mənfi yan təsirlərə yol açar, vahid bazarda rəqabəti poza bilər.

«Ümumavropa qərarı olmazsa, biz ciddi şəkildə parçalanma riski ilə qarşı-qarşıya qalacağıq. Odur ki, hər kəs üçün eyni şərtləri qoruyub saxlamağımız vacibdir», - deyə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Görüşdə məqsəd enerji məsələləri ilə bağlı danışıqlarla yanaşı, həm də Rusiya rəhbərliyinə Moskvanın təcridi ilə bağlı ciddi siqnalın göndərilməsi olub. Lakin bir çox ekspertlər düşünür ki, Rusiyanın siyasi mənada rədd edilməsi Avropa qitəsində qütblər arasında qarşıdurmaya yol aça bilər, bu isə nəinki regional sabitliyə xidmət etməyəcək, Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da ağırlaşdıracaq. Məsələn, Almaniyanın sabiq kansleri Angela Merkel hesab edir ki, Avropada dayanıqlı sülhə yalnız Rusiyanın iştirakı ilə nail olmaq mümkündür.

Formatın perspektivləri ilə bağlı danışan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də açıqlayıb. O, hesab edir ki, yanaşmada müəyyən fərqlərə baxmayaraq, Ukraynanın dəstəklənməsi məsələsində qətiyyətli olmaq, vahid mövqedən çıxış etmək vacibdir – istər maddi, istərsə də hərbi-siyasi sahədə. «Biz saxta referendumları, qanunsuz işğalları tanımırıq və heç zaman tanımayacağıq», - deyə siyasətçi qeyd edib.

Mişel söhbətin hansı yan təsirlərdən və onların hansı fəsadlarından getdiyini, Avropa Siyasi Birliyi ideyasının bu hallarla mübarizəyə necə kömək edə biləcəyini açıqlamayıb. Görünür, o, bu çətin və aktual suallara cavab verilməsini növbəti sammitlərin ev sahiblərinə saxlamaq istəyib.



MƏSLƏHƏT GÖR:

96