8 May 2024

Çərşənbə, 18:53

İFLASA MƏHKUM CƏHDLƏR

Fransanın mövqeyi onu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirakdan kənar qoya bilər

Müəllif:

01.11.2022

Fransanın qatı anti-Azərbaycan mövqeyi regional siyasətin amillərindən biri kimi, getdikcə özünü daha açıq göstərir. Paris bunu, əlbəttə ki, Azərbaycana ərazi iddialarını siyasi gündəmdə saxlamaqla regionda sülh quruculuğuna mane olan Ermənistanın xeyrinə edir. Lakin Fransanın öz anti-Azərbaycan trendini Bakı-İrəvan münasibətlərinin normallaşdırılması müstəvisinə çıxarmaq cəhdləri, şübhəsiz ki, iflasa məhkumdur. Bu halda Azərbaycan bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik etmək səylərinə yenidən baxmaq məcburiyyətindədir.

 

«Bitərəflik» ampluası

Fransa ATƏT-in uğursuz Minsk qrupuna həmsədrlik etdiyi illər də daxil, «vasitəçilik missiyası» daşıdığı bütün dövrlərdə, əslində, Ermənistanı dəstəkləməklə məşğul olub. Ermənistanın Azərbaycana qarşı qanunsuz olaraq, təxminən, 30 il işğalçı siyasəti davam etdirə bilməsinin əsas səbəbləri arasında Parisin bu mövqeyi də var idi. Lakin 2022-ci ilin payızında baş vermiş 44 günlük müharibədə Azərbaycanın qələbə qazanması, Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etməsi Fransanın da dəstəklədiyi regional «düzən»i darmadağın edib. Söhbət Ermənistana Azərbaycan ərazilərini işğal etməyə, onun xalqının mədəni irsini dağıtmağa, dinc azərbaycanlıları qətlə yetirməyə, yüz minlərlə azərbaycanlını doğma ev-eşiyindən qovmağa imkan vermiş «düzən»dən gedir.

Bu azmış kimi, 44 günlük müharibə zamanı Fransada Azərbaycan haqda «işğalçı», «yazıq ermənilərin zülmkarı» kimi danışılıb. Bir çox fransalı siyasətçi, o cümlədən həmin vaxt ölkənin xarici işlər naziri olan Jan-İv Le Drian Azərbaycanı «müharibəyə başlamaqda» ittiham edib. Azərbaycanın Böyük Zəfərindən, Ermənistanın sarsıdıcı məğlubiyyətindən sonra isə Fransa Senatı ölkə hökumətini qanunsuz «DQR»i tanımağa çağıran qətnamə qəbul edib. Üstəlik, fransalı parlamentarilər «1994-cü il sərhədlərinin bərpası»nı, başqa sözlə, Azərbaycanın «cəhənnəmə göndərdiyi» status-kvoya qayıdılmasını belə, tələb ediblər. Söhbət 1990-cı illərin ilk yarısında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış status-kvodan gedir.

Hazırda isə Fransa Senatı yeni qətnamə hazırlayır və onun səsverməsinin noyabrın ortalarında keçirilməsi nəzərdə tutulur. Qətnamə layihəsi guya «ermənilərə qarşı çoxsaylı hərbi cinayətlər törətmiş» Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutur. Heç bir sübuta əsaslanmayan yalan, abırsız iddialar insanı sadəcə, heyrətləndirir. Xüsusilə, bu, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı hərbi cinayətlər fonunda baş verirsə… Ermənistanın azərbaycanlılara qarşı istər Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalı dövründə, istərsə də 44 günlük müharibənin gedişində hansı hərbi cinayətlərə əl atdığı hər kəsə məlumdur. Amma Fransa, məsələn, 1992-ci ildə törədilmiş Xocalı soyqırımına, 2020-ci ilin payızında Gəncənin və Azərbaycanın digər yaşayış məntəqələrinin raket atəşinə tutulmasına görə İrəvanı heç vaxt qınamayıb.

Fransa qətnaməsinin digər maddəsində Azərbaycanın üzərinə erməni köçkünlərin geri qayıtma haqqının tanınması öhdəliyinin qoyulmasına cəhd olunur. Halbuki birincisi, Bakı hər zaman köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının tərəfdarı kimi çıxış edib və edir və bu, Ermənistanın 44 günlük müharibənin sonunda imzaladığı kapitulyasiya aktında – Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyannamənin müvafiq bəndində də öz əksini tapıb. İkincisi, Bakı haqlı olaraq, bu prinsipin, ilk növbədə, təxminən 1 milyon azərbaycanlı köçkünə də şamil edilməsini tələb edib və edir. Söhbət təxminən 30 il davam etmiş erməni işğalı nəticəsində öz torpaqlarından qovulmuş insanlardan gedir. Lakin özünü humanizm və demokratiya qalası kimi təqdim edən Fransa bu məsələdə fərqli mövqe tutur.

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində azərbaycanlı qaçqın və məcburi köçkünlərin faciəvi vəziyyəti dəfələrlə qeyd olunsa da, dünya ictimaiyyəti onlara yardım göstərməyə çağırılsa da, rəsmi Paris 1990-cı illərdən başlayaraq, 30 il ərzində bu istiqamətdə heç vaxt heç bir fikir bildirməyib. Fransa Senatı isə azərbaycanlı qaçqın və məcburi köçkünlərin ən elementar hüquqlarının belə, təmini məsələsini bir dəfə olsun, qaldırmayıb. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin pislənilməsindən isə ümumiyyətlə, danışmağa dəyməz. Halbuki öz torpaqlarında yaşamaq kimi qanuni hüquqlarından məhrum edilmiş azərbaycanlı köçkünlərin üzləşdikləri ağır vəziyyətin səbəbi məhz bu olub.

Qətnamə layihəsində Azərbaycandan «erməni mədəni və dini irsinin qorunması» da tələb edilir. Halbuki Azərbaycan dövlətinə kənardan belə çağırışlar edilməsinə, xüsusilə tələblər irəli sürülməsinə heç bir ehtiyac yoxdur. Çünki o, öz ərazisində olan mədəni irsə milli və dini xarakterindən asılı olmayaraq, hər zaman diqqətlə yanaşıb. Fransanın Bakıya belə tələb ünvanlamaqla növbəti dəfə ikili standartlardan çıxış etməsi isə artıq başqa məsələdir. 30 illik işğal dövründə Parisin Ermənistanı Azərbaycanın mədəni və dini irsini qorumağa bir dəfə belə, çağırmamasını başqa necə qiymətləndirmək olar? 2020-ci il müharibəsinin başa çatmasından sonra isə o, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra üzə çıxmış mənzərəni dərin sükutla müşahidə edir. Söhbət erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri görünməmiş vandallıqlardan gedir. Artıq hər kəs görür ki, bu 30 ildə Azərbaycanın saysız-hesabsız rayonları, şəhər və kəndləri yer üzündən silinib. Amma Ermənistana himayədarlıq edən Fransa liderləri bu haqda danışmağı lazım bilmir.

Lakin Fransa Senatının anti-Azərbaycan qərarını ayrı-ayrı siyasətçilərin icrası məcburi olmayan rəyi kimi necəsə «malalamaq» mümkündürsə (erməni quldur dəstəsinin Azərbaycanın Parisdəki səfirliyinin binasına hücumunu fransız femidasının əməli adı ilə təqdim olunması kimi), Fransa prezidentinin ədalətsiz mövqeyini heç cür izah etmək olmur. Fransanın dövlət başçısı Emmanuel Makronun nümayiş etdirdiyi mövqedən bəlli olur ki, onun rəhbərlik etdiyi dövlət Azərbaycanın suverenliyinə, milli maraqlarına, öz ərazisinə nəzarət etmək kimi qanuni haqqına əl uzadır.

 

Regional sülhə təhdid

Makronun guya Bakının Qarabağda «dəhşətli müharibə başlatdığı», bu ilin sentyabrında Ermənistanla sərhəd boyu və «mübahisəli Qarabağ»da «bir neçə hücum təşkil etdiyi» haqda bəyanatı Azərbaycanın ədalətli hiddətinə səbəb olub. Bu fikirlərə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev Parisin Bakı ilə İrəvan arasındakı vasitəçilik işinə son nöqtəni qoyub. «Biz... bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük», - deyə dövlət başçısı bildirib.

Həqiqətən də, Fransa liderinin bəyanatı düşünməyə ciddi əsas verir. Xüsusilə nəzərə alsaq ki, o, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştiraka ciddi cəhdlə israr edir.

Prezident İlham Əliyev Makronun Praqa danışıqlarından bir həftə sonra səsləndirdiyi fikirləri «təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlar» kimi xarakterizə edib. Söhbət o danışıqlardan gedir ki, Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının vasitəçiliyi və elə Makronun özünün də iştirakı ilə sülh müqaviləsinin hazırlanması və imzalanması, həmçinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası işində tezliklə irəliləyişə nail olunmasına dair razılığa gəliblər. Lakin Fransa prezidentinin bundan sonra səsləndirdiyi bəyanatlar sanki məqsədli şəkildə Praqa razılaşmasını pozmağa yönəlib. Halbuki razılaşmanın əsas məğzi Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur (BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə əsasən).

Bundan başqa, Parisin himayədarlığı və birbaşa dəstəyi ilə İrəvan daha bir aksiyaya əl atıb ki, bu da sülh prosesinin hədəf və məqsədlərinə birbaşa ziddir. Söhbət rəsmi İrəvanın dəvəti ilə ATƏT-in Ermənistana «ehtiyacların qiymətləndirilməsi üzrə qrup» göndərməsi qərarından gedir. O, Ermənistanın Azərbaycanla «bəzi həmsərhəd bölgələrindəki vəziyyət»ə dair rəy verməlidir. Problem isə ondadır ki, bu ATƏT missiyasının Ermənistana göndərilməsi qurumun heç bir kollektiv orqanında müzakirə olunmayıb (bunu Azərbaycan XİN-i öz bəyanatında aydın şəkildə ifadə edib) və demək, missiyanın müvafiq mandatı yoxdur. Halbuki Bakı Praqa danışıqlarının gedişində sərhəd komissiyalarının işinə dəstək verilməsi, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına kömək etmək üçün Ermənistana Aİ missiyasının göndərilməsinə etiraz etməyib. Bundan başqa, Aİ missiyası ilə öz maraqlarına toxunan məsələlərdə əməkdaşlığa da razılıq verib. Amma həmin danışıqlarda hansısa ATƏT missiyasından söhbət belə, getməyib.

Ermənistana ATƏT missiyasının göndərilməsi qərarının məğzini isə fransalı diplomat, Ermənistandakı sabiq səfir Conatan Lakotta açıqlayıb. Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhəd rayonlarındakı ehtiyaclarının qiymətləndirilməsi üçün ATƏT-in müşahidə missiyasının yaradılması Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın «Azərbaycanın Ermənistan ərazisinə silahlı hücumundan sonra» atdığı addımların nəticəsidir. Lakott iddia edib ki, bu qərar «Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünün təmininə əlavə töhfələr verəcək».

Beləliklə, Fransa bu əməlləri ilə bir daha göstərir ki, o, neytral tərəf olaraq qala bilmir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarlaşdırılmalıdır. Aydındır ki, Fransa bu addımları sülh prosesinin Ermənistanın ssenarisi əsasında getməsi üçün atır. Söhbət Ermənistanın Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsinə iddialarının davam etdirilməsini nəzərdə tutan ssenaridən gedir. Lakin bu yanaşma İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması perspektivinə ziddir. Bu razılaşma yalnız tərəflərin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıması halında imzalana bilər.

Fransanın mövqeyində anti-Rusiya və anti-Türkiyə istiqaməti də var. Rəsmi Parisin əməlləri və bəyanatları, o cümlədən Makronun «Rusiya Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb" sözləri Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxışdırıb çıxarmaqla bağlı aşkar məntiqinə tam uyğun gəlir. Bu hədəfə nail olunması üçün isə regionun ən zəif bəndi olan Ermənistandan istifadə etməyə çalışırlar – guya Qərb ona «təhlükəsizlik zəmanəti» verir.

Bununla yanaşı, Parisin demarşları birmənalı olaraq regionda Qarabağ münaqişəsindən sonra formalaşmış yeni reallığın pozulmasına da yönəlib. Yeni reallığın xüsusiyyətlərindən biri isə Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin əhəmiyyətli dərəcədə güclənməsidir. Belə bir vəziyyətdə, Rusiya ilə geosiyasi mübarizə və Türkiyənin regional maraqları ilə toqquşma fonunda anti-Azərbaycan kampaniyası aparan Parisin hesablamalarında ciddi yanlışlıqlar var. Fransa Azərbaycanın qanuni maraqlarına, suverenliyinə və ərazi bütövlüyünə zidd olaraq açıq şəkildə Ermənistanı dəstəkləməklə, faktiki olaraq Cənubi Qafqazın aparıcı dövləti ilə uzun illərdən gələn kifayət qədər effektiv əməkdaşlığını yox edir. Bundan başqa, Parisin fransızlarla ermənilər arasında «xüsusi bağların mövcudluğu» düşüncəsi ilə Azərbaycanla ikitərəfli münasibətləri pozması ermənilərin öz maraqlarına daha çox zərbə vura bilər. Ermənilərdə revanşist gözləntilər, Azərbaycanın suverenliyinə əl uzatmaq qarşısında cəzasızlıq hissi yaratmaqla, Paris yalnız Ermənistanı yeni əzab və məğlubiyyətlərə sürükləyir.



MƏSLƏHƏT GÖR:

94