8 May 2024

Çərşənbə, 01:52

«ERMƏNİ MÖCÜZƏSİ BAŞ VERMƏDİ»

İrəvanın Rusiyanın «çətiri altında» gizlənərək postmüharibə reallıqlarını dəyişmək cəhdləri nəticə vermədi

Müəllif:

01.11.2022

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşü postmünaqişə nizamlanması prosesində əminliklə vacib mərhələ hesab etmək olar. Burada yeni sənəd – üçtərəfli görüşə dair Soçi Bəyanatı imzalanıb və bu sənəd İrəvan və himayədarlarının regionda müharibədən sonra yaranmış reallıqlara yenidən baxmaq cəhdlərinə yağlı bir nöqtə qoyub.

 

«Qarabağ münaqişəsi artıq tarixdə qalıb»

Soçi görüşü onun iştirakçıları üçün böyük əhəmiyyət daşıyırdı. Rusiya ona əbəs yerə vasitəçilik təşəbbüsünün Avropa İttifaqının əlindən alınması şansı kimi baxmırdı. Üstəlik, Fransa hakimiyyətinin qalmaqallı bəyanatları bu vasitəçiliyə çox ağrılı zərbə vurmuşdu. Azərbaycan ortaya öz gündəmi ilə çıxmağa çalışırdı və görüşün nəticələri göstərməyib ki, o, buna nail olub! Ermənistana gəlincə, bütün gücünü Qarabağın statusu mövzusunun bərpasına yönəltmişdi.

Göründüyü kimi, hər tərəfin öz maraqları var idi. Bununla yanaşı, Soçi danışıqları Azərbaycanın yeni və miqyaslı uğuru ilə bitib. «Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik» - əksər mətbuat orqanı Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin ilə görüşdə səsləndirdiyi bu sitata yer verib.

Bakının müəyyənləşdirdiyi «qırmızı xətlər» görüşün yekun sənədində də tam əksini tapıb. Üçtərəfli bəyanatda nə Dağlıq Qarabağın, nə ümumiyyətlə Qarabağın adı çəkilir, nə də Qarabağ münaqişəsindən danışılır. Artıq sənəd Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasına aiddir və bu, Azərbaycanın maraqlarına və mövqeyinə tam uyğundur.

Azərbaycan bəyanatın yekun maddəsini də öz qələbəsi saya bilər. Orada bildirilir ki, «danışıqların iştirakçıları güc tətbiqi və ya onunla hədələmədən çəkinmək, bütün problemli məsələləri BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanımaq şərti ilə danışıqlar yolu ilə həll etmək haqda razılığa gəlib».

Ərazi bütövlüyü və BMT Nizamnaməsi məhz Bakının yekun sənəddə görmək istədiyi məqamlar idi.

Beləliklə, Soçi görüşü əslində özündə «geosiyasi şahmatlar»ı, gözlənilməz manevrləri, prosesə yeni oyunçuların cəlbi cəhdlərini, həmçinin miqyaslı yeni reallıqları birləşdirən bütöv bir mərhələnin sonudur. Bu yeni iştirakçıların «yol göstərəni» rolunda isə Ermənistan çıxış edir.

 

Ermənisayağı «ümid ünvanları»

Hər bir ölkənin sevdiyi xarici siyasi gedişlər və fəndlər var. Kimlərsə üstünlüyü iqtisadi təsirə verir, kimlərsə hərbi gücə. Ermənistanın isə xarici siyasətlə bağlı ənənəvi olaraq öz xüsusiyyəti var. Orada əmindirlər ki, İrəvanın maraqlarını başqaları qorumalı, onun uğrunda başqaları mübarizə aparmalıdır. Nəticədə, yerli ekspertlər, hətta siyasətçilər həmvətənləri üçün «ümid ünvanları» axtarırlar.

Son həftələrdə bu «ünvan» Avropaya doğru dəyişməyə başlayıb. Üstəlik, Praqa razılaşmasının reallaşdırılması çərçivəsində Ermənistana Avropa İttifaqının müşahidə missiyası da təşrif buyurub. Bir qədər sonra isə orada ATƏT «müşahidəçi»ləri də peyda olacaq ki, bu qərar öz-özlüyündə, böyük qalmaqala yol açıb. Azərbaycan XİN-i bəyan edib ki, Ermənistana ehtiyacların qiymətləndirilməsi üzrə ATƏT missiyasının göndərilməsi məsələsi qurumun qərarlar qəbul edən heç bir kollektiv orqanında müzakirə olunmayıb. Demək, bununla bağlı heç bir qərar yoxdur. Beləliklə, «Ermənistanda ehtiyacların qiymətləndirilməsi üçün ATƏT missiyası» adlandırılacaq istənilən qrupun ATƏT mandatı olmayacaq. Bu, o anlama gəlir ki, həmin qrupun ATƏT-lə əlaqəsi olmayacaq və «missiya»nın hər hansı hesabatı ATƏT sənədi kimi qiymətləndirilə bilməz. Nazirliyin bəyanatında daha sonra bildirilir ki, bu, Ermənistanın bir neçə üzv dövlətin təmsil olunduğu qrupun səfərilə bağlı birtərəfli təşəbbüsüdür və belə səfərin istənilən nəticəsi müvafiq qaydada qiymətləndiriləcək.

Aİ missiyası isə artıq fəaliyyətinin əvvəlində Ermənistanı məyus etməyə macal tapıb. Onun üzvləri bildiriblər ki, araşdırma ilə yox, müşahidə ilə məşğul olacaqlar. Tərcüməsi aydındır: avropalı müşahidəçilərdən Azərbaycan əleyhinə hər hansı səs-küylü bəyanat gözləməyə dəyməz.

Azərbaycanlı ekspertlərin dəfələrlə qeyd etdikləri kimi, Ermənistanın əsas ümidləri lap əvvəldən puç olub. İrəvanda ümid edirdilər ki, müşahidəçilər məhz tərəflər arasında dayanacaq. Paşinyan bunu çoxdan – hələ 2021-ci ilin yazına ermənilərin Qaragöz gölü ətrafındakı təxribatının iflasa uğramasından sonra təklif etmişdi. Ermənistanın baş naziri hələ o vaxt istəyirdi ki, tərəflər qoşunlarını sərhəddən qarşılıqlı şəkildə geri çəksin, sərhədə isə müşahidəçilər yerləşdirilsin. Azərbaycan 44 günlük müharibədən əvvəl də Bakı ATƏT-in himayəsi altında təmas xəttində müşahidə kameralarının yerləşdirilməsi ideyasından imtina etmişdi, indi də buna qarşıdır.

Sərhədə müşahidəçilərin yerləşdirilməsi, üstəlik, qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi yalnız o zaman mümkündür ki, sərhədlər dəqiq müəyyənləşsin, demarkasiya və delimitasiya olunsun. Bu gün isə Azərbaycanla Ermənistan arasında sərhəd şərtidir, delimitasiya prosesi isə hələ də başlamayıb. Üstəlik, SSRİ illərində, xüsusilə isə sonradan – Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu dövrdə Ermənistan Azərbaycana məxsus həmsərhəd ərazilərin böyük bir hissəsini özünə birləşdirib. Delimitasiya və demarkasiya prosesi zamanı bu ərazilər geri qaytarılmalı olacaq. Odur ki, İrəvan vaxtı uzatmağa çalışır. Amma o, buna nail olmayıb. Azərbaycan Avropa missiyasını «birtərəfli missiya»ya çevirib ki, onun sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə heç bir təsiri olmasın.

Belə bir vəziyyətdə İrəvan «Avropa missiyası»nın ona hansısa «təhlükəsizlik zəmanəti» verə biləcəyini düşünməkdə yanılıb. İrəvana baş çəkən erməni lobbiçiləri belə, istəməsələr də etiraf etməli olublar ki, əvvəlcə Ermənistanın özü köklü qərarlar qəbul etməlidir. Lakin sərhədləri müstəqil şəkildə qorumaq, neft, qaz və silahları dünya bazarlarındakı qiymətə almaq, mənfəətsiz infrastrukturu saxlamaq – Ermənistan hələ də bu imkanlara malik deyil. Qərb ilə «flört» İrəvana xüsusilə onun KTMT-yə olan ümidlərinin iflasından sonra Rusiya ilə sövdələşmə üçün lazım idi. Onlar KTMT-nin 44 günlük müharibəyə müdaxilə etməməsini son dərəcə çətinliklə həzm etmişdilər. Sərhəddə sentyabrın 12-13-də baş vermiş döyüşlərdən sonra isə İrəvan KTMT-nin məsələyə Qazaxıstandakı iğtişaşlar zamanı olduğu qədər operativ və sərt reaksiya verəcəyini gözləyirdi. Belə bir vəziyyətdə ermənilər KTMT-nin təcili toplantısının nəticəsiz bitəcəyinə qətiyyən hazır deyildilər.

Soçi görüşü göstərdi ki, İrəvanın «alver»i Rusiyanı cəlb etməyib.

 

Azərbaycandan gələn yeni reallıqlar

Regionda baş verən miqyaslı geosiyasi dəyişikliklər Azərbaycana bağlıdır. Zəngilanda bölgənin sayca ikinci beynəlxalq aeroportu açılıb. Füzuli hava limanının açılışında olduğu kimi, bu dəfə də təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Yeni aeroportun istismara verilməsi həm də Bakı ilə Ankara arasında güclü müttəfiqliyin növbəti nümayişi kimi yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında deyib: «Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır».

Şübhəsiz ki, bu bəyanatın ünvanlandığı ölkələrdən biri də Ermənistandır. İndi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin sürətini və miqyasını bu ölkədə hiss etməyə bilməzlər. «Mina terroru»na, dağıdılmış infrastruktura baxmayaraq, Azərbaycan öz bərpa strategiyasını inamla həyata keçirir, bunu dəqiqliklə düşünülmüş, ölçülüb-biçilmiş plan üzrə edir. Bundan başqa, kimlərinsə İkinci Qarabağ müharibəsi kimi bahalı savaşdan sonra Azərbaycanın müflis olmasa da, maliyyə çətinlikləri ilə üzləşəcəyinə olan ümidləri də iflasa uğrayıb. Prezident İlham Əliyevin bəyanatı böyük ehtimalla qonşu İrana ünvanlanmışdı. Həmin vaxt orada Araz çayını məcbur etmək imitasiyası ilə SEPAH-ın təlimlərini elan etmişdi.

 

İran başlayır… və məğlub olur

Tehranın «güc nümayiş etdirmək» fikrinə düşdüyü tamamilə aydındır. Hərbi təlimlər, Ermənistanın nəzarətində olan Qərbi Zəngəzurun Qafan rayonunda konsulluğun açılması, İran rəsmilərinin «biz regionda sərhədlərin dəyişməsinə dözmək fikrində deyilik» kimi bəyanatları, Bakıya təhdid dolu videoçarxların yayılması Azərbaycanda təbii hiddət yaradıb. Nəticədə, Bakıda ortaya tam haqlı suallar çıxıb: bəs İran 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına niyə «dözüb»? İslam respublikası  işğal altındakı Qarabağda məscidlərin, məzarların dağıdılmasına, təhqir edilməsinə niyə reaksiya verməyib və vermir? Niyə Qafanda baş konsulluq açan İran hökuməti bu şəhərin köklü azərbaycanlı əhalisinin taleyi ilə maraqlanmağı lazım bilməyib?

Bir sözlə, Bakı-Tehran münasibətləri, demək olar ki, sıfır dərəcəsinə düşüb. İranın güc nümayişi isə Azərbaycanı qətiyyən qorxutmayıb. Bakı İranın 70-ci illərin texnikası ilə «güc nümayişi»nə yalnız sarkastik şərhlərlə kifayətlənməyib, «yumşaq güc» nümayişinə də keçib. Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyevi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev digər fikirlərlə yanaşı, bir məqama da diqqət çəkib: «…Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər».

İran Azərbaycanına eyham kifayət qədər açıqdır və onu duymamaq mümkün deyil. Xüsusilə İranda davam edən daxili siyasi qeyri-sabitlik fonunda. Beləliklə, Bakı nəinki Tehranın «güc nümayişi»ndən qorxuya düşüb, əksinə, ona qarşı müqaviməti daha da gücləndirib. İranda anlamalıdırlar ki, «şüşədən ibarət ev»də yaşayanlar kimsəyə «daş atmamalıdır».

Demək, istər regional, istər qeyri-regional oyunçular artıq geosiyasi havanın Azərbaycan-Türkiyə birliyi tərəfindən müəyyənləşdirildiyini anlamalı və buna vərdiş etməlidirlər. Artıq bu yeni reallıqlara əhəmiyyət verməmək mümkün olmayacaq.



MƏSLƏHƏT GÖR:

93