19 Dekabr 2024

Cümə axşamı, 16:29

“BÖYÜK DƏBİLQƏ”DƏ QƏLƏBƏ

Azərbaycan milli komandası cüdo üzrə Bakı turnirində layiqli çıxış etdi

Müəllif:

15.11.2022

Özbəkistanda keçirilən Dünya çempionatında  yüksək əyarlı medal qazana bilməyən cüdo üzrə milli komandamız Bakıda azarkeşləri qarşısında ümidləri doğrultdu. Azərbaycan paytaxtı növbəti dəfə cüdo aləminin nüfuzlu “Böyük dəbilqə” turnirinə ev sahibliyi etdi. Noybarın 4-6-da keçirilən mötəbər yarışda 61 ölkədən 400-dən çox idmançı medallar uğrunda mübarizə apardı.

 

Birinci yer

Heydər Əliyev adına İdman arenasında keçirilən “Böyük dəbilqə” turnirində ilk yarış günü 3 medalla yadda qaldı. Cüdoçularımız 1 qızıl və 2 bürünc medala layiq görüldü. 60 kq çəki dərəcəsində yarışan idmançımız Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kəramət Hüseynov isə üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazandı. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov serbiyalı idmançı Strahinca Bunsisi məğlub edərək turnirin bürünc medalı ilə kifayətləndi.

Növbəti gün milli komandamızın aktivinə daha 2 qızıl medal yazıldı. 73 kq çəki dərəcəsində Hidayət Heydərov finalda kanadalı cüdoçu Artur Marqelidona qalib gələrək “Böyük dəbilqə” turnirində dördüncü dəfə qızıl medal qazandı.  81 kq çəki dərəcəsində Səid Mollayi finalda Belçika təmsilçisi Matias Kasseyə qalib gəlməklə çempionluq sevinci yaşadı. Turnirin son günündə ağır çəkidə çıxış edən Zelim Kotsoyev Azərbaycana dördüncü qızıl medalı qazandırdı.

Beləliklə, cüdoçularımız 4 qızıl və 2 bürünc medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında medal sıralamasına görə 61 ölkə arasında birinci oldu. Niderland və Serbiya müvafiq olaraq 2-3-cü yerləri bölüşdürdü. Ümumilikdə turnirin nəticələrinə əsasən, 27 ölkənin təmsilçiləri medal qazandılar.

 

 

Uşaqlar üçün cüdonun yeni növü

“Böyük dəbilqə” turnirində ilk dəfə Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycan Cüdo Federasiyasının “uşaqlar üçün cüdo” adlı yeni layihəsi təqdim olundu. Azərbaycanlı sarı kəmər sahibi səkkiz yaşlı Məhəmməd Şahverdili dünya çempionu və Olimpiya mükafatçısı Səid Mollayi ilə mübarizə apardı. Tamaşaçılar bunu böyük maraqla qarşıladılar. Şou xarakterli mübarizənin əvvəlində Mollayi təzyiq altında qalaraq yerə yıxıldı və erkən “şido” aldı. Şahverdilinin etdiyi güclü “o-goshi” fəndi nəticəsində Mollayi arxası üstə yerə endi və Məhəmməd “ippon”la qalib gəldi.

Azərbaycan cüdo komandasının nüfuzlu yarışda 6 medal qazanması idman həvəskarlarını sevindirməyə bilməz. Yeni alman məşqçinin gəlişindən sonra cüdoçuların əzmkar mübarizəsi xüsusi qeyd olunmalıdır. Gənc Balabəy Ağayev sürəti, Hidayət Heydərovla Səid Mollayi isə təcrübəsi, Zelim Kotsoyev xarakteri sayəsində Bakıda Azərbaycan himnini səsləndirdi. Qazanılan qələbə cüdoçuların gərgin məşqlərinin nəticəsi kimi qiymətləndirilməlidir.

 

Nəticə çıxarmaq uğurun rəhnidir

“Böyük dəbilqə” turnirinin qızıl medalçısı Hidayət Heydərov yarışla bağlı təəssüratlarını “Region plus” jurnalı ilə bölüşüb: “Karyeramda dördüncü dəfə “Böyük dəbilqə” turnirində qızıl medal qazandım və buna görə çox sevinirəm. Bakıda keçirilən yarışda heç vaxt məğlubiyyət barədə düşünmürəm. Bizim şəhərdə hər zaman birinci olmaq istəyirik. Final görüşü çətin oldu. Amma istədiyim fəndi işlədə bildim. Bu qələbə 2022-ci ili yüksək əhvalda başa vurmağa kömək edəcək”.

Azərbaycana qızıl medal qazandıran, dünya çempionu Səid Mollayi isə əsas hədəfin Paris Olimpiadası olduğunu bildirib: “Yaşasın Azərbaycan! Bu günlər ölkə Zəfər və Bayraq gününü qeyd edir. Bayram günlərində idmançı kimi qələbə qazanmaq borcum idi. Dünya çempionatında istədiyim kimi çıxış edə bilmədim. Amma səhvlərdən nəticə çıxarmaqla məqsədimə çata bilərəm. Əsas hədəf gələn il baş tutacaq Dünya çempionatı və 2024-cü ildə təşkil olunacaq Paris Yay Olimpiya Oyunlarıdır. Hər iki yarışda qızıl medal qazanmağı arzulayıram”.

Əldə olunan yüksək nəticəyə baxmayaraq milli komanda arxayınlaşmamalıdır. 2023-cü ildən etibarən Paris Olimpiadasına lisenziya xarakterli yarışlar artacaq. Həmin turnirlərdə yaxşı nəticə göstərmək çox vacibdir. Bakı turnirində müxtəlif səbəblərə görə Rusiya (BCF-nın cəzasına görə), cəzalı İran, iddialı Yaponiya kimi güclü komandalar iştirak etmədi. Üstəlik, Gürcüstan, Özbəkistan, Braziliya əsas heyətə istirahət verməklə Bakıya nisbətən gənc cüdoçularla gəldi. Sözsüz ki, bu amillər əldə olunan nəticəyə təsirsiz ötüşmədi. Azərbaycan milli komandası səhvlər üzərində işləməyi davam etdirməli, ilin sonunda Tokioda baş tutacaq “World Masters” yarışında da uğurlu nəticə qazanmağa çalışmalıdır.

 

Paracüdoçuların mükafatları

“Böyük dəbilqə” turnirindən sonra Bakıda Paracüdo üzrə Dünya çempionatına ev sahibliyi etdi. Qeyd edək ki, nüfuzlu yarış yeni qaydalarla keçirildi. Yarışda görmə qabiliyyəti zəif olanlar və tamamilə görməyən cüdoçular ayrı-ayrı kateqoriyalarda mübarizə apardı.

Paracüdo üzrə Azərbaycan milli komandasının lideri İlham Zəkiyev Dünya çempionatını gümüş medalla başa vurdu. İlham Zəkiyev finalda braziliyalı rəqibinə məğlub olmaqla ikinci yerlə kifayətləndi.

Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən Dünya çempionatında bürünc medal qazandı. 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəldi. 73 kq-da Namiq Abbaslı,  48 kq-da isə Şəhanə Hacıyeva 3-cü yeri tutdu. Paracüdo üzrə Azərbaycan milli komandası fərdi yarışları 1 gümüş, 3 bürünc medalla başa vurdu.

Komanda yarışında yerli paracüdoçular finalda Türkiyədən olan rəqiblərini 4:2 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.



MƏSLƏHƏT GÖR:

160