6 May 2024

Bazar ertəsi, 07:39

XƏZƏRDƏN İŞIQ SAÇAN ÇIRAQ

AÇG yatağından ilk neftin əldə olunmasından 25 il sonra Azərbaycan yeni layihələrə start verməyə hazırlaşır

Müəllif:

15.11.2022

Azərbaycanda noyabr ayı əlamətdar günlər və hadisələrlə zəngindir: ilk növbədə, bu, təbii ki, Zəfər Günüdür. Eyni zamanda rəsmi bayramların təqviminə daxil edilməsə də, bu ayda neft sənayesinin inkişafında və dövlətin həyatında mühüm əhəmiyyət daşıyan hadisələr baş verib. Məsələn, 1949-cu il noyabrın 7-də Bakıdan 110 kilometr məsafədə, əfsanəvi Neft Daşlarında ilk neft fontanı vurdu və dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasilatına başlanıldı. 48 il sonra, yəni 1997-ci ilin elə həmin günündə “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasında ilk neft hasilatına start verildi. Beləliklə, 25 ildir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku Azərbaycanın iqtisadi inkişafının sabitliyinin qarantı olub.

 

İlk neft

Azərbaycanın gələcəyinə Xəzərdən işıq saçan “Çıraq” platformasından ilk neftin əldə edildiyi gün ölkə tarixinə qızıl hərflərlə yazılıb. Bu, o vaxt iqtisadi baxımdan çətinliklərlə üzləşən ölkənin dirçəlişi və böyük gələcəyi üçün nəzərdə tutulmuş müqavilə əsasında çıxarılan ilk neft idi.

“Bu gün mən böyük qürur hissi keçirirəm. Xəzərin mərkəzində, açıq dənizdə neft hasilatı sahəsində dünyada ən yüksək standartlara cavab verən belə gözəl platforma yaradılıb”, - 1997-ci ildə bu mühüm hadisə ilə bağlı keçirilmiş rəsmi mərasimdə Azərbaycanın keçmiş Prezidenti, ümummilli lider Heydər Əliyev bəyan etmişdi.

Hər hansı bir yataqdan hasilata start verilməsi neft sahəsi üçün vacib hadisədir. Neft hasilatı müqavilənin imzalanmasından 3 il sonra həyata keçirildiyi üçün bu, dünyada misli görünməmiş nailiyyət oldu. Neftçilər yaxşı bilirlər ki, hər hansı müqavilənin imzalanmasından ilk neft hasilatına qədər olan dövrdə genişmiqyaslı işlər həyata keçirilir və bunların belə qısa müddətdə reallaşdırılması nadir hallarda baş verir.

Bu arada, “Çıraq” platforması Bakıdan 120 kilometr şərqdə yerləşir, onun dayaq bloku isə 120 metr dərinlikdə quraşdırılıb. Platforma Azərbaycan neftçiləri tərəfindən hələ “Əsrin müqaviləsi” imzalanana qədər tikilib. Amma “Çıraq” platforması bu layihə çərçivəsində xüsusi olaraq neft hasilatı məqsədilə 1995-ci ildə beynəlxalq standartlara uyğun yenidən qurulub. Maili quyuların qazılması üçün platformanın yuxarı modulu modernləşdirilib və yeni avadanlıqla təchiz edilib. Yeni qazma qurğusu quyuların laylara doğru horizontal istiqamətdə qazılmasına imkan yaradıb. Ən maili A-18, A-19 (maililiyi müvafiq olaraq 5500 metr və 6300 metr) və digər quyularda böyük miqdarda neft hasil edilməyə başlanıldı.

“Çıraq” platformasından 1997-ci ilin noyabr ayında ilk neftin əldə edilməsi günü, əslində, Azərbaycanın yeni neft strategiyasının əməli işdə başlandığının simvolik tarixidir. AÇG yatağından hasilat bu platformadan başlanmış və yeni inşa olunmuş daha böyük və daha müasir platformalar istirmara verilənədək, yəni 2005-ci ilədək, yataqdan yeganə hasilat və ixrac mənbəyi olub. Bu gün də “Çıraq” bizim AÇG-dəki 6 hasilat platformasından biridir və hələ uzun müddət belə də olacaq”, -

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib. Əsrin dörddə biri başa çatıb və bu dövr ərzində “Çıraq” platformasından ümumilikdə təqribən 766 milyon barel neft hasil edilib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir.

 

Yeni mərhələ - yeni platforma

“Çıraq” ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı. Lakin BP-nin qeyd etdiyi kimi, bu platforma əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara, həmçinin yüksək əməliyyat səmərəliliyi göstəricilərinə cavab verir. Bu, onun hələ uzun illər boyunca da işləyəcəyini göstərir.

AÇG-nin operatoru olan BP şirkəti o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib. Bu platformalardan indiyədək ümumilikdə 3,4 milyard bareldən artıq, “Çıraq”la birlikdə isə 4,2 milyard barel neft hasil edilib.

Bundan əlavə, o vaxt  ixrac infrastrukturunun - Səngəçal terminalının, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin yaradılması istiqamətində çox zəhmət tələb edən  işlərə start verilmişdi.

İndi Azərbaycan dünya bazarlarına enerji resurslarının etibarlı təchizatçısı kimi ciddi nüfuza malikdir. Bu, ölkəmizə ixrac infrastrukturunu, karbohidrogen ehtiyatlarının coğrafiyasını genişləndirməyə və alıcıların sayını daha da artırmağa imkan verir.

Bu arada, 25 il ərzində resursların mənimsənilməsi, təbii ki, istehsal səviyyəsinə də təsirsiz ötüşməyib. Təbii ki, hasilatın azalması hər bir yatağa olduğu kimi, AÇG blokuna da təsir edib. Amma son illərdə BP AÇG-də neft hasilatının azalmasının bu sahəyə o qədər də ciddi təsir etməməsi üçün səylər göstərir. Hazırda Böyük Britaniya şirkəti bununla əlaqədar “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsinə ümid bağlayır. Dəyəri nə az, nə çox düz 6 milyard dollar olan layihə ilə “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında qazma, hasilat və yaşayış platformasının quraşdırılması nəzərdə tutulub. BP onun istismara verilməsi, əlavə quyuların qazılması və dəniz qurğularının quraşdırılması sayəsində gündəlik 100 000 barel neft və 350 000 kubfut təbii qaz hasilatına nail olmağı və AÇG-dən neft hasilatını bir neçə il ərzində sabit saxlamağı planlaşdırır. Şirkət ilk neft hasilatını 2023-cü ilin sonunda əldə etməyi planlaşdırır və indiyədək işlərin 80%-dən çoxu yerinə yetirilib. BP əmin edir ki, 2023-cü ildə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işlərini başa çatdırmaq üçün hər şey qrafik üzrə gedir.     

Yeri gəlmişkən, ACE layihəsinin baş meneceri Nil Filips bəyan edib ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində yeni hasilat platformasının dayaq bloku, yuxarı tikililəri, demək olar ki, hazırdır və onların 2023-cü ilin birinci yarısında quraşdırılması üçün dənizə göndərilməsi planlaşdırılır.

Onun sözlərinə görə, platformanın yuxarı tikililərinin inşası üzrə işlər 95% yerinə yetirilib: “Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Bu işləri “TURAN Drilling Company” şirkəti həyata keçirəcək”.

 

Növbədə təbii qazdır

AÇG blokunun potensialı təkcə neft hasilatı və “Mərkəzi-Şərqi Azəri” layihəsi ilə məhdudlaşmır. Bu müqavilə çərçivəsində dərin qatlardakı təbii qaz ehtiyatlarının mənimsənilməsi üçün hələ çox iş görülməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bunun həyata keçirilməsi ilə bağlı bir neçə ildir ki, danışıqlar aparır. Amma hələ ki bununla bağlı nəticə yoxdur.

Lakin dünya bazarlarında təbii qaza tələbatın artmasını və xüsusilə Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycanın “mavi yanacağ”ın ixracını artırmaq planlarını nəzərə alsaq, növbəti illərdə Azərbaycan hakimiyyətinin bütün səylərini təbii qaz hasilatının artırılmasına yönəldəcəyini söyləyə bilərik. Odur ki, dərin qatlardakı təbii qaz layihəsi üzrə işlərin aktivləşməsini gözləmək olar. Əslində gözləməyə çox az vaxt qalıb. Belə ki, BP 2022-ci ilin sonuna qədər AÇG blokunda “data-well” quyusunun (məlumat quyusu) qazılacağını açıqlayıb.

“AÇG-də dərinsulu hissələrdə yerləşən təbii qaz ehtiyatları və layların strukturu haqqında məlumat əldə etmək üçün quyunun qazılması zəruridir”, - BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli vurğulayıb.

BP hesab edir ki, məlumatın əldə edilməsi AÇG-nin dərinsulu hissələrində təbii qazın gələcəkdə mümkün hasilatını müəyyənləşdirməyə yardım edəcək. Hələ ki buradakı ehtiyatlar 300 milyard kubmetr qiymətləndirilir. Amma qazma işlərindən sonra bu göstəricinin daha yüksək olacağı güman edilir.

 

İxrac planları

Azərbaycanda təbii qaz hasilatının və ixracının artırılması planları ilə yanaşı, dünya bazarlarına neft tədarükünün artırılması istiqamətində də ciddi işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bu yaxınlarda rəsmi səfəri zamanı bu barədə ictimaiyyətə açıqlama verməsi bunun ciddiliyini sübut edir.

“Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq. Biz bununla bərabər, hal-hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Cənab baş nazirlə bu barədə də müzakirələr aparmışıq. Buna da böyük ehtiyac var və böyük potensial mövcuddur”, - İ.Əliyev Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanı dünya bazarları ilə birbaşa birləşdirən ixrac marşrutu kimi tikilib. BTC həm də strateji obyekt kimi Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bakı-Tbilisi-Ceyhan xətti ilə indiyədək Azərbaycandan 3,9 milyard barelə yaxın neft nəql olunub və bu neft 5163 tankerlə dünya bazarlarına çıxarılıb. Üstəlik, BTC hazırda təkcə AÇG-dən neft və “Şahdəniz” yatağından kondensat deyil, həm də SOCAR şirkətinin, həmçinin Xəzər regionunun bir sıra digər ölkələrinin neftini nəql edir.

“Şahdəniz” yatağında kondensat hasilatının artması, Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkmənistan nefti ilə yanaşı, Qazaxıstan “qara qızılı”nın ixracı vasitəsilə Azərbaycandan dünya bazarlarına neft tədarükü artacaq. Hazırda Qazaxıstan hər il Xəzər Boru Kəməri Konsorsiumu və Atırau-Samara neft kəməri vasitəsilə ildə 65-67 milyon ton neft ixrac edir. Eyni zamanda Qazaxıstan neftinin bütün tədarüklərinin 78%-dən çoxu Xəzər Boru Kəməri Konsorsiumunun payına düşür. Amma bu yay konsorsiumun sistemində aparılan təmir nəticəsində ixracda yaranan problemlər Astananın alternativ marşrutlara, xüsusən də Azərbaycandan keçən marşrutlara marağını artırıb.

Bu il iyulun əvvəlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz” dövlət şirkətinə Qazaxıstan neftinin ixrac marşrutlarını şaxələndirmək məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsi üçün ən optimal variantları işləyib hazırlamağı tapşırıb.

Qeyd edək ki, “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev bu il avqustun 16-da Bakıya səfər edib və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb. Onlar Trans-Xəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Beləliklə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində ilkin mərhələdə 2023-cü ildən Bakı-Tbilisi-Ceyhan marşrutu vasitəsilə 1,5 milyon ton neft ixracına dair razılaşma əldə olunub və bunun 6-6,5 milyon tona çatdırılması üzərində işlər aparılır.

Qazaxıstanın Baş naziri Əlixan Smailov noyabrın 10-da ölkə parlamentində bu barədə məlumat verərək bildirib ki, ixracın şaxələndirilməsi üçün xüsusi “yol xəritəsi” hazırlanıb. BTC ilə illik 1,5 milyon ton neft tranziti Qazaxıstanın enerji resursunun ixracının şaxələndirilməsi üçün kifayət qədər yaxşı başlanğıcdır. Bu, bir ixrac marşrutundan tam asılı olmaqdan daha yaxşıdır. Ən çətini bu işə başlamaqdır. Neft ixracının həcminin artacağına heç bir şübhə yoxdur. Böyük həcmdə neft tədarükünə, o cümlədən tanker donanması baxımından ixraca hazırlaşmaq üçün vaxt olacaq.



MƏSLƏHƏT GÖR:

90