3 May 2024

Cümə, 00:40

YENİ HƏDƏFLƏR SAMMİTİ

TDT-nin mükəmməl beynəlxalq struktura çevrilməsinin yeni konturları Səmərqənddə müəyyənləşdi

Müəllif:

15.11.2022

Türk Dövlətləri Təşkilatının (TDT) noyabrın 11-də Səmərqənddə keçirilən sammiti türkdilli dövlətlərin əməkdaşlığında yeni mərhələnin başlanğıcı sayıla bilər. Onu şərti olaraq, kooperasiyadan inteqrasiyaya keçid adlandırmaq da mümkündür. Xatırladaq ki, türk inteqrasiyasının təşəbbüskarı və hərəkətverici qüvvəsi lap əvvəldən 3 dövlət olub: Türkiyə, Azərbaycan və Qazaxıstan. Beləliklə, türk inteqrasiyasının özəyini bu üç ölkə və onlara sonradan qoşulmuş Qırğızıstan təşkil edir.

 

Birliyə aparan yol

1991-ci ilədək Türkiyə dünyada yeganə türk dövləti olub. SSRİ-nin dağılması ilə xəritədə daha 5 türk dövlətinin yaranmasından sonra ilk türk sammitinin çağırılmasının təşəbbüskarı da məhz Türkiyə prezidenti Turqut Özal olub. Sammit 1992-ci il oktyabrın 30-da baş tutub və bütün türkdilli dövlətlərin liderləri toplantıda iştirak edib. O vaxtdan Türkiyəni hədəfi türk dünyasını birləşdirmək olan türk inteqrasiyasının «hərəkətverici qüvvəsi» adlandırırlar.

Zamanla dünyada real siyasi dinamikanın təsiri, digər türk dövlətlərinin çəkisinin, nüfuzunun artması ilə ciddi dəyişikliklər baş verib. Bu dövlətlərin liderləri arasında müntəzəm görüşlərin öz dəqiq hədəfləri, məqsədləri olan struktura çevrilməsinə illər lazım olub. 2009-cu ilin oktyabrınadək türk əməkdaşlığı formatı ümumi əməkdaşlıq mövzularının müzakirə edildiyi sammitlərlə məhdudlaşıb. Amma bu, o anlama gəlməməlidir ki, həmin dövrdə əməkdaşlığın təşkilatı əsaslarının qurulması istiqamətində işlər görülməyib. Məsələn, türk dünyasının ən nəhəng və nüfuzlu iki təşkilatı məhz həmin illərdə yaradılıb. Söhbət TÜRKSOY (1993, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) və TürkPA (1998, Türkdilli Dövlətlərin Parlament Assambleyası). Onlardan birinin mənzil-qərargahı Ankarada, digərininki Bakıdadır. Bu strukturların fəaliyyəti müntəzəm əməkdaşlıq mexanizmlərinin qurulmasına çox kömək edib, bu isə siyasi qərarları, humanitar layihələri stimullaşdırıb. Bu vəziyyət 2009-cu il oktyabrın 3-dək davam edib. Məhz həmin gün qurumun Naxçıvanda keçirilən sammitində Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏT) yaradılıb. Sonradan 3 oktyabr Türkdilli dövlətlərin əməkdaşlıq günü elan olunub.

Bu təşkilat əsasən iqtisadi və humanitar sahələrdə əməkdaşlığa aid planların reallaşdırılması ilə məşğul olub. Eyni zamanda əməkdaşlığın institusional əsasları da möhkəmlənib, Prezidentlər Şurası, XİN başçıları Şurası, Ağsaqqallar Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi yaradılıb.

 

Türk Şurasından Türk Təşkilatına

2009-cu ildən başlayaraq, xarici işlər, iqtisadiyyat, nəqliyyat, gömrük, vergi, miqrasiya xidməti kimi qurumların rəhbərləri arasında müntəzəm görüşləri özündə birləşdirən ayrı-ayrı sahələrə aid formatlar da yaranmağa başlamışdı. Bu kontekstdə humanitar əməkdaşlığa xüsusi diqqət yetirilirdi. Görülən işlərin nəticəsində ümumi informasiya platformalarının, ümumi türk telekanalının, mənzil-qərargahı Ankarada olan Beynəlxalq Türk Akademiyasının yaradılması haqda qərarlar qəbul edilib.

Ötən illər ərzində bu ölkələr arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcə artıb, Mərkəzi Asiya ölkələrini Azərbaycan və Türkiyə ilə birləşdirən nəqliyyat arteriyalarının yaradılması və təkmilləşdirilməsi isə türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafına təkan verib, onların tranzit potensialını artırıb.

Bu prosesdə 7 noyabr 2013-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yaradılması haqqında razılaşmanın imzalanması da əhəmiyyətli rol oynayıb. Dinamik inkişaf edən bu layihənin özəyini Qazaxıstan, Azərbaycan və Türkiyə ilə yanaşı, həm də Gürcüstan təşkil edir. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 2017-2021-ci illərdə bu marşrut üzrə konteyner vasitəçi ilə yük daşımalarının həcmi dəfələrlə artıb – 9 İFE-dən 25,2 min İFE-yə (iyirmi fut ekvivalenti – yük nəqliyyat vasitələrinin tutumunu ölçən şərti ölçü vahidi). Mütəxəssislərin proqnozlarına görə, bu il bu rəqəm 2 dəfə arta bilər.

2019-cu ilin dekabrında Özbəkistanın təşəbbüsü ilə türk qrupu daxilində daha bir vacib nəqliyyat layihəsinə start verilib – Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu. Beləliklə, Mərkəzi Asiyada faktiki olaraq, Xəzər dənizindən keçən və Ələt limanında kəsişən iki paralel marşrut formalaşır.

Ticarət dövriyyəsinin artımına gəlincə, qarşılıqlı ticarətdəki nəzərəçarpan dinamika böyük potensialın mövcudluğunu göstərir. Yalnız onu qeyd edək ki, ötən onillik ərzində türk dövlətləri arasında ticarət dövriyyəsi təxminən 2 dəfə artaraq, 9,4 milyard dollardan (2011) 17,7 milyard dollara (2021) çatıb. Rəqəmlər bu ölkələrin statistika qurumlarının açıqladığı rəsmi məlumatlardan götürülüb. Lakin TDƏŞ-in VIII sammitində başqa rəqəmlər də səsləndirilib – 21 milyard dollar. Amma real imkanları bu rəqəm də əks etdirmir. Tərəflər qarşıya daha iddialı hədəflər qoyur, milli iqtisadiyyatların inteqrasiya səviyyəsinin artırılması imkanlarını nəzərdən keçirir.

TDƏŞ-in TDT-yə çevrilməsindən sonra isə türk inteqrasiyası keyfiyyət və kəmiyyətcə yeni mərhələyə qədəm qoyub.

 

TDT yeni hədəflər qoyub

Türk platformasının formatının təkmilləşdiyini Türkdilli Dövlətlər Təşkilatının IX sammitinin nəticələrindən də görmək mümkündür. Bu, Əməkdaşlıq Şurası yox, Türkdilli Dövlətlər Təşkilatı adı altında keçirilən ilk sammit olsa da, yüksək səviyyədə görüşlərin keçirilmə sıralamasına dəyişiklik edilməmişdi. Beləliklə, təşkilatçılar ad dəyişikliyinin türk əməkdaşlığının xarakterinə təsir göstərmədiyini nümayiş etdiriblər.

Bununla yanaşı, qurumun mükəmməl beynəlxalq təşkilata çevrilməsi ilə onun yeni konturları da müəyyənləşir. Məsələn, Səmərqənd sammitində TDT-də qərarların qəbulu, qurumun baş katibinin və müavinlərinin təyinatı, Türk Akademiyasının prezidenti və vitse-prezidentinin müəyyənləşdirilməsi ilə bağlı qərarların qəbulu prosedurun təsdiqlənməsi qərara alınıb. Yəni idarəçilik prosedurunun təkmilləşdirilməsi prosesi müşahidə olunur.

Məsələn, Özbəkistanın quruma sədrlik etdiyi dövrdə prezident Şavkat Mirziyoyev təşkilatda institusional islahatların aparılması təklifini irəli sürüb. O, hesab edir ki, ilk növbədə, prioritet istiqamətlər üzrə nazirlər səviyyəsində ayrı-ayrı komitələrin yaradılması vacibdir: siyasət və təhlükəsizlik, ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları və s.

Özbəkistan növbəti sammitədək, güman ki, TDT katibliyinin yeni strukturunu hazırlayaraq, təsdiqlənməsi üçün təqdim edəcək.

Türk İnvestisiya Fondunun fəaliyyəti isə iqtisadi əlaqələrə dinamika qazandırmalı, onu kooperasiya formatına salmalı, birgə istehsalat klasterlərinin yaradılmasına imkan verməlidir. TDT-nin 5 illik strategiyasının qəbulu, həmçinin TDT çərçivəsində «Yeni iqtisadi imkanlar məkanı»nın fəaliyyəti ilə bağlı təşəbbüs də eyni məqsədlərə xidmət edir.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının proqnozlarına görə, 2022-ci ildə ərzaq idxalına beynəlxalq xərclər 10% artaraq rekord həddə – 1,94 trilyon dollara çatacaq və bu, dünyanın ən yoxsul ölkələrinə ciddi təzyiqə çevriləcək. Odur ki, Özbəkistan prezidentinin ərzaq tədarükü üçün effektiv sistemin yaradılmasına dair çoxtərəfli razılaşmanın imzalanması təklifi də aktualdır.

Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin əməkdaşlığından danışarkən xüsusi vurğulayıb ki, türk dünyası 200 milyondan artıq insanın yaşadığı geniş coğrafiyanı əhatə edir. «Bizim ölkələrimiz böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik», - deyə o, bildirib.

Bununla yanaşı, İlham Əliyev türk dünyasının sadəcə, müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu da qeyd edib: «Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb». Bu fikirlər tam mənada Şimali Kiprə, Cənubi Azərbaycana və digər regionlara aiddir.

Azərbaycanın dövlət başçısı təhlükəsizlik, müdafiə, ümumi sənaye kimi sahələrdə əməkdaşlığın inkişafına da çağırış edib.

Cənubi Qafqazda, həmçinin Əfqanıstan ətrafında, Qara dəniz bölgəsində, Suriya, İraq və İranda baş verən və türk dövlətlərinin maraqlarına bilavasitə aidiyyəti olan proseslər fonunda ümumi təhlükəsizlik sisteminin yaradılması zamanın tələbidir. Hələliksə tərəflər silahlı qüvvələrin hazırlıq səviyyəsinin artırılması, buna o cümlədən birgə təlimlərin keçirilməsi, hərbi texnikanın yeni nümunələr, xüsusilə üzv dövlətlərin istehsal etdiyi nümunələr hesabına yenilənməsi imkanlarını nəzərdən keçirir.

Bütün bunlar TDT-nin fəaliyyət sahəsini həm də türk dövlətləri arasındakı dialoq baxımından ənənəvi sayılmayan mövzular hesabına genişləndirməyi düşündüyünü göstərir.



MƏSLƏHƏT GÖR:

88