6 May 2024

Bazar ertəsi, 11:43

AFRİKADAN İSMARIŞ

Azərbaycan Prezidenti Fransaya acı tarixi irsi xatırladıb

Müəllif:

15.11.2022

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasına səfəri bir çox cəhətdən əlamətdar və vacib hadisə idi. Azərbaycan dövlət başçısı Ərəb Dövlətləri Liqasının 31-ci iclasında Qoşulmama Hərəkatının hazırkı sədri kimi iştirak etmək üçün bu ölkəyə dəvət olunmuşdu.

 

“İncə işarə”

İclasda iştirak etməklə yanaşı, İ.Əliyev paytaxt Əlcəzairdə yerləşən Milli Mücahidlər Muzeyininə baş çəkib və xatirə kitabında Əlcəzair xalqının Fransa müstəmləkəsi dövründə məruz qaldığı faciəli hadisələri xatırladıb.

“Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”, -  Azərbaycan dövlət başçısı qeyd edib.

O, Ərəb Dövlətləri Liqasının iclasının açılış mərasimində də Əlcəzair xalqının acı müstəmləkə taleyini yenidən xatırladıb. Bütün bunlar Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanı Qarabağı işğal etməkdə ittiham edən və Ermənistanı “tolerant və sülhsevər” ölkə adlandıran bəyanatları fonunda baş verib. Uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri olmuş Fransanın dövlət başçısının Qarabağla bağlı həqiqətləri təhrif etməsi və Azərbaycanı işğalçılıqda ittiham etməsi Bakıda ciddi narazılığa səbəb olub. Əlbəttə ki, müvafiq etiraz diplomatik kanallar vasitəsilə Fransa hakimiyyətinə, xüsusən də prezident Makrona çatdırılıb. Amma Azərbaycan dövlət başçısının Fransanın 1,5 milyon əlcəzairlinin qətliamını xatırlatması bütün diplomatik və siyasi bəyanatlardan daha təsirli olub.

Məsələ ondadır ki, hazırda Fransa hakimiyyəti müstəmləkə dövrünün acı tarixi irsindən xilas olmağa çalışır. Xüsusən də 1954-1962-ci illərdə davam edən Əlcəzair azadlıq müharibəsi zamanı Fransa qüvvələri 1,5 milyon insanı qətlə yetirməsi faktı Fransa üçün ağır yükdür. Parisin qitədəki mövqeyi son illərdə sürətlə zəifləsə də, Fransa hələ də özünü Afrikada imperialist ölkə kimi aparmağa üstünlük verir.

 

Fransa “Afrikası”

Hazırda Afrikada 54 ölkədən 27-də rəsmi dil fransız dilidir. Təxminən 100 milyona yaxın insan bu dildə danışır. Bu ölkələr Frankafoniya təşkilatında birləşib. Paris məhz bunun sayəsində həmin ölkələrə təsir edir.

Bir çox keçmiş müstəmləkə ölkələri hələ də Fransaya xüsusi imtiyazlar tanıyır. Məsələn, dövlət sifarişləri verilərkən Fransa şirkətlərinə üstünlük verilir. 1961-ci ildən bəri 14 Afrika ölkəsinin milli ehtiyatlar hələ də Fransa dövlətinin nəzarəti altındadır. Fransanın Afrikadakı fəaliyyətlərindən əldə etdiyi ümumi illik gəlirin təxminən 500 milyard dollar olduğu bildirilir.

Fransa 20 ildən artıqdır ki, avroya keçsə də, Afrikada hələ də Fransa frankı pul vahidi kimi istifadə olunur. Fransada hazırda fəaliyyət göstərən 59 atom elektrik stansiyası üçün xammal Niger və Malidən tədarük edilir. 1956-cı ildə Nigerdə uranın tapılması Fransanın nüvə sənayesinə böyük töhfələr verir. Keçmiş müstəmləkələrdə dağ-mədən sənayesi və iqtisadiyyatın digər sahələri yalnız Fransa şirkətlərinin imtinasından sonra başqa ölkələrin istifadəsinə verilə bilər. Hazırda keçmiş Afrika koloniyalarında 2100-dən çox subpodratçı ilə əməkdaşlıq edən Fransanın 100-ə yaxın böyük şirkətləri fəaliyyət göstərir.

Bu arada, son illərdə Fransa Afrikada yeni rəqiblər qazanıb. Böyük Britaniya və Almaniya ilə yanaşı, Çin və Türkiyə də Afrika bazarlarına daxil olmağa çalışır. İndi Çin (72 milyard dollar), ABŞ (31 milyard dollar), BƏƏ (25 milyard dollar) və Böyük Britaniya (17 milyard dollar) “qara qitə”də ən böyük investor ölkələr sırasındadır. Məsələn, Çinin Afrika bazarındakı payı 2000-ci ildə 3%-dən 2017-ci ildə 18%-ə yüksəldiyi halda, Fransanın Afrikadakı bazar payı 11%-dən 5,5%-ə enib.

 

Türkiyənin Afrika üfüqləri

Son illərdə Afrikaya ciddi şəkildə maraq göstərən daha bir ölkə Türkiyədir. Türkiyənin Afrikada investisiyları kiçik olsa da, sürətlə artır. Məsələn, 2003-cü ildə Türkiyənin Afrikaya sərmayəsi 100 milyon dollar olduğu halda, bu göstərici 2017-ci ildə 6,2 milyard dollara yüksəlib. Bundan başqa, 2003-cü ildə Türkiyənin Afrika ölkələri ilə illik ticarət dövriyyəsi 5,3 milyard dolar olduğu halda, hazırda bu, 26 milyard dolları ötür. Türkiyə Prezidenti ticarət dövriyyəsinin 50 milyarda çatacağını bildirib.

Digər tərəfdən, Hindistan, Çin və ya digər ölkələrdən fərqli olaraq, Türkiyə Afrika ölkələrinə hərbi, siyasi, mədəni, dini, təhsil və digər sahələrdə daxil olur. Bu isə şübhəsiz ki, Afrikanın “ənənəvi sahiblərini” narahat edir. Məsələn, hazırda Afrikanın 44 ölkəsində Türkiyənin səfirliyi, 22-də isə TİKA (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi) ofisləri fəaliyyət göstərir. Bu qitədə yerləşən 26 ölkədə isə Türkiyə Təhsil Vəqfinin 175 məktəbi, 10 dövlətdə Yunis Əmrə İnstitutu var. Üstəlik, Türk Hava Yolları 40 Afrika ölkəsindəki 61 aeroporta uçuşlar həyata keçirir. 19 Afrika ölkəsində Türkiyənin hərbi nümayəndəliyi, həmçinin Somali, Liviya kimi bir neçə ölkədə hərbi qüvvələri mövcuddur. Türkiyə Prezidenti son illərdə Afrikanın 30 dövlətinə səfər edib, onlarla ikitərəfli əməkdaşlığa dair sazişlər imzalayıb.

 

Makronu əsəbiləşdirən nədir?

Şübhəsiz ki, bütün bunlara görə Türkiyə və Fransa arasında son illərdə Afrika mövzusunda ciddi fikir ayrılığı yaranıb. Türkiyənin Çindən fərqli olaraq təhsil, mədəniyyət kimi sahələrdə fəallıq göstərməsi uzun illərdir Afrikada Fransa mədəniyyətini təbliğ edən Paris üçün ciddi narahatlığa səbəb olub. Çünki onların bir çoxu müsəlman ölkələridir və ortaq Osmanlı keçmişinə görə Türkiyə ilə hələ də dini və tarixi əlaqələri saxlayır. Bunu Makron da etiraf edib.

Yeri gəlmişkən, bu ilin avqustunda Əlcəzairdə səfərdə olan Makron Afrika qitəsində Türkiyə, Rusiya və Çin tərəfindən Fransaya qarşı kampaniya aparıldığını bildirib. O, həmçinin “siyasi islamçı” fəalları Fransaya qarşı düşmənçilik kampaniyalarında iştirak etməkdə ittiham edib.

Bu ilin əvvəlində isə fransalı deputat Dominik Bild Türkiyə Prezidentinin Afrika ölkələrinə səfərini tənqid edərək Avropa İttifaqı və Fransanın Malidə Rusiya və “Vaqner” qruplaşmasına diqqət ayırdığı bir vaxtda Ərdoğanın Afrikada iqtisadi və hərbi gücünü artırdığını iddia edib.

Rəsmi Paris hesab edir ki, Türkiyə keçmiş əraziləri olan Afrika ölkələri ilə yenidən əlaqələr qurur və bu zaman Fransanın müstəmləkə irsini tənqid edir. Təbii ki, Afrikanın müsəlman xalqları Türkiyəni xoş münasibət göstərir və Fransanın acı müstəmləkə tarixi ilə Osmanlı Xilafəti dövrünü müqayisə edərək üstünlüyü əlbəttə Osmanlıya verir. Bu isə əlbəttə Paris üçün ciddi problemdir.

Əslində, Fransa hökumətinin “erməni məsələsi”nə həssas yanaşması da Osmanlı imperiyası ilə bağlıdır. 2020-ci ildə Aralıq dənizində Liviya sahillərində Türkiyə və Fransa gəmilərinin toqquşması Türkiyə-Fransa rəqabətinin Afrikadakı bariz nümunəsi idi. Görünür, Fransa lideri Qafqazda erməniləri müdafiə etməklə Afrikadakı uğursuzluqların qisasını almağa çalışır.

Makronun “erməni məsələsi”ni ədalətsiz şəkildə şərh etməsi, Azərbaycana qarşı ittihamları və təhdidləri bu ölkənin xarici siyasət problemlərinin həllində imperialist yanaşmadan istifadə etdiyini göstərir.

Onun Ermənistanın Qarabağ münaqişəsində işğalçı kimi rolunu mükəmməl bildiyi halda belə Azərbaycana qarşı aşkar qərəzli münasibəti yalnız güc diktəsi siyasəti ilə izah edilə bilər. Görünür, bu, Fransa hakimiyyətinin və şəxsən cənab Makronun zehnində dərin kök salıb. Bu mənada o, azərbaycanlı həmkarı İlham Əliyevin Əlcəzairdən ona ünvanladığı xatırlatmadan dərs almalıdır.



MƏSLƏHƏT GÖR:

87