2 May 2024

Cümə axşamı, 14:06

MÜHARİBƏ DƏRSİ

Ermənistanın düşünməsi və sülh prosesini uzatması üçün olan vaxtı bitir

Müəllif:

15.11.2022

Azərbaycan noyabrın 8-də özünün ən gənc və şübhəsiz ki, ən vacib və sevincli bayramını – Zəfər Gününü qeyd edib. Gün gözəl qeyd olunub – küçələrdə hərbçilərin marşı, konsertlər, atəşfəşanlıqlar və s. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri və orada hərbçilər qarşısında çıxış etməsi də xüsusi əhəmiyyətli hadisə idi. Dövlət başçısı orada vasitəçilərə, ən əsası isə Ermənistana ünvanlanmış vacib ismarışlar səsləndirib.

 

Odla oynamaq baha başa gəlir

Prezident İlham Əliyevin Şuşadakı çıxışını ekspertlərin əksəriyyəti proqram çıxışı kimi qiymətləndirib. Bu, sadəcə protokol çıxışı deyildi. Dövlət başçısı 44 günlük müharibədən sonra yaranmış vəziyyəti sərt şəkildə ifadə edib. Prezident bildirib ki, «İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il «Fərrux» əməliyyatı, «Qisas» əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır».

Bundan başqa, İlham Əliyev deyib ki, «Rus sülhməramlıları orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər onlar kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər».

Dövlət başçısı çıxışında İrəvanın ünvanına daha bir sərt xəbərdarlıq səsləndirib: «Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox!» Daha sonra o, fikrini daha da konkretləşdirib: «Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq».

 

Paşinyan, Vardanyan, Volkov və…

Azərbaycan Prezidenti birmənalı xəbərdarlıqları orada növbəti «böyük ümidlər mövsümü»nün başladığı vaxtda səsləndirib. Bu arzuların ifadəçisi kimi isə rusiyalı oliqarx Ruben Vardanyan çıxış edir. Bir müddət əvvəl o, böyük təmtəraqla Xankəndiyə köçdüyünü elan edib və bir müddət sonra separatçıların «hökumət»ində «dövlət naziri» postuna yiyələnib. Xankəndidə «miatsum»a aşkar şəkildə yenidən start verilməsi cəhdlərinə də məhz Vardanyanın gəlişindən sonra başlanılıb. Xankəndidə bu günlərdə 1988-ci ildən qalma naftalin qoxulu şüarlarla keçirilmiş mitinqdən sonra buna heç bir şübhə qalmayıb.

Ruben Karlenoviç Rusiya KİV-də gen-bol müsahbələr verir və bu zaman işlətdiyi fikirlər onun «güzəşt haqda düşünmədiyini» deyil, təhlükəli məsuliyyətsizliyini göstərir: «Biz hamımız əsgərik», «Artsax» Azərbaycanın tərkibində olmayacaq», «Azərbaycan etnik təmizləməyə hazırlaşır», «Artsax danışıqlar prosesinin tərkib hissəsi olmalıdır» və s. təxribatçı fikirlər…

Bir çox birbaşa və dolayı əlamətlər göstərir ki, erməni millətçiləri «miatsuma yeni start» ümidi ilə hərəkət edərkən bu proqramı Rusiya sülhməramlılarının müdafiəsi ilə həyata keçirəcəklərinə bel bağlayırlar. Hər halda, Ermənistanın baş naziri Nikol Paşinyan da buna aşkar eyham vurur. Hökumətin iclasında çıxış edən «varçapet» digər fikirlərlə yanaşı, onu da bildirib ki, «09.11.2020-ci il Bəyannaməsində sülhməramlıların bölgədə qalma müddətinin 5 il olduğu, sonradan onun avtomatik olaraq daha 5 il müddətinə uzadılacağı qeyd edilib. Əslində, bu, o deməkdir ki, sülhməramlılar Dağlıq Qarabağa müddətsiz yerləşdirilib – Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həllini tapanadək».

Lakin Azərbaycan Prezidentinin fikirlərinə «düzəliş etmək» cəhdləri lap əvvəldən hər zaman iflasa uğrayıb. Nikol Paşinyanın Münhendə BMT TŞ-nin «Qarabağ qətnamələri»ni ilkin mənbədən deyil, «Vikipediya»dan oxumaq cəhdləri hər kəsin yadındadır. Görünür, o, bu dəfə də yaddaşını yeniləmək üçün üçtərəfli Bəyannaməni yenidən vərəqləməyə lüzum görməyib. Hər halda, həmin sənəddə birmənalı şəkildə bildirilir ki, «Rusiya Federasiyasının sülhməramlıları erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir. Rusiya Federasiyası sülhməramlılarının bölgədə qalma müddəti sonradan 5 il daha uzadılmaqla, 5 ildir, əgər tərəflərdən hər hansı müddətin bitməsinə 6 ay qalanadək bu bəndin tətbiqindən imtina etdiyini bildirməzsə». Vəssalam! Orada Qarabağ ermənilərinin hüquqları, hansısa «Dağlıq Qarabağ»dan söhbət getmir, sülhməramlıların arxasında gizlənilməsi üçün hər hansı siyasi-hüquqi baza yoxdur. Üstəlik, sülhməramlılar regiona Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini qorumaq üçün yerləşdirilməyib. Beləliklə, onların tam neytrallaşdırılması işində Bakının əl-qolunu bağlayan heç nə yoxdur.

Sülhməramlıların mövcudluğunu «status», «zəmanət» və s. ilə əlaqələndirmək cəhdləri əvvəldən iflasa məhkumdur. Azərbaycan buna bənzər heç nəyi müzakirə belə, etməyəcək. Prezident İlham Əliyevin də xatırlatdığı kimi, «biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik». Demək, Azərbaycanın iradəsinin əksinə hər hansı təşəbbüsü həyata keçirmək mümkün olmayacaq. Bu, 44 günlük müharibədən əvvəl də mümkün olmayıb – Bakı Azərbaycanın maraqlarına zidd heç bir sənədə heç zaman imza atmayıb. Azərbaycanın qalib ölkə olduğu indiki vaxtda isə bu, heç mümkün deyil.

 

Paşinyanın «Vaşinqton məyusluğu»

Azərbaycan Prezidenti xəbərdarlıq dolu çıxışını Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyanın ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda növbəti görüşü keçirdikləri vaxtda edib. «Hazırda bizim gördüyümüz odur ki, hər iki tərəf keçmişin unudulması, dayanıqlı sülh üzərində işlənilməsi üçün real və cəsarətli addımlar atır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın dostu kimi, sizin bu səylərinizi dəstəkləmək üçün əlindən gələni etmək əzmindədir», - deyə ABŞ Dövlət Departamentinin rəhbəri görüşün yekunlarını şərh edərkən bildirib. Bundan başqa, Blinken bildirib ki, «ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi müstəqilliyini qəti şəkildə dəstəkləyir». Amma o, yeni diplomatiya dilində «ərazi müstəqilliyi»nin nə demək olduğunu açıqlamayıb. Ola bilsin ki, bu, sadəcə səhvən səsləndirilmiş yanlış ifadədir.

Blinken konkret detallara varmağı da lazım bilməyib: Vaşinqtonda hansı məsələlər razılaşdırılıb və ya ümumiyyətlə, nəsə razılaşdırılbmı? Bu, əlbəttə ki, Brüssel və Soçi görüşləri ilə tam təzad təşkil edir. Amma unutmayaq ki, həmin görüşlər nazirlər yox, dövlət başçıları arasında keçirilmişdi. İstənilən halda, ABŞ görüşü bir şeyə şübhə yeri qoymur: Vaşinqton vasitəçilik səylərini genişləndirmək niyyətindədir. Bundan başqa, Fransa siyasətindəki ermənipərəst xətt Avropa İttifaqının vasitəçiliyinə kölgə salır. Bu isə Vaşinqtonun şanslarını daha da artırır.

Bəs Amerikanın yeni vasitəçiliyi vəziyyəti kimin xeyrinə dəyişəcək? Ermənistan, əlbəttə ki, ABŞ-dakı diasporuna və lobbisinə ümid edə bilər. Lakin əksər ekspertlərin fikrincə, Vaşinqton problemin tezliklə başa çatmasını və sülh müqaviləsinin imzalanmasını istəyir ki, bu da prosesi maksimum uzatmaq istəyən Ermənistanın deyil, Azərbaycanın mövqeyinə uyğundur. Çoxsaylı «diplomatik sızma»lara görə, Vaşinqton Bakının gələcək sülh müqaviləsi ilə bağlı təklif etdiyi 5 maddəni də dəstəkləməyə də hazırdır. Bu isə Nikol Paşinyan üçün ciddi məyusluqdur: İrəvan ABŞ-a inqilabçı imicini növbəti dəfə «satmağı» düşünürdü.

Prosesdə İran da öz rolunu oynaya bilər. Dövlət Departamentinin rəsmisi Ned Prays artıq İran qarşısında Azərbaycana dəstək veriləcəyini vəd edir. Doğrudur, Tehranın Ermənistan istiqamətindəki ciddi fəallığına, Qafanda konsulluq açmasına, Təbrizdə isə Ermənistan konsulluğunun açılmasına hazırlıq getməsinə Vaşinqton rəsmi münasibət bildirməyib. Amma bu, Amerikanın baş verənlərdən məlumatsız olduğu demək deyil.

Bütün bunların fonunda Azərbaycan Prezidenti Şuşada qeyd olunan xəbərdarlıqları səsləndirirsə, demək, Ermənistanın fikirləşmək üçün vaxtı bitir. Prosesə hər dəfə yeni vasitəçilərin cəlbi və bununla da prosesin uzadılması üçün də vaxt qalmayıb. Sonra nələrin baş verəcəyini isə, Yerevan, yoxlamasa yaxşıdır…



MƏSLƏHƏT GÖR:

77