25 Aprel 2024

Cümə axşamı, 05:32

LAYİQLİ DAVAMÇI

İlk dəfə olaraq Azərbaycandan olan hakim Çempionlar Liqasının oyununu idarə edib

Müəllif:

01.12.2022

2022-ci il Azərbaycan futbol tarixi üçün önəmli bir hadisə ilə yadda qalıb. Tarixdə ilk dəfə Azərbaycanın FİFA referisi Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib. O, Əliyar Ağayev idi.

Futbol azarkeşlərimiz “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund) matçını böyük maraqla izləyib. Çünki bu görüşdə Azərbaycanın FİFA referisi Əliyar Ağayev baş hakim idi. 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə Əliyar Ağayev futbolçulara 4 sarı vərəqə göstərib. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana rəsmi xəbərdarlıq edib. Bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli yan xətt hakimləri qismində yardımçı olublar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Həmyerlimiz ona bəslənilən etimadı doğruldub. Oyun ərzində ümumilikdə 12 kilometr məsafəni qət edən Əliyar Ağayev hakim-inspektorlardan yüksək qiymət alıb.

 

“Futbolçu olmaq arzum reallaşmadı” 

Qeyd edək ki, Əliyar Ağayev yaşıl meydanlarda göründüyü ilk günlərdən azarkeşlərin və futbol ictimaiyyətinin etimadını qazanıb. Gənc olmasına baxmayaraq, yerli hakimlər arasında öz soyuqqanlılığı ilə seçilib. Eyni zamanda dünya miqyaslı hakimlər kimi hər xırda qayda pozuntusuna görə fit çalıb oyunun tempini öldürmür.

Əliyar Ağayev 1987-ci il oktyabrın 17-də Bakıda anadan olub. Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol ixtisası üzrə təhsil alıb. Maraqlıdır ki, Əliyarın atası da futbol hakimi olub: “Atam hakim olduğundan, evimizdə futbolla bağlı söhbətlər gedirdi. Mən də, yəqin, bundan təsirlənərək futbolu çox sevirdim. Sonradan seçim qarşısında qaldım. 8-ci sinifdə həm oxumağa, həm də idmanla məşğul olmağa qərar verdim. Beləliklə, xarici dilə həvəsli idim deyə Azərbaycan Dillər Universitetinə daxil olmağı qarşıma məqsəd qoydum. 9-10-cu siniflərdə gördüm ki, futbolla dərsi eyni zamanda çatdıra bilmirəm. Bu zaman futbola üstünlük verdim. Amma zədələndiyimə görə iki il futbol oynamağı buraxdım. Beləcə, futbolçu olmaq arzum reallaşmadı”.

Ə.Ağayev futbolçu kimi bu oyundan ayrıldıqdan sonra 18 yaşında hakimlik kurslarına yazılır. Bununla da, onun hakimlik karyerası başlayır. Hakim kimi ilk oyunu 22 yaşında Premyer Liqada “Xəzər Lənkəran” – “Turan” qarşılaşması olub. 

- Azərbaycan hakiminin Çempionlar Liqasında meydana çıxması ölkə idmanı üçün böyük hadisədir. Həmin oyunda hansı hissləri yaşadınız?

- Çempionlar Liqası Avropanın klublar üzrə ən mötəbər yarışıdır. Bəlkə, hətta dünya səviyyəsində ən nüfuzlu turnir sayılmalıdır. Hər bir futbolçunun arzusu burada oynamaq, bu himnin sədaları altında meydana daxil olmaqdır. Hər bir beynəlxalq dərəcəli hakimin də arzusu Çempionlar Liqasında oyun idarə etməkdir. Həyəcan var idi. Bütün futbol ictimaiyyətinin bizi canlı izləməsi isə həyəcanı ikiqat artırırdı. Bu, məsuliyyətimizin daha da artmasına kömək edirdi. Briqada şəklində oyunun öhdəsindən lazımınca gəldik. Ölkəmizin adını layiqincə təmsil etməyi bacardıq. Göstərdik ki, bizdə hakimlik kökləri, ənənələri var. Bu qarşılaşmaya çıxana qədər keçdiyimiz uzun yolda bizə zərrə qədər də köməyi dəyən hər kəsə minnətdarlığımı bildirirəm. 

- Çempionlar Liqasının qrup oyununu idarə edəcəyinizi biləndə hansı hissləri keçirdiniz?

- AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek bu təyinatı mənə deyəndə çox sevindim. O, məni təbrik etdi və bildirdi ki, mövsüm ərzində idarə etdiyin oyunların nəticəsinə əsasən sənə etimad göstərilib, bunu özün qazanmısan. Çox xoşbəxt idim. Briqadaya bu xəbəri çatdıranda onlar da eyni hissləri keçirdilər. 

- Çempionlar Liqasının oyunu üçün xüsusi hazırlıq var idi?

- Hər görüşə necə hazırlaşırıqsa, bu dəfə də elə oldu. Həddindən artıq diqqət göstərsəydik, hazırlıqlığımız düzgün alınmaya bilərdi. Bu səbəbdən, digər komandaları necə analiz edirdiksə, bu qarşılaşmaya da hazırlıq elə oldu. Təbii ki, ən vacib olan məsuliyyət idi. Bütün futbol ictimaiyyətinin diqqətinin bizdə olduğunu bilirdik. Bu, məsuliyyətimizi daha da artırdı. 

- Qarşılaşmanın sloveniyalı hakim-inspektoru Vladimir Şayn sizin işinizə necə qiymət verib?

- Bu barədə danışmağa icazə yoxdur. Bu, UEFA-nın qaydalarına ziddir. Amma deyə bilərəm ki, matç bizim üçün yaxşı keçdi. 

- Sizcə, bu təyinatınız bir qədər gecikməmişdi?

- Bəli, biz onu daha əvvəl gözləyirdik. İnsanın hər zaman istəyi və gözləntiləri daha çox olur. Amma bu günə qismət idi. Əsas olan odur ki, əziyyətimiz yerdə qalmadı. Düşünürük ki, bəlkə də, 2-3 il bundan əvvəl belə təyinat gerçəkləşə bilərdi. Amma bu barədə təyinat verənlər fikirləşməlidirlər. Bu günə hazır biliblər. Onların istədiyi vaxtda, istəkləri idarəçiliyi göstərməliyik ki, etimadlarını doğruldaq. 

- Qarşıdakı hədəfləriniz nədir? Sizcə, artıq elit kateqoriyaya yüksəlməyin vaxtı çatıbmı?

- Bu barədə realist olmaq lazımdır. Hazırda elit kateqoriyaya yüksələcəyimi gözləmirəm. Əsas odur ki, təyinat aldığımız hər görüşü yüksək səviyyədə idarə edək. Bundan sonra elit kateqoriya və növbəti vacib qarşılaşmalar haqqında düşünə bilərik. 

- Hakimliklə bağlı yaş həddi yoxdur. Siz neçə yaşınıza kimi hakimlik etməyi planlaşdırırsınız?

- Bəli, yaş həddi götürülüb. Amma bu, o demək deyil ki, 45-50 yaşadək hakimlik edə bilərsən. Verilən normativləri yerinə yetirsəniz, istədiyin yaşadək hakimlik edə bilərsiniz. Əsas sağlamlıqdır. Bu gün nəsə demək çətindir. Sabah bizi nə gözlədiyini bilmirik. 

- Çempionlar Liqası arzunuz reallaşıb. FİFA referisi Əliyar Ağayevin növbəti arzusu nədir?

- Arzum Avropa və Dünya çempionatlarının final mərhələsində meydanda olmaqdır. Bunun üçün çalışmaq lazımdır. Çalışmadan arzulamaq arzu olaraq qalacaq. Üzərimizdə işləsək, şans yarana bilər. Əminliklə deyə bilərəm ki, Avropa və Dünya çempionatlarında olacağam. Bir sözlə, işləmək lazımdır.



MƏSLƏHƏT GÖR:

84